Azərbaycanın
dövlət-din münasibətləri beynəlxalq aləmdə
nümunəvi model kimi qəbul edilir
Hidayət Orucov: Heç bir xarici
dövlətin ölkəmizin daxili işlərinə və
din siyasətinə müdaxilə etməyə nə
hüququ, nə də mənəvi haqqı var
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Hidayət Orucov qəzetimizə müsahibə verib:
- Hazırda bütün dünya müsəlmanları müqəddəs Ramazan bayramını qeyd etməyə hazırlaşır. İslamın ən vacib tələblərindən birini yerinə yetirərək oruc tuturlar. Sizcə, bu ayın digər aylardan fərqi nədədir? Ramazan ayının fəzilətləri nədən ibarətdir?
- Müsəlmanlar orucu Allahın razılığını qazanmaq və onun buyruğunu yerinə yetirmək məqsədi ilə tutur. Amma məncə, orucun hikməti və faydaları arxa plana keçməməlidir, əksinə, bir qədər önə çəkilməlidir. Çünki Allah üçün nəzərdə tutulan hər ibadət mahiyyəti dərk edilərək, saf duyğularla həyata keçirildiyi təqdirdə faydalı ola bilər.
İslamda hər ibadətin xüsusi dəyəri, mahiyyət və hikməti olduğu kimi, orucun da öz hikməti var. İslam inancına görə, Allahın buyurduğu bu ibadət, sadəcə, yemək və içməkdən uzaq durmaq yox, eyni zamanda, pis əməllərdən uzaqlaşmaq deməkdir. Müsəlmanın mədəsi qidadan uzaq olduğu kimi, dili yalandan, əlləri haram işlərdən, gözləri harama baxmaqdan, qulaqları yalan və qeybət dinləməkdən, ayaqları pis iş arxasınca getməkdən uzaqlaşıb, orucdan nəsibini almalıdır. Yəni hər orqan orucla bağlı vəzifəsini icra edərək, bu ibadətin mükəmməl şəkildə yerinə yetirilməsini təmin etməlidir. Məncə, bu, oruca təkcə dini yox, həm də bəşəri yanaşma sayıla bilər. Bu baxımdan, İslamdakı oruc ibadətini insanı mənəvi, dini terminlə desək, ruhi cəhətdən formalaşdıran mükəmməl sistem də adlandırmaq olar.
Şübhəsiz ki, orucun tibbi baxımdan da faydaları var. Həzrət Peyğəmbər hədislərinin birində orucun sağlamlıq üçün əhəmiyyətini vurğulayaraq deyir ki, oruc tutun, sağlamlıq taparsınız. Peyğəmbərin bu fikrini müasir tibb elmi də təsdiqləyir. Almaniyada, eləcə də, Avropanın bir sıra başqa ölkələrində yeni açılmış klinikalarda mədə xəstəlikləri, hətta alkoqol və narkotik asılılığı orucla müalicə edirlər. Bu sahədə tədqiqat aparan avropalı mütəxəssislərdən biri orucu “bıçaqsız əməliyyat” adlandırır.
1940-cı ildə tibb üzrə Nobel mükafatı almış məşhur elm adamı doktor Aleksis Karrel yazılarının birində oruc vaxtı orqanizmdə artıq yığılmış qidalandırıcı maddələrin sərf edildiyini, sonra onların yerinə təzələrinin gəldiyini və beləliklə də, bütün vücudda yeniləşmə prosesinin baş verdiyini qeyd etmişdir.
- Ölkəmizdə dini qayda-qanunların, bayramların keçirilməsi üçün dövlət səviyyəsində yaradılan şəraiti necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycanda mövcud olan dini vəziyyətlə, dövlət - din münasibətlərinin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan hökuməti dini mənsubiyyətindən asılı olmayaraq, dindarların öz bayramlarını yüksək səviyyədə keçirmələri üçün bütün lazımi şəraiti yaradır. Əminliklə deyə bilərəm ki, müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər, digər dinlərin mənsubları da bayramlarını və əlamətdar günləri istədikləri kimi qeyd edirlər. Bunun üçün Azərbaycanda həm hüquqi baza - vicdan azadlığı, həm mənəvi zəmin - yüksək tolerantlıq ənənələri, həm də möhkəmlənmiş ictimai sabitlik var.
