İmişli rayonu yüksək
iqtisadi inkişaf mərhələsində
Son illər ərzində
görülən mütərəqqi işlər nəticəsində
rayonda güclü sənaye potensialı yaradılıb,
bölgəyə investisiya qoyuluşları əsaslı
şəkildə artıb
Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
daxili və xarici siyasət kursu Azərbaycanı nəinki
regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək
sürətlə inkişaf edən dövlətinə
çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki,
hazırda Azərbaycanın bütün guşələrində
böyük tərəqqi hiss edilməkdədir. Prezident
İlham Əliyevin imzaladığı regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramları Azərbaycanın inkişafına böyük təkan
verib. Bundan başqa, dövlət
başçısının səfər etdiyi hər bir
şəhər və rayonda yerli strukturların rəhbərlərinə
sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi
xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasındakı nitqində dövlət
başçısının dərin məzmunlu və proqram
xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla
bağlı söylənilən faktlar və rəqəmlər
belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki
regionda, hətta bütün dünyada aparıcı ölkə,
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının
hesabatlarına əsasən isə bir nömrəli
islahatçı ölkə kimi tanınıb. Dünyada
baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan
yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır.
Bu inkişaf özünü rayonlarımızın həyatında
baş verən müsbət dəyişikliklərdə də
göstərir. Son illərdə böyük inkişaf yolu
keçən rayonlarımızdan biri də İmişli
rayonudur.
İmişlidə tikinti-quruculuq
işləri geniş vüsət alıb
Şübhəsiz
ki, regionlarımızın yüksək inkişafında Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən Dövlət proqramları əsas rol
oynayıb. Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurla icrası İmişli rayonunun da
son illər ərzində
böyük inkişaf yolu keçməsini şərtləndirib.
Belə ki, Azərbaycan
Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası ilə bağlı
2011-ci ilin birinci yarısında İmişli rayonunda xeyli
iş görülüb. Xüsusilə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 05 may 2011-ci il
tarixdə İmişli rayonuna səfəri imişlilər
üçün əsl bayrama çevrilib, səfər
çərçivəsində Prezidentin Olimpiya İdman
Kompleksinin, İmişli-Qaravəlili-Mirili avtomobil yolunun, Araz
çayının yeni qolu üzərindəki
körpünün, Qarışıq Yem zavodunun, Bitki
Yağları zavodunun, Çuğundur Yem qurutma zavodunun, 40 min
tonluq xammal anbarının açılışında və
Kəllə qənd zavodunun təməlqoyma mərasimində
iştirak etməsi rayon sakinlərini daha əzmlə və
böyük məhsuldarlıqla çalışmağa
sövq edir.
Ümumiyyətlə,
Dövlət proqramları çərçivəsində
rayonda görülən işlər müsbət nəticələrini
verməkdədir. Belə ki, son dövrlərdə rayonda
taxılçılığın inkişaf etdirilməsi
üçün Bəhrəmtəpə qəsəbəsi ərazisində
50 min tonluq taxıl anbarının, damazlıq yumurta
istehsalının artırılması məqsədilə
Qaragüvəndikli kəndi yaxınlığında inşa
olunan “Araz Damazlıq quşçuluq” MMC-nin yeni sexlərinin,
Yanğından mühafizə deposunun, Bioloji təhlükəsizlik
laboratoriyasının, şəhərin giriş
qapısının, 120 şagird yerlik Əliyetməzli və əsaslı
təmir olunmuş Rəsullu kənd orta məktəblərinin
tikintisi, M.Əzizbəyov küçəsində müasir
işıqlandırma sisteminin quraşdırılması
işi başa çatıb, “Access” Bankın rayon filialı fəaliyyətə
başlayıb. 2010-cu ildən əsaslı təmirinə
başlanılmış rayon Mərkəzi Xəstəxanasının
əsaslı təmiri davam etdirilib, 220 şagird yerlik
Şahverdili kənd orta məktəb binasının tikintisində
son tamamlama işləri aparılır.
