Samux sürətlə
inkişaf edən və abadlaşan rayona çevrilib
Əldə olunmuş nailiyyətlərdən
ruhlanan rayon rəhbərliyi tikinti, quruculuq və abadlıq
işlərini 2011-ci ilin ikinci yarısında daha da sürətləndirməklə,
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
vaxtında başa çatdırılmasını
qarşısına məqsəd kimi qoyub
Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki
regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək
sürətlə inkişaf edən dövlətinə
çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki,
hazırda Azərbaycanın bütün guşələrində
böyük tərəqqi hiss edilməkdədir. Prezident
İlham Əliyevin imzaladığı regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramları Azərbaycanın inkişafına böyük təkan
verib. Bundan başqa, dövlət
başçısının səfər etdiyi hər bir
şəhər və rayonda yerli strukturların rəhbərlərinə
sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi
xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasındakı nitqində dövlət
başçısının dərin məzmunlu və proqram
xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla
bağlı söylənilən faktlar və rəqəmlər
belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki
regionda, hətta bütün dünyada aparıcı ölkə,
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının
hesabatlarına əsasən isə bir nömrəli
islahatçı ölkə kimi tanınıb. Dünyada
baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan
yüksək makroiqtisadi göstəricilərini
qorumaqdadır. Bu inkişaf özünü
rayonlarımızın həyatında baş verən müsbət
dəyişikliklərdə də göstərir. Son illərdə
böyük inkişaf yolu keçən rayonlarımızdan
biri də Samux rayonudur.
2011-ci
ilin altı ay ərzində rayonda ümumi məhsul
buraxılışı 28,1 milyon manat olub ki, bu da 2010-cu ilin
birinci yarısındakından 2,9 faiz çoxdur. Ümumi məhsul
buraxılışının həcmində qeyri-dövlət
sektorunun payı 95,2 faiz təşkil edib. Cari ilin birinci
yarısında ötən ilin müvafiq dövri ilə
müqayisədə sənaye istehsalı 1,3 faiz artaraq 2,9
milyon manat, kənd təsərrüfatı məhsullarının
istehsalı 7,0 faiz artaraq 15,9 milyon manat, pərakəndə əmtəə
dövriyyəsi 1,5 faiz artaraq 22,8 milyon manat, əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 2,4 faiz
artaraq 5,7 milyon manat, əhalinin gəlirləri 2,1 faiz artaraq
24,9 milyon manat təşkil edib. Ümumiyyətlə
2003-cü ilin müvafiq dövrü ilə müqayisədə
rayon üzrə ümumi məhsul buraxılışı 4,7
dəfə artıb.
Aztəminatlı
ailələrin sosial müdafiəsini təmin etmək məqsədi
ilə hazırda rayon üzrə 708 ailəyə
ünvanlı sosial yardım təyin olunub ki, bu da 3283 nəfərin
sosial müdafiəsi deməkdir. Bir ailəyə ödənilən
orta məbləğ 112 manat olub.
Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsi rayon əhalisinin məşğulluğunun
yaxşılaşmasına müsbət təsirini göstərməkdədir.
Hesabat dövründə rayonda 676 yeni iş yeri
yaradılıb ki, onlardan da 216 iş yeri daimi, 78 iş yeri
müvəqqəti və 120 iş yeri isə mövsümi olub.
Ümumilikdə, birinci Dövlət Proqramının
icrasına başlanılandan bu günə qədər rayonda
14222 yeni iş yeri yaradılıb.
Qeyd
edək ki, iqtisadiyyatın inkişafında əldə olunan
nailiyyətlər rayonda genişmiqyaslı tikinti-quruculuq
işlərinin aparılmasına böyük stimul verir.
İlin əvvəlindən rayon ərazisində, xüsusi ilə
onun mərkəzində geniş tikinti-quruculuq və
abadlıq işlərinə başlanıb, bu işlər bu
gün də uğurla davam etdirilir. Şəhərin giriş
hissəsində inşa edilən Dövlət bayrağı
meydanında və rayon İcra Hakimiyyətinin yeni inşa edilən
inzibati binasında işlər tam başa
çatdırılıb. Hər iki obyektin
açılışında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iştirak edib.
