Heydər Əliyev Torpaq islahatlarının mühüm spesifik xüsusiyyətləri və onun Azərbaycanın 20 illik inkişaf tarixində rolu

 

1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra mövcud olan asılı iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə aqrar-torpaq islahatları aparılmalı idi. Müstəqillik əldə edilməsinin ilk üç ili (1991-1993) ərzində ölkə qarşısında duran çoxsaylı iqtisadi, ictimai-siyasi və başqa problemlər nəinki həll olunmur, əksinə, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində daha da dərinləşirdi. Bu təcavüz nəticəsində bir milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu illər həm də dövlət çevrilişi cəhdləri və siyasi intriqalar dövrü kimi səciyyələnir. O zamankı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından respublikada sənaye məhsulları istehsalı 62%, kənd təsərrüfatı məhsulları 44%-ə düşmüş, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi.

Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etmək qərarına gəldi.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuşdu. Məsələnin siyasi-iqtisadi, eyni zamanda, sosial-psixoloji baxımdan nə qədər mürəkkəb olması da Heydər Əliyevə məhz o vaxt aydın olmuşdu. Çünki həmin kəndlərin əhalisi bu islahatların onlara nə verəcəyini əvvəlcədən görə bilməmiş, bunu sovxozun dağılması kimi qiymətləndirərək etiraz etmiş, bununla da mülkiyyətçiliyə, sahibkarlıq hissinə psixoloji baxımdan hazır olmadıqlarını nümayiş etdirmişdilər.

Heydər Əliyev bəlkə də məhz buna görə aqrar islahatlarla bağlı son qərarı qəbul etmək üçün daha üç il gözləməyi məsləhət bilmişdi. Ancaq aparılan ideoloji-maarifləndirmə işi sayəsində artıq 1996-cı ildə əhali Sovet təfəkkürünə xas olan zərərli komplekslərdən qismən azad olmağa başlamışdı. Birinci mərhələdəki psixoloji baryer müəyyən mənada aradan götürülmüşdü.

1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi öz müsbət təsirini göstərmişdi.

Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatına dair Dövlət Proqramı hazırlandı və bu Proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı.

Aparılacaq torpaq islahatı ilə əlaqədar qəbul edilən digər qanun və normativ-hüquqi aktlar - “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər normativ-hüquqi akt respublikamızda torpaq islahatlarının uğurla həyata keçirilməsini təmin etdi. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

Tam əminliklə demək mümkündür ki, bu gün ölkədə keçirilən aqrar islahatlar tarixə “Heydər Əliyev aqrar islahatları” kimi daxil olmuşdur. Bunu yalnız bizim ölkəmizdə deyil, xarici ölkələrdə də etiraf edirlər. Bir çox xarici ekspertlərin fikrincə, Azərbaycanda aparılan aqrar islahatların bütün MDB məkanında analoqu yoxdur. Bu isə o deməkdir ki, “Heydər Əliyev aqrar islahatları” başqa MDB ölkələri tərəfindən model kimi qəbul edilir.

Torpaq - vətəndaş münasibətlərində həyata keçirilən bu tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”.

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi. Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan bu siyasətin müəllifi və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi 4 mühüm prinsip fərqləndirirdi:

Birincisi, Azərbaycanda torpaqlar məhz Onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə, 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi.

İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq, vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verilməklə yanaşı, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.

Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi və eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi.

Beləliklə, hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.

Dördüncüsü, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda xarici fiziki və hüquqi şəxslərə isə torpaq sahəsi istifadə və icarə hüququ ilə verildi.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.

Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Bu məqsədlə, həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Heydər Əliyev torpaq islahatı” məktəbi yaradılmış və hal-hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam etdirilir.

15 oktyabr 2003-cü il tarixdə respublikamızda prezident seçkiləri zamanı Azərbaycan demokratik quruculuq yolunda daha bir ciddi sınaqdan uğurla çıxdı.

Belə ki, xalqımız gələcək xoşbəxt taleyini Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, görkəmli siyasi xadim, yüksək mədəniyyətli insan, təvazökar ziyalı, ölkəmizdə neft strategiyasının hazırlanması və həyata keçirilməsində əvəzsiz xidmətləri olan, eləcə də, əsası Ulu öndər tərəfindən qoyulmuş torpaq islahatlarının aparılmasını uğurla davam etdirən İlham Əliyevə etibar etdi.

