Tovuz rayonu 2011-ci ilin birinci yarısını yüksək inkişaf meyilləri ilə başa vurub

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Tovuz rayonudur.

Respublikamızda dərin xarakter alan yeni istehsal, xidmət və emal müəssisələrinin yaradılması, sosial infrastrukturun yeniləşdirilməsi, kommunal sektorun yeni dövrün tələblərinə uyğun qurulması ilə bağlı həyata keçirilən proqramlar Tovuzun sosial-iqtisadi həyatında mühüm dönüşə səbəb olub. Tovuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2011-ci ilin birinci yarımilliyində rayonda bütün sahələrdə inkişaf dinamikasının əlamətləri müşayiət edilib. 2011-ci ilin birinci yarısında rayonda ümumi daxili məhsul (ÜDM) istehsalı əhəmiyyətli dərəcədə artıb. Milli məhsulun artım tempi nəqliyyatda 13,4 faiz, rabitədə 0,4 faiz, ticarətdə 9,4 faiz, kənd təsərrüfatında 1,1 faiz olub, rayon üzrə pullu xidmətlərin artımı 12 faiz təşkil edib. İlk yarımillikdə rayon üzrə müəyyən edilmiş 3 milyon 621 min manat proqnoza qarşı, dövlət büdcəsinə 5 milyon 27 min 100 manat vəsait daxil olub, proqnoza 138,8 faiz əməl olunub. Birinci yarımillikdə rayon büdcəsindən xərclər 12 milyon 288 min manat proqnozlaşdırılıb, faktiki xərclər 12 milyon 996 min manat təşkil etməklə 105,7 faiz icra olunub.

 

Tovuzda sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşıb...

 

İqtisadi inkişaf sosial sahəyə də öz mühüm təsirini göstərib. Hökumətin həyata keçirdiyi sosial proqramlar tovuzluların aylıq əməkhaqqı və pul gəlirlərinin artmasına səbəb olub. İyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış 900 minə yaxın vətəndaşın pensiyasının artması Tovuz rayonu üzrə 17,497 nəfər pensiyaçının aylıq pensiya məbləğinə də təsir edib. Rayon üzrə əmək pensiyaçılarının pensiyası təxminən 40 faiz artıb. Hazırda rayonda 2748 ailənin 13108 üzvünə ayda 274 min manatdan çox ünvanlı sosial yardım ödənilir. Bu ilin birinci yarısında 1078 ailənin 5142 üzvünə ayda 107 min 800 manat ünvanlı sosial yardım təyin edilib. Əhalinin aztəminatlı təbəqəsinə, əlil və şəhid ailələrinə pensiya və müavinətlərin vaxtında çatdırılması, artırılmasının hesablanması təmin olunub. Rayon İcra Hakimiyyətində imtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəsi təşkil olunub. Əhalinin pul gəlirlərində də xeyli artım olub.

Əsasən aqrar-sənaye bölgəsi kimi tanınan rayonda kənd təsərrüfatının inkişafı sahəsində pozitiv meyillər müşahidə olunub. 2011-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 2,6 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı isə 2 faiz artıb, heyvanların baş sayı, (iribuynuzlu mal-qaranın) 12,6 faiz, eləcə də, ana heyvanların sayı 0,5 faiz çoxalıb. Hesabat dövründə 2244 ton ət, 10004,4 ton süd, 8 milyon 817 min ədəd yumurta, 298,8 ton yun istehsal edilib.

Heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə keçən il ev təsərrüfatlarına Almaniya və Avstraliyadan gətirilmiş yüksək məhsuldar cins inəklər verilib ki, bu da heyvandarlığın inkişafının daha da artmasına təkan verməkdədir. Ötən il rayon baytarlıq laboratoriyası və baytarlıq idarəsi üçün yeni bina tikilib, Qovlar qəsəbəsində sahə baytarlıq məntəqəsi istifadəyə verilib.

 

Yeni iş yerləri yaradılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib...

 

Bitkiçilik məhsullarının əkin sahəsinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının həcminin artırılması istiqamətində görülən məqsədyönlü işlər öz bəhrəsini verib. Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə 7530 ha sahədə taxıl əkilib ki, bunun 7430 ha buğda, 120 ha isə arpadır. İstehsalçılara məhsul istehsalının və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə məhsuldar-rayonlaşdırılmış toxum tədarük edilməsi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, su təminatının yaxşılaşdırılması üçün müvafiq köməkliklər göstərilib. Bütün bunlar bu il bitkiçilik məhsulları istehsalına əlverişli şərait yaradıb.

