Hacıqabul rayonu inkişafının yeni mərhələsini yaşayır

 

Rayon üzrə göstəricilər ötəl illə müqayisədə yüksəkdir

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Hacıqabul rayonudur.

2011-ci ilin birinci yarısında Hacıqabul rayonunda məhsul buraxılışının həcmi 59,459 min manat, sənaye məhsulunun həcmi isə 1261 min manat olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artaraq, 6777,0 min manata çatıb. Poçt və rabitə xidmətlərinin həcmi 177,3 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 min manat çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 57462 min manat, yəni ötən ilin müvafiq dövründən 14264 min manat çox olub. Avtomobil nəqliyyatı ilə yük daşınması və sərnişin daşınması müvafiq olaraq 7 min və 205 min artaraq, 91 min ton və 1,8 mln. sərnişin təşkil edib.

2011-ci ilin 6 ayı ərzində rayon büdcəsinin gəlir hissəsi 14,4 faiz çox 1.402,310 manat proqnoza qarşı 1.603,679 manat icra olunub. Büdcənin xərc hissəsi 4.580,752 manat təyinata qarşı 3.662,861 manat icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

Dövlət başçısının Sərəncamı ilə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb. Ünvanlı sosial yardım proqramı uğurla icra olunur. Bu gün rayonda ünvanlı sosial yardım alan ailələrin sayı 1914, yardımla əhatə olunmuşların sayı isə 9378 nəfərdir. Bunlardan tərkibi 1943 nəfər olmaqla 465 ailəyə 2011-ci ilin 6 ayı ərzində ünvanlı sosial yardım təyin olunub.

Rayon əhalisinin 2010-cu ilin birinci yarısında ümumi pul gəliri 78,4 milyon manat təşkil edirdisə, bu ilin eyni dövründə bu 87,1 milyona çatıb. Hər nəfərə düşən pul gəlirləri əvvəlki 1176 manatdan hazırda 1287 manata çatıb. Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir. Hesabat dövründə rayonda 124 ailə olmaqla 427 nəfər qaçqın, 428 ailə olmaqla 1620 nəfər məcburi köçkün məskunlaşıb. İcra Hakimiyyəti onların bütün qayğılarını öz üzərinə görürüb, qanunla nəzərdə tutulmuş imtiyazlardan istifadə etmələri üçün hər cür şərait yaradıb.

Son 6 ayda rayon məşğulluq mərkəzinə işlə təmin olunmaq üçün 267 nəfər müraciət edib. Onlardan 178 nəfər işlə təmin edilib, 26 nəfərə müavinət təyin edilib. Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründəki 188,6 manatdan artaraq 198,4 manata çatıb. Hesabat dövründə rayonun idarə və müəssisələrində 158 yeni iş yeri açılıb ki, bunların da 136-sı bilavasitə daimi iş yerləridir.

 

Kənd təsərrüfatı və maldarlıq inkişaf dinamikası əldə edib

 

Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. 2011-ci ilin məhsulu üçün 11500 hektar sahədə taxıl əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 195 hektar artıqdır. Taxıl əkininin 6150 hektarını buğda, 5350 hektarını isə arpa əkini təşkil edib. 11500 hektar taxıl sahəsindən 34148 ton məhsul əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7338 ton çoxdur. İstehsal olunan taxılın 21094 tonunu buğda, 13054 tonunu arpa təşkil edir. Hər hektarda məhsuldarlıq 29,7 sentner olub ki, bu da keçən ilin məhsuldarlığından 0,4 sentner çoxdur. Bundan başqa, 2011-ci ildə 1617 hektar sahədə bostan, 727 sahədə tərəvəz, 200 hektar sahədə pambıq, 72 hektar sahədə günəbaxan, 59 hektar sahədə qarğıdalı, 285 hektar sahədə yonca əkilib. Keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 4 hektar tərəvəz, 3 hektar bostan, 170 hektar pambıq, 1 hektar günəbaxan, 1 hektar qarğıdalı, 5 hektar yonca sahəsi çox əkilib. Cari dövrdə 5061 ton tərəvəz və 2020 ton meyvə istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 1386 ton, meyvə istehsalı isə 270 ton çox olub. İlk dəfə olaraq 25 hektar sahədə kartof əkilib, 273 ton məhsul istehsal olunub.

