Gədəbəy rayonu 2011-ci ilin birinci yarısında yüksək sosial-iqtisadi nəticələr əldə edib

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Gədəbəy rayonudur.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində respublikamızda tərəqqi və sıçrayışlı inkişaf daha da sürətlənib. 2011-ci ilin birinci yarısında ölkəmizin bütün makroiqtisadi sahələrində pozitiv inkişaf meyilləri qeydə alınıb, islahatların dinamikası geniş vüsət alıb. Respublikamızda dərin xarakter alan yeni istehsal, xidmət və emal müəssislərinin yaradılması, sosial infrastrukturun yeniləşdirilməsi, kommunal sektorun yeni dövrün tələblərinə uyğun qurulması ilə bağlı həyata keçirilən proqramlar Gədəbəyin sosial-iqtisadi həyatında mühüm dönüşə səbəb olub.

2011-ci ilin birinci yarısı Gədəbəy rayonunda da sürətli və dinamik inkişaf dövrü kimi yadda qalıb. Hesabat dövrü ərzində rayonda tikinti-quruculuq işləri davam etdirilib, sosial-iqtisadi sahələrində mühüm nailiyyətlər əldə olunub. Birinci yarımillikdə ümumi daxili məhsul istehsalının (ÜDM) həcmi 51 milyon 704 min 300 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz (4 milyon 567 min 300 manat) çoxdur. Kənd təsərrüfatı məhsullarının həcmi 13 milyon 430 min 700 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz (2 milyon 96 min 700 manat) çox, pərakəndə əmtəə dövriyyəsinin həcmi 21 milyon 225 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz (930 min manat) çox, sənaye məhsulunun həcmi 16 milyon 530 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz (1 milyon 545 min manat) çox olub. Sənaye məhsulunun həcmində əhəmiyyətli artım baş verib ki, bunun əsas səbəbi rayonda istehsal olunan qızılın dünya bazarına çıxarılmasıdır.

 

Gədəbəyin iqtisadiyyatı inkişaf edir, əhalinin sosial vəziyyəti yaxşılaşır..

 

Gədəbəy rayonu əsasən aqrar rayon kimi tanınır və iqtisadiyyatının əsasını bitkiçilik və heyvandarlıq təşkil edir. Hesabat dövründə rayonda əsas bitki olan kartof əkini sahəsi 13184 hektar, ötən illə müqayisədə 84 ha çox, buğda əkini 317 ha, arpa əkini 31 ha, dən üçün qarğıdalı 504,9 ha olub. Mal-qaranın baş sayı da xeyli artıb. Belə ki, iribuynuzlu mal-qaranın sayı 88958 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4611 baş çox, qoyun və keçilərin baş sayı isə 365 min 57 baş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 84 baş çox olub. Ət istehsalı 51 min 400 sentner, ötən ilin müvafiq dövründən 2773 sentner çox, süd istehsalı 361 min 743 sentner, ötən ilin müvafiq dövründən 2,2 dəfə çox, yun istehsalı 9 min 86 sentner, ötən ilin müvafiq dövründən 2 min 776 sentner çox olub. 2011-ci ilin 6 ayı üzrə rayonda orta aylıq əməkhaqqı 252 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, yaxud 27 manat çoxdur.

Gədəbəy rayonunun 2011-ci il üçün büdcəsinin mədaxili 23 milyon 939 min 305 manat həcmində təsdiq edilib ki, onun da 21 milyon 129 min 305 manatı mərkəzləşdirilmiş xərclər, 1 milyon 926 min manatı isə yerli daxilolmalardır. Rayon büdcəsinin icra vəziyyəti mədaxil üzrə 11 milyon 935 min 261 manat, proqnoza qarşı 13 milyon 279 min 396 manat və ya 111 faiz olmaqla 1 milyon 344 min 135 manat çox yerinə yetirilib. Hesabat dövrü ərzində büdcənin məxarici 11 milyon 935 min 361 manat proqnoza qarşı 10 milyon 358 min 136 manat icra olunub.