Bu, gün respublika əhalisinin yarısının yaşadığı kənddə aqrar islahatların yeni mərhələsi başlanmışdır. Ona görə də dövlət başçısı kəndin sosial-iqtisadi strukturunun yaxşılaşdırılması, burada müasir tələblərə cavab verən istehsal, sosial infrastrukturun yaradılması, fermer təsərrüfatlarına aqroservis, onlara qayğının artırılması, marketinq xidmətinin yaxşılaşması istiqamətində görülən işlərin miqyasının genişləndirilməsini prioritet vəzifə kimi qiymətləndirir. Aqrar sektorun inkişafında müşahidə olunan müsbət meyillərin daha da güclənməsi, regionlarda istehsal edilən məhsulların səmərəliliyinin və keyfiyyətinin yüksəlməsi, onların maneəsiz daxili və xarici bazarlara çıxarılması məsələlərini daima diqqət mərkəzində saxlamağı icra strukturlarından tələb edirlər.

Bu tarixi bir həqiqətdir ki, cənab İlham Əliyev Azərbaycan xalqının xoşbəxt gələcəyi və həmin gələcəyin əbədi qoruyucuları olan Azərbaycan gəncliyinin sağlam və vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. Cənab Prezident hələ 2000-ci ildə bu sağlam siyasəti Milli Olimpiya Komitəsinin prezidenti olarkən bütün bölgələrdə müasir tipli idman komplekslərinin inkişaf etdirilməsi ilə başlamışdır. Bu qayğı indinin özündə də cənab Prezident İlham Əliyev tərəfindən göstərilir. Bu komplekslərin müasir tələblərə cavab verən səviyyədə inşası üçün tələb olunan torpaq sahələri Komitə tərəfindən struktur vahidləri ilə birlikdə qısa müddətdə naturada və yerquruluşu sənədləri ilə müəyyən edilmişdir.

Məlum olduğu kimi, Eramızdan əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika və İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o zaman dünyanın, demək olar ki, bütün ölkələrini birləşdirən, əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması ilə Azərbaycanın qədim zamanlardan dünya ölkələri arasında iqtisadi-siyasi və mədəni əlaqələrlə birləşməsində mühüm yer tutan Böyük İpək yolunun yenidən dirçəlməsi də məhz Ulu öndərimiz Heydər Əliyevin ideyası ilə həyata keçməyə başladı.

Belə ki, XX əsrin sonunda Ulu öndər Heydər Əliyevin Böyük İpək yolunun yenidən bərpası ideyasını irəli sürməsi bütün dünyada, xüsusən də, Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi maraqla qarşılandı. Bu məqsədlə, 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Asiya - Qafqaz - Avropa ticarət dəhlizinin Böyük İpək yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi uğurla qarşılandı. Böyük İpək yolunun marşrutu arxiv sənədləri əsasında və mövcud torpaq istifadəçiliyi sənədləri, eləcə də, yola aid mövcud infrastruktur nəzərə alınmaqla Komitə tərəfindən dəqiqləşdirilmiş və tikintinin aparılması üçün zəruri yerquruluşu sənədləri hazırlanmışdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” üzrə tədbirlərin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin funksiyasına aid hissəsinə uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən görüləcək işlərin planı hazırlanmış və həmin iş planına əsasən, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı katibliyinə Komitə tərəfindən mütəmadi olaraq məlumat verilmişdir.

