20 illik müstəqillik
dövründə əldə olunan uğurlar milli birliyə,
dövlətçiliyə - Ulu öndər Heydər Əliyev
siyasi xəttinə sədaqətin bəhrəsidir
Bu il
Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsinin 20 ili tamam olur. 20 il zaman olaraq böyük bir
dövrü əhatə edə bilər, amma dövlətçiliyin
yaranması, inkişafı baxımından, bu, olduqca
kiçik bir zaman kəsimidir. Bununla belə, milli maraqlara
söykənən dövlət siyasəti nəticəsində
Azərbaycan ötən 20 ildə
böyük nailiyyətlər qazanıb.
İlk olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqillik əldə etməsi olduqca ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Yenicə müstəqilliyini qazanmış bütün Sovet respublikaları kimi, Azərbaycanın da qarşısında yeni dövrün mühüm siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları və bu qanunauyğunluqdan doğan islahatların həyata keçirilməsi zərurəti dururdu. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası keçmiş SSRİ-nin tərkibindən çıxıb müstəqilliyini elan etdikdən sonra təbii olaraq, bir sıra boyük problemlərlə üzləşmişdi. Sovet imperiyasının dağılmasından sonra düzəni, sistemi tamamilə dəyişmiş dövlətin yeni şəraitdə yaşaması və inkişafı üçün genişmiqyaslı islahatlara və radikal qərarlara ehtiyac var idi. Təəssüf ki, olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin mövcud olduğu 1990-cı illərin əvvəlində hakimiyyəti ələ alan səriştəsiz qüvvələr bu həyati əhəmiyyət daşıyan islahatları reallaşdıra bilmədilər. Əksinə, bu qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı.
Məhz belə bir şəraitdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra-1993-cü ilin iyunundan başlayaraq Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin inkişafı istiqamətində mühüm qərarlar qəbul olundu, böyük dəyişikliklərə start verildi. Ulu öndərin ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Ölkə daxilində mövcud olan problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal və qətiyyətli addımlar atmasına imkan yaradırdı. Bu isə qarşıda yeni çağırışların olduğunu göstərirdi. Azərbaycan öz müstəqilliyini dünyada qəbul etdirmək və tanıtdırmalı idi. Doğrudur, bir-birinin ardınca böyük dövlətlərin Azərbaycanı müstəqil ölkə kimi tanıması bu müstəqilliyin təsdiqi olsa da, ondan sonrakı mərhələlərdə daha böyük addımların atılmasına və yaranmış imkanlardan maksimum istifadəyə ciddi ehtiyac yaranmışdı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə və ümumilikdə dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə ardıcıl səfərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində az zaman içərisində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, çevik və məqsədyönlü xarici siyasət doktrinasının zərgər dəqiqliyi ilə həyata keçirilməsi Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması və işğalçı Ermənistan dövləti istisna olmaqla, bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu münasibətlərin inkişafını şərtləndirdi. Bu gün Prezident İlham Əliyevin davam etdirdiyi bu xarici siyasət kursu bütün dünyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə yol açıb. Məhz dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan diplomatik cəbhədə aşkar üstünlük qazanıb. Diplomatik uğurlarla yanaşı, ötən dövrdə Azərbaycanda ordu quruculuğuna da xüsusi diqqət yetirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Azərbaycanda dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsait bütövlükdə, Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu fakt onu göstərir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazırdır. Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda ən güclü ordu olması beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.
Ötən 20 ildə əldə olunan ən böyük nailiyyətlərdən biri də 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun daha təkmil mərhələyə qədəm qoymasıdır. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Bu, dövlətin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsasları qoyuldu.
Ötən 20 il ərzində iqtisadi sferada da çox böyük nailiyyətlər əldə olunub. Həyata keçirilən mütərəqqi islahatlar nəticəsində ölkəmizin büdcəsi on dəfələrlə yüksəlib. Bu gün Azərbaycanın dövlət büdcəsi 20 milyard dollar həcmindədir. Ölkəmizdə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan nəinki bölgədə, bəlkə də daha böyük bir coğrafiyada təqaüdlərlə bağlı ən uğurlu islahatları həyata keçirən dövlətdir.