Bundan
başqa, 3,5 km-lik Bəcirəvan avtomobil yolu əsaslı təmir
olunub, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil
yolunun 29 km-lik İmişli hissəsinə asfalt örtük
qoyulması davam etdirilir.
Çaxırlı kənd orta məktəbinin tikintisi
üçün lazımi hazırlıq işləri görülüb.
Bəcirəvan, Xoşçobanlı və Qaravəlili kənd
orta məktəb binaları təmir edilib. Qızılkənd
kənd xəstəxanasının uşaq şöbəsində
və Aranlı kənd xəstəxanasının doğum
şöbəsində təmir işləri aparılıb.
2011-ci ilin birinci yarısında rayon mədəniyyət
sarayında və Heydər Əliyev mərkəzində təmir
işləri aparılıb, bütövlükdə mədəniyyət
müəssisələri üzrə 36 min manatlıq təmir
işləri görülüb, 2 min manat dəyərində
inventar alınıb. Kəndlərin su təchizatını
yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən
təmiz içməli su ilə təmin etmək məqsədilə
rayonun Cəfərli və Qaravəlili kəndlərində
modul tipli su təmizləyici qurğular
quraşdırılıb, Məmmədli, Otuziki, Şahverdili
kəndlərində bu məqsədlə torpaq sahələri
ayrılıb, layihə-smeta sənədləri
hazırlanıb.
Birinci
Dövlət Proqramının icrasına başlanan dövrdən
hal-hazıra kimi rayon üzrə 16456 iş yeri
açılıb ki, onun da 11301-i daimi iş yerləridir.
2011-ci ilin 6 ayında isə 501
iş yeri açılıb ki, onun da 199-u daimi iş yerləri olub.
Rayonda ümumidaxili məhsul
istehsalı 40,4 faiz artıb
2011-ci
ilin birinci yarısında İmişli rayonunun sosial-iqtisadi
inkişafında da bir sıra uğurlu nəticələr əldə
olunub. Belə ki, 2011-ci ilin birinci yarısında
iqtisadiyyatın əsas sahələri üzrə 146,8 milyon
manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib
ki, onun 68,3 milyon manatı və ya 46,6 faizi sənaye, 32,5 milyon
manatı və ya 22,2 faizi kənd təsərrüfatı,
27,8 milyon manatı və ya 19 faizi tikinti, 14,2 milyon manatı və
ya 9,7 faizi ticarət və iaşə, 3,6 milyon manatı və
ya 2,5 faizi nəqliyyat, 0,3 milyon manatı və ya 0,2 faizi rabitə
müəssisələrinin payına düşür. Rayon
üzrə ümumidaxili məhsul istehsalı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 42,3 milyon
manat və ya 40,4 faiz artıb, həmin artım tikintidə 4,3
dəfə, sənayedə 42 faiz, rabitədə 12 faiz, nəqliyyatda
isə 4,5 faiz təşkil edib.
Ümumiyyətlə,
rayonda aparılan düzgün sosial-iqtisadi siyasət nəticəsində
son 7 ildə sənaye məhsullarının həcmi 14,8 dəfə,
tikinti-quraşdırma işlərinin həcmi 25,1 dəfə,
əsas kapitala yönəldilən investisiyalar 16,5 dəfə,
bütövlükdə ümumidaxili məhsul istehsalı 4,3
dəfə artıb. Büdcənin gəlirləri 4,4 dəfə,
xərcləri isə 4,2 dəfə artaraq büdcə gəlirləri
16,2 milyon manata çatıb, orta aylıq əmək haqqı
234,4 manat təşkil edib. Həmin müddət ərzində
rayonda 27 yeni məktəb binası tikilib, 9 məktəbdə
əsaslı təmir işləri aparılıb.
