Azərbaycanın
inkişafı bəzi xarici qüvvələri narahat etməkdədir
Və yaxud Markus Löninqə bir
neçə vacib xatırlatma
Azərbaycan
müstəqillik əldə etdikdən sonra qısa müddətdə
iqtisadi, siyasi, insan hüquqları, demokratiyanın
inkişafı sahəsində böyük nailiyyətlərə
imza atıb. Düzgün müəyyənləşdirilən
xarici siyasət kursu və iqtisadi strategiya qısa zamanda Azərbaycanın
dinamik inkişafına səbəb olub. Əlbəttə ki,
Azərbaycanın xarici siyasət sahəsində elan etdiyi
prinsiplər üzrə ən başlıca məsələlərdən
biri 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyaya
söykənərək ölkəmizdə insan hüquq və
azadlıqlarının təmin olunması, vətəndaş-dövlət
münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsini
təmin etmək, eyni zamanda, respublikada inkişaf etmiş cəmiyyətin
bütün atributlarını yaratmaq istiqamətində
atılan ciddi addımlardır. Bunun üçün isə,
ilk növbədə, insan hüquq və
azadlıqlarının inkişaf etdiyi Qərb ölkələri
ilə mədəni, siyasi, iqtisadi sahələrdə
inteqrasiyanın dərinləşməsi başlıca məqsədlərdən
biridir. Ancaq bununla bərabər, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin elan
etdiyi kimi, Azərbaycan öz milli-mənəvi dəyərlərinə
söykənərək Qərbə inteqrasiyanı əsas
prioritetlərindən biri kimi önə sürüb.
Doğrudan da, bu istiqamətdə ciddi addımlar atılır
və Azərbaycan bu gün artıq bütün sahələrdə,
xüsusən də insan hüquq və azadlıqları, mətbuat,
söz azadlığı, hətta fikir plüralizmi sahəsində
bir sıra Şərqi Avropa ölkələrindən belə
öndədir.
Ölkəmizdəki inkişaf bəzi
qüvvələrin yuxusunu qaçırıb
Son dövrlərdə baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycanda xarici təzyiq qruplarının, anti-Azərbaycançı mərkəzlərin göstərişi ilə ictimai asayişi pozmağa cəhd göstərən və bunun üçün müasir texnologiyalardan, internet resurslarından istifadə etməyə çalışan insanlar olsa belə, ölkəmiz heç bir halda insan hüquqlarını, məhdudlaşdıracaq, onların ifadə azadlıqlarını məhdudlaşdıracaq addım atmadı. Ancaq bu gün bəzi Avropa ölkələrində oxşar hadisələr baş verən zaman internet resurslarından istifadə məhdudlaşdırıldı, kütləvi həbslər baş verdi. Lakin Azərbaycanda bunların heç biri müşahidə olunmadı. Bununla Azərbaycan hökuməti bir daha insan hüquq və azadlıqlarına nə qədər sadiq olduğunu, Azərbaycanın doğrudan da demokratik bir ölkə olduğunu göstərmiş oldu. Ancaq çox təəssüf ki, Azərbaycanda gedən inkişaf bəzi hallarda ayrı-ayrı Qərb ölkələrində olan anti-Azərbaycançı qüvvələri və mərkəzləri qane etmir, eyni zamanda, erməni lobbisi ilə sıx əlaqədə olan xüsusi olaraq formalaşdırılmış bəzi təzyiq qruplarını narahat edir. Ona görə də, Azərbaycanda, hətta şəhərin gözəlləşdirilməsi, yeni binaların tikilməsi ilə bağlı hər hansı addım atılarkən belə, hələ Sovet dövründən bəri ölkəyə, şəhərə yamaq kimi əlavə edilmiş gecəqondular, Sovet terminologiyası ilə desək “naxalstroykalar” söküldükdə belə bunu vətəndaşların mülkiyyət hüquqlarının, insan haqlarının pozulması kimi qələmə verməyə çalışan çoxsaylı həvəskarlar tapılır. Hətta bu tipli məlumatlar Avropanın, Qərb ölkələrinin ən mötəbər mətbu orqanlarında belə öz əksini tapır. Halbuki, Dağlıq Qarabağ problemi, Azərbaycanda bir milyondan artıq insanın hüquqlarının pozulması, azərbaycanlılara qarşı erməni vəhşiliyinin törədilməsi ilə bağlı imperializmə xidmət edən həmin transmilli media orqanlarında kiçik bir informasiya yerləşdirmək olduqca çətindir. Buradan da məsələnin mahiyyəti ortaya çıxır. Yəni, Azərbaycanın inkişafı bəzi xarici qüvvələri heç də qane etmir.