Cari ilin birinci yarısında 60 ha üzüm bağı salınıb. Hazırda rayonda 500 hektar üzüm bağı var ki, bunun da 420 hektarı məhsul verən bağlardır. Həm üzüm istehsalı, həm də üzümün emal sənayesinin inkişaf etdirilməsi üçün investorlarla işlər davam etdirilir. Yaxın vaxtlarda dəmyə torpaqlarında, xüsusilə Yuxarı Öysüzlü kəndi ərazisində 2-3 min hektar üzüm sahəsi salınacaq. Ümumiyyətlə, yaxın müddət üçün Tovuzda azı 10 ədəd mini-şərab zavodlarının tikintisi nəzərdə tutulur.

Rayonda əsas bitkilərdən olan kartofun əkin sahəsi də artırılıb. Bu il 6768 ha sahədə kartof əkilib. Eləcə də, rayonda faraş kartof və tərəvəz yetişdirən kəndlərin təcrübəsindən istifadə edərək digər kəndlərdə də istixana sahələri genişləndirilib. Hazırda rayonun Bozalqanlı, Əlimərdanlı, Əlibəyli və Düz Qırıqlı kəndlərində birlikdə 10 hektardan çox istixanalar salınıb. Bütün kəndlərdə istixanaların yaradılması qarşıya məqsəd qoyulub.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında əkin sahələrinin su təminatı xüsusi yer tutur. Bu məqsədlə Tovuzçay su anbarından Sağ Sahil Ağstafa kanalını qidalandırmaq üçün 7 km polad su kəmərinin, “Ağdağ” ərazisini su ilə təmin edəcək nasos stansiyasının tikintisi davam etdirilib. Sudan istifadəni yaxşılaşdırmaq üçün 221 min kub metr lildən təmizləmə işləri aparılıb.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi, onlara normal fəaliyyət göstərmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı müxtəlif tədbirlər görülür. Sahibkarlığa Kömək Milli Fondunun aprel ayının 15-də Tovuzda sahibkarlarla görüşü və keçirdiyi kredit yarmarkası rayonda sahibkarlığın inkişafına təkan verib. Bozalqanlı kəndində bu ilin fevral ayının 9-da istifadəyə verilmiş Süd Emalı Zavodunun istehsal gücünün sutkada 20 tona çatdırılması nəzərdə tutulur.

Regionların inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin birinci yarısında rayonda 1078 iş yerləri açılıb ki, bunun da 338-i daimi iş yerləridir.

 

Sosial infrastrukturun və kommunal sektorun yenidən qurulması sürətlənib...

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Tovuz rayonunun da sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm tədbirlər nəzərdə tutulub. Proqrama uyğun olaraq rayonda tutumu 2 min ton olan soyuducunun və tutumu 10 min ton olan taxıl anbarının, Xatınlı kəndində 50 tonluq soyuducunun tikintisi başa çatdırılıb. Tovuzçay su anbarı layihəsi çərçivəsində Axınca çayı üzərində 3 aşırımlı, uzunluğu 78 m, eni 8 m olan avtomobil körpüsünün tikintisi başa çatdırılıb.

Hazırda tikintisi davam etdirilən Qaraxanlı kəndində 15 min başlıq quşçuluq binasının, Tovuz şəhərində 80 çarpayılıq xəstəxana binasının, Gigiyena və Epidemioloji Mərkəz üçün inzibati binanın ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.

Rayonda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da əsas tədbirlər sırasındadır. Prezident İlham Əliyevin “Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2009-cu il 7 oktyabr tarixli Sərəncamının icrasının təmin olunması istiqamətində bütün zəruri tədbirlər görülüb, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun keyfiyyətli şəkildə yenidən qurulması başa çatdırılıb. Bu il fevral ayının 9-da cənab Prezident İlham Əliyev Tovuza səfəri çərçivəsində həmin yolun açılış mərasimində iştirak edib. Dövlət başçısı Tovuzun yüksək inkişaf etdiyini bildirərək həyata keçirilən proqramların rayonun simasının daha da dəyişməsinə səbəb olacağını qeyd edib: “Bütövlükdə Tovuz rayonunda gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, mən dəfələrlə Tovuz rayonunda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Məsələn, Olimpiya mərkəzinin təməlini biz üç il bundan əvvəl qoyduq, indi gözəl bir mərkəz yaranıbdır. Tovuzda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq işləri - siz tovuzlular bunları yaxşı bilirsiniz. Son illər ərzində burada görülən işlər Azərbaycanda gedən işlərin bir hissəsidir. Ölkəmizdə hər bir bölgədə, hər bir rayonda böyük quruculuq işləri aparılır və belə də olmalıdır”.

