Azərbaycan musiqi mədəniyyətinin Müslüm Maqomayev zirvəsi

 

Zəngin yaradıcılığı, Vətənə olan bağlılığı, sonsuz sevgisi ilə rəğbət qazanan dahi sənətkar Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

 

Dahi sənətkarlar, istedadlar diyarı olan Azərbaycan bütün dövrlərdə öz layiqli musiqiçiləri ilə fəxr edib. Xalqımızın qədim musiqi mədəniyyətindən, milli-mədəni genetik yaddaşımızdan irəli gələn musiqi ənənələri ötən əsrdə də bu sahədə Müslüm Maqomayev, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Qara Qarayev kimi bir çox əvəzsiz incəsənət xadimlərinin meydana çıxmasına şərait yaratdı. Qeyd etməliyik ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və dünyada tanıdılmasında böyük xidmətləri olan sənət adamları sırasında Müslüm Maqomayevin özünəməxsus yeri olub. Milli mədəniyyəmizin inkişafında və təbliğində xüsusi əməyi olan Müslüm Maqomayevin irsən gələn istedadı və böyüdüyü mühit onun gələcək taleyində həlledici rol oynamışdı...

 

Görkəmli nəslin layiqli davamçısı

 

Müslüm Maqomayev 1942-ci il avqust ayının 17-də Bakıda sənətkar ailəsində dünyaya göz açıb. Onun babası Müslüm Maqomayevin (1885-1937) adı Azərbaycan tarixinə görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim kimi daxil olub. Eyni zamanda, onun müəllifi olduğu “Nərgiz” operası (1935) Azərbaycanın qərb dəsti-xəttində yazılan ilk operası hesab olunur. Gənc Müslüm babasını heç bir zaman görməsə də, daim onun yaradıcılığı ilə maraqlanar, arxiv lent yazılarına baxar, musiqilərini dinləyərdi. Dahi bəstəkar Üzeyir Hacıbəyovla sıx yaradıcılıq əlaqələri yaradan babası Azərbaycanda peşəkar musiqi sənətinin inkişafında böyük xidmətlər göstərib. Təsadüfi deyil ki, Bakıdakı filarmoniya hazırda onun adını daşıyır.

Müslüm Maqomayevin atası Maqomed Maqomayev gözəl səsə malik olmaqla yanaşı, musiqi təhsili olmamasına baxmayaraq, royalda ifa edə bilirdi. Eyni zamanda, istedadlı kinorəssam olan M.Maqomayev Bakıda və Maykopda teatr tamaşalarının səhnələşdirilməsində iştirak edib. Anası Ayşet Maqomayeva (səhnə soyadı Kinjalova) isə geniş vokal imkanlara malik olan peşəkar aktrisa idi. Göründüyü kimi, sənətkar ailəsində göz açan və incəsənət nümayəndələri ilə əhatə olunan mühitdə böyüyən Müslümün babasının şərəfinə adlandırılması və irsən keçən istedadı onun gələcək taleyini müəyyən etmişdi. Təsadüfi deyil ki, onun musiqiyə olan marağı və sevgisi erkən yaşlarından özünü büruzə verdi. Təkrarolunmaz səsi və yüksək səhnə mədəniyyəti ilə incəsənətimizin parlaq ulduzuna çevrilən Müslüm Maqomayev fəth etdiyi zirvəyə çatanadək zəngin yaradıcılıq yolu keçib.

 

Onun istedadı hələ gənclik illərindən özünü göstərdi...