Məncə, bu reallığı hər kəs təsdiqləyə bilər. Çünki ölkəmizdəki tolerantlıq mühitini və dövlətin dini dəyərlərə yüksək münasibətini görməmək mümkün deyil. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsinə və mövcud vəziyyətinə görə, dünyada nümunəvi ölkələrdən hesab edilir. Bu təkcə azərbaycanlıların qürurla bəyan etdikləri fakt deyil, həm də beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu din xadimlərinin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta fəxrlə deyə bilərəm ki, Azərbaycanın dövlət-din münasibətləri bu gün nümunəvi model kimi qəbul olunur və öyrənilir. Bu sahədə çalışan beynəlxalq ekspertlər etiraf edirlər ki, ölkəmizdə dövlətlə dini qurumlar arasındakı qarşılıqlı etimad mühiti, eləcə də, dini konfessiyalar arasındakı əməkdaşlığın səviyyəsi ən demokratik cəmiyyətlərlə müqayisə oluna bilər.
- Dini qurumların qeydiyyatı məsələləri hansı səviyyədədir? Bu istiqamətdə müəyyən problemlərin olması yönündəki iddialar haqqında nə deyə bilərsiniz?
- 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, həmin dövrədək yaradılmış dini qurumların nizamnamələri və digər təsis sənədləri yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalı və dini qurumlar 2010-cu ilin yanvarın 1-dək yenidən dövlət qeydiyyatından keçmək üçün sənədlərini Dövlət Komitəsinə təqdim etməli idilər.
Qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərmək istəyən bütün dini qurumların yenidən və ilk dəfə qeydiyyata alınması zərurəti ondan irəli gəlmişdi ki, bu sahədə yaranmış pərakəndəlik aradan qaldırılsın və dini qurumların fəaliyyətində şəffaflıq yaransın. Çünki Qanuna əlavə və dəyişikliklər edilənədək bir çox dini qurumlar dövlət qeydiyyatından keçmədən, qeyri-rəsmi fəaliyyət göstərirdilər.
Qanuna edilmiş əlavə və dəyişikliklərlə, xüsusilə, qeydiyyat proseduru ilə bağlı elektron və yazılı KİV vasitəsilə cəmiyyətdə geniş maarifləndirmə işi aparıldı, yerli icra hakimiyyəti orqanları ilə birgə dini icmaların və dindarların iştirakı ilə bütün şəhər və rayonlarda seminar-treninqlər keçirildi, eləcə də müvafiq təlimatlar və qaydalar “Dövlət və Din” ictimai fikir toplusunda, “Cəmiyyət və Din” qəzetində dərc edilərək, dini qurumlar və dindarlar arasında yayıldı. Nəticədə Qanuna əlavə və dəyişikliklər ediləndən sonra Dövlət Komitəsinə 782 dini qurumun sənədi daxil oldu və onların böyük əksəriyyəti ilk dəfə və ya yenidən dövlət qeydiyyatına alındı. Hazırda qeydiyyat prosesi davam edir. Ümumiyyətlə, dini qurumların qeydiyyatdan keçmə proseduru olduqca sadədir və şəffaflıq prinsiplərinə əsaslanır. Bütün bunlar onu deməyə əsas verir ki, dini qurumların dövlət qeydiyyatına alınmasında heç bir problem yoxdur. Bunun əksini iddia edənlər ya həqiqəti görmürlər, ya da məqsədli şəkildə görmək istəmirlər.
- Tarixi-dini abidələrimizin təmiri və tikintisi istiqamətində hansı işlər görülməkdədir?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif konfessiyalara mənsub dini ibadət evlərinin tikintisi və bərpasına lazımi şərait yaradılması prioritet istiqamətlərdən biri olub. Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu mütərəqqi ənənələri uğurla davam etdirməsi nəticəsində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahlarda əsaslı bərpa və yenidənqurma işləri aparıldıqdan sonra dindarların istifadəsinə verilib. Hazırda Bakıda Əjdərbəy, Həzrət Məhəmməd, Şamaxıda Cümə məscidlərində və Gəncədə İmamzadə ziyarətgah kompleksində bərpa və yenidənqurma işləri davam etdirilir. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə təmir edilən Bakı şəhərinin kənd və qəsəbələrindəki Buzovna Cümə məscidi, Mərdəkanda Pir Həsən ziyarətgahı, Binə qəsəbəsində İmam Rza və Möhsün Səlim məscidləri, eləcə də, Daşkəsən şəhəri Cümə, Gəncə şəhəri Şah Abbas və Həzrət Zeynəb məscidləri dindarların istifadəsinə verilib.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar, eləcə də, digər ibadət evləri bərpa edilib, hətta Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunub.
Bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri üçün Bakı şəhərinin mərkəzində tikilmiş yeni sinaqoq dindarların istifadəsinə verilib. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən bu sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də, İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak ediblər.
