Azərbaycanda sənayeləşmə
yeni mərhələyə qədəm qoyur
Respublikamızda ağır sənaye
müəssisələrinin istehsal imkanları əhəmiyyətli
dərəcədə artmaqdadır
Azərbaycan
iqtisadiyyatındakı mövcud inkişaf meyillərinin dərinləşməsində
əsas aparıcı qeyri-neft bölməsi kimi diqqəti cəlb
edən sənaye sektorunda dinamizm son illərdə daha da
sürətlənib. Ümumiyyətlə, sənaye
potensialı ölkə iqtisadiyyatında milli gəlir
baxımından əhəmiyyətli dərəcədə
yer tutmağa başlayıb və yeni əsrdə bu sektorun
artım dinamikası ümumi daxili məhsulda (ÜDM)
başlıca yer tutur. Respublikamızın son 15 illik
makroiqtisadi inkişaf göstəricilərinə nəzər
salsaq iqtisadiyyatın ən dinamik və artım meyilləri ilə
müşahidə olunan sahəsi kimi sənaye sektorunu görmək
olar. 1996-cı ildən indiyə qədər olan dövr ərzində
sənaye bölməsində artım tempi 5,5 dəfədən
çox olub. Sənaye istehsalı ildə orta hesabla 11 faiz
artır ki, bu da region dövlətləri içərisində
ən yüksək göstəricidir.
Hökumətin
sənayenin inkişafına yönəlmiş məqsədyönlü
iqtisadi strategiyası nəticəsində respublikamızda sənayeləşmənin
yeni dövrü başlayıb. Son 3 ildə sənaye bumu nəzərəçarpacaq
dərəcədə bütün sektorlar üzrə hiss
olunur və hər bir sənaye sahəsində yüksək
inkişaf templəri qeydə alınıb. Hazırda sənayedəki
inkişaf tempi Azərbaycan sənayesinin Sovet dövründəki
göstəricilərini üstələyir. Sovet
dövründə 4 il ərzində istehsal edilən sənaye
məhsulları indi 1 il ərzində istehsal olunur. Məsələn,
2010-cu ildə istehsal olunmuş sənaye məhsulunun həcmi
1950-60-cı illər ərzində, yəni, 10 ildə istehsal
olunmuş məhsulun həcminə bərabərdir.
2011-ci
ilin birinci yarısında sənayeləşmə siyasəti
mühüm inkişaf göstəricilərinin əldə
olunması ilə yadda qalıb. Ötən 6 ay ərzində
bu sahədə inkişaf tempi ikirəqəmli göstərici
ilə qeydə alınıb ki, bu da ÜDM-də sənayenin ən
yüksək pozitiv bölmə olduğunu göstərir. Bu
dövrdə sənaye bölməsində 15 milyard manatdan
çox məhsul istehsal olunub. Sənayenin qeyri-neft sahələrində
artım meyli daha yüksək olub (10,6 faiz) və bunun 79 faizi
özəl bölmənin payına düşüb.
Sənaye
sektorunun inkişafına dair Dövlət proqramlarının
icrasının sürətləndirilməsi isə indistriual
iqtisadiyyatın möhkəmlənməsi üçün əsaslı
təkan olub. Sənayeləşmənin əsas ssenarilərinə
uyğun olaraq bu sahədə yeni və müasir
texnologiyaların tətbiqi genişlənib ki, bu da
ağır sənaye, elektrotexnika, əlvan metallurgiya,
maşınqayırma, kənd təsərrüfatı məhsullarının
emalı, tikinti materialları sənayesinin istehsalı müəssisələrinin
yaradılmasına səbəb olub. Təkcə, 2010-cu il ərzində
60 sənaye müəssisəsi istifadəyə verilib, 80-dən
çox sənaye müəssisəsinin tikintisi isə
hazırda davam etdirilməkdədir. Son 5 ildə isə 100-dən
artıq yeni sənaye müəssisəsi yaradılıb,
onlarla müəssisəninin isə yenidən qurulması ilə
bağlı tədbirlər həyata keçirilib.