Bütün
rayonlarımız kimi, İmişli rayonuna da hesabat dövründə investisiya
qoyuluşu əsaslı şəkildə artıb. Belə ki,
2011-ci ilin 6 ayında bütün maliyyə mənbələri
hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı
üçün 34,8 milyon manat həcmində investisiya qoyulub
ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 19,8 milyon manat və ya 2,3 dəfə
çoxdur. İnvestisiyanın 19,3 milyon manatı və ya 55,4
faizi idarə, müəssisə və təşkilatların
vəsaitləri, 1,7 milyon manatı və ya 4,8 faizi əhalinin
xüsusi vəsaitləri, 13,8 milyon manatı və ya 39,8 faizi
isə büdcə təşkilatlarının vəsaitləridir.
İnvestisiyanın 21,5 milyon manatı və ya 61,7 faizi istehsal
təyinatlı obyektlərin, 13,3 milyon manatı və ya 38,3
faizi isə qeyri-istehsal təyinatlı obyektlərin tikintisinə
yönəldilib. 2011-ci ilin 6 ayı ərzində
görülmüş podrat işlərin həcmi 772,9 min
manat olub ki, onun da 502,3 min manatı və ya 64,9 faizi avtomobil
yollarının əsaslı və cari təmir işləridir.
Təbii fəlakətin fəsadları
qısa vaxt ərzində aradan qaldırıldı
Azərbaycan
Prezidenti İlham Əliyevin kənd təsərrüfatının
inkişafı üçün qəbul etdiyi qərarlar və
onların icrası bu sahədə əsaslı
dönüş kimi qiymətləndirilə bilər.
İmişli rayonunda kənd təsərrüfatının
inkişafı istiqamətində görülən işlər
öz məntiqi nəticəsini verməkdədir. Sirr deyil ki,
cəmi bir il öncə təbii fəlakət İmişli
rayonuna da çox ciddi ziyan vurmuşdu. Hətta bir
çoxları bu fəlakətin ağır nəticələrinin
aradan qaldırılması üçün bir neçə
il vaxt tələb olunacağı yönündə pessimist
proqnozlar da səsləndirirdilər. Amma dövlətin iradəsi
və görülən təxirəsalınmaz tədbirlər
bu proqnozları alt-üst etdi. Selin ziyan vurduğu ərazilərdə
məskunlaşan sakinlərin üzləşdiyi problemlər
qısa vaxt ərzində tam aradan qaldırıldı, onlara dəymiş
ziyanı dövlət ödədi.
İmişli
rayonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul
2010-cu il tarixli, 197s saylı Sərəncamının
icrası ilə əlaqədar olaraq təbii fəlakətin nəticələrinin
aradan qaldırılması ilə bağlı 669 fərdi
yaşayış evi tikilib sakinlərin istifadəsinə
verilib. Həmçinin, 287 evdə bərpa-gücləndirmə
işləri nəzərdə tutulub, ondan 20-sində tikinti
işləri başa çatdırılıb. 178 evdə təmir
işləri nəzərdə tutulub və bununla bağlı
vətəndaşlara 241800 manat məbləğində
kompensasiyaları ödənilib. Ümumilikdə, təbii fəlakət
nəticəsində evlərinə ziyan dəymiş 1078 ailəyə
993500 manat məbləğində kompensasiya ödənilib.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 04 mart 2011-ci il tarixli, 71s
saylı Sərəncamının icrası ilə əlaqədar
olaraq rayon ərazisində əkin sahələri su altında
qalmış 1027 nəfər torpaq mülkiyyətçisinə
isə 405842,5 manat məbləğində kompensasiya ödənilib.
Hazırda təbii fəlakətin nəticələrinin aradan
qaldırılması istiqamətində işlər davam
etdirilir. Bundan başqa, bu kimi hallardan mümkün qədər
sığortalanmaq üçün də rayon rəhbərliyi
tərəfindən müxtəlif tədbirlər həyata
keçirilməkdədir. Belə ki, bu ilin ilk yarısında
Kür-Araz çaylarında mühafizə bəndlərini
möhkəmləndirmək məqsədilə 212 kubmetr həcmində
betonla, 510 kubmetr həcmində sahilbərkitmə, 7,6 km
uzunluğunda 191,9 min kubmetr həcmində torpaqtökmə
işləri görülüb. Yeni layihə üzrə
Kür çayı boyunca 27,8 km məsafədə bəndlərin
möhkəmləndirilməsi işləri başa
çatdırılıb.