Bəzi beynəlxalq
təzyiq qruplarının demokratiya oyunu
Qeyd etdiyimiz kimi, Azərbaycan rəhbərliyi ölkədə demokratiyanı bir sıra Qərb ölkələrinə nümunə olacaq səviyyədə inkişaf etdirməyi bacardı. Lakin təəssüf ki, görünür, Qərbdə yerləşən bəzi anti-Azərbaycançı mərkəzlərə ölkədə demokratiyanın bu cür bərqərar olması sərf etmir. Çünki Azərbaycanda bərqərar olan demokratiya sözün həqiqi mənasında müasir demokratiyanın bütün tələblərinə cavab verir. Bunun içərisində insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizm, fikir və söz azadlığı, mülkiyyət hüquqlarının qorunması, vətəndaş-cəmiyyət münasibətlərində hüququn üstün olması kimi prioritet məsələlər əsas təşkil edir. Ancaq görünür, bəzi Qərb dairələrinin Şərqdə və Azərbaycan kimi ölkələrdə görmək istədikləri, arzuladıqları demokratiya bir qədər fərqlidir. Bir sıra hadisələr artıq sübut edib ki, bəzi imperialist güclər Şərq ölkələrində, o cümlədən, Azərbaycanda görmək istədiyi demokratiyanı özlərində olan demokratiya kimi təsəvvür etmir, bu demokratiyanı dağıdıcı və bölücü bir ünsür kimi görmək istəyirlər. Bəzi dairələr Azərbaycana ixrac edilən demokratiyanı öz milli maraqlarına xidmət edən və müxtəlif təzyiq qruplarının inhisarında olan “inhisarçı demokratiya” olmasını arzu edir. Eyni zamanda, həmin qüvvələr milli dövlətə və milli hökumətə qarşı təzyiq kimi istifadə olunan və demokratiya adı altında pərdələnən bu cür ünsürlərdən zaman-zaman öz milli maraqları naminə siyasi və iqtisadi rıçaq kimi istifadə etməyə çalışırlar. Qərbdə yerləşən bəzi təzyiq qrupları müəyyənləşdirməlidir ki, əgər onlar doğrudan da Şərqin demokratikləşməsini istəyirlərsə, yanaşma başqa cür olmalıdır. Yox, əgər onlar demokratiya adı altında Şərqdə öz imperialist maraqlarını təmin etmək istəyirlərsə, onda fərqli yanaşma sərgilənməlidir. Hesab edirik ki, söylədiyimiz ikinci məqam özünün bugünkü qlobal siyasi münasibətlərdə real olduğunu ciddi arqumentlərlə təsdiq etmiş bir faktdır. İstər Yaxın Şərq, istər Cənubi Qafqaz, istərsə də digər Asiya ölkələrinə ixrac olunan, yaxud ixrac edilməyə cəhd göstərilən demokratiyanın həqiqi demokratiya ilə o qədər də bağlılığı yoxdur. Belə olmasa idi, Azərbaycanda baş vermiş hər hansı hadisə ilə, tutaq ki, İngiltərə və Almaniyada baş verən uyğun hadisəyə, asayiş pozuntusuna, qeyd etdiyimiz “demokratların” qiymətləndirmə kriteriyası eyni olmalı idi, yəni, hadisələrə qiymətvermədə eyni kriteriyalar müəyyənləşdirilməli idi. Ancaq təəssüf ki, biz hər dəfə müxtəlif ölkələrdə baş verən eyni tipli hadisələr zamanı ayrı-ayrı Qərb dairələrinin fərqli qiymətləndirmələrinin şahidi oluruq. Bu isə demokratiyanın özünü gözdən salır. Buna görə də, əgər Qərb həqiqətən demokratiya ixracında səmimidirsə, onda bu məsələləri bir daha götür-qoy etməlidir.
