Müstəqil Azərbaycan
iqtisadiyyatının 20 illik inkişaf yolu
Ötən
əsrin sonlarında dövlət müstəqilliyini bərpa
etmiş Azərbaycanın qarşısında yeni
formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi,
hüquqi qanunauyğunluqları dururdu. İnkişaf etmiş
dünya ölkələrinin təcrübəsi göstərir
ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi
inkişafı və yeniləşməsi, dünya birliyinə
inteqrasiyası, yeni iqtisadi münasibətlərin
formalaşması yalnız çoxmülkiyyətli bazar
iqtisadiyyatı, azad rəqabətin üstünlük təşkil
etdiyi şəraitdə mümkündür. 1991-1993-cü illərdə
ölkədəki siyasi-iqtisadi-sosial vəziyyətin hansı
dərəcədə ağır olması hamıya məlumdur.
Olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin
səciyyəvi olduğu həmin illərdə hakimiyyətdə
olan səriştəsiz qüvvələrin idarəçilik
qabiliyyətinin olmaması islahatların həyata keçirilməsini
mümkün edə bilmədi.
Gənc
respublikanın çökmüş iqtisadiyyatını bərpa
etmək, xaos və böhranı aradan qaldırmaq, siyasi və
iqtisadi sabitliyi bərpa etmək üçün möhkəm
iradə sahibinə, uzaqgörən, təmkinli və qətiyyətli
şəxsiyyətə, böyük siyasi təcrübəyə
malik dühaya ehtiyac var idi. Bu xarakterik keyfiyyətlər
yalnız Ümummilli lider Heydər Əliyevə məxsus idi
və dünya siyasət nəhənginin xalqın
bütöv və dönməz təkidi sayəsində
hakimiyyətə qayıdışından sonra qeyd etdiyimiz
siyasi-hüquqi-iqtisadi zərurətlərin reallaşması
mümkün oldu.
Ümummilli lider Heydər Əliyev
müstəqil Azərbaycanın iqtisadi inkişaf
doktrinasını hazırladı...
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan müstəqil Azərbaycanın iqtisadi inkişaf doktrinası hazırlandı. Fundamental iqtisadi inkişaf konsepsiyası hesab olunan bu sənəd ölkəmizin hərtərəfli tərəqqisi üçün dərin əsaslar yaratdı. Təkamül yolu ilə düşünülmüş və təmkinlə əsaslı islahatlar həyata keçirildi. Dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verildi ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yarandı.
Eyni zamanda, həmin illərdə ölkəmizin maliyyə resurslarını formalaşdırmaq üçün zəngin xammal ehtiyatlarının istismarı və dünya bazarlarına çıxarılması zəruri idi. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”ni imzalamaqla respublikamızın yaxın illər üçün güclü maliyyə resurslarının formalaşmasına baza yaratdı. Neft-qaz sektorunda həyata keçirilən genişmiqyaslı işlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomativ rolunu oynadı.
1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın
ilk Konstitusiyası isə respublikamızın siyasi-iqtisadi,
sosial-humanitar bölmələri ilə bağlı
bütün təfərrüatları özündə əks
etdirməklə strateji əhəmiyyətinə görə,
seçildi. Konstitusiya sahibkarlıq üçün, xarici
investisiyalar üçün, xüsusi mülkiyyətin
inkişafı üçün güclü təminat verdi. Bütün bu sistemli və əhatəli islahatlar nəticəsində
respublikamızın ümumi sosial inkişaf göstəriciləri
əhəmiyyətli dərəcədə
yaxşılaşdı. İqtisadiyyatda aparılan islahatlar
ölkənin maliyyə vəziyyətinin
yaxşılaşmasını, dövlət büdcəsinin
gəlirlərinin ildən-ilə artmasını təmin
etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən
daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə
artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı.
1995-2003-cü illərdə
Azərbaycan iqtisadi inkişaf və
yüksəliş yoluna qədəm qoydu...
Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. 1995-ci ildən başlayaraq iqtisadiyyatın artım tempi hər il əhəmiyyətli dərəcədə yüksəlməyə başladı. 1996-cı ildə ümumi daxili məhsul istehsalının artım tempi 1,5 faiz, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etdi. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə geriləmənin qarşısı alındı və bu bölmədə artım müşahidə edildi. Ümumilikdə, 1996-2002-ci illər ərzində sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artdı.
1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankerinin dünya bazarlarına çıxarılması isə respublikamızın etibarlı maliyyə ehtiyatlarının formalaşmasının əsasını qoydu. Bununla da, ölkəmizdə islahatların dinamikliyini daha da artırmaq, irimiqyaslı layihələr həyata keçirmək, əhalinin sosial yaşayışını yaxşılaşdırmaq üçün davamlı və etibarlı maliyyə rezervləri mənbəyi formalaşdı. Beləliklə, 1995-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoydu. Milli iqtisadiyyatın inkişaf dinamikası bütün sosial-iqtisadi bölmələrdə pozitivliyə səbəb oldu. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-cii ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manatı, xərcləri isə 1,7 milyard manat təşkil etdi.