Eyni zamanda, ötən il Quba rayonunun Qırmızı qəsəbəsində Giləki sinaqoqun əsaslı təmiri başa çatıb. Bu ilin iyun ayında isə Qax rayonu Əlibəyli kəndində gürcü-pravoslav məbədinin-Müqəddəs Nino kilsəsinin təmirdən sonra açılış mərasimi keçirilib. Hazırda Qəbələ rayonunun Nic qəsəbəsindəki Çotari kilsəsində təmir işləri aparılır.
Bu sahədə həyata keçirilən tədbirlər ölkə Prezidentinin diqqət mərkəzindədir və bu qəbildən olan işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
- Bəzən müxtəlif din xadimləri siyasi maraqlardan çıxış edərək, bu və ya digər ölkənin daxili işlərinə qarışmağa cəhd edirlər. Buna münasibətiniz necədir?
- Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin, xarici siyasi və dini dairələrin ölkəmizin daxili işlərinə və din siyasətinə müdaxilə etməyə nə hüquqi, nə də mənəvi haqqı var. Əslində, bu istiqamətdə edilən cəhdlər din təəssübkeşliyindən yox, məkrli, riyakar planları həyata keçirmək istəyindən irəli gəlir. Əgər hansısa dövlət və ya onun təsir dairəsindəki qüvvələr ölkəmizdə din pərdəsi altında məqsədinə nail olacağını düşünürsə, yanılır. Çünki buna nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz imkan verəcək. İnsanlarımız, o cümlədən, dindarlar həqiqəti bilirlər. Yalançı din təəssübkeşlərinin, İslam adından danışan siyasətbaz “din xadimləri”nin onları aldatması mümkün deyil.
- Dünyada qloballaşmanın daha da genişləndiyi və insanların, xalqların birgə yaşamaq meyillərinin artmasının vacib olduğu bir vaxtda, bəzən əks meyillərin, dini qarşıdurma cəhdlərinin artdığını müşahidə edirik. Hətta müəyyən güc mərkəzləri bu məsələdən öz hegemoniyasını genişləndirmək məqsədilə istifadə edirlər. Proseslərin bu istiqamətdə cərəyan etməsinə münasibətiniz necədir və ümumiyyətlə, Qərbin bəzi antiislamçı dairələrində qeyri-rəsmi də olsa mövcud olan antiislam münasibətini nə ilə əlaqələndirirsiniz?
- Dünyada, xüsusilə, Avrasiya regionunda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın böyük rolu olub. Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslam tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan, əsrlər boyu regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə həm də İslam dininə minnətdar olmalıdırlar.
Ancaq çox təəssüf ki, son zamanlar dünyanın müxtəlif regionlarındakı müsəlmanları ekstremist, təməlçi, tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə çalışan şəxslər də yox deyildir. Nə qədər acı olsa da, belələrinə və İslamı humanizmdən uzaq din kimi qələmə vermə hallarına bəzi Avropa ölkələrində tez-tez rast gəlinir.
Eyni zamanda, müsəlmanlar arasında məqsədli şəkildə nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır. Amma onu da etiraf edək ki, bəzən bu cür hallar İslam dünyasının daxilində gedən proseslərdən, müsəlmanların özlərindən qaynaqlanır. Belə vəziyyətdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dinlərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması, xüsusilə, dini maarifləndirmə işinin sağlam və mötəbər qaynaqlar əsasında həyata keçirilməsi daha böyük həssaslıq tələb edir.
Fikrimcə, dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparılması təkcə müsəlmanlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, həmrəylik və birlik hissinin gücləndirilməsi deyil, həm də dünyada İslamla bağlı həqiqətlərin yayılması, bu dinə qarşı olan mənfi fikirlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıyır. Ona görə də, İslamla bağlı həqiqətlərin yayılması, müsəlmanlara qarşı ədalətsizliyin aradan qaldırılması və İslam dünyasının inkişafı üçün düzgün maarifləndirməni zəruri şərt hesab edirəm.
- Sonda maraqlı müsahibəyə görə təşəkkürümüzü bildirir və sizi həm qarşıdan gələn Ramazan bayramı, həm də ad gününüz münasibətilə təbrik edir, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
- Çox sağ olun, təşəkkür edirəm. Mən də fürsətdən istifadə edərək, qəzetiniz vasitəsilə müsəlman vətəndaşlarımızı Ramazan bayramı münasibəti ilə təbrik edir, süfrələrinin bərəkətli, dualarının qəbul olmasını arzulayıram.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2011.- 28 avqust.- S.
3.