Azərbaycanda
özəlləşdirmə siyasəti, əldə olunmuş mühüm nəticələr
və perspektivlər
Müstəqillik
əldə etdikdən sonra ölkəmiz üçün
qarşıda duran əsas məsələlərdən biri
liberal iqtisadiyyatın təmin olunması, planlı təsərrüfat
mexanizmlərindən imtina edərək yeni bazar münasibətlərinə
uyğun azad sahibkarlığa və liberal iqtisadi inkişafa təkan
verəcək proqramların hazırlanıb həyata
keçirilməsi idi. Xüsusi mülkiyyət, azad
sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst
iqtisadi münasibətlər sisteminə keçid bilavasitə
mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi,
iqtisadiyyatın liberallaşdırılması məsələlərini
zəruri edirdi.
Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə
qayıdışı mövcud iqtisadi-siyasi, sosial-ictimai
münasibətlərdə tamamilə yeni mərhələnin
başlanmasına səbəb oldu. Ulu öndər
yaxşı bilirdi ki, hər bir inkişaf etmiş ölkənin
yüksək tərəqqi mərhələsinə
çatması birbaşa azad və liberal iqtisadiyyatın təmin
edilməsindən asılıdır. Bazar
iqtisadiyyatının inkişafı həmin ölkənin sosial-iqtisadi
dinamikasının əsas meyarıdır. Bu
olmadığı halda davamlı iqtisadi inkişafdan
danışmaq çox çətindir. Ötən əsrin əvvəllərində
dövlət müstəqilliyini bərpa edən Azərbaycan
milli iqtisadiyyatın formalaşdırılmasını və ədalətli
sosial cəmiyyətə keçidi məhz ilk növbədə,
liberal iqtisadiyyatın təmin edilməsi idi. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev məhz
planlı iqtisadi sistemdən yeni liberal iqtisadiyyata
transformasiyanın bərqərar olmasını əsas
çıxış yolu hesab edirdi.
Ümummilli liderin birbaşa
qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan
siyasi inkişaf modeli olaraq demokratik,
çoxpartiyalı, dünyəvi, qanunun aliliyinin təmin olunduğu,
söz və din
azadlığı, insan haqlarının qorunduğu inkişaf yolunu seçdi. İqtisadi inkişaf prioriteti olaraq bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan,
sahibkarlığın, özəl
mülkiyyətin, sağlam rəqabət əsasında
fəaliyyət göstərən özəl təşəbbüsün
əsas rol oynadığı, dövlətin
yalnız tənzimləyici və strateji inkişaf funksiyalarını həyata keçirdiyi iqtisadi
münasibətlərin formalaşdırılması üçün zəruri addımların
atılmasına başlanıldı.
Ulu öndər Heydər Əliyev
dövlət əmlakının özəlləşdirilməsi
ilə bağlı fundamental əsaslar yaradıb...
Ulu öndər Heydər Əliyev ötən əsrin əvvəllərində fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafın dərin təməllərini qoymağa müvəffəq oldu. Bu məqsədlə 1994-cü ildən planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün strateji qərarlar qəbul edildi. Məlum olduğu kimi, iqtisadiyyatın liberallaşdırılması özündə çoxsistemli tədbirlər ehtiva edir və islahatların dinamikliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, torpaq və aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin təmin edilməsi reformaların əsas komponentləridir.
Ümummilli lider sistemli və kompleks iqtisadi islahatlar proqramlarını hazırlayıb həyata keçirərkən dövlət əmlakının özəlləşdirilməsinə və inzibati plan sistemindən imtina edib bazar iqtisadiyyatı münasibətlərinin əsas atributlarından olan azad səhmdarlar ordusunun yaradılmasına xüsusi diqqət yetirirdi. İqtisadiyyatda, demək olar ki, dövlət sektorunun inhisarçı olduğu bir şəraitdə, bu, mümkün deyildi və ona görə də özəl mülkiyyətin, sahibkarlığın inkişafı üçün şərait yaradılması tələb olunurdu. Bu məqsədlə Azərbaycanda sərbəst bazar iqtisadiyyatının inkişafına yol açan normativ-hüquqi baza yaradılmağa başlanıldı, ölkə Konstitusiyasına xüsusi (özəl) mülkiyyətə dair yeni müddəalar daxil edildi. Lakin ölkənin istehsal və xidmət sahələrini, demək olar ki, hamısının cəmləşdiyi dövlət sektorundakı müəssisələrin fəaliyyətini bərpa etmədən iqtisadi inkişafdan söhbət gedə bilməzdi.