Qeyd etmək lazımdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan ərazisində beynəlxalq layihələr çərçivəsində yerinə yetirilən topogeodeziya işlərində iştirak etməyə də nail olmuşdur. Ən başlıcası Bakı - Astara Beynəlxalq avtomobil yolunun topogeodeziya işləri Komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsi tərəfindən yerinə yetirilmişdir. Bundan başqa, “Heydər Əliyev Beynəlxalq Aeroportu” və “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” kimi strateji obyektlərdə də yüksək dəqiqliklə topogeodeziya işlərinin yerinə yetirilməsi sifarişçilər tərəfindən məhz Komitənin Dövlət Aerogeodeziya Müəssisəsinə etibar edilmişdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin topogeodeziya işlərinin perspektiv planına əsasən, Abşeron yarımadasının kiçik Bakı ərazisini əhatə edən hissəsində 1:2000 və 1:5000 miqyasda rəqəmli xəritələrin hazırlanması; Dağlıq Qarabağ və ətrafı ərazisinin mövcud kosmik şəkillərin vasitəsi ilə 1:50000 miqyasda topoqrafik xəritələrinin yeniləşdirilməsi; 1:50000 miqyasda mövcud olan rəqəmli ümumcoğrafi xəritələrin əsasında müvafiq miqyasda topoqrafik xəritələrin hazırlanması; “Xəritətərtibatı-84” obyektində 1:10000 miqyasda topoqrafik xəritələrin yeniləşdirilməsi; Azərbaycan Respublikası Peyk Geodeziya şəbəkəsi üzrə ölçmə işlərinin nəticələrinin emalı (tarazlaşdırılması); “Xəritətərtibatı-85” obyektində növbədə olan ərazilərdə sahəvi topoqrafik xəritələrin yeniləşdirilməsi; “Şəhidlər memorial kompleksi” obyekti; “Nərimanov prospekti (sürüşmə zonası)” obyektlərində topogeodeziya işləri yerinə yetirilmişdir.

Respublikada aparılan torpaq islahatının yekun mərhələsi rayon elektron xəritələrinin hazırlanmasını tələb edir. Rayonlar üzrə hazırlanmış elektron xəritələrdə, inzibati ərazidə olan bütün torpaq istifadəçiləri, torpaqların mülkiyyət növlərinə görə uçotunun aparılması ilə yanaşı, qonşuluq sərhədləri də göstərilir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 avqust tarixli, 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən, Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.10-cu və 4.3-cü bəndlərinin icrası məqsədilə, Komitənin üzərinə düşən funksiya da vaxtlı-vaxtında icra olunmuşdur. Bu məqsədlə, Komitənin Bakı Kartoqrafiya Fabrikinə müvafiq tapşırıq verilmiş, həmin Fabrik Nazirliyin Baş Turizm idarəsi ilə birgə lazımi işlər aparmış, respublikanın turizm potensiallı rayonlarında turizm marşrutlarını özündə əks etdirən sxematik materiallar və məlumatlar toplanmış və respublikanın ixtiyari bir rayonu üçün əvvəlcədən nümunə olaraq A-4 formatında perspektivli Turist xəritəsi hazırlanmışdır. Həmin nümunə əsasında rayonların Azərbaycan və ingilis dillərində turizm atlasları hazırlanmışdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) icrası ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki torpaqların şorlaşmaya, şorakətləşməyə, eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli, 411 nömrəli Fərmanının 6.2-ci bəndi ilə Komitəyə verilmiş tapşırığa əsasən, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə hüquq əldə edənə təqdim edilən texniki torpaq kadastrı sənədi artıq mərkəzləşdirilmiş qaydada deyil, Ağsu, Salyan, Şəki, Lerik, Bərdə, Füzuli, Gəncə, Tovuz, Şəmkir, Goranboy, Yevlax, Quba, İsmayıllı, Qəbələ, Zaqatala, Xaçmaz, Ucar, Mingəçevir, Abşeron və Bakıda 20 Regional Torpaq Qeydiyyatı Mərkəzləri vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ölkəmizin regionlarında apardığı məqsədyönlü siyasətə müvafiqdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” əslində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın davamı kimi qiymətləndirilməlidir. Çünki bu Dövlət Proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2008-2015-ci illəri əhatə edən Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olaraq görüləcək işləri bir daha təkmilləşdirmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda möhtərəm Prezidentimiz, Ulu öndər Heydər Əliyevin iqtisadi-siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramının 4.1.13. - Torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi bəndini rəhbər tutaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planının 4.1.13-cü bəndi ilə 2009-2013-cü illərdə torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi ölkə əhəmiyyətli tədbirlər sırasına aid edilmiş və bu tədbiri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu həyata keçirmişdir.

Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə, Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağının naturada müəyyənləşdirilməsi və xəritələşdirilməsi təmin olunmuşdur.

Dövlət Proqramlarının əsas tərkib hissəsi olan ölkədaxili magistral, avtomobil yollarının və yol infrastrukturunun inkişaf etdirilməsi məqsədilə İnstitutun mütəxəssisləri tərəfindən Bakı-Astara və Gəncə-Qazax magistral yollarının yenidən qurulması ilə əlaqədar Nəqliyyat Nazirliyinin sifarişi əsasında topogeodeziya işləri yerinə yetirilmişdir. Həmçinin, “Azəryolservis” ASC ilə bağlanılmış müqavilə əsasında Tovuz şəhər dairəvi avtomobil yolunun (İpək yolunun) mühafizə zolağında layihə-axtarış işləri aparılaraq zolağa düşən pay torpaqlarının sərhədləri müəyyənləşdirilib xəritələşdirilərək sifarişçiyə təhvil verilmişdir.

