Qazaxda akademik
Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü”
kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri
konfrans keçirilib
Qazax
Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü”
kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri
konfrans keçirilib.
AzərTAc
xəbər verir ki, konfransı açan rayon İcra hakimiyyətinin
başçısı Rauf Hüseynov bildirib ki, akademik Ramiz
Mehdiyevin Azərbaycan xalqının tarixini
saxtalaşdıranlara qarşı yazdığı “Gorus-2010:
absurd teatrı mövsümü” kitabı sanballı və dəyərli
tədqiqat əsəri olmaqla yanaşı,
xalqımızın soykökünün, qədim və
müasir tarixinin hərtərəfli və geniş
araşdırılıb öyrənilməsi,
ümumiləşdirilməsi, bir sıra mənbələrin,
o cümlədən dünyanın məşhur alimlərinin
Qafqaz və Azərbaycanın tarixinə dair əsərlərinin
sistemləşdirilməsi baxımından da böyük əhəmiyyət
kəsb edir və ciddi maraq doğurur.
Bildirilib
ki, son vaxtlar Azərbaycana qarşı psixoloji-siyasi həmlələrin
artması bizdən ayıq-sayıq olmağı, Azərbaycançılıq
ideyası ətrafında sıx birləşməyi, təbliğat
imkanlarımızı səfərbər edib ideoloji işimizi
zəngin faktlar və çevik manevrlər əsasında
qurmağı tələb edir. Elmi-nəzəri konfransda
rayon İcra hakimiyyəti
başçısı aparatının şöbə
müdiri Məhəmməd Orucov geniş məruzə iıə
çıxış edib.
Bildirilib
ki, müstəqil Azərbaycanın sürətli
inkişafı bədnam qonşularımızı ciddi narahat
edir. Zəhərli təbliğat maşınının
bütün kanallarını işə salan erməni mıllətçiləri
dünyanın müxtəlif ölkələrində özlərinin
antiazərbaycan siyasətindən əl çəkmir və
yeni-yeni uydurma tezislərlə beynəlxalq ictimaiyyəti
çaşdırmağa çalışırlar. Hətta
iş o yerə çatmışdir ki, qonşu xalqlar
arasında düşmənçilik toxumu səpən erməni
təbliğatçılarına istiqamət verən Ermənistan
prezidenti Serj Sarkisyan özü də uydurma tezislər irəli
sürməyə, dolaşıq fikirləri ilə tarixi
saxtalaşdırmağa, yalançı məlumatları ilə
tarixi faktları və hadisələri təhrif etməyə
girişib. Ona görə də, tariximizin ayrı-ayrı
dövr və mərhələlərinin, xalqımızın
ən qədim zamanlardan bu günə qədər keçdiyi
inkişaf yolunun, dövlətçilik ənənələrinin
zəngin təcrübəsinin və qüdrətli dövlət
yaratmaq bacarığının elmi faktlarla, qədim və
orta əsr müəlliflərinin mənbə və
qaynaqları ilə əsaslandırılması və
sübuta yetirilməsi, tarixi saxtalaşdırmaq istəyənlərə
elmi cavablar verilməsi bu gün daha cox əhəmiyyət kəsb
edir.
Bu
baxımdan akademik Ramiz Mehdiyevin tariximizin müxtəlif
dövrlərini təhlil edən, düşmən təbliğatına
konkret elmi sübutlarla cavab verən “Gorus-2010: absurd teatr
mövsümü” kitabı cox böyük əhəmiyyətə
malıkdir. Bu tarixi əsərin başlanğıcından məlum
olur ki, 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının
səhnəsində növbəti tamaşa təşkil
edilib. Bu dəfə tamaşa qədim Azərbaycan
torpağı olan Gorus şəhərində göstərilib.
Tamaşanın “baş qəhrəmanı” hansısa artist
deyil, Ermənistan prezidenti Serj Sarkisyan özüdür. Bu həmin
Serj Sarkisyandır ki, əli Azərbaycan xalqının
qanına batıb, XX əsrin ən dəhşətli faciəsi
Xocalı soyqırımına bais olub, yüzlərlə
günahsız insanın ölümünə fətva verib,
Dağlıq Qarabağda hərbi əməliyyatlara və dinc
soydaşlarımızın qırğınlarına
başçılıq edib.
Məruzədə
qeyd edilib ki, akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi
kimi, Serj Sarkisyanın Gorusda “erməni dilinin ən qədim
dillərdən biri olması”, “ermənilərin ali irqə mənsub
olması”, “Azərbaycan xalqının XX əsrdə
yaranması”, “Dağlıq Qarabağ xalqının milli
özünü təyinetmə hüququna malik olması” kimi
absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin
diplomatik cəbhədə çıxılmaz vəziyyətə
düşdüyünü sübut edir.
Danışıqları süni şəkildə uzatmaq
imkanları tükənən, işğalçılıq
siyasətinə görə beynəlxalq təzyiqlə üzləşən
S.Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın
diplomatik üstünlüyünü etiraf edib.
Məruzəçi
bildirib ki, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“Gorus-2010: absurd teatrı mövsümü” kitabının cəmiyyətdə
böyük əks-səda doğurması və maraqla
qarşılanması təsadüfi deyildir. Kitabda ermənilərin
Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi,
son iki əsrdə terror, soyqırımı və deportasiya
siyasəti yürütdükləri konkret faktlarla göstərilib.
“Gorus-2010:
absurd teatrı mövsümü” əsərində müəllif
son illərdə Ermənistanın ciddi diplomatik geriləməyə
məruz qaldığını, ölkəmizin
danışıqlar prosesində üstünlüyü və
təşəbbüsü ələ almasını, haqlı
mövqeyini qətiyyətlə ortaya qoyaraq müdafiə etməsini
real faktlarla göstərib. Əsərin sonunda Ermənistanın
hazırkı qeyri-konstruktiv mövqeyinin erməni
xalqını daha böyük müsibətlərə
sürüklədiyi diqqətə çatdırılıb.
Bildirilib
ki, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı
mövsümü” kitabı istər Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, istərsə
də bədnam erməni ideoloqlarının apardıqları
çirkin təbliğat kampaniyasının ifşa
olunması baxımından son dərəcə əhəmiyyətli,
aktual bir əsərdir.
Konfransda
çıxış edənlər akademik Ramiz Mehdiyevin
“Gorus-2010: absurd teatrı mövsümü” kitabını bədnam
qonşularımızın əsl xislətinin
açılması, tariximizin öyrənilməsi, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında əhəmiyyətini xüsusi
vurğulayıblar.
Yeni Azərbaycan.- 2011.- 17 avqust.- S. 3.