AZƏRBAYCAN GƏNCİ SABAHA
İNAMLA BAXIR
Müstəqilliyini yenicə
əldə etmiş Azərbaycan dövlətinin 1993-cü ildə
həyatında yeni bir səhifə açıldı. Ulu
öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə
ali siyasi hakimiyyətə qayıdışından sonra
bütün sahələrdə titanik irəliləyişlər
müşahidə olunmağa başladı. Azərbaycan qisa
bir zamanda xaotik ölkədən güclü siyasi və
iqtisadi mövqelərə malik olan bir dövlətə
çevrildi. Bütün sahələrədə olduğu
kimi, Azərbaycan gəncliyinin formalaşması, ən
yüksək dəyərlərə malik olması və
yüksək səviyyədə inkişaf etdirilməsi məsələsində
xüsusi, düşünülmüş bir strategiyanın
mövcudluğu göz önündədir. Azərbaycanda gənclər
siyasətinin etibarlı bünövrəsini məhz
Ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər hər zaman gənclərə
xüsusi qayğı ilə yanaşmış, gənclərin
problemləri hər an Onun diqqət mərkəzində
olmuş, yüksək intellektual səviyyəyə, müasir
dünyagörüşünə malik gənc nəslin
yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Heydər Əliyev hesab
edirdi ki, gənclərinin qayğısına qalmayan dövlətin
heç bir gələcəyi ola bilməz. Bu baxımdan, Ulu
öndərin müəyyənləşdirdiyi inkişaf
strategiyasının mühüm bir qolunu da gələcəyin
etibar edilə biləcəyi, yüksək dəyərlərə
malik gənc nəslin hazırlanması missiyası təşkil
etmişdir. Heydər Əliyevin Azərbaycan gəncliyinə
böyük qayğısı təkcə müstəqillik
illərində deyil, hələ Sovet dönəmində də
aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin
70-ci illərində məhz
Ümummilli liderin təşəbbüsü
və gərgin səyləri nəticəsində on beş
mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil
müəssisəsində ali təhsil almışlar. Bu
addım Azərbaycanda ən müxtəlif sahələr
üzrə peşəkar kadr bazasının
formalaşmasına xidmət etmişdir. Azərbaycan
Respublikasının müstəqilliyinin ilk illərindəncə
digər sahələrin inkişafı ilə yanaşı, gənclərin
üzləşdikləri problemlərin həlli də Heydər
Əliyev üçün prioritet təşkil etmişdir.
Ölkənin siyasi həyatında heç də ürəkaçan
hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə
Gənclər və İdman Nazirliyinin yaradılması
sübut edirdi ki, Ulu öndər ölkənin gələcəyini
birbaşa gənclərin hərtərəfli inkişafı
ilə bağlayırdı. Beləliklə,
Ulu öndər dövlət başçısı kimi fəaliyyətə
başladığı ilk dövrlərdən gənclərin
himayədarı olaraq sağlam düşüncəli yeni nəslin
yetişdirilməsini dövlətin və cəmiyyətin
prioritet vəzifəsi səviyyəsinə
yüksəltmişdir. Bu istiqamətdə yorulmadan
böyük işlər görməklə Ümummilli lider
Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
iştirakının yüksək səviyyədə təmin
edilməsinə nail olmuşdur. Ulu öndərin hakimiyyətinin
ilk illərindən gənclərə yüksək
qayğı göstərməsini bir daha sübut edən məqamlardan
biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin
forumunun keçirilməsi təşəbbüsünü irəli
sürmüşdür. 2 fevral 1996-cı il tarixdə müstəqil
Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Ümummilli liderin Özü şəxsən
iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə
ilk forumun ildönümü münasibəti ilə gənclərlə
görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri
gününün elan edilməsi haqqında” Sərəncam
imzalayıb. Məhz həmin tarixdən etibarən hər il 2
fevral günü Azərbaycan gənclərinin bayramı kimi
böyük təntənə
ilə qeyd olunur. Ulu öndər gənclərlə
bağlı siyasətinə hər zaman yeni nəfəs
vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir.
Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə
Azərbaycan Gəncləri gününün ilk
ildönümü münasibətilə keçirilən bədii-idman
bayramında tarixi
çıxış etmiş və gənclərə
müraciət ünvanlamışdır. Ulu öndər gənclərə
müraciət edərək demişdir: “Mən sizi gördükcə daha
da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən
ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə
çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan
dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin
bütün hüquqlarının qorunmasının təminatçısı
olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin
ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı
yaşaması, təhsil alması üçün,
yaxşı əmək fəaliyyəti göstərməsi
üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Azərbaycan gəncliyinə
böyük qayğısının davamı kimi Ulu öndər
1999-cu ildə “Dövlət Gənclər Siyasəti
haqqında” Fərman imzalamışdır. Bu Fərman bu sahəyə
Prezident səviyyəsində böyük önəm
verildiyinin təzahürü kimi qiymətləndirilə bilər.
Çünki Fərman gənclərin tərbiyəsi,
sağlamlığı, təhsili, mənəvi
inkişafı, hüquqlarının müdafiəsi,
respublikanın ictimai-siyasi və mədəni həyatında
iştirakı və s. ilə bağlı məsələləri
əhatə etməklə böyük əhəmiyyət kəsb
edirdi. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti
haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul
edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən
imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi
əsas cavabdeh dövlət qurumu kimi Gənclər və
İdman Nazirliyinə tapşırılıb. Beləliklə,
Ulu öndər bütövlükdə idarəetmə
sistemində gənclərə tam yeni münasibətin
formalaşmasına nail olmuşdur. Belə ki, 2 mart 1999-cu ildə
Azərbaycan gənclərinin ikinci forumundakı
çıxışında Ulu öndər respublikanın
ictimai-siyasi həyatında gənclərin daha fəal
iştirakı üçün şəraitin
yaradılması, dövlət orqanlarının diqqətini gənclərin
problemlərinin həllinə yönəltməklə
bağlı tövsiyələr verib. Bu da öz növbəsində
ölkəmizdə reallaşdırılan gənclər siyasətinin
keyfiyyətini əhəmiyyətli dərəcədə
artırmışdır.
Göründüyü kimi,
Ulu öndər gənclər siyasətini düzgün və
uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini
qoymuşdur. Həqiqətən də bu
günümüzü təhlil edəndə bir daha əmin
oluruq ki, Heydər Əliyev çox böyük müdrikliklə
Azərbaycanda gənclər siyasətinin əsasını
qoymuşdur və biz artıq bu siyasətin bəhrəsini
aşkar hiss edirik. Bu gün ölkə həyatının ən
müxtəlif sahələrində gənclərimiz
böyük müvəffəqiyyətlə bilik və
bacarıqlarını nümayiş etdirməkdədirlər.
Bu gün Azərbaycan gəncləri Ulu öndərin siyasətini
uğurla davam etdirən möhtərəm Prezidentimiz Cənab
İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Bu da təsadüfi deyil. Sirr
deyil ki, ölkə həyatının bütün sahələrində
olduğu kimi, gənclərlə bağlı siyasət sahəsində
Ümummilli lider Heydər Əliyevin kursu möhtərəm
Prezident İlham Əliyev tərəfindən ən müasir
tələblərə uzlaşdırılaraq layiqincə
davam etdirilir. Hələ dövlət başçısı
seçilməmişdən xeyli əvvəl də cənab
Prezident İlham Əliyev Azərbaycan gəncliyinin
formalaşmasına və inkişaf etməsinə
böyük töhfələr vermişdir. Belə ki, 1997-ci ildən Milli
Olimpiya Komitəsinin (MOK) prezidenti kimi, Ulu öndərin gənclərlə
bağlı siyasətinin daha səmərəli həyata
keçirilməsində mühüm rol oynayan İlham Əliyevin
MOK-a rəhbərliyi zamanı Azərbaycan idmanının
inkişafında ciddi dönüş yaranmışdır.
Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycanın
müasir uğurlu inkişafının əsaslarının
qoyulduğu və möhkəmləndirildiyi dövr kimi tarixə
düşdü. 2003-cü ildən sonrakı dövr isə
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş
inkişaf strategiyasının zamanın tələblərinə
uyğun daha zənginləşdirildiyi və ən yüksək
səviyyədə uğurla davam etdirildiyi dövrdür. Belə ki, İlham Əliyev
prezident kimi fəaliyyətə başladığı
gündən iqtisadi artıma qeyri-neft sektorunun hesabına nail
olunmasını qarşıya ciddi məqsəd kimi
qoymuşdur və bu istiqamətdə misilsiz uğurlara imza
atmışdır. Bununla yanaşı, möhtərəm
Prezident neft kapitalının insan kapitalına çevrilməsi
istiqamətində ciddi uğurların əldə
olunmasına nail olmuşdur. Bu, gənc nəslin ən yüksək
tələblərə cavab verəcək səviyyədə
yetişdirilməsində özünü aşkar büruzə
verir. Cənab Prezident İlham Əliyevin
reallaşdırdığı gənclər siyasətinin nəzərəçarpan
unikal tərəflərindən biri də ondan ibarətdir ki,
bu siyasət təkcə Azərbaycanın sərhədləri
daxilində yaşayan gənclərimizi deyil, dünyanın
istənilən nöqtəsində yaşayan azərbaycanlı
gəncləri əhatə edir. Gənclər siyasətinin
daha səmərəli reallaşdırılması məqsədi
ilə Prezidenti İlham Əliyev
2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət
Proqramı” imzalamışdır. Proqram gənclərin
bütün problemlərini əhatə etməklə öz
unikallığı ilə seçilir. Dövlət
Proqramında gənclərin yüksək təhsili və
peşəkarlığı məsələsinə xüsusi
yer verilmişdir. Bu, ondan xəbər verir ki, möhtərəm Prezident İlham Əliyev
yüksək ixtisaslı, yeni texnologiyaların tətbiqini
bacaran gənc mütəxəssislərin yetişdirilməsini
prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin Fərmanı
ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almaları ilə
bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi
və uğurla icrası bunu bir daha sübut edir. Deməli,
1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin
bilavasitə təşəbbüsu ilə çoxsaylı azərbaycanlı
gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə
təhsil almağa göndərilərək yüksək
ixtisaslı kadrlar kimi Vətənə yararlı gənc nəsil
yetişdirmək ənənəsi
hazırda Prezident İlham Əliyev tərəfindən
böyük uğurla davam etdirilir. Yüksək təhsilin
vacibliyinə işarə edərək cənab Prezident
demişdir: “Hər bir insanın gücü əlbəttə
ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm,
gənclərimiz bunu yaxşı başa düşürlər
ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən
sahədə peşəkar olmaq hər bir gəncin, hər bir
insanın həyatda yaxşı yer tutmasına gətirib
çıxaracaqdır”.
Bütün bunlarla
yanaşı, Prezident İlham Əliyev gənclər siyasətinin
səmərəliliyinin artırılması məqsədi ilə
2007-ci ili “Gənclər ili” elan etmişdir.
Prezident İlham Əliyevin atdığı ardıcıl addımlar nəticəsində Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsinə çevrilmişdir, respublikamızın inkişafında ciddi rol oynamağa başlamışdır. Qeyd etdiyimiz kimi, müasir gənclər siyasəti ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlı gəncləri də əhatə etməklə unikal xarakter daşıyır. Bu gün xarici ölkələrdə Azərbaycanın çoxsaylı diaspor təşkilatları fəaliyyət göstərir. Təsadüfi deyildir ki, bu təşkilatların böyük əksəriyyəti gənclər tərəfindən yaradılmışdır. Sevindirici haldır ki, artıq bütövlükdə dövlətimizi, millətimizi yüksək səviyyədə təmsil edən gənclərimiz yetişmişdir. Məhz belə gənclərimiz xarici ölkələrdə milli maraqlarımızın qorunmasında əvəzsiz rol oynayırlar.
Müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Mehriban xanım Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da azərbaycanlı gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil alması, yüksək mənəvi dəyərlərə yiyələnməsi və Vətənə gərəkli övlad kimi yetişməsi üçün səylərini əsirgəmir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyəti dövründə Azərbaycan təhsil sisteminin müasirləşdirilməsinə böyük töhfə verib. Beləliklə, sağlam düşünən, yüksək təhsilli və mənəvi dəyərlərə malik gənclərin yetişdirilməsi məsələsi fond üçün prioritet istiqamətlərdən biridir.
Xaricdə yaşayan gənc soydaşlarımızın ümummilli məqsədlər naminə səfərbər olunaraq bir araya gəlməsində Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılmışdır. Bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində titanik addımlar atmışdır.
Beləliklə, yuxarıda qeyd etdiklərimiz Azərbaycanda reallaşdırılan uğurlu gənclər siyasətinin, gənclərə yüksək dövlət qayğısının bəzi məqamları idi və hər birimizdə olduqca böyük iftixar hissi doğurur. Müstəqil, inamla irəli gedən, davamlı inkişaf edən Azərbaycan Respublikasının gənc vətəndaşı olmaqdan qürur hissi duyuruq.
Elşad Mirbəşiroğlu,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi,
siyasi elmlər namizədi
Yeni Azərbaycan.- 2011.- 2 fevral.- S.5.