“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” və “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində mərhələlərlə topoqrafik planalma və planların tərtibatı işləri aparılır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin atdığı hər bir addım, dövlətçiliyimizin təkcə möhkəmlənməsinə deyil, bütövlükdə ölkə vətəndaşlarının sosial-rifah halının durmadan inkişafına yönəlməsi həm də onu göstərir ki, Ulu öndərin ölməz və işıqlı ideyaları həmişəyaşardır. Bu işdə 2004-cü ilin may ayının 10-da yaradılmış Heydər Əliyev Fondunun rəhbəri, hörmətli millət vəkilimiz YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri göz önündədir.

Fond Ulu öndərin ideyalarının yüksək səviyyədə həyata keçirilməsi prosesində yorulmadan fəal işlər aparır. Heç kimə sirr deyildir ki, Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında təkcə ölkəmizdə deyil, eləcə də, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsində xüsusi rola malikdir.

Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən az bir müddət keçməsinə baxmayaraq, həm ölkəmizdə, həm də beynəlxalq aləmdə xüsusi rəğbət qazanmışdır. Heydər Əliyev Fondunun fəaliyyəti cəmiyyət həyatının bütün əhəmiyyətli sahələrini əhatə edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı son illər ölkəmizdə reallaşdırılan ən uğurlu layihələrdən olmuşdur. Bundan başqa, “Təhsilə dəstək” layihəsi, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları da öz növbəsində Azərbaycanda təhsilin inkişafını sözün əsl mənasında ictimai hərəkata çevirmişdir. Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır. Belə ki, Fond Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə də kompüter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə etmişdir. Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbi inşa edilmişdir.

Mədəni irsin qorunması və beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlər də Heydər Əliyev Fondunun çoxsahəli fəaliyyətinin bir istiqamətidir. Məhz Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmişdir ki, bu mərkəz muğamlarımızın qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxaq muğam tədbirlərinin keçirilməsi məqsədi daşıyır.

Fondun sosial sahədə reallaşdırdığı layihələr də xalqa xidmətin bariz nümunəsidir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsi”, “Hərəyə bir ağac əkək” layihələri müstəqil dövlətimizdə hiss olunan sosial problemlərin həllinin aradan qaldırılmasına bilavasitə təkan vermişdir. Eyni zamanda, Azərbaycan həqiqətlərinin də dünyaya çatdırılmasında da Heydər Əliyev Fondunun rolu böyükdür.

Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun 2004-cü ildən bəri gördüyü işləri nəzərdən keçirəndə qürur hissi ilə demək olur ki, Mehriban xanım Əliyevanın varlığı Azərbaycan anaları üçün taleyin bizə bəxş etdiyi tanrı payıdır.

Heydər Əliev Fonduna Mehriban xanım Əliyeva kimi bir insanın rəhbərlik etməsi, Azərbaycanın çiçəklənməsi yolunda gördüyü böyük işlər həm də ona görə uğurludur ki, Azərbaycan Milli Məclisinin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özü müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin yaradıcısı Ulu öndərimiz Heydər Əliyev siyasi akademiyasından dərs alıb. Məhz elə Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, təhsilinin, elminin, incəsənətinin durmadan artan yaradıcı inkişafında gördüyü işlər bir daha sübut edir ki, o Ulu öndərimizin fenomenliyinin daha böyük miqyasda tanıdılması üçün bundan sonra da nələr etməyin vacibliyini dərk edən insanlar arasında öncüllük edənlərin ön sırasındadır.