Həmçinin,
6 ay ərzində şəhərin prospekt, küçə və
yollarında geniş abadlıq- quruculuq işləri aparılıb,
divarlar, yaşayış binalarının dam örtükləri
təmir edilib və rənglənib. Yolların kənarında
4000-dən çox həmişəyaşıl və dekorativ
ağaclar, gül kolları əkilib. 28 May, Mehdi Hüseynzadə,
Asim Quliyev və Abbas Qasımov küçələrində
yeni asfalt örtüyü salınıb. Şəhərin digər
küçələrində yenidənqurma işlərinə
hazırlıq görülür.
Rayonun
Respublika əhəmiyyətli Gəncə - Samux yolunda, yerli əhəmiyyətli
Lək, Qarayeri, İnstitut yollarında təmir işləri
aparılıb, yolların üfüqi xətlənməsi
işləri görülüb. Samux şəhər-Poylu,
Yenikənd-Qırmızı Samux istiqamətində avtomobil
yollarında cari təmir işləri həyata keçirilib.
Qəsəbə və kəndlərdə daxili yollarda təmir
bərpa işlərinin aparılmasına start verilib.
Cari ilin birinci yarısında rayon polis şöbəsinin
inzibati binası istifadəyə verilib. Dövlət
Proqramına uyğun olaraq Qarabağ müharibəsi əlilləri
və şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə 36 mənzilli
4 mərtəbəli yaşayış binasının
tikintisinə başlanıb və burada işlər sürətlə
davam etdirilir. Milli Təhlükəsizlik
Nazirliyinin rayon şöbəsinin, rayon Məhkəməsinin,
Prokurorluğun inzibati binalarının inşası üzrə
hazırlıq işləri görülür.
Son illərdə rayonumuzda təhsil müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, yeni məktəb
binalarının tikintisi və əsaslı təmiri istiqamətində
həyata keçirilən tədbirlər tədrisin keyfiyyətinin
yüksəlməsinə öz təsirini göstərib. Belə ki, 2010-2011-ci tədris
ilinin yekunlarına görə 11-ci siniflər üzrə
müvəffəq qiymət almış şagirdlərin
sayı 68 faiz, 9-cu siniflər üzrə isə 85 faiz olub ki,
bu isə ötən ilki nəticələrdən yüksəkdir.
Hesabat dövründə Lüksemburq kənd tam orta məktəbinin
220 yerlik yeni binasının tikintisinə, İstixana kənd məktəbində
əsaslı təmir işlərinə başlanıb, şəhər
2 saylı, Poylu və Salahlı kənd məktəblərinin
yeni binasının tikintisi üçün layihə-simeta sənədləri
hazırlanır. Eyni zamanda, 3 məktəbin-Qovlarsarı,
Qarayeri 2 və Sarıqamış məktəblərinin
istixana sistemlərinin qurulması nəzərdə tutulur.
Rayonun Lək
kəndi ərazisində inşa edilən regional əhəmiyyətli
500 k/vt yarımstansiyanın tikintisində
və “Unversal NAA” MMC nəzdində yeni istehsal sahələrinin
yaradılmasında işlər tam başa çatıb və
hər iki obyekt Prezident İlham Əliyevin də iştirak
etdiyi mərasimlə istifadəyə verilib. Sərkar
kəndi ərazisində fəaliyyət göstərən
Quşçuluq fabriki nəzdində broyler sexi fəaliyyətə
başlayıb. Bu müəssisələrdə 133 yeni
iş yeri açılıb.
Bəlli olduğu kimi, Samux rayonunun iqtisadiyyatının əsasını
aqrar sahə təşkil edir. 2011-ci ildə 11507
hektar sahə şumlanıb, 9919 hektar sahədə
payızlıq taxıl səpini aparılıb.
Aparılmış taxıl səpininin
5785 hektarı buğda, 3624 hektarı dən üçün
arpa, 510 hektarı isə xəsil olub.
