Şəmkir rayonu 2011-ci ilin birinci yarısında uğurlu
sosial-iqtisadi nəticələr qazanıb
Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki
regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək
sürətlə inkişaf edən dövlətinə
çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki,
hazırda Azərbaycanın bütün guşələrində
böyük tərəqqi hiss edilməkdədir. Prezident
İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət proqramları Azərbaycanın
inkişafına böyük təkan verib. Bundan başqa,
dövlət başçısının səfər etdiyi hər
bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə
sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi
xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasındakı nitqində dövlət
başçısının dərin məzmunlu və proqram
xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla
bağlı söylənilən faktlar və rəqəmlər
belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki
regionda, hətta bütün dünyada aparıcı ölkə,
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının
hesabatlarına əsasən isə bir nömrəli
islahatçı ölkə kimi tanınıb. Dünyada
baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan
yüksək makroiqtisadi göstəricilərini
qorumaqdadır. Bu inkişaf özünü
rayonlarımızın həyatında baş verən müsbət
dəyişikliklərdə də göstərir. Son illərdə
böyük inkişaf yolu keçən rayonlarımızdan
biri də Şəmkir rayonudur.
Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən
uğurlu iqtisadi siyasət nəticəsində
respublikamızda tərəqqi və
sıçrayışlı inkişaf daha da sürətlənib.
2011-ci ilin birinci yarısında ölkəmizin bütün
makroiqtisadi sahələrində inkişaf pozitiv meyilləri
qeydə alınıb, islahatların dinamikası geniş
vüsət alıb. Respublikamızda dərin xarakter alan yeni
istehsal, xidmət və emal müəssisələrinin
yaradılması, sosial nfrastrukturun yeniləşdirilməsi,
kommunal sektorun yeni dövrün tələblərinə
uyğun qurulması ilə bağlı həyata keçirilən
proqramlar Şəmkir rayonunun da sosial-iqtisadi həyatında
mühüm dönüşə səbəb olub.
2011-ci
ilin birinci yarısı Şəmkirdə sürətli və
dinamik inkişaf dövrü kimi yadda qalıb. Hesabat
dövrü ərzində rayonda tikinti-quruculuq işləri
davam etdirilib, sosial-iqtisadi sahələrində mühüm
nailiyyətlər əldə olunub. Ötən ilin eyni
dövrü ilə müqayisədə ümumi daxili məhsul
(ÜDM) istehsalının həcmi 14,4 faiz artaraq 138 milyon 100
min manat təşkil edib. Adambaşına düşən
ÜDM 12,4 faiz artaraq 698 manata çatıb.
Şəmkir
rayonu əsasən kənd təsərrüfatı rayonu kimi
ixtisaslaşıb. Rayon üzrə 181 min 610 hektar torpaq sahəsinin
59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min
377 hektarı bələdiyyə mülkiyyətində, 48 min
729 hektarı isə xüsusi mülkiyyətdə olan
torpaqlardır. Əkinə yararlı 44 min 680 hektar torpaq sahəsinin
38 min 394 hektarı suvarma suyu ilə təmin edilib. Bu
uğurlarda rayonda fəaliyyət göstərən 3
böyük suvarma idarəsinin- Şəmkir suvarma sistemləri,
Şəmkir Maşın kanal və Subartezian
quyularının istismarı idarələrinin kollektivlərinin
böyük əməyi olub.
Son
illər rayonda kənd təsərrüfatının dinamik
inkişafı müşahidə olunur. Heyvandarlıq və
bitkiçilik sahəsində yüksək göstəricilər
əldə olunub. Birinci 6 ayda kənd təsərrüfatı
məhsullarının həcmi 7,7 faiz artıb. Bu il 17077 hektar
sahədə taxıl əkilib ki, bunun 12627 hektarı
buğda, 4400 hektarı arpa, 50 hektarı isə vələmir
olub. Hazırda rayonda taxıl biçini başa
çatmaqdadır. Hər hektardan məhsuldarlıq 39,5 sentner
təşkil edib. Taxıl biçininin itkisiz başa
çatdırılmasında “Aqrolizinq”in Şəmkir
filialının böyük əməyi olub. Bundan başqa,
rayonda 2337 hektar sahədə qarğıdalı, 6389 hektar sahədə
kartof, 6124 hektar sahədə tərəvəz, 251 hektar sahədə
bostan bitgiləri, 588 hektar sahədə günəbaxan, 10 min
93 hektar sahədə isə yem bitkiləri əkilmişdir.
