Azərbaycan gəncləri
dövlətin qayğısı ilə əhatə olunub
Azərbaycan Gənclər Təşkilatları
Milli Şurasının sədri, Milli Məclisin deputatı
Fuad Muradov www.yap.org.az saytına müsahibə verib:
- Fuad müəllim, Azərbaycanda
hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd olunur.
Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən
dövlət gənclər siyasəti haqqında nə deyə
bilərsiniz?
- Öncə 2 Fevral - Gənclər
Günü münasibətilə bütün Azərbaycan gənclərini
təbrik edirəm. Məlum olduğu kimi, Azərbaycanda gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Müstəqilliyimiz əldə olunan dövrdən
bəri ölkəmizdə gənclər hər zaman avanqard
bir təbəqə kimi seçiliblər, müstəqilliyimizin,
suverenliyimizin keşiyində dayanıblar. Ulu öndər Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı bu istiqamətdə
əsas təkanverici faktor rolunu oynayıb. Təsadüfi deyil
ki, məhz Ümummilli liderimiz 1994-cü ildə ölkədə
Gənclər və İdman Nazirliyinin yaradılması ilə
bağlı qərar verdi. Bununla yanaşı, həmin
dövrlərdə Gənclər Təşkilatları Milli
Şurasının, gənclərlə bağlı digər
QHT-lərin yaranmasına göstərilən kömək bu
prosesdə mühüm rol oynadı. Gənclərə
dövlət tərəfindən verilən bu dəstəyin
davamı kimi, Azərbaycan Gənclər Forumunun keçirilməsi
mühüm əhəmiyyətə malik idi. Onu da xüsusi
olaraq qeyd edim ki, əsası məhz o dövrdən qoyulan
dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Yüksək iqtisadi-siyasi inkişaf əldə
etmiş Azərbaycanda bu gün gənclərlə
bağlı tələblər də fərqlidir. Hazırda gənclərimizin
inkişafı üçün bir sıra proqramlar həyata
keçirilir. Gənclərimizə Avropada təhsil almaq
üçün yüksək şərait, elmin fərqli sahələri
ilə bağlı gənclərin fəaliyyəti
üçün geniş imkanlar yaradılıb. Bütün
bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət
siyasətinin tərkib hissəsinə çevrilən gənclər
siyasəti dünyada öndə gedən modellərdən
biridir.
- Gənclərlə
bağlı qanunvericilik bazasını necə dəyərləndirmək
mümkündür?
- Milli Məclis bu
yaxınlarda müvafiq qanunvericiliyə dəyişikliklər
edib. Bu da təsadüfi deyil. Çünki dövlət gənclər
siyasəti ilə bağlı ilk qanunumuz 1997-ci ildə qəbul
olunmuşdu. Təbii ki, bu qanunun müasirləşdirilməsi,
təkmilləşdirilməsi ilə bağlı hansısa
addımların atılması lazım idi və bu addımlar
atıldı. Hesab edirəm ki, bu gün dövlətimiz gənclərlə
bağlı siyasəti lazımi səviyyədə diqqətdə
saxlayır. Bununla yanaşı, gənclərə öz bilik
və bacarıqlarını həyata keçirmək
üçün maksimal şərait yaradılır. Digər
məqam isə gənclərin sosial problemlərinin həlli
ilə bağlıdır ki, fikrimcə, dövlətimiz bunun da
həlli istiqamətində vacib addımlar atmaqdadır. Biz hər
zaman gənclərlə bağlı siyasətin tam mükəmməl
olmasını istəyirik və bununla əlaqədar cəmiyyətimizin
gənclərlə bağlı olan qurumları - QHT-lər,
dövlət strukturları çalışırlar. Bu istiqamətdə
Azərbaycan Gənclər Təşkilatları Milli
Şurasının fəaliyyəti də böyük rola
malikdir. Milli Şura yarandığı gündən istər
beynəlxalq təşkilatlarla, istərsə də dövlət
qurumları ilə gənclər arasında körpü rolunu
oynamağa çalışıb. Bu, çox geniş bir fəaliyyətdir.
- Sizcə, bu sahədə
qanunvericilikdə hansısa yeniliklərin edilməsinə
ehtiyac varmı?