Rayonda heyvandarlıq məhsullarının istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Bu ilin 6 ayı ərzində süd istehsalı 8500 ton, ət istehsalı 2530 ton, yun istehsalı isə 216 ton olub. Ötən ilin 6 ayı ilə müqayisədə müvafiq olaraq 1445 ton süd, 234 ton ət, 10 ton yun çox istehsal olunub. Hesabat dövründə yumurta istehsalı 39,2 milyon ədəd olub. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin I yarımilliyi ərzində 36285 baş, xırda buynuzluların sayı isə 129500 baş olub ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 2089 və 5700 baş çoxdur.

Respublika Prezidentinin Sərəncamına müvafiq olaraq istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə, dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir. Həmçinin, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışı təşkil olunur.

“Aqrolizinq” vasitəsi ilə bu ilin birinci yarımilliyində kənd əməkçilərinə 50 faiz güzəştli qiymətlə 40 ton azot satılıb. Rayonda 2011-cu il üçün əkilmiş buğda məhsulu istehsalçılarına ilin əvvəlindən 821 nəfərə 181.127.60 manat dövlət yardımı edilib.

Dövlət proqramına əsasən, Ağsu rayonu ərazisindən başlayan və rayonun Padar, Qarasu və Muğan yaşayış məntəqələrini keçərək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi və Pirsaat çayı üzərində yerləşən su anbarının lildən təmizlənməsi işləri bu ilin birinci yarımilliyində də davam etdirilib. Qeyd edək ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaq.

 

Hacıqabulda tikinti-quruculuq işləri davam etdirilir

 

2011-ci ilin birinci yarısında rayonda 8 tikinti təşkilatı fəaliyyət göstərib. Bu müddətdə tikinti təşkilatları 386,5 min manatlıq iş görüb. Tikintidə işləyənlərin sayı 114 nəfərə çatıb. Əsas kapitala yönəldilmiş investisiyalar 8465,5 min manat təşkil edir. Rayonda büdcədənkənar vəsait hesabına 78,8 min manatlıq yerli büdcədən maliyyələşməklə, 166,9 min manatlıq vəsait yol tikintisi və abadlıq işlərinə xərclənib. 2011-ci ilin birinci yarısında rayonda tikinti, quruculuq, abadlıq və yaşıllaşdırma işləri davam etdirilib. Kürçülü kənd daxili avtomobil yolunun 500 metrinə qum-çınqıl qarışığından əsas qoyulub, Muğan-Udulu avtomobil yolu istiqamətində 6.3 km uzunluğunda 4.5 metr enində qum-çınqıl qarışığından əsası qoyulub, Navahı kənd daxili avtomobil yolunun 5 km-i qreyderlə hamarlanaraq, yaranmış çala-çuxurlara qum-çınqıl qarışığından əsas qoyulub.

Şəhidlər xiyabanında abidə memorial kompleksi 40 sm qalınlıqda 40 m2, 20 sm qalınlığında 76 m2 tumbalarla hörülməsi, 133 m2 divarın sement məhlulu ilə suvanması və emulsiya məhlulu ilə rənglənməsi, 100 m2 qranit tavalarla üzlənməsi, 20 m3 beton səki daşlarının quraşdırılması nəticəsində istifadəyə verilib. Kompleksin giriş hissəsinə 185 m3 qum-çınqıl qarışığından əsas qoyulub və 1223 m2 sahəyə asfalt beton örtüyü vurulub.