Sirr deyil ki, neft-qaz sektoru hazırda iqtisadiyyatımızın digər sahələrinin inkişafında lokomativ rolunu oynayır. Keçid iqtisadiyyatından sonrakı yeni inkişaf mərhələsində ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən və bu sektora aid müəssisələrin yüksək keyfiyyətə malik məhsul istehsalını artırmaqdan ibarətdir. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru böyük gəlirlər gətirə biləcək strateji bölməyə çevrilib. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, həyata keçirilən siyasət Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə müşayiət olunur. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş 2004-2008-ci illəri əhatə edən “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurla icra olunması nəticəsində bölgələrimizdə ciddi dəyişikliklər baş verib. Hazırda isə ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2009-2013-cü illər)” Dövlət Proqramının icrası həyata keçirilir, dövlət başçısı bölgələrdə bu proqram çərçivəsində reallaşan işlərlə mütəmadi tanış olur, görülən işlərə nəzarət edir. Bunların nəticəsində də ölkəmizin bütün guşələrində abadlıq və quruculuq işləri gedir, yeni istehsal müəssisələri yaradılır, yeni məktəb, xəstəxana binaları tikilib istifadəyə verilir. Görülən işlərin ifadəsi olaraq 2004-cü ildən indiyə qədər Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılıb. Azərbaycan Prezidenti bəyan edib ki, dövlət proqramının icrası nəticəsində 2013-cü ilə qədər bölgələrin bütün sosial-iqtisadi problemləri öz həllini tapacaq.
Təbii ki, 20 illik müstəqillik tariximizdə ölkəmizin siyasi spektri də kifayət qədər zənginləşib. Amma siyasi həyatımızda mühüm yer tutan siyasi qurum isə birmənalı şəkildə Yeni Azərbaycan Partiyasıdır. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası həqiqətən də son 20 illik tariximizin şanlı səhifələrindəndir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib. Ümummilli liderimizin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə YAP-ın inkişafında yeni mərhələ başlamışdır. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Və YAP bu missiyanı olduqca yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi. Bu gün öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən 540 mindən artıq üzvü birləşdirən YAP, Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Müstəqil Azərbaycan tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını xalqla olan vəhdətindən əldə edir. Yeni Azərbaycan Partiyasının ən böyük özəlliyi hər zaman ümumxalq mövqeyindən çıxış etməsidir. Bəzi siyasi təşkilatlar yalnız seçkidən seçkiyə fəallaşsa da, YAP bütün zamanlarda ictimai prosesin önündə yer alır. Bu da seçicilərin partiyamıza olan inamının artmasına səbəb olan amillərdəndir. Digər tərəfdən, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti möhtərəm İlham Əliyevin siyasəti nəticəsində reallaşan iqtisadi-sosial inkişaf xalqımızın partiyamıza etimadının güclənməsinin əsas səbəblərindən biridir. YAP-ın bütün üzvləri hər zaman ictimaiyyət qarşısında hesabat verməyi özünə borc bilir. Bunun nəticəsində də partiyamız inkişaf edir, güclənir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, YAP üçüncü minilliyin partiyasıdır.
Digər tərəfdən, ölkəmizdə fəaliyyət göstərən bəzi siyasi qüvvələr adını müxalifət qoyaraq dövlətin maraqlarına zərbə endirməyə çalışırlar. Bu, yolverilməzdir. Həmin insanlar bəzi məqamlarda siyasi mövqelərini-müxalifətçiliklərini peşəyə çevirməyə çalışırlar. Amma anlamaq lazımdır ki, müxalifətçilik peşə deyil, siyasi düşüncə tərzidir, opponentlik mədəniyyətidir. Amma ölkəmizdə adını müxalifətçi qoyan bəzi insanlar bu düşüncə tərzini yalnız dövlət maraqlarının şəxsi maraqlar müstəvisində tapdanması, həlledici məqamlarda milli maraqlara zərbə vurmaq kimi dərk edirlər. Amma gec-tez bu cür destruktiv siyasi qruplaşmalar siyasi səhnəni təbii yolla tərk edəcəklər. Çünki onlar xalq arasında bütün dayaqlarını itiriblər. Təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz inkişaf edir, əhalinin sosial rifahı yüksəlməkdədir. Belə olan halda isə müxalifət partiyaları siyasi səhnədən silinməkdədirlər. Bu partiyaların rəhbərləri anlamalıdır ki, Azərbaycan Prezidenti kifayət qədər cəsarətli, qətiyyətli şəxsdir və milli maraqları öz siyasətinin əsas qayəsi hesab edir. Onu da vurğulamaq istərdim ki, müxalifətin əsassız iddialarına cavab vermək üçün partiyamızın tribunası, mətbuorqanı mövcuddur və YAP fəalları bu tribuna vasitəsilə qarşı tərəfə tutarlı cavab vermək imkanına malikdirlər.
Son olaraq bir daha qeyd etmək istərdim ki, ötən 20 il ölkəmizin tarixində yalnız inkişaf və irəliləyişlərlə xarakterizə olunmalıdır. İnanıram ki, bu inkişaf gələcək illərdə daha sürətli və dinamik olacaq, ölkəmizin iqtisadi-siyasi dayaqları daha da möhkəmlənəcək. Bunun üçün ölkəmizdə lazım olan bütün imkanlar yaradılıb.
Vaqif Hüseynov,
YAP Siyasi
Şurasının üzvü,
İqtisad elmləri üzrə fəlsəfə
doktoru
Yeni Azərbaycan.- 2011.- 28 avqust.- S.
3.