 

Müslüm gənc yaşlarından etibarən babasının yolunu seçməklə bir növ gələcək taleyini müəyyən etdi. Kiçik yaşlarından musiqi dünyasına daxil olması və irsi istedadı Müslümə fəth olunacaq zirvələr vəd edirdi. Musiqi sənətinə duyduğu böyük maraq onun yolunu 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbindən salır. Musiqi sənətinin əsaslarına yiyələndiyi ilk dövrlərdə geniş diapazona malik gözəl səsilə Maqomayev mütəxəssislərin yüksək qiymətini qazana bilib. O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi ondakı istedadı yüksək qiymətləndirir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. M.Maqomayevin 1962-ci ildə Helsinki şəhərində keçirilən Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı yaradıcılığının sağlam bünövrəsi hesab oluna bilər. Məhz bu çıxış Müslümün üzünə yeni qapılar açdı. Bu gənc bir növ dövrünün tapıntısı idi. 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışı ilə gənc ifaçı şöhrət qazanmağa başlayıb. İfaçılıq sənətini təkmilləşdirmək məqsədilə Müslüm Maqomayev 1960-cı illərdə dövlət xəttilə “La Skala” teatrına göndərilib. Müslüm Maqomayev ilk konsertini Parisin “Olimpiya” konsert salonunda verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. İlk mütafatını isə 1969-cu ildə Polşada keçirilən beynəlxalq mahnı festivalında qazanıb. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi başlayan Müslüm sonradan (1975-ci il) Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaratdı və uzun müddət orkestrə rəhbərlik etdi. Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb.

 

Azərbaycanın adını hər zaman uca tutdu

 

Müslüm Maqomayev artıq 60-cı illərin sonlarında bütün SSRİ məkanında tanınmış ifaçıya çevrilmişdi. Olduqca zəngin repertuara malik sənətkarın ifasında 600-dən çox əsər səslənmişdi. Dünya hitləri, klassik əsərlər, kinolara yazılan mahnılar onun ifasında geniş dinləyici auditoriyasının rəğbətini qazanmışdı. Müslüm Maqomayev hər zaman olduğu kimi, o illərdə də, Azərbaycana bağlılığını nümayiş etdirirdi. Onu xalqa böyük vətənpərvər kimi sevdirən isə yaradıcılığında önəmli yer tutan “Azərbaycan” mahnısı oldu. Sənətkarın ötən illər ərzində göstərdiyi fəaliyyət Sovet estradasının yeni simasını müəyyən etmişdi. Bunun fonunda da Maqomayevin estrada, teatr və kinodakı çoxşaxəli fəaliyyəti yüksək bəşəri idealları özündə ehtiva edərək daim Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməyə çalışırdı. Bəstələdiyi musiqi əsərlərində isə milliliklə novatorluğun vəhdəti öz əksini tapmışdı. Onun oxuduğu mahnılar, hətta SSRİ hüdudlarından kənarda da sevilərək dinlənilirdi. Öz bənzərsiz ifası və səhnə mədəniyyəti ilə M.Maqomayev yeni-yeni mükafatlar qazanmaqda davam edirdi. O, 1969-cu ildə Kann festivalında “Qızıl val” mükafatına layiq görüldü. Sovetlər Birliyi məkanında geniş əks-səda doğuran yaradıcılıq fəaliyyətinə və Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə 1973-cü ildə 31 yaşındaykən SSRİ Xalq artisti fəxri adı verildi.

Tükənməz Vətən sevgisini M.Maqomayev doğma Azərbaycanına şan-şöhrət gətirməklə sübuta yetirmişdi. Yaradıcılığının işığı tək Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı. Qeyd etdiyimiz kimi, onu təkcə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin vətəndaşları deyil, bütün dünya tanıyır və sevirdi. Dövrün əfsanəsi sayılan sənətkar müsahibələrində dəfələrlə vurğulayırdı ki, onun sənətkar olaraq püxtələşməsində Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Ümummilli lider Azərbaycan naminə yaşayıb yaradan hər bir sənət adamına olduğu kimi, Müslüm Maqomayevə də böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər Heydər Əliyev Müslüm Maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu diqqət sayəsində M.Maqomayev  ömrünün böyük hissəsini Moskvada yaşasa da, özünü hər zaman bakılı hiss edirdi. Qarşılıqlı sevginin vəhdəti olaraq da şöhrəti dünyanı dolaşsa belə son mənzili doğma Bakı, Fəxri Xiyaban oldu. Dahi sənətkar 25 oktyabr 2008-ci ildə vəfat edib.