- Bu gün ölkəmizdə
sosialyönümlü layihələrin həyata keçirilməsi
prosesi gedir. Bu mənada gənclərə verilən ipoteka
kreditlərini xüsusilə qeyd etmək lazımdır. Hesab
edirəm ki, bu gün sosial ipoteka çox vacib bir şərtdir
və bundan daha yaxşı bəhrələnmək
üçün müəyyən təkmilləşmələr
də aparılmalıdır. Bunun üçün ölkəmizin
kifayət qədər imkanı var. İkincisi, ölkəmizdə
gənclərin təhsil alması ilə bağlı təkliflərimiz
var. Yeni təhsil qanunumuz qəbul olunub və bu nöqteyi-nəzərdən
fikirləşirik ki, gənclərin təhsil alması ilə
bağlı müəyyən təkmilləşdirmə
işlərinə ehtiyac yaranıb. Bizim təkliflərimiz
sırasında gənc ailələrin sosial müdafiəsi məsələsi
də dayanır. Bu istiqamətdə gənc millət vəkilləri
arasında da müəyyən müzakirələr
aparılıb və düşünürəm ki, gənc ailələrə
dövlət tərəfindən müəyyən güzəştlərin
edilməsi mümkündür.
Qanunvericilikdə Gənclər
Fondunun yaradılması məsələsi öz əksini
tapıb və bu çox vacib bir məsələdir. Burada
söhbət yalnız təşkilatlanmış gənclərdən
getmir, bu, fərdi şəkildə gənclər
üçün vacib bir məsələdir. Fikrimcə, bu təkliflərin
həyata keçirilməsi üçün dövlətimizin
şərait yaratmağa bütün imkanı var. Biz məsələni
Milli Məclisə müzakirəyə çıxarmaq fikrindəyik.
Gənclər Fondundan individual olaraq, gənclər fərqli məsələlər
üzrə yararlana bilərlər. Hesab edirəm ki,
sadaladığımız bu istiqamətlər üzrə
yeniliklərə ehtiyac var.
Biz Gənclər Fondu ilə
yanaşı, Gənclər Mərkəzinin yaranması təklifini
də irəli sürmüşük. Məqsədimiz gənclərimizin
toplanması, müəyyən müzakirələr
aparması üçün ünvan yaratmaqdır. Orada həm
kompüter mərkəzi, həm konfrans zalı, həm də
digər otaqlar olmalıdır ki, gənclərimiz bundan
maksimum istifadə etsinlər. Fikrimcə, bu layihənin də
gerçəkləşməsinə imkan var və biz bu layihənin
reallaşması üçün müvafiq strukturlara
müraciət edəcəyik.
- Qeyd etdiniz ki, gənclərimiz
dövlət qayğısı ilə əhatə olunub. Bəs
onlar yaradılmış şəraitdən istifadə edərək
öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi?
Yəni, gənclər bu şəraitdən nə dərəcədə
səmərəli istifadə edirlər?
- Bu, bir aksiomadır ki, gənclər
hər bir ölkənin gələcəyidir. Mən çox
şadam ki, 1996-cı ildən gənclərlə işləyirəm.
Dövr inkişaf etdikcə gənclərin təfəkküründə
də yeniliklər baş qaldırır, yeni təkliflər
meydana çıxır. Biz bunu normal
qarşılamalıyıq. Təbii ki, burada dövlətçiliklə
bağlı dəyişməz xətt də mövcuddur.
Dövlət özü də gənclərin diqqət mərkəzində
olmasında, onlara öz potensialını üzə
çıxarmaq və cəmiyyətə xərcləmək
üçün yüksək şərait
yaradılmasında maraqlı olmalıdır. Hesab edirəm
ki, Azərbaycanda gənclərə belə bir münasibət
var. Dövlətimizin başçısı bu amili öz
çıxışlarında da hər zaman vurğulayır.
Dövlət hər bir vətəndaşının, o
cümlədən, gənclərin yaxşı həyat
sürməsi üçün fəaliyyət göstərən
bir mexanizmdir. Ölkəmizdə bu mexanizm çox yüksək
səviyyədə fəaliyyət göstərir. Heç kim
diqqətdən kənarda qalmır. Gənclərimiz də
maksimum bu imkanlardan yararlanmalıdırlar və yararlanırlar
da.