Ulu öndərin həyata keçirdiyi kompleks və sistemli islahatları davam etdirən Prezident İlham Əliyevin müəyyən etdiyi mükəmməl iqtisadi strategiya nəticəsində Azərbaycan iqtisadiyyatında yeni dinamizm elementləri müşahidə olunmağa başladı. Həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası sayəsində ölkəmizin maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialı yaradılıb, sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları artıb, manatın məzənnəsinin sabitliyi qorunub saxlanılıb. Keçid iqtisadiyyatını arxada qoyan Azərbaycan iqtisadiyyatı irimiqyaslı islahatlarla müşayiət olunmaqla zamanın çağırışlarına cavab verən növbəti inkişaf mərhələsinə qədəm qoyub.
2003-cü ildən başlayaraq respublikamızın iqtisadiyyatında pozitiv meyillər daha da dərinləşib, maliyyə-büdcə-valyuta ehtiyatları yüksəlib. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) artımı intensiv xarakter alıb. 2003-cü ildə 8 milyard dollarlıq ÜDM istehsal edən Azərbaycanda isə ümumi daxili məhsul istehsalının həcmi hazırda 50 milyard dollardan artıqdır. Digər region ölkələrini müqayisə edək.
İşğalçı Ermənistanda əsas
ÜDM-in həcmi hazırda 8 milyard dollara bərabərdir. Yəni,
Azərbaycanla müqayisədə 7-8 dəfə az. Bu bədnam
ölkənin milli məhsul istehsalı son 8 ildə cəmi
3,4 dəfə artıb. 2003-cü ildə ÜDM təxminən
2,6 milyard dollar idisə, hazırda qeyd etdiyimiz kimi 8 milyard
dollardır. Qonşu Gürcüstanda ÜDM-in həcmi 12
milyard dollar təşkil edir ki, bu da 2003-cü illə nisbətdə
(2003-cü ildə 4,3 milyard dollar) təxminən 4 dəfə
artım deməkdir.
Azərbaycan regionda güclü iqtisadiyyata malik ölkəyə
çevrilib...
Son 8 ildə ölkəmizin strateji valyuta ehtiyatlarının illik artımı da yüksələn xətlə gedir. Valyuta rezervlərinin artım dinamikasına təbii ki, ölkə iqtisadiyyatının inkişaf indikatorları öz mühüm təsirini göstərməkdədir. Respublikamızın ixrac imkanlarının artması, dünya bazarında baş verən dəyişikliklər, beynəlxalq valyuta sistemindəki proseslər və digər amillər ölkəmizin valyuta ehtiyatlarının artması üçün təkanverici faktor rolunu oynayıb. Bakı-Tbilisi-Ceyhan kəməri ilə Avropa bazarlarına neft ixracının başlanması valyuta rezervlərinin illik artım tempini daha da sürətləndirib. Son 8 ildə strateji valyuta ehtiyatlarının həcmi 20 dəfəyə yaxın artıb. 2003-cü ildə respublikamızın valyuta gəlirləri təxminən 1,8 milyard dollara bərabər idisə, hazırda bu rəqəm təxminən 40 milyard dollar təşkil edir. Azərbaycan valyuta sərvətlərinin həcminə görə, Gürcüstandan 14, Ermənistandan isə 20 dəfədən güclüdür. Azərbaycanın neft və qaz satışı ilə bağlı yaxın gələcəkdə valyuta ehtiyatlarının həcminin daha sürətlə artacağını nəzərə alsaq qonşuları ilə arasında bu göstərici üzrə yaranan fərq bir qədər də böyüyəcək.
Azərbaycanın strateji valyuta ehtiyatları ilə bərabər, real büdcə gəlirlərinin də hər il yüksək artım dinamikası müşahidə olunur. Büdcə gəlirlərinin dinamikası 2003-cü ildən etibarən daha sürətlə artmağa başlayıb. 2003-2010-cu illər ərzində büdcə vəsaitlərinin ümumi həcmi 17 dəfəyə yaxın yüksəlib. 2003-cü ildə 1,2 milyard manata bərabər olan büdcə vəsaitlərinin həcmi hazırda 20 milyard dollara bərabərdir. Bu, dövlət büdcəsinin gəlirlərinin son 8 ildə 17 dəfəyə yaxın artımı deməkdir. Müqayisə üçün yenə də Cənubi Qafqaz bölgəsinin digər ölkələrinin mövcud maliyyə göstəricilərini və büdcə vəsaitlərinin vəziyyətini nəzərdən keçirək. Hazırda Gürcüstanın büdcə vəsaitlərinin həcmi 4 milyard dollar, Ermənistanın büdcəsi isə 2,8 milyard dollara bərabərdir. Hər iki ölkə Azərbaycanla müqayisədə 7-8 dəfə aşağıda dayanır. Bunun nəticəsidir ki, Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatındakı payı 75 faizindən çoxdur.