Markus Löninqin əcaib
arzusu
Çox təəssüf ki, bəzi hallarda bundan çıxış edərək demokratiyanı ayrı-ayrı milli dövlətlərin daxili işinə qarışmaq üçün bir vasitə kimi istifadə edirlər. Əlbəttə ki, bu gün belə bir tezis var ki, demokratiya heç bir ölkənin daxili işi deyil və bu fikirlə qismən razılaşmaq olar. Lakin hər halda demokratiya milli dövlətin əsaslarını çökdürəcək, ölkənin ideoloji sistemini dağıdacaq, milli-etnik birliyini, sosial-siyasi həmrəyliyini pozacaq ünsür də olmamalıdır və qətiyyən ola bilməz. Ona görə də bu mənada təəssüf ki, bəzi qərbli nümayəndələrin demokratiyaya yanaşması və hətta onu eybəcərləşdirərək Azərbaycan xalqının milli davası olan Qarabağ problemində də silah kimi istifadə etmək cəhdləri tamamilə yanlışdır. Çox təəssüf ki, bu hadisələr vaxtaşırı baş verməkdədir. Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Aparatı və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə Tvinninq layihəsi çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə gələn Almaniya Hökumətinin İnsan Haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq də bu məsələlərdə bir çox məqamı səhv salıb. Bildiyimiz kimi, Azərbaycanla Almaniyanın ənənəvi, xoş münasibətləri var. İlk növbədə, Markus Löninq bir qonaq kimi Azərbaycana hörmət etməyi yaddan çıxarır və torpaqlarının 20 faizini itirmiş, acı çəkmiş Azərbaycan xalqının, övladları şəhid olan anaların, qardaşları şəhid olan bacıların gözünün içinə baxaraq bizə alçaldıcı təklif verir. M.Löninq deyir ki, “siz övladlarınızı öldürənlərin gözlərinə baxmalı və onlarla sülhə getməlisiniz”.
Hesab edirik ki, Markus Löninq bu məsələ ilə bağlı Azərbaycan xalqına tövsiyə verə biləcək ən son adamdır. Yəni, biz gözləyərdik ki, M.Löninq bir İnsan haqları üzrə müvəkkil kimi burada 20 Yanvar faciəsində zərər çəkənlərin, şəhid ailələrinin, bir milyondan artıq qaçqın və məcburi köçkünün dərdlərini bilmək üçün onların nümayəndələri, Xocalı şəhidlərinin yaxınları ilə görüşmək, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası naminə Avropada həyəcan təbili çalmaq, onların səsini Avropaya çatdırmaq istədiyini desin. Ancaq bu insan qeyd etdiyimiz kimi, Azərbaycan xalqının gözünün içinə baxaraq alçaldıcı, xalqımızın şərəfinə və qüruruna toxunacaq ifadələr işlədir. Çox təəssüf ki, bəzi müxalifət qəzetləri dərhal millətə, xalqa muştuluq verirmiş kimi bu xəbəri təqdir edircəsinə manşetə çıxarır, Markus Löninqin Azərbaycanda insan hüquqları ilə bağlı fikirlərini önə çəkirlər. Halbuki biz gözləyərdik ki, həmin psevdovətənpərvərlər bunu bir təhqir kimi qəbul edərək protest etsinlər. Normal ölkələrdə ölkənin daxili işlərinə qarışan və milli ləyaqəti təhqir edən ifadələr işlədən istər diplomat, istərsə də insan haqları təşkilatının nümayəndəsinə qarşı ilk növbədə müxaliflər öz səsini ucaldır. Təəssüf ki, Azərbaycandakı müxalifət mətbuatı bu şəxsin Azərbaycanın ərəb ölkələrindən dərs çıxarmalı olduğu ilə bağlı fikirlərini də manşetə çıxarır.