Sənayenin
əsas milli gəlir baxımından daha prioritet sahəsi
sayılan ağır sənayedə inkişaf dinamikası
müşayiət olunur və dövlətin güclü dəstəyi
sayəsində təkcə respublikamız üçün
deyil, həm də region üçün strateji əhəmiyyətə
malik iri müəssisələrin istehsal gücü artır.
Bu gün ağır sənayenin əsas sütunları olan
Bakı, Sumqayıt, Gəncə, Daşkəsən kimi sənaye
zonalarında ildə dəyəri 100 milyon dollarla
ölçülən məhsul istehsal olunur. “Bakı Stil
Kompani”, “DETAL”, Gəncə Alüminium Zavodu, Dərin
Özüllər Zavodu, Bakı Poladtökmə Kombinatı,
Qaradağ-Sement və digər müəssisələr milli
iqtisadiyyatın inkişaında xüsusi çəkiyə
malik strateji obyektlərdir.
Son
illər sənayeləşmənin şaxələndirilməsi
ilə bağlı siyasətin daha da gücləndirilməsi
ağır sənayenin bazasının güclənməsinə,
böyük sənaye şəbəkəsinin formalaşmasına
səbəb olub. Azərbaycan bu sahənin ən qabaqcıl və
yeni sahələri üzrə layihələrin icrasına
başlayıb, modern innovasiyaların tətbiqini genişləndirib.
Prezident İlham Əliyev ölkəmizdə yeni sənaye
müəssisələrinin yaradılması üçün
geniş bazanın mövcud olmasını qeyd edərək sənayeləşmə
ilə bağlı tədbirlərin hökumətin iqtisadi
siyasətinin başlıca istiqamətlərindən biri
olacağını bildirib: “Gələcəkdə
iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi
prosesi daha da sürətlə getməlidir. Mən bu barədə
dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə
prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu
gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə
işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə
sənaye sahəsinin yaradılmasına gətirib
çıxaracaqdır... Sənaye sahəsində
görüləcək işlər elə olmalıdır ki,
Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin
səmərəli fəaliyyəti hesabına yaşaya bilsin”.
Ümumilikdə
maşınqayırma, metallurgiya, kimya kompleksi, mədənçıxarma
və filiz müəssisələri, digər strateji obyektlər
ağır sənayenin əhəmiyyətli dərəcədə
inkişaf meyilləri ilə müşayiət olunmasına
imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə,
neft sənayesinin çəkisi ilə bərabər,
ağır sənaye sahələrinin artım tempinin daha
yüksək olmasını görmək olar. Məsələn,
sənayenin real həcmi son 4 ildə 3 dəfəyə
yaxın artıb və burada maşınqayırma, metallurgiya,
kimya kompleksi, mədənçıxarmanın payı daha
yüksək olub. Yəni, əsas etibarilə potensial baza,
güc ağır sənaye sektorudur.
Sənayeləşmənin
bu cür yüksək templə davam etməsi ölkənin zəngin
valyuta ehtiyatları əldə etməsi üçün də
əlverişli şərait yaradır. Hazırki dövrü
güclü sənaye istehsalının yaradılması və
sənayenin şaxələnməsi dövrü kimi səciyyələndirmək
olsa da, qarşıdakı illəri sənaye sektorunun
sıçrayışlı inkişaf dövrü kimi
xarakterizə etmək mümkün olacaq. Növbəti 5 ildə
də hökumət sənayeləşmənin
inkişafına ən azı 5 milyard dollar kapital yönəltməyi
nəzərdə tutur. Növbəti illəri əhatə edən
Dövlət Proqramına görə, əsas hədəf
alüminium, polad, maşınqayırma, yeyinti və
yüngül sənaye obyektlərinin yaradılmasından ibarət
olacaq. Güclü sənaye istehsalının
yaradılması və şaxələndirilməsi intensiv
iqtisadi inkişafı sürətləndirəcək.
Hökumət bu sahəyə hər il investisiyaları
artıracaq, yeni sənaye mərkəzlərinə investorların
cəlb olunması üçün əlverişli biznes
imkanları təmin ediləcək. Respublikamızın ən
zəngin təbii ehtiyatlara malik olması sənaye
potensialından maksimum faydalanmağa zəmin yaradır.
ELBRUS CƏFƏRLİ
Yeni Azərbaycan.- 2011.- 13 avqust.- S.
2.