Yazlıq bitkilərin səpini 4754 hektar sahədə
aparılıb. Bundan 512 hektarı çoxillik otlar, 324 hektarı kartof,
1009 hektarı tərəvəz, 544 hektar bostan 40 hektarı
yazlıq buğda, 134 hektar yazlıq arpa, 1749 hektar sahədə
günəbaxan, 284 hektar sahədə qarğıdalı, 29
hektar sahədə pambıq, 23 hektar sahədə paxlalı
bitkilər, 1 hektar yem üçün çuğundur, 105
hektar toxum üçün tərəvəz əkilib. Artıq təsərrüfatlarda 2011-ci ilin məhsulu
üçün kənd təsərrüfatı məhsullarının
yığımına başlanıb.
Bu ilin iyul ayının 1-nə rayon üzrə 4945 hektar
sahədə taxıl biçini aparılıb. Müvafiq
olaraq həmin sahələrdən 13481 ton məhsul
toplanıb. Toplanmış məhsulun 4471 tonu buğda,
9010 tonu isə arpa olub ki, burada da məhsuldarlıq 26,6 sentner
təşkil edir. Ümumilikdə taxılın məhsuldarlığı
orta hesabla 27,3 sentnerdir. Taxıl
biçini davam edir. Taxıl biçini ilə
bərabər digər kənd təsərrüfatı məhsullarının
yığımına da başlanıb. Belə ki, 01
iyul 2011-ci il tarixə əkilmiş kartofun 153 hektarından
1087 ton, tərəvəzin 568 hektarından 2455 ton məhsul
toplanıb. Cari ildə meyvə
bağlarından 829 ton məhsul əldə edilib. Burada da məhsul yığımı davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq rayonda
üzümçülük və meyvəçilik də
sürətlə inkişaf edir. Belə ki, hazırda
1115 hektar üzüm bağı, 1084 hektar meyvə
bağı mövcuddur. Mövcud
bağlardan 736 hektarı bar verən bağlardır.
Üzümçülüyü və meyvəçiliyi
inkişaf etdirmək üçün hal-hazırda rayonun Poylu
və Qarabağlı kəndlərində 150 hektar plantaj
şum aparılaraq 90 hektara yaxın üzüm, 30 hektarda isə
meyvə bağları salınıb. Burada
işlər davam etdirilməklə, Şərab Zavodunun
tikintisi nəzərdə tutulur.
2011-ci il
01 iyul tarixə iribuynuzlu mal-qaranın sayı 20098 baş olub
ki, onlardan da ana inək və camışların sayı 9758
baş təşkil edib. Qoyun və keçilərin
sayı 162730 başa çatdırılıb. Birinci
yarımildə 1756 ton diri çəkidə ət, 7761 ton
süd, 3019 min ədəd yumurta, 299 ton yun istehsal olunub.
Rayon ərazisində
əkin sahələrinin suvarılması üçün
2011-cu ilin 6 ayı ərzində 176 ədəd nasos, 28 ədəd
elektrik avadanlıqları, 14 quyuda isə güc
transformatorları təmir edilib. Kanallarda 94 min
m3 lildən təmizlənmə, 36 min m3 sahil bərkitmə
işləri görülüb. Bununla bərabər
kanallarda 14 ədəd hidrotexniki qurğu, 6 ədəd
hidrotexniki postlar və borular təmir edilib.
Rayon əhalisinin elektrik enerjisi və mavi yanacağa olan
tələbatının ödənilməsi istiqamətində
də müəyyən işlər görülüb. Əhalini dayanıqlı
elektrik enerjisi ilə təmin etmək üçün 2011-cu
ilin birinci yarısında 9 ədəd müxtəlif
güclü 10 və 04 kv-lıq transformator əsaslı təmir
edilərək istismara verilib, 29 transformator cari təmir edilib. 36 ədəd istismara yararsız dayaq yenisi ilə əvəz
edilib.
Əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması istiqamətində müəyyən
işlər görülüb. Belə ki, hazırda rayonun 35
yaşayış məntəqəsindən 27-si, yəni
keçmiş sovetlər birliyi dövründə təbii qaz
alan bütün yaşayış məntəqələri
mavi yanacaqla təmin olunub. Bu gün rayonda 11725
abonent təbii qazdan istifadə edir ki, bu da 2003-cü ildəkindən
təxminən 3 dəfə çoxdur.