İndiyədək əkilmiş sahələrdən 44 min 806
ton kartof, 41 min 739 ton tərəvəz və 3593 ton meyvə
istehsal olunub. Sarıtəpə kəndi
yaxınlığında “Azaqro” MMC-yə məxsus istilikxana
kompleksində tərəvəz məhsulları istehsal olunur.
Kənd əməkçiləri tərəfindən 4 min
hektardan çox sahədə istilikxanalar tikilib və həmin
sahədə bostan və tərəvəz məhsulları
yetişdirilir. İstehsal olunan məhsullar daxili bazarlarla
yanaşı, xarici ölkələrə də ixrac olunur.
Dövlət proqramlarının
icrası inkişafı sürətləndirib, iş yerlərinin
sayı artır...
Şəmkirdə
üzümçülüyün və şərabçılığın
inkişafına başlıca diqqət yetirilir. Rayon üzrə
511 hektar sahədə üzüm bağı salınıb və
“Şərq Ulduzu” MMC tərəfindən istehsal gücü
2000 ton olan, alman texnologiyası əsasında üzüm
emalı zavodu fəaliyyət göstərir. Hazırda müəssisədə
9 növ şərab və konyak məhsulları istehsal olunur.
Rayon üzrə iri buynuzlu mal-qaranın sayı 59673 başa,
qoyun və keçilərin sayı isə 278170 başa
çatıb. Yanvar - iyun ayları ərzində 3924 ton - ət
(diri çəkidə), 21232 ton - süd, 454 ton - yun, 21 milyon
364 ədəd - yumurta istehsal edilib. Şəmkir rayonunun
istehsalçılarına öz məhsullarını əlverişli
şəkildə satmaq üçün Bakı şəhərinin
Xətai rayonundakı kənd təsərrüfatı məhsulları
yarmarkasında geniş yer təşkil olunub. Hər həftə
80-90 tondan artıq məhsul Bakı şəhərinə
göndərilir. 2011-ci ilin birinci yarım ili ərzində
1624 ton müxtəlif çeşidli kənd təsərrüfatı
məhsulları satış üçün Bakı şəhərinə
göndərilib.
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı ikinci Dövlət
Proqramının qəbul edildiyi vaxtdan indiyədək rayonda
5529-dan çox iş yeri açılıb ki, bunun da 1848-i
daimi iş yerləridir. 2011-cu ilin birinci yarısında rayon
üzrə 1233 iş yeri açılıb, bundan 381-i daimi
iş yeri olub.
Rayonda
sosial proqramların icrası da uğurla həyata
keçirilir. 2011-ci ilin birinci yarısında 2775 nəfərə
ünvanlı sosial yardım verilib.
Şəmkir
rayonunda sənaye məhsullarının əsas hissəsi
istehsal gücü 380 meqavat olan Şəmkir Su Elektrik
Stansiyası və istehsal gücü 150 meqavat olan Yenikənd
Su elektrik stansiyasında istehsal olunur. 2011-ci ilin 6 ayı ərzində
Şəmkir SES üzrə proqnoza qarşı 634 milyon kilovat
saat əvəzinə 640 milyon kilovat saat elektrik enerjisi istehsal
edilib, plana 101 faiz əməl olunub. Yenikənd SES üzrə
251 milyon kilovat saata qarşı, 256 milyon kilovat saat elektrik
enerjisi istehsal edilərək plana 102 faiz əməl edilib.
