YAP ölkə gəncləri
arasındakı ünsiyyəti və əlaqələri
möhkəmləndirən yeganə siyasi təşkilatdır
“Yay məktəbləri” layihəsi
çərçivəsində Azərbaycan gəncliyi
özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri
üzə çıxarmaq şansı əldə edir
Azərbaycanın avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanması hər kəsə bəllidir. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. Onu da vurğulamaq yerinə düşər ki, YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir. Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirir, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirirlər. Bütün bunlardan əlavə ölkə gəncliyi, həmçinin, onlara göstərilən diqqət və qayğı da YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, məhz YAP tərəfindən bir neçə ildir böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbləri” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, 2007-ci ildən həyata keçirilən “Yay məktəbləri” bu il iştirakçıların say çoxluğu baxımından ötən illərdəkilərdən fərqlənib. Layihədə iştirak edən 600 gəncin 300-ü Bakı şəhərini, 300 nəfəri isə Azərbaycanın bölgələrini təmsil edib. Məlumat üçün bildirək ki, gənclər üçün Lerik rayonundakı “Relax” istirahət mərkəzində, Qəbələdəki “Qafqaz” və Oğuz rayonundakı “Afra” hoteldə hər qrupda 50 nəfər olmaq üzrə 5 günlük “Yay məktəbləri” təşkil olunub. Layihənin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, həm də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkili olub. “Yay məktəbləri”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlandıran suallara cavab veriblər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Bunu həmin layihə iştirakçısı olmuş gənclər də etiraf edirlər.
Partiyanın keçirdiyi “Yay məktəbi” layihəsi çərçivəsində bir həftə Oğuzda olmuş YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Lamiyə Cəlilova söylədi ki, bu cür layihələr partiyanın Bakı şəhərindəki təşkilatlarındakı gənclərlə bölgədəki rayon təşkilatlarının gəncləri arasındakı ünsiyyəti formalaşdırır, əlaqələri yaradır, yeni fikir və ideyaların meydana çıxmasına şərait yaradır: “Etiraf etmək lazımdır ki, rayon təşkilatlarındakı gənclərin irimiqyaslı layihələr reallaşdırmaq üçün imkanları müəyyən mənada məhduddur. Amma Bakı şəhərində olan rayon təşkilatlarının həm maddi, həm də texniki baxımdan imkanları genişdir. Biz şəhərdə müəyyən layihələr həyata keçirdikdə onun respublikamiqyaslı olması istiqamətində addımlar atırıq. Amma bəzi hallarda gənclərin bir-birini tanımaması, ünsiyyətin azlığı lazımi effekti vermirdi. Məhz, birincisi, bu mənada YAP-ın təşkil etdiyi “Yay məktəbləri” layihələri səmərəlidir.
Digər tərəfdən, biz gənclər nəzəri baxımından təhsil aldığımız müddətdə əldə etdiyimiz bilikləri, təcrübələri həmin düşərgələrdə keçirilən diskussiyalarda paylaşmaq imkanı əldə etmiş oluruq. Bu zaman həm biz öz potensialımızı reallaşdırırıq, özümüzü sübut edirik, malik olduğumuz natiqlik, fikir yürütmə keyfiyyətlərimizi üzə çıxarırıq, həm də bildiklərimizin mübadiləsini aparırıq.
Görünən odur ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyinə özünü sübut etmək, daxili istedadını üzə çıxarmaq üçün perspektivli fəaliyyət platforması yaradır. Biz gənc nəsil çox xoşbəxtik ki, Azərbaycanın çiçəklənən dövrünün vətəndaşlarıyıq, eyni zamanda, ölkəmizin avanqard siyasi qüvvəsinin üzvləriyik”.
YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Məhəmməd Əsədov da “Yay məktəbi” layihəsi çərçivəsində bir həftə Oğuzda olub. O da əqidə yoldaşının fikirlərini bölüşərək dedi ki, Yeni Azərbaycan Partiyasının təşkil “Yay məktəbləri” layihəsi, eyni zamanda, gənclərə Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, milli dövlətçiliyimizin tarixi, onun möhkəmləndirilməsi, həmçinin, ölkədə reallaşdırılan siyasi-iqtisadi kurs haqqında biliklərin əldə olunması istiqamətində əlverişli şans verir: “Millət vəkillərinin, Azərbaycan ziyalılarının iştirakı ilə keçirilən diskussiyalarda praktik biliklər əldə edə bildik. Diskussiyalarda bir daha bugünkü zəngin və müstəqil Azərbaycanın necə ağır dönəmlərdən keçərək, inkişafın yeni mərhələsinə yüksəldiyini əyani şəkildə təsəvvür edirdik.
Qeyd edim ki, müstəqil Azərbaycanın bu cür sürətli və stabil inkşafı heç də hər kəsdə sevinc hissi doğurmur. Elə xaricdə olduğu kimi, daxilimizdə də Vətənimizin uğurlarına sevinməyənlər var. Onlar bütün vasitələrdən istifadə edərək, Azərbaycana qarşı təbliğat aparır, dövlətimizin nailiyyətlərinə kölgə salmağa çalışırlar. Bunları isə internet, sosial şəbəkələr üzərindən həyata keçirirlər. Biz gənclərin “Yay məkəbləri” layihəsi çərçivəsində əsas müzakirə mövzularımızdan biri bu oldu. Məhz, sosial şəbəkələrlə bağlı diskussiyalarda bütün gənclərin fikirləri üst-üstə düşdü. Birincisi, bu sahədə daha səmərəli işləmək üçün respublika gənclərinin yekdil qərarı oldu, ikincisi, daxildəki “sapı özümüzdən olan baltaların” əməlləri pislənildi.
Bir sözlə, “Yay məktəbi” layihəsi biz gənclərə bir daha canlı ünsiyyət qurmağa, fikir mübadiləsi aparmağa, vahid məqsəd ətrafında daha sıx birləşməyə, bəzi hallarda anti-Azərbaycan qüvvələrinin şirnikləşdirici vədlərinə aldanaraq səhv istiqamət götürən gənclərin düz yola gətirilməsi üçün çağırışlar etməyimizə şans verdi”.
Partiyanın keçirdiyi “Yay məktəbi” layihəsi çərçivəsində bir həftə Lerikdə olmuş YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü Namiq Muradov da eyni təəssüratı paylaşaraq, vurğuladı ki, partiyanın “Yay məktəbləri” ilk növbədə gənclərin mənalı istirahətini təşkil etməklə yanaşı, onlarda müstəqil fikir yürütmə, söylənilən fikrə qarşı tezislə çıxışetmə, maraqlı və intellektual diskussiya aparma və s. kimi keyfiyyətləri formalaşdırır: “Bütövlükdə həmin layihənin proqramına nəzər saldıqda, görürük ki, məktəbin iştirakçıları daim fiziki işlə, zehni, intellektual atmosferlə əhatələnir. Respublikamızın tarixi, görməli yerlərilə tanışlıq, intellektual və digər profilli oyunlar, maraqlı söhbətlər və diskussiyalar insanın həm dünyagörüşünü zənginləşdirir, həm də hazırcavab insan kimi yetişdirir. Bu unikal bir layihədir ki, gəncliyimiz “Yay məktəbləri”ndən hələ çox fayda götürəcək”.
Sonda gənclər bir daha YAP rəhbərliyinə bu cür layihə təşkil etdiyinə görə minnətdarlığını, daim Azərbaycan gəncliyinə dəstək olan, onların inkişafı üçün bütün lazımi şəraiti yaradan Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 17 avqust.- S.
3.