İnsanlara təmənnasız
qayğı, cəmiyyətə xidmət!
Mehriban xanım Əliyevanın
çoxşaxəli vətənpərvər fəaliyyəti
məhz, bəşəriyyətin xilasına yönələn
milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm
əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə
yönəlib
Sürətli
transformasiya proseslərinin getdiyi qloballaşma əsrində təkcə
xalqların malik olduqları milli-mədəni irsin deyil,
bütövlükdə ümumbəşəri ideal və dəyərlərin
mənfi təzahürlərdən qorunması vacib məsələ
kimi önə çıxıb. Hər bir qədim etnosun
tarixi təkamül prosesləri nəticəsində
formalaşmış mədəni, mənəvi dəyərlərinin,
bədii-estetik baxışlarının, düşüncə
sisteminin, adət-ənənələrinin hifz edilərək
gələcək nəsillərə ötürülməsi,
habelə, cəmiyyətə yüksək insani keyfiyyətlərin
aşılanması da müasir dövrün ictimai
sifarişinə çevrilib. 2004-cü ildə Prezident
İlham Əliyevin Sərəncamı ilə
yaradılmış Heydər Əliyev Fondunun fəaliyyət
fəlsəfəsini də qlobal aspektdə yalnız bir ideya və
amal təşkil edir: insanlara təmənnasız
qayğı, cəmiyyətə xidmət! Yarandığı
gündən xalqın mənəvi sərvətinin və
milli mədəniyyətinin sadiq keşikçisinə
çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə,
Ümummilli liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini,
xalqa xidmət missiyasının əbədiyaşarlığını
təmin edən mühüm ideoloji-humanitar mərkəzdir.
Qurumun başlıca məqsədi Ulu öndərin zəngin
dövlətçilik irsinin öyrənilməsinə və
təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi dəyərlərə
sadiq gənclərin yetişdirilməsinə
çalışmaq, respublikamızın nüfuzunu
artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən
ibarətdir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
çoxşaxəli vətənpərvər fəaliyyəti
məhz, bəşəriyyətin xilasına yönələn
milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm
əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə
yönəlib. Bu xeyirxah missiya insanlara səmimi diqqət və
qayğı istəyindən qaynaqlanır.
Son yeddi ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli liderin ali ideallarını özündə ehtiva edir. Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş Fond fəaliyyəti ərzində həm də xalqın milli varlığını özündə yaşadan zəngin mənəvi-intellektual və mədəni mülkiyyətin qorunması istiqamətində əzmkar fəaliyyət göstərib. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilməlidir. Mehriban xanım Əliyeva haqlı olaraq hesab edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazımdır.
1995-ci ildə Mehriban xanım Əliyeva tərəfindən yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu da ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr verib. Qədim və zəngin ənənələrə malik xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də, bütün dünyaya yayılmasında çox mühüm rol oynayan “Azərbaycan-İrs” jurnalının 1996-cı ildən nəşrə başlaması da son dərəcədə təqdirəlayiq tarixi faktdır. Mehriban xanım Əliyeva hələ o dövrdən məhz, xeyirxah missiyanı qarşıya qoyub, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və inkişafına böyük töhfəsini verib. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən jurnalda qədim və zəngin mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı çoxsaylı məqalələr dərc olunub.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu bir ictimai-iqtisadi və siyasi qurumdan mahiyyətcə və köklü şəkildə fərqlənən digər bir ictimai quruma keçid dövründə, üstəlik də nankor qonşumuzun - Ermənistanın uydurma “Dağlıq Qarabağ” problemini yaratdığı çətinliklər dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü məsələlərin, qarşıda duran başlıca məqsəd və vəzifələrin həlli istiqamətində ardıcıl, təsirli, kompleks tədbirlər həyata keçirib.