2011-ci ilin 6 ayı ərzində DSMF rayon şöbəsində uçotda olan 17789 nəfər pensiyaçıya 5 milyon 333 min 700 manat pensiya ödənişi həyata keçirilib. Rayonda bütün pensiyalar və müavinətlər plastik kartlar vasitəsilə ödənilir. Sosial müavinət alanların sayı 5593 nəfər olub. 2011-ci ilin 6 ayı ərzində sosial müavinətlərin ödənilməsi üçün 1 milyon 543 min 93 manat vəsait müəssisələrin hesabına köçürülüb.

Hesabat dövründə Rayon Məşğulluq Mərkəzinə 241 nəfər işsiz və işaxtaran vətəndaş müraciət edib. Müraciət edən vətəndaşlardan 45 nəfərinin iş tələbi yerinə yetirilib və onlar müxtəlif idarə, müəssisə və təşkilatlarda daimi işlə təmin ediliblər. İşlə təmin olunanların 11 nəfəri qadınlar, 13 nəfəri isə gənclərdir. İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi məqsədilə 23 nəfərə işsizlik statusu verilərək, 14 nəfərə orta aylıq əməkhaqqı məbləğində, 9 nəfərə isə minimum əməkhaqqı məbləğində müavinət təyin edilib.

Rayonda sahibkarlığın inkişafı, özəl biznesə dövlət dəstəyi ilə bağlı tədbirlər də geniş vüsət alıb. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramı Gədəbəy rayonunda da uğurla icra olunmaqdadır. Proqrama uyğun olaraq rayonda sosial-iqtisadi inkişaf 16 maddənin icrası üzrə tədbirlər həyata keçirilib və işlər görülüb. Ötən dövr ərzində də “Kapital Bank”ın rayon filialı tərəfindən əhaliyə kömək məqsədilə bank kreditlərinin verilməsinə başlanılıb və ötən dövr ərzində əhaliyə gündəlik tələbat mallarının alınması üçün 194 min 700 manat kredit verilib.

 

Rayonda sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması sürətlənib...

 

Rayonun Zəhmətkənd kəndində “Gədəbəy mineral suları istehsalı” MMC-nin binası tam istifadəyə hazırdır. Rayonda 2003-cü ilin oktyabr ayından 2011-ci ilin iyul ayının 1-dək 8566 iş yeri açılıb ki, onun da 2227-si daimi iş yerləridir. 2011-ci ilin birinci yarımilində 221 iş yeri açılıb, onun da 36-sı yeni açılmış müəssisələrdə və 185-i digər tədbirlər üzrə olub.

Rayonda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da diqqət mərkəzində saxlanılıb, hesabat dövrü ərzində yolların cari təmirinə və saxlanmasına 306 min 800 manat vəsait xərclənib. Yolların cari təmiri üçün 650 ton asfalt-beton istehsal edilərək çalaların doldurulması üçün istifadə edilib. Yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisi üçün xeyli işlər görülüb, 57 km Gədəbəy-Qaravəlilər avtomobil yolunun asfaltlaşdırılması istiqamətində işlər davam etdirilir. Şahdağ, Arabaçı və Çobankənd kəndlərində də, keçirilən görüşlər zamanı eyni məsələ qaldırılıb və həmin kəndlərdə də kəndarası yolların təmiri davam edir, Şahdağ, Arabaçı və Çobankənd kəndlərini rayon mərkəzi ilə birləşdirən 40 metr uzunluğunda və 4 metr enində körpünün tikintisi başa çatdırılıb və istifadəyə verilib. İnəkboğan və Bacan çayları üzərində körpü salınması əhalinin uzun illərdən bəri olan arzularıdır. Həmin çaylarda sel daşqınları onlarla insanın ölümünə səbəb olub. Bununla yanaşı, Rüstəm Əliyev kəndində əhalini narahat edən məsələlərdən biri də kənd mədəniyyət evinin uzun müddət yararsız vəziyyətdə fəaliyyət göstərməsi olub. Bu məsələ də öz həllini tapıb, Gədəbəy-Rüstəm Əliyev yolunda təmir işləri aparılır. Eyni zamanda, Söyüdlü kəndində olan kəndarası yollar təmir edilərək bərpa edilib.