Respublikamızda həyata keçirilən ən böyük
iqtisadi layihələrdən biri kimi Şəmkirçay dəryaçasının
tikintisi davam edir. Ümumi su tutumu 175 milyon kub metr, bəndin
hündürlüyü 190 metr olacaq bu dəryaçanın
tikintisi başa çatdıqdan sonra Şəmkir və ətraf
rayonlarda 75 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin
olunacaq. Artıq Gəncə və Şəmkir şəhərinin
içməli su təchizatına hazırlıq işləri
aparılır. Dəryaçanın qarşısında
qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqavat elektrik
enerjisi istehsal olunacaqdır. Dəryaçadan çəkiləcək
sağ və sol sahil kanallarının çəkilişinə
son hazırlıq işləri görülür. Rayonun ərazisində
qiymətli metalların və tikinti materiallarının
axtarış və kəşfiyyat işləri davam etdirilir.
Şəmkir
rayonunda geniş quruculuq, abadlıq, tikinti quraşdırma
işləri ötən müddət ərzində uğurla
həyata keçirilib. Bakı-Qazax avtomobil yolunun Şəmkir
rayonu ərazisindən keçən 42 km-lik hissəsi yenidən
qurularaq asfalt beton örtüyü salınıb. Bakı-Qazax
avtomobil yolundan Şəmkirçay dəryaçasına,
Şəmkirçay dəryaçasından isə rayonun Nərimanlı
kəndinə yeni avtomobil yolu çəkilib. Şəmkir-Gədəbəy
avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən
hissəsinə, Şəmkir-Posanlı, Şəmkir-Sərxan
avtomobil yollarına asfalt beton örtüyü çəkilib.
Şəmkir-Dəllər qəsəbə yoluna, Zəyəm-Düyərli
yolunun 1,5 km, Dəllər-Zəyəm yolunun 1,1 km hissəsinə,
Şəmkir şəhərinin Əzizbəyov, R.Rəhimov,
M.Füzuli, Ə.Cavad, M.C.Paşayev küçələrinə
asfalt salınıb, M.Əsədov və Sevil Qazıyeva
küçələrində asfalt salınmasına
hazırlıq işləri görülür.
Şəmkirdə yeni yollar çəkilir,
infrastruktur yenidən qurulur...
Şəmkir-Yeni
Göyçə-Dağ-Cəyir, Dağ-Cəyir-Günəşli
avtomobil yolları əsaslı təmir olunub, Kür qəsəbəsinə
gedən 12 km-lik avtomobil yolunun əsaslı təmiri Dövlət
Proqramına daxil edilib.
Hazırda
Şəmkir şəhərinin S.Vurğun küçəsində
yenidənqurma işləri aparılır, o cümlədən,
səkilərə tamet döşənir, bardurlar yenisi ilə
əvəz olunur, su arxları təzələnir, binaların
fasad hissələri müasir üslubda
abadlaşdırılır.
Rayon
əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatı
əhəmiyyətli dərəcədə
yaxşılaşdırılıb. Rayonun 37
yaşayış məntəqəsində 30242 abonentin mənzilinə
təbii qaz verilir. Rayon ərazisində son altı ay ərzində
1146 mənzilə təbii qaz verilib. Hazırda rayon əhalisinin
95 faizi qazdan istifadə edir. Cari ildə 4 yaşayış məntəqəsinə
təbii qazın verilməsi nəzərdə tutulub. İlin
sonuna kimi Qapanlı, Çaparlı, Məşədi
Hüseynli və Qılıncbəyli kəndlərinə təbii
qaz verilməsi təmin ediləcək.
Hesabat
dövründə rayonda 20 km məsafədən elektrik
verilişi xətləri təmir edilib, 1,1 km uzunluğunda
kabel xətləri çəkilib, 127 ədəd yeni
sayğac quraşdırılıb, 198 ədəd sayğac dəyişdirilib.
Hazırda Dəllər-Daşbulaq kəndində də elektrik
təchizatı yenidən qurulur, köhnə xətlər yeni
sip kabellərlə əvəz olunur. Zədəli və
istifadəyə yararsız olan 33 ədəd ağac dayaqlar
yenisi ilə əvəz olunub. Görülmüş tədbirlər
nəticəsində 2011-ci ilin iyun ayında təbii qazın
dəyərinin ödənişi 145,1 faiz, elektrik enerjisinin
ödənişi isə 100,10 faiz olub.
