Azərbaycan postsovet məkanında iqtisadi cəhətdən ən güclü ölkələrdən biridir

 

“Guardian” qəzetində respublikamızın yüksək sürətli inkişaf yolu haqqında məqalə dərc olunub

 

Dünyanın ən nüfuzlu və çoxtirajlı nəşrlərindən olan “The Guardian” (“Guardian”) qəzetində postsovet ölkələrinin makroiqtisadi vəziyyətinə dair analitik məqalə dərc olunub. Yazıda müstəqillik əldə etdikdən sonrakı dövr ərzində keçmiş ittifaq ölkələrinin həyata keçirdiyi iqtisadi-siyasi reformalar, islahatların effektiv nəticələri, əldə olunan makroiqtisadi uğurlar, təbii sərvətlərin iqtisadi və sosial inkişaf bölmələrinə yönəldilməsi, milli gəlirlərin bölüşdürülməsi və digər indikatorlar üzrə elmi-iqtisadi təhlillərə geniş yer verilib. Böyük Britaniyanın ən yüksək tirajlı və nüfuzlu nəşri, eyni zamanda, bəzi postsovet ölkələrinin keçdiyi 20 illik müstəqillik dövründə ciddi irəliləyişlərə nail ola bilmədiyini, hələ də iqtisadiyyatın zəif inkişaf etdiyini və digər mənfi meyillərin təsirlərini şərh edir.

“Guardian” qəzeti Azərbaycanda həyata keçirilən mükəmməl iqtisadi strategiyanın mühüm uğurları və respublikamızın yüksək sürətli inkişaf yolu haqqında xüsusi bəhs edir. Nəşr qeyd edir ki, Azərbaycan postsovet məkanında iqtisadi cəhətdən ən güclü dövlətlərdən birinə çevrilib və bura əhalisinin sayı artan azsaylı keçmiş sovet respublikalarından biridir. Hökumət əsas təbii sərvət olan neft və qazdan əldə olunan gəlirləri insanların yüksək rifah halının yaxşılaşmasına, sosial layihələrə, infrastruktur, investisiya proqramlarına yönəldir. Neft vəsaitləri başlıca istiqamət olaraq insan kapitalının inkişafına yönəldilir.

Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli iqtisadi potensialın artırılması, neft sektoru amilinin azalması və qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya və biznes mühitinin yaradılması siyasəti yürüdür. Azərbaycan iqtisadiyyatı dünya maliyyə-iqtisadi böhranına uğurla tab gətirib və artım tendensiyasını saxlayıb. Son illər ərzində məhz qeyri-neft sektorunun artımı neft hasilatının və dünyada neftin qiymətlərinin azalması fonunda ümumi iqtisadi artımı təmin edib. Həyata keçirilən praqmatik, təmkinli və düşünülmüş iqtisadi strategiya respublikamızın siyasi və iqtisadi sabitliyi üçün dərin əsaslar yaradıb, inkişafı sürətləndirib. Ölkəmizdə güclü maliyyə resursları formalaşıb. Respublikamızın xarici ticarət dövriyyəsindəki pozitiv meyillər, neft ixracının coğrafiyasının genişlənməsi, yeni nəql marşrutlarının istifadəyə verilməsi və yanacaq resurslarının nəqlinin çoxalması, qeyri-neft sektorunun valyutatutumlu sahəyə çevrilməsi Azərbaycanın orta gəlirli ölkələr statusuna malik olmasını möhkəmləndirib.

“Guardian” qəzetinin məqaləsində digər sosial-iqtisadi sahələrdəki vəziyyət də təqdir olunur. Azərbaycanın düşünülmüş iqtisadi siyasət həyata keçirməsi sayəsində əldə etdiyi mühüm uğurlar, yüksək makroiqtisadi nailiyyətlər, sistemli və köklü islahatların reallaşması nəticəsində bütün sektorlarda əldə olunan müsbət meyillər, şəffaf biznes mühiti, rəqabətliliyin möhkəmlənməsi, insan inkişafı indeksi və digər parametrlər bu qəzetin tədqiqat mövzusuna çevrilib və ölkəmiz haqqında real qiymət verilib. Burada Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın artımı, mühafizəkar borclanma siyasəti, habelə, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlıq və digər meyillər də ətraflı şəkildə təhlil olunur. Hökumətin həyata keçirdiyi effektiv pul-kredit siyasəti maliyyə sabitliyinin möhkəmlənməsinə səbəb olub ki, bu da bankların sağlam fəaliyyəti üçün stimul verməkdədir. Eyni zamanda, ölkədə müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemində də dinamikaya təsir göstərir, iqtisadiyyatda artım templərinin əldə olunmasında banklar mühüm rol oynayır.

“Guardian” qəzetində bədnam qonşumuz Ermənistandakı iqtisadi vəziyyətə də nəzər salınır və bu ölkənin acınacaqlı ağır durumu qeyd olunur. Ermənistanda ümumi daxili məhsul istehsalı kəskin şəkildə aşağı düşür. Ermənistan iqtisadiyyatı 2011-ci ilə çökmüş vəziyyətdə daxil olub və bu ilin ilk yarısında ölkənin iqtisadiyyatında kəskin şəkildə azalma baş verib. İqtisadi göstəricilər bu ölkənin heç bir inkişaf perspektivinin olmadığını təsdiq edir. Üstəlik, Ermənistan iqtisadiyyatının acınacaqlı durumu ilə bağlı məlumatlar və bədbin proqnozların gündən-günə artması isə işğalçı ölkə ictimaiyyəti arasında təşviş və narahatlığı gücləndirir. Sarkisyan hakimiyyətinin nümayəndələri ölkədə əldə olunan “inkişaf göstəricilərindən” ağız dolusu danışsalar da, elə dövlət orqanlarının yaydığı statistik faktlar real vəziyyətin tamamilə bunun əksinə olduğunu göstərir.

Qəzetdə qeyd olunur ki, Ermənistan bütün 15 postsovet respublikası arasında işsizlikdən ən çox əziyyət çəkir və ölkədə çox az demokratik islahatlar aparılıb. Bu ölkəni tərk edənlərin sayı hər il artır, üstəlik doğum əmsalı aşağı düşür. Bir sözlə, mövcud makroiqtisadi durum Ermənistan üçün yaxşı gələcək vəd etmir.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 19 avqust.- S. 2.