Kənd təsərrüfatının
inkişafı rayon rəhbərliyinin diqqət mərkəzindədir
Azərbaycan
Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli Sərəncamı
ilə kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət büdcəsi
hesabına maliyyə yardımı verilməsi kimi
mühüm dövlət tədbiri kənd təsərrüfatının
inkişafında əsaslı dönüş kimi qiymətləndirilə
bilər. İmişli rayonunda da kənd təsərrüfatının
inkişafı istiqamətində görülən işlər
öz məntiqi nəticəsini verməkdədir. Belə ki,
2011-ci ilin məhsulu üçün 15850 hektar sahədə
taxıl əkilib, o cümlədən, 4666 hektar sahədə
arpa, 11184 hektar sahədə isə buğda səpini
aparılıb. 01 iyul 2011-ci il tarixə 460 hektar sahədə
kartof, 580 hektar sahədə tərəvəz, 609 hektar sahədə
bostan, 5432 hektar sahədə yonca, 5 hektar sahədə günəbaxan,
594 hektar sahədə şəkər çuğunduru,
3119 hektar sahədə
pambıq, 336 hektar sahədə isə qarğıdalı
bitkiləri əkilib. Cari ilin 6 ayında ötən ilin
müvafiq dövrü ilə müqayisədə buğda əkini
4104 hektar, arpa əkini 694 hektar, pambıq əkini 425 hektar,
kartof əkini 10 hektar, yonca əkini 1420 hektar,
qarğıdalı əkini 135 hektar artıb.
01
iyul 2011-ci il tarixə 11377 hektar sahənin taxılı
biçilib, 31,3 min ton məhsul toplanaraq məhsuldarlıq 27,5
sentner təşkil edib, ötən ilin müvafiq dövrü
ilə müqayisədə məhsul istehsalı artıb. Cari
ilin 6 ayında 3342 ton kartof, 2058 ton tərəvəz, 207 ton
meyvə tədarük olunub, müqayisədə kartof
istehsalı 129 ton, tərəvəz istehsalı 49 ton, meyvə
istehsalı isə 4 ton artıb. Bu sahədə işlər
davam etdirilir.
Əkinçilik
sahəsində əldə olunan bu yüksək nəticələr
heyvandarlıq sahəsində də özünün məntiqi
davamını tapıb. Belə ki, dövlətimizin diqqət
və qayğısı sayəsində rayon rəhbərliyi tərəfindən
həyata keçirilən təxirəsalınmaz tədbirlər
nəticəsində rayonda heyvandarlığın
inkişafı təmin edilib, iribuynuzlu mal-qaranın sayı
85364 başa, xırda buynuzlu davarların sayı isə 229900
başa çatıb. Ötən ilin müvafiq dövrü
ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 4805
baş, xırda buynuzlu davarların sayı isə 3019 baş
artıb. Carı ilin 6 ayında 4366 ton diri çəkidə ət,
19509 ton süd, 18570 min ədəd yumurta, 292 ton yun istehsal
olunub, 2010-cu ilin müvafiq dövrünə nisbətən ət
istehsalı 411 ton, süd istehsalı 1572 ton, yun istehsalı 3
ton, yumurta istehsalı isə 3883 min ədəd artıb.
Əhalinin elektrik enerjisi, qaz və
içməli su ilə təminatı istiqamətində təxirəsalınmaz
tədbirlər görülür
Etiraf
olunmalıdır ki, görülən böyük işlərə
baxmayaraq, bu gün bir sıra rayonların ucqar kəndlərində
vətəndaşların enerji ilə fasiləsiz təmin
olunmasında müəyyən çatışmazlıqlar
var. Bu da bir sıra obyektiv və subyektiv səbəblərlə
bağlıdır. Elə İmişli rayonunda da bəzi ucqar
kəndlərin sakinlərini ən çox narahat edən məsələlərdən
biri təbii qaza olan tələbatın yetərincə ödənməməsi
idi. Amma deyə bilərik ki, artıq bununla bağlı
şikayətlərə də son veriləcək.