Heydər Əliyev Fondunun rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii qoruğunun virtual müzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi ilə bağlı görülən işlərlə əlaqədar Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də, Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev 11 iyun 2007-ci il tarixli Sərəncam imzalamışdır. Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılmasına və təbliğ olunmasına kömək etmək məqsədi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Məlumdur ki, ölkənin torpaq fondunun müəy

yən bir hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq, ölkənin 8 641 506 hektar vahid torpaq fondunun 2 032 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə aiddir. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin birləşməsi nəticəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məqsədilə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi, razılaşdırılması, sərhədlərinin əsas döngə nöqtələrində mərz nişanlarının basdırılması və nəticəsinin xəritələşdirilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyası vasitəsilə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Vətəndaşların qanuni istifadəsində olan həyətyanı, bağ sahələri və fərdi yaşayış evi altındakı torpaqların sənədləşdirilməsi ilə bağlı indiyədək Komitə tərəfindən 2637 yaşayış məntəqəsi üzrə 801688 vətəndaşın adına kompleks və fərdi qaydada Şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə 190635 vətəndaşın adına isə kompleks qaydada plan və ölçü sənədi hazırlanıb verilmişdir.

Komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsi vasitəsi ilə geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Bakı Kartoqrafiya Fabriki tərəfindən isə Azərbaycan Respublikasının Kompleks Atlası, Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası, Azərbaycan Respublikasının Ekoloji Atlası (Azərbaycan və ingilis dillərində), Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı, Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarının 1:100000 miqyasında ümumcoğrafi xəritələrinin tərtibatı və çapı işləri yerinə yetirilmiş, 1:2000 miqyasında 508 nomenklatura, 1:5000 miqyasında 83 nomenklatura və 1:10000 miqyasında 84 nomenklatura olmaqla, cəmi 675 nomenklatura topoxəritələr nəşr edilmiş, 1:1000 miqyaslı ortofoto xəritələrinin və 1:5000 miqyaslı xəritələrinin hazırlanması üçün nəzərdə tutulmuş aerofotoçəkiliş, ortofoto xəritələrinin peyk geodeziya çəkilişi və emalı işləri, habelə ölkə ərazisində qurulması nəzərdə tutulan daimi fəaliyyət göstərən peyk şəbəkəsinin 37 qəbuledici stansiyalarının tikintisi işləri həyata keçirilmişdir. İlk dəfə olaraq ölkə ərazisində 132 qravimetriya məntəqəsinin qurulması və müşahidəsi işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə 2010-cu ildə torpaq ehtiyatlarının inventarlaşdırılması, onların kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi üzrə respublikanın 17 rayonunun ərazisində 133626 ha suvarılan torpaqların inventarlaşdırılması, 13 rayon üzrə 104 inzibati ərazi dairəsinin 186 min ha torpaqlarının bonitirovkası, 22 rayon üzrə isə 260 inzibati ərazi dairəsi üzrə torpaqların iqtisadi qiymətləndirilməsi elektron formatda həyata keçirilmişdir.

Meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması ilə əlaqədar 2010-cu ildə 3 rayon üzrə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan 8061 ha torpaq sahəsi inventarlaşdırılmışdır.

Çirklənmiş və deqradasiyaya uğramış torpaqların rekultivasiyası layihələrinin həyata keçirilməsi ilə bağlı 2010-cu ildə 89 ha ərazidə neftlə çirklənmiş, lay suları altında qalmış, məişət və istehsalat tullantıları ilə çirklənmiş ərazidə topoqrafik planaalma işləri həyata keçirilmişdir.

Torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə 2010-cu ildə respublika üzrə 533446 ha yay və qış otlağında irimiqyaslı torpaq tədqiqatı işləri aparılmışdır.

İnzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq kadastr xəritələrinin hazırlanması - 14 rayonda 50 inzibati ərazi dairələri üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin tərtibi üçün planaalma işləri görülmüşdür.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azadılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və digər dövlət proqramlarının icrası ilə bağlı Komitənin üzərinə qoyulmuş vəzifələr də nəzərdə tutulan müddətlərdə icra olunaraq müvafiq qaydada hesabatlar aidiyyəti üzrə təqdim edilir.

2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində subasmaya məruz qalmış Sabirabad rayonunun 128154 ha, Saatlı rayonunun 18692 ha və İmişli rayonunun 15698 ha ərazilərində çöl tədqiqatı, torpaqların mülkiyyət növləri üzrə inventarlaşması və xəritələşdirilməsi işləri həyata keçirilmiş və həmin torpaqların yaxşılaşdırılması məqsədilə Tədbirlər Planı hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim olunmuşdur.

Araz çayının yeni qolunun açılması məqsədi ilə uzunluğu 130 km olan trassın altına düşən 75856 ha torpaq sahələri ayrı-ayrı rayonlar və mülkiyyət növləri üzrə inventarlaşdırılaraq xəritələşdirilmiş və tikinti işləri üçün layihə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir.