Əvvəla, bilmək lazımdır ki, Azərbaycan ərəb ölkəsi deyil. Azərbaycan Yaxın və Orta Şərqlə birbaşa coğrafi bağlılığı olmayan dövlətdir. Azərbaycan Cənubi Qafqazın inkişaf edən, parlayan ulduzudur. Azərbaycan bir çox məsələlərdə, insan hüquq və azadlıqları sahəsində MDB, Şərqi Avropa, hətta bəzi Qərbi Avropa dövlətlərinə örnək olacaq bir ölkədir. Belə olan halda, hesab edirik ki, Markus Löninqin bu fikirləri Azərbaycan xalqına qarşı təhqirdir. Markus Löninq yaxşı olardı ki, öz ölkəsinə miqrasiya etmiş çoxsaylı insanların, o cümlədən, Türkiyədən mühacirət edənlərin hüquqları ilə məşğul olsun. Çünki onların bir qismi Almaniya Federativ Respublikasının vətəndaşları olmaqla bərabər, orada daimi yaşayan, bu ölkədə demokratiyanın, iqtisadiyyatın inkişafına əmək sərf etmiş insanlardır. Lakin biz bu insanların diri-diri yandırıldığını, onlara qarşı yönələn irqçiliyi görürük. Hətta bu irqçilik bəzi hallarda faşizm səviyyəsinə çatır. Buradan birbaşa cənab Markus Löninqə səslənərək soruşmaq istərdik ki, Almaniyada 17 yaşlı türk gənci evində yandırıldıqda görəsən, o, nə dedi? Bunu insan hüquqlarının pozulması kimi qiymətləndirdimi? Yaxud Norveçdə dini, irqçi yanaşma müstəvisində insanların öldürüldüyü terror hadisəsi zamanı nə üçün qonşu ölkəyə getmədi? Bu gün İngiltərədə iğtişaş törədən insanlar ictimai asayişi pozduqlarına görə həbs olunublar. Əgər doğrudan da Markus Löninq insan hüquqları “mücahidi”dirsə, nə üçün orada baş verən hadisələrə münasibət bildirmir, gedib orada insan hüquqlarının bərpasının zərurəti ilə bağlı fikirlərini söyləmir? Əgər o belə ağıllıdırsa və bizə tövsiyə verirsə ki, övladlarınızı öldürənlərin gözünə baxaraq onlarla barışın, onda getsin eyni məsləhəti irlandlarla ingilislərə, flamanlarla valonlara, Belçikada yaşayan və eyni dövlətin vətəndaşları olduqları yerli əhali ilə barışıq içərisində yaşaması üçün almanlara versin.
Kimin hansısa universiteti
bitirməsi əlahiddə
status ola bilməz
Ancaq təəssüf
ki, Markus Löninq Azərbaycanda bu cür fikirlər bildirir. Çünki belə fikirləri
yuxarıda adlarını
çəkdiyimiz ölkələrdə
bildirməyə onun birincisi cəsarəti çatmaz, ikincisi, söylədiyi fikirlərə
görə həbs edilə, yaxud ölkədən qovula bilər. M.Löninq Azərbaycanda ağıllı
adamların həbsə
atıldığını iddia edib. Əgər bu zaman Bəxtiyar
Hacıyevi nəzərdə
tutursa, əlbəttə,
bu tamamilə yanlışdır. Bildiyimiz kimi,
Azərbaycan hüquqi
dövlətdir və
bütün vətəndaşlarla
dövlət arasındakı
münasibətlər hüquq
müstəvisində öz
həllini tapır.
Azərbaycanın Konstitusiyasına,
hərbi mükəlləfiyyət
haqqında qanununa görə hər bir Azərbaycan gənci 18 yaşından sonra, əgər üzürlü bir səbəb yoxdursa, vətənə olan borcunu verməli, mütləq hərbi xidmətdə olmalıdır.
Əgər insan hüquqları
“mücahidi” Markus Löninq
Azərbaycanın ağıllı
insanlarının həbsinə
belə ürəkdən
yanırsa, ilk növbədə
kimin Cinayət Məcəlləsinin hansı
maddəsi ilə həbs edildiyini öyrənsin. Əgər M.Löninq
Azərbaycanda vətəndaşlara
kimin hansı universiteti bitirdiyinə görə, yaxud hansı universitetdə altı ay kurs keçdiyinə görə
münasibət göstəriləcəyini,
əlahiddə status veriləcəyini
gözləyirsə, bu
əbəs yerədir.