 

O heç vaxt unudulmayacaq

 

Bu gün, onunla bağlı söylənən fikirlər keçmiş zamanda səslənsə də, Azərbaycan xalqı öz böyük oğlu ilə hər zaman olduğu kimi fəxr edəcək. İfası ilə insanlara sevinc və sevgi bəxş edən Müslüm nəinki Azərbaycan xalqının, sənətə qiymət verən hər bir insanın könlündə yaşayacaq.

Onunla bağlı xatirələr səslənən zaman isə vahid bir fikir meydana çıxdı, Müslüm Maqomayevin sənəti elə bir zirvədə qərar tutmuşdu ki, Azərbaycan üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü idi. Səsi, sənəti, səhnə mədəniyyəti ilə milyonlarla insanın qəlbini fəth etmişdi. Ən böyük uğuru isə əldə etdiyi zirvədə müdrikliyini və sadəliyini qoruyub saxlaya bilməsi oldu. Onu şəxsən tanıyan insanların səsləndirdiyi xatirələrdə Müslüm Maqomayev səmimi, yüksək mədəniyyətə sahib, ağıllı və sadə bir insan kimi təsvir olunur. Təbii ki, müxtəlif insanların eyni adam haqqında söylədiklərinin uyğunluq təşkil etməsi təsadüf ola bilməzdi.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya ona ən yaxın olan şəxsiyyətin - Ulu öndər Heydər Əliyevin dünyadan köçməsinin sənətkara ağır təsir etdiyini, hətta özünə daha çox qapandığını etiraf etmişdi. “Müslüm oxumağı da tərgitmişdi. Son gününə kimi yaxın dostunun vəfatına çox üzülürdü”.

Elə M.Maqomayevin vəfatı da Azərbaycan xalqı, ümumiyyətlə, bütün onu sevənlər üçün ağır itki oldu. Bir neçə gün əvvəl dahi sənətkarın doğum günündə onun qəbrini ziyarət edənlər arasında olan Tamara Sinyavskaya jurnalistlərə müsahibəsində hələ də itki ilə barışmadığını söyləyib: “Siz məni başa düşə bilməzsiniz... Əziz adamını xiyabanda ziyarət etmək, doğma insanın məzarına gəlmək çox ağırdır”.

Qeyd etməliyik ki, M.Maqomayevin həyatda olmaması onu sevən, yaradıcılığına rəğbət bəsləyən hər bir insan üçün ağırdır. Dünyaşöhrətli, Azərbaycanı sözün əsl mənasında tanıdan Müslüm Maqomayevin doğulduğu şəhərdə dəfn olunması sənətkara olan xalq sevgisi və dövlətin sənətkarına sahib çıxmasından irəli gəlirdi. Üç il əvvəl M.Maqomayevi və onun bənzərsiz sənətini sevənlərin, bu gözəl insanla bir dövrdə yaşadıqlarına görə fəxr edənlərin hamısı onu son mənzilə yola saldı. Vida və dəfn mərasimində ölkəmizin Prezidenti də iştirak etmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə vida mərasimində iştirak etməsi Müslüm Maqomayevin sənətinin, şəxsiyyətinin böyüklüyünə olan ehtiramın əlaməti idi. Xatırladaq ki, sənətkarın cənazəsinin Bakıya gətirilməsi Prezident İlham Əliyevin xidməti nəticəsində baş tutdu. Dövlət başçısının qərarına uyğun olaraq Azərbaycanın əziz oğlu Fəxri Xiyabanda torpağa tapşırıldı. Mərhumun vəfatı ilə əlaqədar Prezident İlham Əliyev hətta müğənninin xanımı Tamara Sinyavskayaya başsağlığı məktubu da ünvanlamışdı. Məktubda deyilirdi: “Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi. Ümummilli lider Heydər Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Ulu öndər M.Maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi”.