Birinci
yarımillikdə rayon üzrə 7 milyon 445 min manatlıq
tikinti-quraşdırma işləri aparılıb. Ötən
ilin eyni dövrü ilə müqayisədə
tikinti-quraşdırma işlərinin həcmi 47,7 faiz, pullu
xidmətlərin həcmi 10 faiz, əmtəə dövriyyəsinin
həcmi 12 faiz artıb.
Poçt
və rabitə müəssisələri tərəfindən
697 min manatlıq xidmət göstərilib ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 61,3 faiz
çoxdur. Rayonda kənd ATS-lərinin əksəriyyəti
yeni elektron ATS-lərlə əvəz olunub, Mahmudlu və Yeni
Həyat kəndlərində yeni elektron ATS-lərin
quraşdırılması ilin sonunadək başa
çatdırılacaq.
Rayonda
əhalinin su təchizatının
yaxşılaşdırılması istiqamətində tədbirlər
davam etdirilib. Zəyəm çayından Tatar kəndinə
11 km məsafədə, Təzəkənd kəndində 4 km
məsafədə içməli su xətləri istifadəyə
verilib. Şəhəri içməli su ilə təchiz edən
əsas su kəməri əsaslı təmir olunub, Nizami
küçəsində yerləşən kəhrizdə təmir
bərpa işləri aparılıb, peşə məktəbi
istiqamətində 1,6 km məsafədə su xətti əsaslı
təmir olunaraq borular yenisi ilə əvəz olunub.
Rayonda abadlıq-quruculuq işləri
sürətlənib...
Şəmkir
şəhəri son illər aparılan quruculuq və
abadlıq işləri sayəsində sürətlə
inkişaf edir. Ona görə də, şəhərin təmiz
və abad saxlanılması məqsədi ilə Şəmkir
rayon İcra Hakimiyyəti Başçısının 01 iyun
2009-cu il tarixli 106-nömrəli sərəncamı ilə Qərargah
yaradılıb, küçə və parklar rayonun idarə və
müəssisələrinə təhkim olunub. Hər həftənin
4-cü günləri rayon Qərargahının iclaslarında
şəhərin təmizliyi və abadlığı sahəsində
görülən işlər və mövcud vəziyyət ətraflı
təhlil edilir. Şəmkir şəhərinin mərkəzi
küçələrində və parklarında səliqə-səhman
yaradılır.
Ötən
6 ay rayonda təhsil sistemi irəliləyişlərlə də
yadda qalıb. Rayonun 81 ümumtəhsil məktəbindən
57-i yenidən tikilib və əsaslı təmir olunub. Son bir
il ərzində Təzəkənd kəndində 960, Zəyəm-Cırdaxan
kəndində 1200, Dəllər qəsəbəsində 880
şagird yerlik məktəb binaları istifadəyə verilib.
Qapanlı kəndində 460 şagird yerlik yeni məktəb
binasının tikintisi başa çatdırılaraq, istifadəyə
hazır vəziyyətə gətirilib. Abbaslı, Düyərli
və Şeidlər kəndlərində yeni məktəb
binaları tikintisinə başlanılacaq.
Heydər
Əliyev Fondunun vəsaiti hesabına Dəllər qəsəbəsində
tikilmiş yeni məktəb binasında Bakı-Oksford məktəbinin
filialı fəaliyyətə başlayıb. Hazırda həmin
məktəbdə 62 nəfər şagird təhsil alır.
Səhiyyə
sistemində aparılan islahatlar nəticəsində səhiyyə
müəssisələri yeni avadanlıqlarla təchiz edilib. Hazırda
rayonda əhaliyə 12 xəstəxana, 32 həkim məntəqəsi,
27 feldşer-mama məntəqəsi tibbi xidmət göstərir.
Rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi,
əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini
xeyli yaxşılaşdırılıb. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda
yeni doğum evinin, poliklinikanın tikintisi, Yoluxucu xəstəliklər
xəstəxanasının və Kür qəsəbə xəstəxanasının
əsaslı təmiri nəzərdə tutulub.