Şəhərin Heydər Əliyev küçəsində işlərin davamı olaraq 540 m2 divar hörülüb və 72 m2 ag lay daşı ilə üzlənib. Şəhər küçələrinin təmiri ilə bağlı Dədə Qorqud küçəsinə 225 m3, Savalan küçəsinə 375 m3, A.Şaiq küçəsinə 188 m3, Ə.Şıxlinski küçəsinə 188 m3, Şəhriyar küçəsinə 225 m3 qum çınqıl qarışığından əsas qoyulub, Şəhriyar və S.Almazov küçələrində 3570 m2 yola və rabitəçi evlərin həyətyanı sahəsinə 1360 m2 sahəyə 6 sm qalınlığında asfalt beton örtüyünün qoyulması işləri başa çatıb. Dədə Qorqud parkında aparılan yenidənqurma işlərində 60 m2 divar, 28 m2 güldanlar mişar daşından hörülüb. Parkda 350 m2 divar ağ lay daşı ilə üzlənib, 14 ədəd polad işıq dirəkləri quraşdırılıb. Əraziyə 385 metr məsafədə polietilen borudan keçirilməklə kabel, 236 metr plastik borudan isə su xətti çəkilib, 20 ədəd su çiləyicilərinin və 26 ədəd su kranlarının quraşdırılması ilə yanaşı 1 ədəd fəvvarədə quraşdırılıb.

Rayonda tikinti quraşdırma işlərinin nəticəsində Polis Şöbəsinin, Bəyannamələrin qəbulu üçün Vergi Terminalının inzibati binası, Meyniman kənd tibb məntəqəsi, Navahı polis məntəqəsi istismara qəbul olunaraq istifadəyə verilib. İşlərin davamı olaraq Daxili Qoşunların əməkdaşları üçün 68 mənzilli yataqxana binasında, Rayon Statistika idarəsinin inzibati binasında, 2000 tonluq soyuducu anbarda, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin inzibati binasında işlər başa çatmaq üzrədir. Kafel-metlax zavodunun tikintisi davam edir.

Bundan başqa, şəhərdə, rayonun qəsəbə və kəndlərində geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2011-ci birinci yarısında da davam etdirilib. Hacıqabullular bu mövsümdə 16 min 760 ağac və 9 min gül kolları əkməyə nail olublar. Yaşıllığın salınması və ona qulluq davam etdirilir.

 

Əhaliyə xidmət olduqca yüksək səviyyəyə çatdırılıb

 

2011-ci ilin 6 ayı ərzində Hacıqabul EŞ-nin xidməti ərazisində 35 kv-luq Udullu hava xəttində, 540 metr məftil və 8 ədəd dayaq dəyişdirilib. 35 kv-luq Atbulaq hava xəttində 1 ədəd dayaq dəyişdirilməklə naqillərin yerinə 1400 metr naqil quraşdırılaraq EVX bərpa edilib. 10 kv-luq Cəngən hava xəttində və 10 kv-luq Şorbaçı hava xəttində yağ açarları cari təmir olunub. 6 kv-luq PQ-13 hava xəttində 250 kva transformatorun yüksək tərəfində RLND açarı yenisi ilə əvəz olunub. Hacıqabul elektrik şəbəkəsinin balansında olan 52 ədəd 10/04 kv-luq güc transformatorları cari təmir olunub, 15 ədəd isə “Şirvan REC” MMC-nin təmir sexinə göndərilərək təmir olunub və yerində quraşdırılıb. Qarasu kəndində fərdi əhali üçün yeni 10/04 kv-luq 100 kva transformator quraşdırılıb. 10 kv-luq Şorbaçı hava xəttində fərdi əhali üçün yeni 10/04, kv-luq 100 kva transformator quraşdırılıb. 2011-ci ilin 6 ayı ərzində 194 yeni abonentə “Smart” kart tipli 1 fazalı, 4 abonentə 3 fazalı elektrik sayğacı quraşdırılıb, rayonun Rəncbər, Udullu, Abdulabad, Atbulaq, Navahı, Muğan, Talış, Meyniman, Qubalıbaloğlan, Padar, Qızılburun kəndlərində yanmış və sıradan çıxmış sayğaclar yenisi ilə əvəz olunaraq 360 ədəd 1 fazalı, 14 ədəd isə 3 fazalı elektrik sayğacı quraşdırılıb. Hacıqabul rayonu 2011-ci ilin 6 ayı ərzində 77,389,064 kvt.s enerji alıb ki, bunun da dəyəri 3,172,951,62 manat təşkil edir. Satışa ötürülən enerji 58,249,231 kvt.saatdır. Bunlardan əhaliyə ötürülən enerji 19,844,706 kvt.saatdır. Bunun da dəyəri 1,047,920 manat olduğu halda ödəniş 1,011,553 manat olub ki, bu da 80,7 faiz təşkil edir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Hacıqabul rayonunda da yeni qazlaşdırma işləri davam etdirilir. 2011-ci ilin 6 ayı ərzində Hacıqabul şəhərinin, Rəncbər, Qızılburun kəndlərinin və Muğan qəsəbəsinin qaz təminatı yenidən qurulub istismara verilib. Belə ki, Rəncbər kəndində qaz təminatına müxtəlif diametrli 66100 pm politilen boru işlənib, 16 ədəd siyirtmə qoyulub. Rəncbər kəndində 602 nəfər abonent qazla və “Smart” kart tipli sayğacla təmin olunub. Muğan qəsəbəsinin qaz təminatına müxtəlif diametrli 32853 pm politilen boru işlənib, 17 ədəd siyirtmə qoyulub, 702 təsərrüfat qazla təmin olunub.