Tovuzun digər ərazilərində də yol çəkilişləri geniş vüsət alıb. Ötən müddət ərzində sərhəd bölgəsində yerləşən Qoşa və Qaralar kəndləri arasında strateji əhəmiyyətli yeni yol çəkilib, dağ kəndlərində ümumilikdə 194 kilometr yollar hamarlanıb, çınqıl tökülərək təmir edilib və genişləndirilib. Həmin ərazilərdə 3 avtomobil körpüsü tikilib, 9 körpüdə əsaslı təmir işləri aparılıb. Hazırda qarşıda duran ən mühüm məsələlərdən biri Tovuz-Qovlar-Ağbaşlar yolunun yenidən qurulmasıdır. Bu yolun 13 km-lik hissəsinə asfalt-beton örtük qoyulması üçün lazımi hazırlıq işləri görülür.

Rayonda küçələrin asfaltlanması işi davam etdirilir. Tovuz şəhəri Axundov küçəsi və onun davamı olan şəhər qəbiristanlığına gedən yola asfalt-beton örtük salınıb. Rayonda mənzil fondunun əsaslı təmiri sahəsində də xeyli iş görülüb. Belə ki, şəhərin S.Vurğun-10, Vaqif-6 ünvanlarında, İ.Mürşüdov, Xətai və Sabir küçələrində yerləşən 6 ədəd 16 mənzilli ikimərtəbəli yaşayış evləri əsaslı təmir edilib.

Abadlıq-quruculuq işləri rayonun qəsəbə və kəndlərində də geniş şəkildə aparılır. “Azadlıq” prospektinin başlanğıcında-Qovlar qəsəbəsinə girişdə müxtəlif rənglərdə olan yerli qaya daşlarından istifadə edilərək qəsəbənin giriş darvazaları inşa edilib. Qovlar qəsəbəsi Ə.Qarayev küçəsinə 5200 kv.m asfalt-beton örtük salınıb. Qovlar qəsəbə mədəniyyət və istirahət parkında əsaslı şəkildə yenidənqurma və abadlıq işlərinə başlanılıb.

Yaşayış məntəqələrinin elektrik enerjisi, qaz, su təchizatıyla təmin məsələləri ilə müntəzəm məşğul olunur. İlin birinci yarısında 1047 yeni abonentin evinə sayğac quraşdırılaraq qaz çəkilişi bərpa edilib. Yuxarı Öysüzlü kəndinin bir hissəsinə, Əlimərdanlı kəndinə isə qaz verilişi tam bərpa olunub. Hazırda rayonun dağ kəndlərinin qazlaşması üçün uzunluğu təxminən 53 km olan daşıyıcı qaz kəmərinin çəkilişi davam etdirilir. Tovuz şəhərinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrasına başlanılıb, hazırda bu işlər davam etdirilir.

 

Təhsil, səhiyyə və mədəniyyət sahələrində davamlı işlər görülür...

 

Təhsil sistemində səmərəliliyin artırılması, məktəblərin bərpası və yenilərinin tikintisi ilə bağlı işlər davam etdirilir. Hesabat dövründə İsakənd kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb, hazırda tikinti işləri davam etdirilir. N.Tusi adına şəhər tam orta məktəbi üçün 1176, E.Məmmədov adına Aşağı Öysüzlü kənd tam orta məktəbi üçün 360, S.Kazımov adına Qovlar qəsəbə tam orta məktəbi üçün 640 şagird yerlik yeni məktəb binalarının tikintisi məqsədi ilə müvafiq sənədləşmə işləri aparılır. E.Bayramov adına Aşağı Ayıblı kənd orta məktəbin binası əsaslı təmir olunaraq inventar və avadanlıqlarla təmin edilib, digər məktəblərin texniki təminatı xeyli gücləndirilib.