- Fuad müəllim, rəhbərlik
etdiyiniz Azərbaycan Gənclər Təşkilatları Milli
Şurasının yaradılmasının 15 ili tamam olur. 15 il
ərzində bu təşkilat qarşısına qoyduğu məqsədlərə
nə dərəcədə nail ola bilib?
- Fikrimcə, Azərbaycan Gənclər
Təşkilatları Milli Şurası müasir tariximizdə
özünəməxsus yeri olan bir qurumdur. Bu təşkilatda
dövlətçiliyimizin inkişafı ilə bağlı ənənələrimiz
qorunub saxlanılıb. GTMŞ elə bir təşkilatdır
ki, oraya minlərlə gənclərimiz üzv olur və gənclərin
asudə vaxtlarının təşkilində, gənclərlə
bağlı problemlərin aradan qaldırılmasında, milli
maraqlarımızın qorunmasında, beynəlxalq qurumlarla, gənclər
təşkilatları ilə əlaqələrin
qurulmasında özünəməxsus fəaliyyət
nümayiş etdirir. Təşkilatın yaranmasından ötən
15 il ərzində bizim fəaliyyətimiz genişspektrli olub.
Biz hər zaman bütün fikirlərə hörmətlə
yanaşmışıq, təşkilatımızın
inkişafı istiqamətində hər zaman iş
aparmışıq. Milli Şuranı inkişaf etdirən
amillərdən ən əsası dövlətçiliyimizin,
müstəqilliyimizin, ərazi
bütövlüyümüzün qorunması, beynəlxalq
müstəvidə ölkəmizin imicinin möhkəmləndirilməsi
uğrunda aparılan mübarizədir. Bu istiqamətlərdə
bir sıra layihələrimiz həyata keçirilir. Regionlarda
sağlam həyat tərzi sürülməsi ilə
bağlı layihələrimiz var. Sağlam həyat tərzi
ölkəmizin gələcəyinin qorunması
baxımından da vacibdir. Gənclərimiz fiziki cəhətdən
sağlam olmalıdır. Çünki bizim hər bir gəncimiz
sabah əlində silah torpağını azad etmək
üçün bir əsgərdir. Biz mənəvi
sağlamlıq uğrunda mübarizə aparmalıyıq. Zərərli
vərdişlərə meyil edilməməsi üçün
təlimlər həyata keçiririk. Fikrimcə, bu işlərdə
digər gənclər təşkilatları da daha fəal
olmalıdırlar. Bu istiqamətdə müxtəlif dövlət
qurumları ilə əməkdaşlığımız olub
və bu gün də davam edir. Müsəlman
dünyasının yeganə gənclər təşkilatıyıq
ki, biz Avropa miqyasında təmsil olunuruq. Avropa Gənclər
Forumunda təmsilçiliyimiz bizim ölkəmizin uğurudur.
O baxımdan bu gün fərəhlə deyə bilərik ki,
GTMŞ gənclərin yetişməsi üçün
böyük bir məktəb rolunu da oynayır. Bu gün
ölkəmizin siyasi-ictimai həyatında üzdə olan, fəaliyyəti
ilə seçilən gənclərimizin demək olar ki,
hamısı təşkilatımızla bağlı
insanlardır. Bu, bizi çox sevindirir. Təbii ki, təşkilat
olaraq lazım olan istiqamətlərdə öz fəaliyyətimizi
davam etdirəcəyik.
- Azərbaycan Gənclər
Təşkilatları Milli Şurasında nə qədər
qurum birləşib?
- Hazırda Azərbaycan Gənclər
Təşkilatları Milli Şurasında 70-dən çox təşkilat
birləşib. Qurum təsis olunanda orada 11 təşkilat fəaliyyət
göstərirdi. Bu gün təşkilatımıza maraq
çox güclüdür. GTMŞ ölkəmizdə gənclər
təşkilatları arasında sağlam rəqabətin
yaranmasına şərait yaradıb. Bu çox vacib şərtdir.
Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət
göstərən gənclər təşkilatlarının
sayı 150-dən çoxdur. Bu o deməkdir ki, gənclər
məsələsi cəmiyyətin də diqqət mərkəzindədir.
Yeni Azərbaycan.-
2011.- 2 fevral.- S.7.