Çünki çox yaxın perspektivdə qaz problemi
İmişli sakinləri üçün tarixdə qalacaq. Elə
bu məqsədlə rayon rəhbərliyi tərəfindən
geniş işlər həyata keçirilməkdədir. Belə
ki, cari ilin 6 ayı ərzində daha 190 abonentin evinə təbii
qaz xətti çəkilib. Hazırda 4955 abonent təbii qazdan
istifadə edir. Şəhərin bir çox küçələrində
yeni qaz xətti çəkilib, təmir-bərpa işləri
aparılıb, müdaxilə və itkilərin
qarşısının alınması məqsədilə 520 ədəd
qaz sayğacı həyətyanı sahələrdən
küçəyə çıxarılıb. Hazırda
şəhərin M.Müşfiq, Araz küçələrində
və Cəfərli kəndi istiqamətində polietilen boru xəttinin
çəkilişi davam etdirilir.
Əhalinin
elektrik enerjisi ilə fasiləsiz təmin olunması məqsədilə
də təxirəsalınmaz tədbirlər görülməkdədir.
Belə ki, İmişli şəhərində 0,4 kv-luq
elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz
olunması, qabaqcadan ödənişli SMART-kart tipli
sayğacların quraşdırılması işləri davam
etdirilib, 2011-ci ilin 6 ayında 769 ədəd, cəmi 8112 ədəd
SMART-kart tipli sayğaclar quraşdırılıb. Rəsullu
yarımstansiyasındakı 10 kv-luq xətlərdə əsaslı
təmir işləri aparılıb, rayon üzrə 50 ədəd
dəmir-beton dayaqlar, 47 ədəd ağac dayaqlar yenilərilə
əvəz olunub, 7 ədəd müxtəlif gücdə olan
transformatorlar əsaslı, 8 ədəd transformatorlar isə
cari təmir olunub.
İmişli
Su-kanal idarəsi tərəfindən idarənin
balansındakı su və kanalizasiya xətlərində
müəyyən təmir işləri aparılıb, 1
saylı Fin qəsəbəsində məskunlaşmış
məcburi köçkünlərin istifadəsində olan 1 ədəd
dərinlik su nasosu yenisi ilə əvəz olunub. İdarənin
həyətində və Bəhrəmtəpə qəsəbəsində
yerləşən artezian quyularının ətrafında
abadlıq işləri görülüb.
İmişli sakinləri
görülən işləri yüksək qiymətləndirir
Təbiidir
ki, rayonda görülən belə yüksək işlər
İmişli ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılanır. Heç də təsadüfi deyil ki,
İmişli sakinləri bütün dövrlərdə Azərbaycan
dövlətinə və dövlətçiliyimizə sədaqət
göstərib, xalqımızın daha da yaxşı
yaşamasını, dövlətimizin güclənməsini təmin
edən siyasi kursu fəal müdafiə edirlər. Rayon sakinlərinin
Azərbaycan Respublikasının müstəqilliyini əldə
etdiyi dövrdən bu yana
keçirilən bütün seçkilərdə Azərbaycan
dövlətçiliyinin banisi, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu siyasi kursa və bu kursu həyata keçirən
insanlara səs verməsi də məhz bu fikri sübut edir.
İmişlililər, həmçinin, son illərdə rayonda
görülən böyük işləri və əldə
olunan müsbət nəticələri də yüksək qiymətləndirirlər.
Rayon rəhbərliyi isə dövlətimizin
yaratdığı imkanlardan istifadə edərək
İmişlinin gələcəkdə daha yüksək
inkişaf etmiş və Azərbaycanın güclü sənaye
potensialına sahib olan bir mərkəzə çevrilməsi
üçün əməli fəaliyyəti davam etdirəcəyini
vəd edir.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2011.- 13 avqust.- S.
7.