2010-cu ildə açılışı olan, Bakı şəhərinin içməli suya olan tələbatının 75 faizini təmin edən Oğuz-Qəbələ-Bakı su kəmərinin torpaqayırma sənədləri yerquruluşu qaydasında Komitənin struktur vahidləri tərəfindən həyata keçirilmiş və müəyyən olunmuşdur ki, kəmərin uzunluğu 251,47 km, mühafizə zonası 25 metr olmaqla 628,8 hektar torpaq sahəsini əhatə edir ki, bundan da 301,7 hektarı dövlət mülkiyyətinə, 126,9 hektarı bələdiyyə mülkiyyətinə və 200,2 hektarı isə xüsusi mülkiyyətə aiddir.

Azərbaycan Respublikasının Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” 1995-ci il 03 yanvar tarixli 140 nömrəli, 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və bu sərəncamlara uyğun olaraq Nazirlər Kabinetinin “Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında” 1999-cu il 20 aprel tarixli 76s nömrəli, 2002-ci il 23 oktyabr tarixli 223 nömrəli sərəncamlarının icrası məqsədi ilə Azərbaycanın Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiya işlərinə başlanılmışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında uzunluğu 390 km olan (Balakən, Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ, Qusar və Xaçmaz rayonları ilə həmsərhəd) dövlət sərhədinin delimitasiyası işlərinə 1996-cı ildən başlanılmış və 2010-cu ilin avqust ayında bu işlər başa çatdırılaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentləri tərəfindən Bakı şəhərində imzalanan 03 sentyabr 2010-cu il tarixli “Sərhəd müqaviləsi”nin təsdiqi ilə tamamlanmışdır. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanan bu müqavilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması sahəsində olduqca böyük tarixi əhəmiyyətə malik bir hüquqi sənəddir.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin isə uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə bağlı işlər 1996-cı ilin dekabr ayından bu günədək davam edir. Hazırda sərhədin təxminən 300 km hissəsi hər iki tərəfin Dövlət Komissiyaları tərəfindən razılaşdırılmışdır. Sərhədin qalan hissələrində hər iki ölkənin ekspertləri tərəfindən torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi, arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər həyata keçirilir.

26 dekabr 2010-cu il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2009-cu il tarixli 201 s nömrəli sərəncamı ilə təsdiq edilmiş Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında “Azərbaycanda Torpaq Kadastr Sisteminin təkmilləşdirilməsi layihəsi”nin prezentasiyası keçirilmişdir.

Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyatın intellektual idarə edilməsi layihəsi üzrə şəhərin 2200 km2 ərazisində nəqliyyatın intellektual idarə edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş 14 yanvar 2011-ci il tarixli iclasında ölkə üzrə aparılan digər uğurlu işlərlə yanaşı, həmçinin, qeyd etmişdir ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır.

Ölkə başçısı 2011-ci ildə qarşıda duran vəzifələrə də aydınlıq gətirərək bildirib ki, biz bu ildə də iqtisadiyyatımızın inkişafını təmin etməliyik: “Əminəm ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında verdiyi tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri cənab Ramiz Mehdiyevin 2011-ci il 27 yanvar tarixində keçirdiyi müşavirədə qarşıya qoyduğu vəzifələr, o cümlədən, cəmiyyətin inkişafına mənfi təsir göstərən neqativ təzahürlərə qarşı mübarizə Azərbaycan Respublikasında daim diqqət mərkəzində olmuş, bununla əlaqədar müvafiq qərarlar qəbul edilmiş və təşkilati tədbirlər həyata keçirilmişdir. Lakin bəzi müxalifət qüvvələri öz ənənəvi adətlərinə sadiq qalaraq hər zaman ölkədə aparılan iqtisadi və sosial inkişafa göz yumur, qara yaxır, müstəqil respublikamızda hökm sürən sabitliyi dünyada baş verən hadisələrə, o cümlədən, ərəb ölkələrindəki, etiraz proseslərinə söykənərək pozulacağını öz xəstə təxəyyülləri ilə əsaslandırmağa cəhd edirlər, ictimaiyyətin fikrini çaşdırmağa çalışırlar. Onlar bilməlidirlər ki, Azərbaycan ictimaiyyəti dövlətçilik naminə aparılan bütün işləri yüksək qiymətləndirir və müxalifətin heç bir hüquqi və mənəvi əsası olmayan fikirlərini qətiyyətlə rədd edir.