 Qarasu kəndinin qaz təminatına müxtəlif diametrli 35284 pm politilen boru işlənib, 20 ədəd siyirtmə qoyulub, 527 təsərrüfat qazla təmin olunub. Qızılburun kəndinin qaz təminatına müxtəlif diametrli 17480 pm politilen boru işlənib, 205 ədəd “Smart” kart tipli sayğac və 12 ədəd siyirtmə quraşdırılıb. Qubalıbaloğlan kəndinin qaz təminatına müxtəlif diametrli 49476 pm politilen boru işlənib, 27 ədəd siyirtmə qoyulub, 452 təsərrüfat qazla təmin olunub. Bundan əlavə, Udullu massivində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Meyniman, Abdulabad, Talış və digər kəndlərdə qaz xətlərinin çəkilişi işləri davam etdirilir.

Hacıqabul Su-Kanal idarəsi 2011-ci ilin 6 ayı ərzində şəhərin M.F.Axundov, Xəqani, H.Həmidov, H.Z.Tağıyev, M.Müşfiq, M.Əsədov və A.Abdullayev küçələrində aparılan təmir bərpa işləri ilə yanaşı, Muğan qəsəbəsində 450 metr məsafədə d-159 mm-lik yeni su xətti çəkib, 60 metr məsafədə D-100 mm-lik xətt yenisi ilə əvəz olunub. Atbulaq kəndində D-159 mm-lik su xəttinin isə 30 metr hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunub. Navahı qəsəbəsində yaşayan məcburi köçkün və qaçqınların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə su problemləri həll olunub, xətdə təmir işi aparılıb, əlavə su xətti çəkilib. Satışa verilən 360,088 min manat dəyərində içməli suyun 241,356 min manatı ödənilib ki, bu da 67 faiz təşkil edir.

2011-ci ilin birinci yarısında rayon Telekommunikasiya Qovşağında görülmüş işlər nəticəsində Atbulaq kəndində 100, Qubalıbaloğlan kəndində 80, Talış kəndində 17 abunəçi telefon çəkilişi ilə təmin olunub. 120 abunəçi yeni istismara verilmiş ADSL avadanlıqlarının quraşdırılması nəticəsində internet xidmətindən istifadəyə qoşulub. Hacıqabul poçt filialında əhaliyə 25 adda poçt xidməti göstərilir. 2011-ci ilin 6 ayı ərzində 31,110 manat plan tapşırığa qarşı 27,800 manat xidmət göstərilib. Bundan əlavə, əhalidən 829,333 min manat işıq pulu, 79 min manat su pulu qəbul edilib.