Dövlətin bu müəssisələrin işini canlandırmaq üçün investisiya imkanlarının olmadığı bir şəraitdə, yeni texnologiyalar gətirilmədən və mütərəqqi idarəetmə metodları tətbiq etmədən bu vəzifələri həyata keçirmək faktiki olaraq mümkün deyildi. Bundan əlavə, ənənəvi satış bazarlarının itirilməsi, xammal və resurs imkanlarının məhdudlaşması bir çox hallarda nəinki bu müəssisələrdə istehsalın bərpa olunmasını, hətta bir çox hallarda bazar iqtisadiyyatı amilləri nəzərə alınmaqla profilinin dəyişdirilməsini tələb edirdi. Bütün bu amillər səmərəsiz idarə olunan, aşağı məhsuldarlıqlı, zərərlə işləyən və ya işləməyən dövlət müəssisələrinin dövlətsizləşdirilməsi zərurətini yaratmışdı. Özəlləşdirmə siyasəti inzibati məhdudiyyətlər və reqlamentasiyalar əsasında deyil, istehsalın daha effektiv kommersiyalaşdırılması, bazar qanunlarına uyğun olaraq təsərrüfat həyatının sərbəst və müstəqil surətdə təşkili ideyasına söykənir. Respublikamız bu liberal bazar qanunauyğunluğunun bütün seqmentlərini tətbiq etmək üçün güclü potensiala malik olduğunu ilk günlərdən təsdiq etməyə başladı.
Özəlləşdirmə
liberal iqtisadiyyatın inkişafında mühüm rol
oynadı...
Ümummilli lider Heydər Əliyev həmin dövrdə özəlləşdirmə ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyinə toxunaraq qeyd edirdi ki, bu sahədə addımların atılması ölkəmizdə aparılan kompleks islahatların tərkib hissəsinə çevrilməlidir: “Azərbaycan böyük iqtisadi potensiala, məhsuldar qüvvələrə, əmək ehtiyatlarına, təbii sərvətlərə malikdir. Bütün bunlardan xalqın rifahı üçün, Azərbaycan iqtisadiyyatının inkişafı və onun iqtisadi qüdrətinin möhkəmlənməsi üçün səmərəli istifadə etməkdən ötrü biz bu tədbirləri həyata keçirməliyik. Ona görə də, dövlət mülkiyyətinin özəlləşdirilməsi, eləcə də, bununla əlaqədar bir sıra iqtisadi islahatlar keçirilməsi çox mühüm vəzifədir”.
Ulu öndər Heydər Əliyev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı siyasət həyata keçirilərkən düşünülmüş, təmkinli, bütün reallıqları ölçüb-biçərək qərar qəbul olunmasını vacib sayırdı. Bu sahədə iqtisadi tədbirlər həyata keçirilərkən dövlətə məxsus müəssisə daha da sağlamlaşmalı, öz rentabelliyini qoruyub saxlamalı və daha aktiv istehsal imkanlarına malik olmalı idi. Yəni, özəlləşməyə açılan müəssisələrə sahib olan investor bu müəssisələri əvvəlkindən də güclü istehsal vəziyyətinə gətirməli idi. Özəlləşdirmə siyasəti iqtisadiyyatın yenidən qurulmasına, xüsusi mülkiyyət münasibətlərinin və sahibkarlığın sürətli inkişafına, iqtisadiyyata xarici investisiyaları cəlb etməklə onun səmərəliliyinin artırılmasına, iş yerlərinin bərpasına, yeni iş yerlərinin açılmasına və digər məqsədlərə xidmət etməli idi. Bütün bu tədbirlərin başlıca məqsədi vətəndaşların sosial-iqtisadi durumunun yaxşılaşdırılması və dövlətimizin güclü iqtisadi dayaqlarının yaradılması olmalı idi. Əks halda, özəlləşdirmənin aparılmasının səmərəsi olmazdı. Bir sözlə, özəlləşdirmə özlüyündə məqsəd deyil, bu kimi hədəflərə nail olmaq üçün bir vasitə hesab edilirdi. Məhz bu məqsədlə Ulu öndərin birbaşa tapşırığı əsasında hökumət və özəlləşdirməni həyata keçirən iqtisadi qurumlar qarşısında özəlləşdirmənin iqtisadi səmərə və sosial ədalət prinsipləri əsasında aparılması vəzifəsi qoyulmuşdu.