Hələ Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən də keçid dövründə sosial-iqtisadi inkişafa mane olan hallara qarşı mübarizə metodları və üsulları genişləndirilmiş, cinayətkarlığa, o cümlədən, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəldilmiş əməli tədbirlər gücləndirilmişdir. Ulu öndərin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli, “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixi fərmanları, “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 1998-ci il 27 yanvar tarixli Sərəncamı cinayətkarlığa, o cümlədən, korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmiş, onun daha da məqsədyönlü aparılmasına şərait yaratmışdır. Ulu öndərin 28 noyabr 2000-ci il tarixli 422 saylı Fərmanı ilə təsdiq olunmuş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamə ilə verilmiş səlahiyyətləri çərçivəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti işinin Komitənin müfəttişləri tərəfindən həyata keçirilməsi də torpaq sahələrinin mülkiyyətə və icarəyə ayrılması işlərində öz növbəsində şəffaflığı təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya gətirib çıxara bilən halların qarşısı alınmışdır.

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ölkə rəhbəri cənab İlham Əliyevin də hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 03 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” üzrə tədbirlərin Komitəyə aid hissəsinin vaxtında və düzgün icra edilməsini təmin etmək məqsədilə, korrupsiyaya qarşı mübarizə ilə bağlı Komitədə daxili nəzarətin təşkilini və dövlət qulluğunun nüfuzunun artırılmasını tənzimləyən tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2005-ci il 23 mart tarixli 59 nömrəli əmrlə komissiya yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)” əsasında Komitənin 2007-ci il 03 sentyabr tarixli 211 nömrəli əmri ilə təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və bu işlər üzrə görülən tədbirlərə dair hesabatın müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına göndərilməsinin təmin edilməsi barədə müvafiq olaraq Komitədə yaradılmış Komissiyaya, aidiyyəti rəhbər vəzifəli şəxslərə və Komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə tapşırıqlar vermişdir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (29 iyun 2001-ci il, 160-IIQ) 9-cu bəndində nəzərdə tutulduğu kimi, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə icarəyə, mülkiyyətə və istifadəyə verməli olduqları halda bu əməliyyatları birbaşa həyata keçirməyə üstünlük verirdilər ki, bu da neqativ halların yaranmasına şərait yaradırdı. Komitənin təklifi əsasında bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında ölkədə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə olunması nəzərdə tutulub ki, bu da torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi sahəsində görülmüş tədbirlərdəndir. Bu qanun bələdiyyələrin mülkiyyətlərində olan torpaq sahələrinin bilavasitə qanunsuz olaraq satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının keçirilməsi təşkilatçı olaraq Komitəyə həvalə olundu. Komitənin əmri ilə torpaq müsabiqələri və hərraclarının keçirilməsini həyata keçirmək məqsədilə torpaq müsabiqə və hərrac komissiyaları yaradıldı. Komitə tərəfindən torpaq müsabiqə və hərrac keçirilərkən şəffaflığın təmin edilməsi məqsədilə komissiyalar 2 nəfər Komitə əməkdaşlarından qalan, 3 nəfər isə ictimaiyyət, bələdiyyə assosiasiyalarından və yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət olaraq 5 nəfərlik tərkibdə yaradıldı. Artıq 2009-2010-cu illərdə 4000-dən artıq müsabiqə və hərrac keçirilmiş və bu müsabiqə və hərraclarla bağlı vətəndaşlar tərəfindən yalnız 2 müraciət daxil olmuşdur ki, onlar da araşdırma zamanı öz təsdiqini tapmamışdır.

Təbii ki, bütün bunlar dövlət müstəqilliyimizin 20 ilində görülən uğurlu işlərin müəyyən hissəsidir.

Bütün bu dediklərimiz bir daha sübut edir ki, ölkəmizin müstəqillik əldə etdiyi bu 20 ildə xalqımızın gələcək rifah halının durmadan yaxşılaşması Ulu öndərimiz Heydər Əliyevin və Onun iqtisadi-siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində öz müsbət həllini tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır.

 

 

Qərib Məmmədov,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Yeni Azərbaycan.- 2011.- 17 avqust.- S. 4-5.