 

Təhsil, səhiyyə və mədəniyyət sahələri inkişaf etdirilir

 

Rayon Təhsil Şöbəsində 32 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar müəssisə, 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil müəssisələrində 9815 şagirdin təlim-tərbiyəsi ilə 862 müəllim məşğul olur. Hesabat dövründə rayonun ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü, 20 Yanvar və Xocalı faciələri, 31 mart Azərbaycanlıların soyqırımı, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı, eləcə də, istedadlı uşaqların aşkara çıxarılması və onlarda hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahələrində müxtəlif görüşlər, elmi-praktik konfranslar, dəyirmi masalar, rəsm və inşa müsabiqələri keçirilib. Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, Pirsaat qəsəbə tam orta məktəbi üçün 180 şagird yerlik məktəb binasının tikilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb və yeni binanın tikintisi üçün sənədlər hazırlanaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunub.

Rayonun tibb şəbəkəsi 91 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, 15 çarpayılıq Udullu kənd sahə xəstəxanası, 10 kənd Həkim məntəqəsi, 12 tibb məntəqəsi, Uşaq Tibb Mərkəzi və Gigiyena və Epidemiologiya Mərkəzi və 60 çarpayılıq Dəmiryolu xəstəxanasından ibarətdir. Rayonda əhaliyə 56 həkim, 181 nəfər orta tibb işçisi xidmət göstərir. Rayon üzrə 26 nəfər həkim və 36 nəfər orta tibb işçisi vəzifəsi vakantdır. Rayonun Meyniman kəndində Kür çayının daşması nəticəsində qəzalı vəziyyətə düşmüş kənd həkim məntəqəsinin əvəzinə yenisi tikilib istifadəyə verilib və lazımı tibbi avadanlıqla təmin olunub.

Rayon Mədəniyyət və Turizm Şöbəsi 8 mədəniyyət evini, 13 klub, 32 kitabxana müəssisələrini, Tarix-Diyarşünaslıq muzeyini, Heydər Əliyev muzeyini, 7 illik şəhər Uşaq Musiqi məktəbini və 14 arxeoloji tarixi abidəni əhatə edir. Mədəniyyət müəssisələrində 180 nəfər işçi çalışır.

Hacıqabul rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görüb. Hesabat dövründə idarə tərəfindən gənclər ilə iş və idman sahəsində ümumilikdə 30 tədbir keçirilib, bu tədbirlərə 3212 nəfər gənc cəlb olunub.

 

Yeni Azərbaycan Partiyası rayonun aparıcı siyasi qüvvəsidir

 

Rayonun aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatıdır. Bu gün YAP Hacıqabul rayon təşkilatının nəzdində 102 ilk təşkilat birləşib. Rayonda 3567 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu üzvlərin əsas hissəsini gənclər təşkil edir. Yəni, partiya üzvlərinin 1540 nəfəri qadınlar, 1080 nəfəri isə gənclərdir. YAP rayon təşkilatının sədri Hafiz Bəşirovun sözlərinə görə, rayon əhalisi birmənalı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasəti dəstəkləyir. Ümumiyyətlə, Hacıqabul rayonun əhalisi hər zaman Ulu öndərimiz Heydər Əliyev siyasi xəttinə sədaqəti ilə seçiliblər. İstər XX əsrin son onilliyində, istərsə də 2003, 2008-ci ildə keçirilən prezident seçkilərində onlar birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyiblər. H.Bəşirov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası hər zaman Hacıqabul rayonunun aparıcı siyasi qüvvəsi kimi qüdrətini saxlayacaq. Çünki bu partiya Ümummilli liderimiz Heydər Əliyev ideyalarının daşıyıcısıdır.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 18 avqust.- S. 5.