Son 6
ayda rayonun mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması diqqət mərkəzində
saxlanılıb. Şəhər Mədəniyyət evinə,
tarix-diyarşünaslıq muzeyinə yeni mebel, kompüter və
digər inventarlar alınıb. 2006-cı ilin noyabr ayından
rayonda fəaliyyət göstərən Heydər Əliyev
Muzeyində milli-vətənpərvərlik mövzusunda
kütləvi tədbirləri keçirilir. 2011-ci ilin iyul
ayından etibarən Heydər Əliyev Muzeyi Heydər Əliyev
Mərkəzinə çevrilib. Mərkəzdə Ulu öndərin
zəngin irsi və fəaliyyəti ilə bağlı arxiv,
dövrü mətbuat materialları, video-foto sənədləri
və digər materialları toplayan 15 nəfərdən ibarət
təhqiqat qrupu yaradılıb, Mərkəz texniki
avadanlıqlarla təchiz olunub. Burada kompüter və ingilis
dili kursları fəaliyyət göstərir. Həmçinin,
Mərkəzdə Ulu öndərin həyat və fəaliyyəti
ilə bağlı kitabxana yaradılıb.
Şəmkirdə Yeni Azərbaycan
Partiyasına böyük inam və etimad mövcuddur
Şəmkir
rayonunda yüksək siyasi aktivlik, ictimai-siyasi fəallıq
müşahidə olunur. Rayon sakinləri ictimai-siyasi proseslərdə
yaxından iştirak edərək ölkəmizin yüksək
inkişafı və güclənməsinə xidmət edən
bütün təşəbbüslərə dəstək
verirlər. Respublikamızın əsas aparıcı siyasi təşkilatı
olan Yeni Azərbaycan Partiyasına (YAP) dərin inam və etibar
şəmkirlilərdə partiya sıralarına axını
sürətləndirib. Ümummilli lider Heydər Əliyev
ideyalarına sadiq qalan Şəmkir sakinləri ictimai-siyasi,
iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə
həmişə seçiliblər. Onlar indiyə kimi
keçirilən bütün seçkilərdə Ulu öndərin
davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində
gücləndirən Prezident İlham Əliyevə və hakim
partiyaya sədaqətlərini nümayiş etdiriblər.
Şəmkirdə
YAP-ın üzvü olmaq istəyən insanların sayı hər
il durmadan artır. Hazırda YAP Şəmkir rayon təşkilatı
öz sıralarında 7850 nəfəri birləşdirir. 125
ilk partiya təşkilatında sıx birləşən YAP fəalları
partiya quruculuğuna öz töhfələrini verməyə
çalışırlar. Bunun nəticəsidir ki, son illərdə
YAP Şəmkir rayon təşkilatına üzv qəbul
olunanların, xüsusilə də, gənclərin
güclü axını başlayıb. Hazırda rayon təşkilatında
2164 nəfər gənc təmsil olunur. Gənclər öz təşəbbüskarlığı,
siyasi fəallıqları ilə böyük təcrübə
əldə ediblər.
Rayonda
fəaliyyət göstərən Heydər Əliyev Məktəbi
də davamlı olaraq müxtəlif seminar və konfranslar təşkil
edir. Bu cür tədbirlər gənclərdə xüsusi
maraq oyadır, Ulu öndərin müəyyən etdiyi sabitlik
və inkişaf strategiyasının mühüm nəticələri
onların zəngin biliklər əldə etməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
YAP
Şəmkir rayon təşkilatında qadınlar da öz fəallıqları
ilə seçilirlər. 3846 qadının üzv olduğu
rayon təşkilatında zərif cinsin nümayəndələrinin
birbaşa təşəbbüsü ilə müntəzəm
olaraq müxtəlif tədbir və seminarlar təşkil
olunur, ölkə həyatının inkişafına səbəb
olan aksiyalar keçirilir. Ümumiyyətlə, rayonda siyasi fəallıq
həmişə olduğu kimi, yüksək olaraq
qalmaqdadır. Şəmkirlilər dərin inam və qətiyyətlə
Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident
İlham Əliyevin həyata keçirdiyi mükəmməl
islahatları dəstəkləyirlər, respublikamızın
tərəqqisi və yüksək sosial rifahı naminə
YAP-a böyük etimad göstərirlər.
ELBRUS CƏFƏRLİ
Yeni Azərbaycan.- 2011.- 26 avqust.- S.
4.