Artıq üç ilə yaxındır ki, aramızda olmayan M.Maqomayevin vəfatı bir sıra ölkələrin sıravi vətəndaşları ilə yanaşı, dövlət xadimləri və sənət adamlarını da kədərləndirmişdi. Xatırladaq ki, Azərbaycan Prezidenti ilə yanaşı, Rusiya prezidenti Dmitri Medvedev və hökumət başçısı Vladimir Putin də müğənninin qohumlarına və yaxınlarına başsağlığı vermişdi. Rusiya hökumətinin başçısı adından müğənninin həyat yoldaşı Tamara Sinyavskayaya ünvanlanan teleqramda bildirilirdi: “Müslüm Maqomayev bizim xatirəmizdə həmişə əsl ulduz kimi, bütöv bir epoxanın rəmzi kimi qalacaqdır. O, öz parlaq istedadını insanlara səxavətlə bəxş edirdi, buna görə də, onu ürəkdən sevirdilər. Onun ölümü bizim hamımız üçün, ölkəmizin mədəniyyəti üçün böyük və əvəzsiz itkidir”.

Sənətkarın vəfatı ilə əlaqədar ailəsi və yaxınlarına başsağlığı verənlər arasında Çeçenistanın prezidenti Ramzan Kadırov da var idi. Onun sözlərinə görə, Maqomayevin yaradıcılığı tək keçmiş sovetlərin tərkibində olan ölkələrə deyil, dünyaya tanışdır: “Məhz Müslüm Maqomayev kimi insanların sayəsində Şərqlə Qərb arasında olan “dəmir pərdə” ortadan qaldırılıb. Respublikamızda Müslüm Maqomayevə xüsusi münasibət bəslənilib”.

Rusiya Federasiyasının mədəniyyət naziri Aleksandr Avdeyev isə Müslüm Maqomayevin vəfatını dünya mədəniyyətinə ağır itki kimi qiymətləndirmişdi: “Müslüm xatirələrimizdə ifası və əvəzolunmaz sənəti ilə ürəklərimizi isidən bir müğənni və insan kimi qalacaq”.

Nazirin sözlərinə görə, Maqomayev Rusiya ilə Azərbaycanı qırılmaz tellərlə bir-birinə bağlayıb. Onun yaratdığı sənət əsərləri hər iki ölkə ilə yanaşı, bütün dünyaya məxsusdur.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko M.Maqomayevi “Ukraynaya dost olan gözəl insan” adlandırmışdı: “Ukraynada onun milyonlarla sevəni, sənətini dəyərləndirənlər var. Onun adı dünya mədəniyyətinə həkk olunub. Onun xatirəsi əsrlərlə ürəyimizdə qorunub saxlanılacaq”.

Dövlət başçıları, siyasi xadimlərlə yanaşı, incəsənət xadimləri də M.Maqomayevi dahi sənətkar, zəngin daxili aləmə malik şəxsiyyət kimi qiymətləndiriblər. Rusiya mətbuatında verdiyi müsahibəsində Nikolay Baskov onun haqqında xatirələrini bölüşərkən bildirmişdi: “Dövlət Teatr Sənəti İnstitutuna daxil olandan az sonra ilk dəfə Müslüm Məhəmmədoviçin evinə gəlmişdim. O, mənim oxumağımı dinləyən məşhur və peşəkar müğənnilərin birincisi olmuşdu. O vaxt demişdi ki, mənim sənət yolum uğurlu olacaq. Sonradan bəxtim gətirdi: Mən şəxsən Müslüm Məhəmmədoviçin pianoda müşayiət etdiyi yeganə müğənni olmuşam”.

Müslüm Maqomayev öz xalqına, doğma yurduna bütün varlığı ilə, saysız-hesabsız tellərlə sıx bağlı olan əsl vətənpərvər idi. O, bir neçə nəsil üçün doğma və yaxın insana çevrilmişdi. Müslüm Maqomayevin əziz xatirəsi heç bir zaman pərəstişkarlarının yaddaşından silinməyəcək.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2011.- 20 avqust.- S. 10.