1995-ci ilin 29 sentyabrında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin dərin əsasları qoyuldu. Proqramın məqsədləri təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadi prosesə bütün növ istifadə olunmamış ehtiyatların cəlb edilməsi, iqtisadiyyata investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət idi.
Ümummilli lider bütün sahələrdə olduğu kimi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilərkən də xalqımızın sosial rifahının üstün tutulmasını, dövlət müəssisələrində işləyən və uzun müddət işləmiş əmək kollektivi üzvlərinin, bütünlükdə ölkə vətəndaşlarının özəlləşdirmə prosesindən kənarda qoyulmamasını, onların bu prosesə fəal surətdə cəlb edilməsini başlıca şərt kimi qarşıya qoyurdu. Buna görə də, özəlləşdirmə proqramı hazırlanarkən bu sahədə bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş və nəzərə alınmışdı. Nəticədə, Azərbaycanda özəlləşdirmənin qarışıq modeli tətbiq edilərək, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alındı. Bu məqsədlə 25 mart 1996-cı il tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında” Əsasnamə təsdiq edildi və “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Fərman imzalandı. Fərmana əsasən dövriyyəyə dəyəri özəlləşdiriləcək dövlət əmlakının 65 faizinə bərabər olan 32 min ədəd özəlləşdirmə çeki buraxıldı.
Ölkə vətəndaşlarının
özəlləşdirmədə iştirakı geniş
şəkildə təmin olunub...
1997-ci il yanvarın 1-də Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda olan hər bir şəxs 4 çekdən ibarət olan 1 özəlləşdirmə payı almağa başladı. Özəlləşdirmə payını almış vətəndaşlar dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satın alınmasında həmin çeklərdən istifadə etməklə güzəştli qaydada iştirak hüququna malik oldular. Bununla yanaşı, özəlləşdirmə çeklərinin qiymətli kağızlar bazarında sərbəst alınması, satışı və digər formada özgəninkiləşdirilməsi üçün geniş şərait təmin edildi.
Beləliklə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqramın (I özəlləşdirmə proqramı) və digər hüquqi sənədlərin icrası sayəsində Azərbaycanda yerli və xarici vətəndaşların iştirakı ilə özəlləşdirmənin həyata keçirilməsi üçün əlverişli şərait təmin olundu. Bu strateji plana əsasən, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin rasional strukturunun yaradılması, iqtisadiyyat strukturunun yenidən qurulması, inhisarsızlaşdırma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsi, müəssisələrə investisiyaların, o cümlədən, xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması ilə bağlı əhatəli tədbirlər həyata keçirildi. Birinci özəlləşdirmə proqramının yerinə yetirilməsi nəticəsində əsasən orta və iri müəssisələrin özəlləşdirilməsi həyata keçirildi.
Özəlləşdirmənin birinci mərhələsi öz mühüm nəticələri ilə təsdiq etdi ki, Azərbaycanda nəzərdə tutulan strateji müəssisələrin özəlləşdirilməsi öz effektini verir və səhmdarların tabeçiliyinə verilən bu obyektlər tamamilə yenidən qurularaq və ən müasir avadanlıqlarla təmin edilərək öz istehsal imkanlarını, rəqabət qabiliyyətli məhsul buraxılışlarını gücləndirməyə qabildir. Reallıq bundan ibarətdir ki, bu mərhələdə özəlləşdirilmiş müəssisələrdə idxal mallarını əvəz edən məhsulların istehsalına başlanıldı, qeyri-neft sektoruna əhəmiyyətli investisiyalar cəlb olundu, bir çox dayanmış müəssisənin fəaliyyəti bərpa olundu, yeni iş yerləri açıldı. Eyni zamanda, bu siyasətin reallaşması ölkə əhalisində özəlləşdirmə prosesinin dönməzliyinə dərin inam yaratdı, geniş mülkiyyətçilər sinfinin yaranması vətəndaşların özəlləşdirmənin perspektiv nəticələrinə etibarını artırdı.
Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə bağlıdır. Bir sıra ölkələrdə mülkiyyətin əhali arasında pulsuz bölüşdürülməsinə, yəni vauçer özəlləşdirilməsinə, bəzi ölkələrdə isə mülkiyyətin satılması üsuluna üstünlük verilsə də, Azərbaycan hökuməti özəlləşdirmənin iki modelinin tətbiqinə əsaslanıb. Bunlar çeklərin əhaliyə pulsuz verilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsinin pullu hərraclarda satılmasının təmin edilməsindən ibarətdir. Yəni, dövlət əsas etibarilə vətəndaşların mənafeyini üstün tutub. Bununla yanaşı, respublikamızda özəlləşdirmənin xarakterik cəhətlərindən biri də bu prosesin bütün xarici ölkələrin investorlarının üzünə açıq olmasıdır. Bu isə iqtisadi islahatların aparılmasında xarici investorların maraqlarını artırıb. Qanunvericiliyə görə xarici və fiziki şəxslərin özəlləşdirmədə iştirakı opsionların alınması yolu ilə həyata keçirilir. Opsionlar xarici sərmayəçilərə özəlləşdirmədə iştirak etmək üçün bir çek almaq hüququ verib. Nəticədə minlərlə əcnəbi respublikamızın səhmdarlar ordusu sırasında yer alıb.
İkinci Özəlləşdirmə
Proqramı azad biznesin
inkişafı üçün yeni imkanlar yaratdı...
2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın qüvvəyə minməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verildi. Bu mərhələdə daha strateji müəssisələrin özəlləşdirilməyə açılması ilə bağlı hədəflər müəyyən olundu.
Proqramın əsas məqsədləri özəlləşdirilmənin həyata keçirilməsi yolu ilə iqtisadiyyatın strukturunu təkmilləşdirmək, rəqabət mühitini formalaşdırmaq, bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirmək, iqtisadiyyata investisiyalar, o cümlədən, xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaq, dövlət əmlakının dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən ibarət idi. Bununla yanaşı, bu proqram çərçivəsində özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, onların fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması, vergi və digər güzəştlərin edilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi, enerji və qazla təmin olunması, dövlətə olan borcların silinməsi və digər məsələlər öz həllini tapdı. Bununla bərabər, əmək kollektivlərinin özəlləşdirmə prosesində daha geniş iştirakı və güzəşt hüquqları təmin olundu.
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” həm bu prosesdə iştirak edən yerli və xarici investorların iştirakı üçün də əlverişli şərait yaratdı, həm də özəlləşdirmənin strateji əhəmiyyətini və miqyasını gücləndirdi. Özəlləşdirmənin ikinci mərhələsində xarici investorlar dövlət əmlakını alarkən opsionlardan yalnız çeklə birgə istifadə etdilər. Buna uyğun olaraq, ixtisaslaşdırılmış çek hərraclarında xarici investorlar opsion təqdim etməklə iştirak edə bildilər.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi kənd təsərrüfatında və aqrar-sənaye sektorunda özəlləşdirmə prosesinin sürətləndirilməsində xüsusi əhəmiyyət kəsb etdi.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində də müsbət nəticələr əldə olunub. Cənab İlham Əliyev tərəfindən ölkəmizin keyfiyyətcə yeni, yüksək inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda müasir dövrün tələblərinə uyğun olaraq dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, ondan səmərəli istifadə edilməsi, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirmədən sonra dəstəklənməsi, özəlləşdirilmə zamanı şəffaflığın təmin edilməsi və aşkarlıq tədbirlərinin genişləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisəyə investisiya qoyuluşu üzərində nəzarət mexanizminin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyub. Bu vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün özəlləşdirmə ilə bağlı görülən işlərin təkmilləşdirilməsi, fəaliyyətini dayandırmış müəssisələrin canlandırılması, investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
Qeyd edək ki, cənab İlham Əliyev dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə özəlləşdirmə paylarının dövriyyə müddətinin başa çatmasına baxmayaraq, bir neçə dəfə çeklərin müddətinin uzadılması barədə fərmanlar imzalayıb. Eyni zamanda, özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. Bu isə birbaşa əhalinin özəlləşdirmədə geniş şəkildə iştirakının təmin edilməsinə xidmət edir.
Keçid dövründən sonrakı dövr üçün yeni özəlləşdirmə
strategiyası həyata keçirilməyə
başlanıb...
Ümumiyyətlə, özəlləşdirmə siyasəti gözlənilən effektiv nəticələri verdi və iqtisadi inkişafın sürətlənməsində, azad biznesin dərinləşməsində, xarici sərmayədarların respublikamıza axınında və milyardlarla dollar investsiyaların qoyuluşunda mühüm rol oynadı. Özəlləşdirmənin bütün iqtisadi-sosial sferaları əhatə etməsi qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasına imkan yaratdı, valyuta bazarı formalaşdırıldı, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit təmin edildi. Bununla yanaşı, iqtisadiyyatın inkişafına, həm də keçid prosesinin sürətlənməsinə xidmət etdi. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olundu. Qeyd edək ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10 faizdən az olmasına baxmayaraq, hazırda ÜDM-nin 85 faizdən çoxu, məşğul əhalinin isə 75 faizi özəl sektorda cəmləşib. Sənaye istehsalının 92 faizi, tikintinin 70 faizi, kənd təsərrüfatı istehsalının 99,8 faizi, nəqliyyat xidmətlərinin 80 faizi özəl bölmənin payına düşür.