Rüb ərzində rayonun Füzuli və Əlibayramlı
kəndlərinin yeni yaşayış massivlərinin sakinləri
təbii qazla təmin olunub. Əhalinin fasiləsiz
olaraq təbii qazla təmin olunması məqsədi ilə
rüb ərzində qaz tənzimləyici şkaflarda və
qaz xətlərində cari təmir işləri aparılaraq,
onların saz vəziyyətdə saxlanılması təmin
edilib.
İçməli su sahəsində də bir çox
işlər görülüb. Rayon ərazisində
mövcud küçə xətlərində baş verən
bütün yeraltı sızmaların və digər neqativ
halların qarşısı vaxtında alınmış, əhalinin
içməli suya olan tələbatını tam təmin etmək
üçün dərinlik nasosları cari təmir edilərək
istehsal gücləri artırılıb. Rayonun
Qırmızı Samux, Lüksemburq, Yenikənd
yaşayış məntəqələrində modul tipli təmizləyici
su qurğuları quraşdırılıb və Poylu, Kəsəmən,
Qarabağlı, Salahlı və Burunqovaq kəndlərində
isə belə qurğuların quraşdırılması nəzərdə
tutulur. Dövlət Proqramına uyğun olaraq
Samux şəhərinin içməli suya olan tələbatının
ödənilməsi üçün mərkəzləşmiş
içməli su sisteminin qurulması istiqamətində
işlər aparılır və artıq bu məqsədlə
torpaq sahələri ayrılıb.
Rayon
üzrə istehlak olunmuş elektrik enerjisinin ,
təbii qazın və içməli suyun dəyərinin tam
toplanması daim diqqət mərkəzində
saxlanılır. Bunun nəticəsidir ki, hər
ay bu sahədə yüksək nəticələr əldə
edilir.
Təbii
ki, əldə edilən uğurlarda hakim Yeni Azərbaycan
Partiyasının (YAP) Samux rayon təşkilatının da
özünəməxsus payı var. Ümumiyyətlə,
Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqlik
nümayiş etdirən Samux sakinləri bütün siyasi
proseslərdə fəal şəkildə iştirak edir və
xalqımızın, dövlətimizin gələcəyinin
müəyyənləşməsində aktiv rol oynayırlar.
İndiyə qədər keçirilən bütün
seçkilərdə Heydər Əliyev siyasətinə, bu
siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə
və hakim partiyaya sədaqət nümayiş etdirən Samux
seçiciləri bunu 2010-cu il parlament
seçkilərində bir daha təsdiqləyiblər. YAP Samux rayon təşkilatı hazırda
özündə 3574 üzvü birləşdirir. Üzvlərdən 1933-ü qadın, 1003-ü isə
gənclərdir. Təkcə bu ilin 6
ayı ərzində rayon təşkilatının
sıralarına 98-i qadın, 43-ü isə gənc olmaqla
ümumilikdə, 144 nəfər daxil olub.
Bir sözlə, görülmüş işlərlə
yanaşı, rayonda yerinə yetirilməsi daha böyük vəzifələr
durur. Rayon rəhbərliyi tikinti, quruculuq və abadlıq
işlərini 2011-ci ilin ikinci yarısında daha da sürətləndirməklə,
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
vaxtında başa çatdırılmasını
qarşısına məqsəd kimi qoyub. Hazırda
inşası aparılan Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün
yaşayış binasının, Lüksemburq kənd tam orta
məktəbinin yeni binasının tikintisinin başa
çatdırılması, bir neçə məktəb
binasının, yeni inzibati binaların inşa edilməsi, bir
neçə məktəbin əsaslı təmir edilməsi,
səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və
əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin
yaradılması, kəndlərarası və daxili yolların
yenidən qurulması qarşıda duran ən vacib məsələlərdəndir.
Rayon rəhbərliyi əmindir ki, onlar
qarşıda duran vəzifələrin öhdəsindən
layiqincə gələcəklər.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 25 avqust.- S.
4.