Mehriban xanım Əliyevanın dünya mədəni irsinin nadir incisi olan Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bilavasitə bağlı titanik fəaliyyəti onun mənəvi dəyərlərə nə dərəcədə sıx bağlı olduğunu sübut edir. 2005-ci ildə YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması və qısa müddətdə onun istifadəyə verilməsi Heydər Əliyev Fondunun fəaliyyətində ümumbəşəri səpkili milli mədəniyyətimizin ən nadir incilərinin təbliği məsələsinin vacib yer tutduğunu göstərir.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib və nəşr edilməsi olub. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi “Muğam televiziya müsabiqəsi-2007” bu sahədə atılan addımlardan biri olub. İndi əminliklə demək olar ki, mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini qoyub. “Muğam aləmi-2009” Beynəlxalq müsabiqəsində 11 ölkədən 20 ən istedadlı ifaçı iştirak edib. Onların bu müsabiqəyə qatılması bir daha muğamın Azərbaycana məxsusluğunu təsdiq edib. Müsabiqə bu misilsiz sənət nümunəsinin yaşadılması və inkişafı yolunda ən ciddi addımların Azərbaycanda atıldığını göstərib.
Keçən il və cari ildə Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalları keçirilib. Bu festivallarda dünyanın ən tanınmış musiqiçiləri iştirak ediblər. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu tədbirlər həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edib.
Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məscidlər və minarələr ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır.
İnkarolunmaz həqiqətdir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra bu mötəbər beynəlxalq təşkilat ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Böyük imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinə cəlb edilməsi, təşkilat ilə birgə keçirilən tədbirlər yaxın gələcəkdə əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır.
Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son vaxtlar atdığı addımlar, xüsusən də, təhsilə böyük diqqət və qayğısı onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilib.
Heydər Əliyev Fondunun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fondun Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırladığı proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir. Proqrama uyğun olaraq, uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilib və bunların əsasında “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” beşillik proqramı hazırlanıb.
Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.
Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində görülən tədbirlər böyük əhəmiyyət kəsb edir. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir. Mehriban xanım Əliyevanın bu sahədəki xeyriyyəçilik amalları təkcə Azərbaycanda deyil, dünya ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilib. 2007-ci il mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz edilməsində Mehriban Əliyevanın gördüyü işlər xüsusi vurğulanıb və Azərbaycanın birinci xanımına İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilib.
Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması, eyni zamanda, idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanda bu idman növünün inkişafı istiqamətində əhəmiyyətli addımlar atılması, habelə 2005-2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi Mehriban xanım Əliyevanın bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş insan olmasının daha bir göstəricisidir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin mayında Milli Məclisdə qəbul olunaraq dövlət başçısı tərəfindən imzalanan və icra edilən Amnistiya aktının cəmiyyətdə böyük diqqət və hörmətlə qarşılanması da təsadüfi deyildir. Ulu öndər Heydər Əliyevin humanist siyasətinə sədaqətin əyani nümayişi olan bu Amnistiya aktı ilk gündən Onun xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti cəlb edib. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və qəbul edilərək geniş ictimai dəstək almış bu Amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edib. 2009-cu ilin martında da Mehriban xanım Əliyeva növbəti Amnistiya təşəbbüsü irəli sürüb, bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim edib. Təqribən 9 min şəxs Amnistiya aktının təsiri altına düşüb, 1700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.
Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən tikilib. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Bu qəbildən bir neçə nəcib təşəbbüsü də qeyd etmək olar.
Qarşıya qoyduğu xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də, beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Məhz bu fəaliyyətin nəticəsi olaraq Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə YUNESKO-nun, çoxşaxəli və genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilin və səhiyyənin inkişafı sahəsində gördüyü işlərə görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, cari ildə isə iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb.
Həyata keçirilən xeyirxah işlər Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, habelə bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə artan nüfuzunun ifadəsidir. Son illərdə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, ilk növbədə, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.
Yeni Azərbaycan.- 2011.- 26 avqust.- S.
3.