Qeyd etdiyimiz kimi, özəlləşdirmə ilə bağlı proqramların icrası sayəsində dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirildi və institusional islahatlar həyata keçirilməklə, qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaratdı. Nəticədə azad rəqabət təmin olundu və artıq Azərbaycan iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilib. Ölkəmizdə bütün bazar institutları formalaşdırılıb. Valyuta birjası, kredit, qiymətli kağızlar, sığorta və lizinq bazarları yaradılıb. Xarici iqtisadi fəaliyyət liberallaşdırılıb, maliyyə və kapitalın azad hərəkəti təmin edildi, idxal rüsumlarının sayı və dərəcələri azaldılıb, ixrac rüsumları ləğv edilib, işçi qüvvəsinin sərbəst miqrasiyası təmin olunub, xarici iqtisadi fəaliyyət prosedurları sadələşdirilib. Eyni zamanda, liberal ticarət qaydaları təmin olunub, ölkəmizin idxal-ixrac əməliyyatları genişlənib və tədiyə balansının cari əməliyyat hesabında müsbət saldo yaranıb.
Özəlləşdirmə siyasətinin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Eyni zamanda, xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb. Ölkəmizdə özəlləşdirmə siyasəti həyata keçirilməyə başlayandan indiyədək 1 milyondan artıq vətəndaş bu prosesdə bilavasitə iştirak edib. Onların çox az bir hissəsi strateji müəssisələrdə səhmdar ola bilib. Ötən illər ərzində dövlət müəssisələrinin xüsusi mülkiyyətə və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində özəl bölmədə 400 mindən çox vətəndaş yeni iş yerləri ilə təmin olunub. Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 35 mindən çox kiçik müəssisənin özəlləşdirilməsinə səbəb olub. 1500-dən çox səhmdar cəmiyyəti yaradılıb və onların əksəriyyəti hazırda özəlləşdirmə ərəfəsindədir. Hazırda ölkədə 125 min səhmdar ordusu formalaşıb. 325 min mülkiyyətçi isə əmlak sahibinə çevrilib. Özəlləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatına xarici sərmayəçilər tərəfindən yüz milyonlarla dollar kapital yatırılıb.
Özəlləşdirilmiş müəssisələrdə 300 mindən artıq vətəndaş işlə təmin olunub, ümumilikdə 1 milyona yaxın vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib.
2000-ci ildən etibarən isə özəlləşdirmə siyasətinin miqyasının daha da genişləndirilməsi, kiçik və orta müəssisələrlə bərabər, iri müəssisələrin dövlətsizləşdirməyə cəlb edilməsi, xarici investorların prosesdə iştirakının artırılması, özəlləşdirmənin sürətləndirilməsi məqsədilə ikinci özəlləşdirməyə dair dövlət proqramı hazırlayıb. Yeni proqramın həyata keçirilməsi nəticəsində daha strateji müəssisələrin özəlləşdirilməsi üçün geniş imkanlar açılıb. Azərbaycan ikinci özəlləşdirmə siyasətini həyata keçirərkən beynəlxalq təcrübəni nəzərə alıb.
Son illərdə isə özəlləşdirmənin sürətləndirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, vətəndaşların müəssisələrin dövlətsizləşdirilməsində çek hərraclarında iştirakının artırılması, xarici investorların iri müəssisələrə cəlb olunmasının stimullaşdırılması, restrukturizasiya tədbirlərinin gücləndirilməsi, dövlətin strateji müəssisələrdə sanasiya məqsədilə yeni proqram hazırlanaraq həyata keçirilməyə başlanılıb.
Hazırda Prezident İlham Əliyevin müdrik, düşünülmüş, uzaqgörən, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişaf erasının əsas istiqamətlərindən biri kimi yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi vacib tədbirlərdən sayılır. Prezident İlham Əliyev özəlləşdirmənin və liberal bazar iqtisadiyyatının daha da sürətləndiriləcəyini bildirib: “Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır”.
Yeni Azərbaycan.- 2011.- 20 avqust.- S.
6.