Mövcud maliyyə-fiskal indikatorlar ölkəmizin əhalisinin aylıq gəlirlərində və pensiya təminatında da nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Respublikamızda son 8 ildə orta aylıq əməkhaqqı 4 dəfə artıb, minimum əməkhaqqının artım tempi isə 6,5 dəfə, orta pensiya artımı 4 dəfədən çox olub. Halbuki yuxarıda müqayisə apardığımız ölkələrin vətəndaşlarının orta aylıq əməkhaqqı və pensiya üzrə göstəriciləri Azərbaycanla nisbətdə 2-3 dəfədən çox aşağıdır. Yeri gəlmişkən, ölkəmizdə əmək pensiyaçılarının pensiyalarına əlavələrin olunmasından sonra 1 milyon nəfər əmək pensiyaçısının pensiyası 40 faiz artıb ki, bu, dünya üzrə ən yüksək göstərici sayıla bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bu, MDB məkanında necə deyərlər, ən birinci göstəricidir və dünya miqyasında da biz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşırıq”.
Respublikamızda
yaradılmış əlverişli sərmayə mühiti
xarici sərmayəçilərin və dünyanın
nüfuzlu maliyyə qurumlarının iqtisadiyyatın
bütün bölmələrinə investisiya
qoyuluşlarının əhəmiyyətli dərəcədə
artmasına səbəb olub. 1994-cü ildən indiyədək
ölkə iqtisadiyyatına yatırılan sərmayələrin
həcmi 100 milyard dollara çatıb. Azərbaycan birbaşa
xarici sərmayələrin həcminə görə MDB məkanında
birinci sıralarda dayanır.
Prezident İlham Əliyev
respublikamızın müasir inkişaf modelinin müəllifidir...
Azərbaycan ötən 20 illik tarixi bir dövrdə makroiqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, demoqrafik durum, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ev təsərrüfatlarının vəziyyəti, ətraf mühit, infrastruktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər üzrə yüksək inkişaf yolu keçib. Nəticədə respublikamız dünyada insan inkişafı indeksi üzrə pozitiv nəticələr əldə edib. 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. 2005-ci ildə bu göstərici üzrə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2010-cu ildə 67-ci sırada yer alıb. Hesabatın əhatə etdiyi 169 ölkə arasında respublikamız ən islahatçı və pozitiv irəliləyişlərə nail olan dövlətlər sırasında qərarlaşıb. Respublikamız 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olub. Azərbaycan “orta insan inkişafı” qrupu ölkələri”ni tərk edərək, “yüksək insan inkişafı” ölkələri” kateqoriyasına daxil olub.
2010-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı struktur baxımından tam modernləşmə mərhələsinə qədəm qoyub və təbii ki, bu tendensiya birbaşa yeni iqtisadi inkişaf modelinin məntiqi nəticəsidir. Ölkəmizin milli iqtisadi inkişaf modeli bazar iqtisadiyyatı və makroiqtisadi idarəetmənin müasir strukturunun yenilənməsinə, sosialyönümlü bazar iqtisadiyyatının güclənməsinə, iqtisadi artımın sürətlənməsinə, iqtisadiyyatın şaxələndirilməsi fonunda ölkəmizin davamlı inkişafına baza yaradır. 2009-cu ilin mart ayında ölkə Konstitusiyasına edilmiş dəyişiklikləri də pozitiv demokratik islahatların və yeni iqtisadi modelin, iqtisadiyyatın modernizasiyasının tələbləri kimi səciyyələndirmək tam məntiqəuyğundur.
XXI əsrin birinci onilliyini yüksək nailiyyətlərlə başa vuran Azərbaycan ikinci onillikdə daha sürətlə inkişaf edən ölkəyə çevriləcək. Bunu beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bəyan edir. Məsələn, BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, “orta gəlirli ölkələr” qrupuna daxil olmaq qısa müddətdə mümkün olmur. 1950-ci ildən sonra belə bir inkişafa 13 ölkə nail olub. Azərbaycanın tam imkanı vardır ki, bu statusu qazanan 14-cü dövlət olsun. Bu mənada XXI əsrin ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı dövrdə - yeni onillikdə innovativ iqtisadiyyata malik olan respublikamız dünya miqyasında siyasi, iqtisadi, sosial, maliyyə gücünə görə strateji mövqeyə malik olacaq.
ELBRUS CƏFƏRLİ
“İqtisadi İnkişaf Nazirliyi tərəfindən
“Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər”
mövzusunda KİV nümayəndələri arasında elan
edilmiş yaradıcılıq müsabiqəsinə təqdim
edilir”
Yeni Azərbaycan.-
2011.- 27 avqust.- S. 7.