Kim olmasından asılı
olmayaraq əsgərlikdən
yayınan şəxs
Harvardı, Oksfordu və s. bitirirsə belə, Azərbaycan qanunları ona şamil olunacaqdır. Çünki hər hansı
universitetdə oxumaq heç bir Azərbaycan vətəndaşına
əlahiddə status vermir.
Bunu hər bir kəs,
o cümlədən M.Löninq
də yaxşı bilməlidir.
Gecəqonduların sökülməsi hüquq
pozuntusu deyil, hüquqların bərpası
və tanınmasıdır
Əlbəttə, qeyd etdiyimiz kimi, Azərbaycanın bugünkü inkişafı
bir sıra təzyiq qruplarını narahat edir. Bildiyimiz kimi,
2011-ci ildə Azərbaycanın
çox böyük nailiyyətləri oldu.
Azərbaycanın gənc müğənniləri
“Eurovision” mahnı yarışmasında
qalib oldular. Bu, bir daha Azərbaycanda, musiqinin, mədəniyyətin, elmin
inkişafına M.Löninqin
dediyi ağıl və zəkanın inkişafına göstərilən
qayğının nəticəsidir
ki, Azərbaycan musiqisi avropalı musiqisevərləri məmnun
etdi. Azərbaycan böyük bir
tədbirə hazırlaşır.
Əlbəttə ki, bu gün ölkəmizin maddi vəziyyətinin yaxşı olması imkan verib ki,
Bakı dünyanın
ən gözəl şəhərinə çevrilsin.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi, Bakı artıq dünyanın ən gözəl şəhərlərindən birinə
çevrilib və bu proses davam
edir. Ona görə də,
Bakıda hələ Sovet dövründə tikilmiş, şəhərimizə
yamaq olan, onun gözəlliyinə xələl gətirən,
memarlıq üslubuna
zidd olan gecəqondular, “naxalstroykalar”
sökülür və
bu tamamilə hüquq çərçivəsində
aparılır. Yəni, vətəndaşın
mülkiyyətini təsdiq
edən sənədi varsa, hətta yoxdursa belə, heç bir vətəndaşın mülkiyyəti
dövlət tərəfindən
zorla əlindən alınmır. Şəhərdə ən bahalı evlərin kvadratmetrinin qiymətinə uyğun olaraq, kompensasiya ödənilir. O cümlədən,
Azərbaycanda “hüquq
müdafiəçisi” olan,
heç vaxt azərbaycanlıların hüquqlarını
müdafiə etdiyini görmədiyimiz, ermənilər
başda olmaqla Azərbaycanın istənilən
düşmənini müdafiə
edən, lakin bir milyondan artıq
qaçqın və məcburi köçkün
soydaşımızı unudan,
Xocalı şəhidlərini,
20 Yanvar şəhidlərinin
ailələrini yadına
salmayan Leyla Yunus kimi birisinin
hüquqlarının müdafiəsinə
qalxmaq nə dərəcədə doğrudur?
Halbuki digər Azərbaycan vətəndaşlarına olduğu
kimi ona da müvafiq kompensasiya təklif olunub. Əgər bu kompensasiyanın onları qane etmədiyini iddia edirlərsə, hər kvadratmetrə görə
5-6 min manat məbləğ
istəyirlərsə, bunu
da Azərbaycan dövlətinin və xalqının antitəbliğatına
xərcləmək istəyirlərsə,
hər kəs bilməlidir ki, bu baş verməyəcək.
Təəssüf ki, M.Löninq
də özünü
bu cür spekulyasiyalara alət olacaq səviyyəyə qədər aşağı
endirib. Hesab edirik ki, alman xalqı onun Azərbaycandakı sözlərindən xəbər
tutarsa, bizdən daha kəskin cavabı özü verəcək, ucuz spekulyantı layiqincə cəzalandıracaqdır. Çünki Azərbaycan və
Almaniya xalqlarının
tarixən dostluq və qardaşlıq münasibətləri olub
və Azərbaycan-Almaniya
münasibətləri bu
gün də bu istiqamətdə inkişaf edir.
Hikmət BABAOĞLU
Yeni Azərbaycan.- 2011.- 18 avqust.- S.
3.