Hesabat dövründə rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. 80 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir və yuxarıda qeyd edildiyi kimi, ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir. Girzan və Cilovdarlı kəndlərində tibb məntəqəsi tikilib istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Rayonun 6 kəndinə icra hakimiyyətinin balansında olan və həkim məntəqəsinin yerləşdiyi binalar əvəzsiz olaraq mərkəzi rayon xəstəxanasının balansına verilib.

Rayonda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində olub, 6 ay ərzində idmanın əksər sahələri üzrə çoxsaylı maraqlı yarışlar keçirilib. Prezident İlham Əliyev fevralda rayona səfəri çərçivəsində Tovuz Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş 49 şəhidin uyuduğu, Şəhidlər Xiyabanı cari ilin birinci yarısında yeni layihə əsasında vahid kompleks kimi tamamilə yenidən qurulub. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq, kompleksin yeniləşdirilməsi zamanı Azərbaycançılıq fəlsəfəsi əsas götürülüb, xalqımızın milli-mənəvi dəyərlərinə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilib. Xiyabanın baş tərəfində hündürlüyü 7 m olan memorial abidə ucaldılıb, əbədi məşəl kompleksi quraşdırılıb. Rayonun Ağbulaq kəndi ərazisində Tovuz-Böyük Qışlaq avtomobil yolunun kənarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının əbədiləşdirilməsi məqsədi ilə bulaq-kompleksi inşa edilib.

 

Rayonda güclü turizm potensialı mövcuddur...

 

2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi Tovuz ictimaiyyəti üçün də əlamətdar hadisə kimi qarşılanıb. Tovuz əlverişli iqlimə, coğrafi üstünlüklərə və füsunkar gözəlliyə, güclü ekoturizm potensialına malikdir. Ərazisindən Axıncaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay adlı 4 dağ çayının axması, dağlıq ərazilərdə zəngin meşələrin, təbii bulaqların, əsrarəngiz gözəlliyi olan təbiət mənzərələrinin, tarixi abidələrin mövcudluğu turistlərin qəbulu üçün əlverişli şərait yaradır.

Artıq “Turizm ili” çərçivəsində bir sıra işlər görülüb. Tovuz şəhərinin girəcəyində - Tovuz çayının sol sahilində ümumilikdə 5 hektar sahəsi olan Tovuz Olimpiya İdman Kompleksi, Kompleks ilə üzbəüz 10,2 ha sahəsi olan, mərkəzi hissəsində Ulu öndərin möhtəşəm abidəsi ucaldılan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı istifadəyə verilib. Bozalqanlı kəndi ərazisində 5,2 ha sahədə yerləşən, 5 mərtəbədən və mansardadan ibarət, 72 nömrəlik 5 ulduzlu hotelin tikintisində son tamamlama işləri aparılır.

 

Tovuzlular Yeni Azərbaycan Partiyasına böyük etimad göstərirlər

 

Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı aktiv fəaliyyəti ilə ictimaiyyət arasında nüfuz və gücünü daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, hər ay partiya sıralarına üzv qəbul olunanların sayı artır. Partiya üzvlərinin sayı son 6 ayda 308 nəfər artaraq 5898 nəfərə çatıb. Rayondakı ictimai-siyasi proseslərdə fəal iştirak edən, ölkə həyatının bütün sahələrində öz aktivliyi ilə seçilən gənclərin partiyaya axını da sürətlənib. 2011-ci ilin ötən dövründə YAP-a üzv olan gənclərin sayı 105 nəfəri ötüb ki, bu ölkəmizin bir nömrəli siyasi təşkilatına olan inam və etibarın dərin təcəssümü sayıla bilər. Ümumilikdə, YAP Tovuz rayon təşkilatında birləşən gənclərin sayı 1396 nəfər təşkil edir. Eləcə də, qadınların rayon təşkilatına bağlılığı güclənib və onlar öz siyasi fəallıqları ilə partiya işinə töhfələrini verirlər. Hazırda rayon təşkilatında təmsil olunan qadınların sayı 2639 nəfər təşkil edir ki, bu ümumi partiya üzvlərinin təxminən yarısı deməkdir. İlk partiya təşkilatlarının sayı 111-ə bərabərdir.

Tovuzlular Ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə həmişə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər. Rayon sakinləri Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 20 avqust.- S. 7.