Digər infrastruktur sahələri də diqqət mərkəzində saxlanılıb. “Xatirə Abidə” kompleksi əsaslı təmir edilib, “Şəhidlər xiyabanı” abadlaşdırılıb, Heydər Əliyev prospektində istinad divarları və səkilər əsaslı təmir edilib, kommunal müəssisələri kombinatının, Rayon İcra Hakimiyyətinin inzibati binalarının və X.Haqverdiyev küçəsində ikimərtəbəli kommunal binanın dam örtüyü dəyişdirilib, rayon məhkəməsinin yeni inzibati binası tikilməkdədir.

2011-ci ilin birinci yarımilində Dövlət Proqramı çərçivəsində rayonda yollarda yerləşən körpülərin əsaslı təmirinə və yeni körpülərin tikintisinə başlanılıb. Hazırda Novosaratovka kəndində “Fındıqlı” çayı üzərində aşırımı 72 pm olan körpunün tikintisinə başlanılıb, mis çayı üzərində sel suları nəticəsində yuyulmuş körpünün istinad divarları bərpa edilib. Rayon sakinlərinin keyfiyyətli şəkildə elektrik enerjisi ilə təminatı üçün bir çox işlər görülüb. İl ərzində 84 ədəd zədələnmiş sayğac dəyişdirilib, 10 kv-luq hava xəttinin 8,01 km məsafəsində 0,4 kv-luq hava xəttinin 8,43 km məsafəsində əsaslı və cari təmir işləri aparılıb. 16 ədəd transformator yarımstansiyasında əsaslı və 50 ədəd transformator yarımstansiyasında cari təmir işləri aparılıb, 35 ədəd ağac, 10 ədəd dəmir-beton dayaq alınaraq, yararsız dayaqların yerinə bərpa olunub. Hesabat dövrü ərzində 14 milyon 847 min 737 kvt-saat elektrik enerjisi istehlak olunub ki, onun da, dəyəri 890 min 864 manat olmaqla, 729 min 734 manat ödəniş aparılaraq, plana 85,9 faiz əməl olunub.

 

Yollar təmir olunur, kəndlərə qaz çəkilişi davam etdirilir...

 

Kommunal xidmət növlərindən qaz təchizatı da ötən dövr ərzində əhəmiyyətli dərəcədə yaxşılaşıb. Gədəbəy rayonu ərazisində 1 şəhər və 11 kənd, cəmi 12 yaşayış məntəqəsində əhali təbii qazla təmin olunub. Rayon üzrə 5612 abonent vardır ki, onların da evlərinə qaz sayğacı quraşdırılıb. Hesabat dövrü ərzində Novosaratovka və Düz Rəsullu kəndlərində 577 abonentin mənzillərinə təbii qazın verilməsi təmin olunub. Cənab Prezident İlham Əliyevin 1 noyabr 2006-cı ildə Gədəbəyə səfəri zamanı aidiyyəti dövlət orqanlarının rəhbərlərinə verdiyi tapşırığına əsasən rayonun və sərhəd kəndlərinin qazlaşdırılması işi sürətlə davam etdirilir. Gədəbəy-Novosaratovka, Novosaratovka-Şınıx magistral qaz kəməri çəkilib başa çatıb. Artıq sərhəd kəndlərindən Göyəlli, Hüseynqulular, Gərməşöylü və Rəhimli kəndlərinə kənddaxili daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb. Yaxın vaxtlarda bütün sərhəd bölgəsində olan kəndlər təbii qazla təmin olunacaq.

Gədəbəy şəhərində 504 abonent içməli sudan istifadə edir. 2011-ci ilin 6 ayı ərzində əhali üçün 101 min 610 m3 içməli su verilib. Gədəbəy şəhərinin əhalisini narahat edən məsələlərdən biri də kanalizasiya məsələsidir. Hazırda ən müasir tələblərə cavab verən su xəttinin çəkilməsi, çirkab suların axıdılması və təmizlənməsi istiqamətində işlər aparılır.

2011-ci ilin 6 ayı ərzində Gədəbəy rayonunda təhsilin inkişafı ilə bağlı da bir çox işlər görülüb. Səbətkeçməz kənd tam orta məktəbi, uşaq gənclər idman məktəbinin yeni tikintisi və 2 saylı şəhər tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Bundan əlavə, rayonun 200 şagird yerlik Novosaratovka, 360 şagird yerlik 2 nömrəli Slavyanka kənd tam orta məktəblərinin tikintisi, 480 şagird yerlik Samanlıq və 240 şagird yerlik Qoşabulaq kənd tam orta məktəblərinin əsaslı təmir olunması nəzərdə tutulub.

Əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tibb ocaqlarının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində də işlər davam etdirilir. 2011-ci ilin hesabat dövründə Böyük Qaramurad kənd həkim məntəqəsi istifadəyə verilib, mərkəzi rayon xəstəxanası tərəfindən 66 min 339 manat dəyərində bərk inventar, 11 min 937 manat dəyərində yumşaq inventar və 31 min 45 manat dəyərində tibb avadanlıqları alınaraq, xəstəxanalara və tibb məntəqələrinə paylanıb. Fərzalı kənd həkim məntəqəsi üçün yeni binanın tikintisi nəzərdə tutulub.

Nəzərdə tutulan tədbirlərdən biri də mədəniyyət obyektlərinin təmiridir. Belə ki, Çalburun kənd mədəniyyət evi və Qoşabulaq kənd klubu əsaslı, Daryurd və Ağamalı kənd klubları isə cari təmir edilib.

 

Gədəbəy sakinləri Yeni Azərbaycan Partiyasına böyük etimad göstərirlər

 

Azərbaycanın ən ucqar bölgələrindən biri olmasına baxmayaraq, Gədəbəy rayonu siyasi aktivlik, ictimai-siyasi fəallıq baxımından həmişə diqqəti cəlb edib. Rayon sakinləri ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin yüksək inkişafı və güclənməsi üçün hər bir pozitiv təşəbbüsü dəstəkləyirlər. Onlar ölkənin əsas aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına (YAP) dərin inam və etibar bəsləyir, partiya sıralarına qəbul olunmaqdan yüksək qürur və fəxr duyduqlarını ifadə edirlər. Gədəbəylilər Ümummilli lider Heydər Əliyev ideyalarına həmişə sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər.

Rayonda YAP-ın üzvü olmaq istəyən insanların sayı hər il durmadan artır. Hazırda YAP Gədəbəy rayon təşkilatı öz sıralarında 5139 nəfəri birləşdirir. 72 ilk partiya təşkilatında sıx birləşən YAP fəalları ölkəmizin siyasi-ictimai, sosial-iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak edir, siyasi proseslərin önündə gedərək partiya quruculuğuna öz töhfələrini verməyə çalışırlar. Bunun nəticəsidir ki, son illərdə YAP Gədəbəy rayon təşkilatı aktiv fəaliyyəti ilə ictimaiyyət arasında nüfuz və gücünü daha da möhkəmləndirib və partiya sıralarına qəbul olan gənclərin və qadınların güclü axını başlayıb. Hazırda rayon təşkilatında partiya üzvlərinin 1693 nəfərini gənclər təşkil edir. Gənclər öz təşəbbüskarlığı, siyasi fəallıqları ilə böyük təcrübə əldə ediblər. Onlar daimi olaraq rayonda ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mükəmməl islahatların mühüm nəticələri ilə bağlı müxtəlif tədbirlər keçirir, davamlı islahatların elmi-nəzəri nəticələri barədə öz fikir və mülahizələrini bölüşürlər. Rayonda fəaliyyət göstərən Heydər Əliyev Məktəbində keçirilən seminar və konfranslar gənclərdə xüsusi maraq oyadır, Ulu öndərin müəyyən etdiyi sabitlik və inkişaf strategiyasının mühüm nəticələri onların zəngin biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb edir.

YAP Gədəbəy rayon təşkilatında qadınların fəallığı da xüsusi diqqət çəkir. 1704 nəfər qadının üzv olduğu rayon təşkilatında zərif cinsin nümayəndələrinin birbaşa təşəbbüsü ilə müntəzəm olaraq müxtəlif tədbir və seminarlar təşkil olunur, ölkə həyatının inkişafına səbəb olan aksiyalar keçirilir. Ümumiyyətlə, rayonda siyasi fəallıq həmişə olduğu kimi, yüksək olaraq qalmaqdadır. Gədəbəy sakinləri dərin inam və qətiyyətlə Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 23 avqust.- S. 4.