Azərbaycanın iqtisadi inkişafı mədəniyyət və turizm sahələri üçün  böyük perspektivlər vəd edir

 

Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov www.yap.org.az saytına müsahibə verib:

 

- Firudin müəllim, bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının beş ili tamam oldu. Ötən beş il ərzində nazirlik qarşısına qoyduğu vəzifələrin həllinə nə dərəcədə nail ola bilib?

- Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi beş il öncə-2006-cı ilin 30 yanvar tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yaradılıb. Azərbaycan Prezidentinin mədəniyyət və turizm sahələrinin inkişafı ilə bağlı son beş ildə qəbul etdiyi çoxsaylı Fərman və sərəncamlarını əldə rəhbər tutan Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin ardıcıl surətdə həyata keçirilməsinin təmin olunması üçün yarandığı gündən, incəsənət, mədəni irsin qorunması, kinematoqrafiya, nəşriyyat işi, elm və təhsil, turizm, beynəlxalq əlaqələr, mədəniyyət və turizm obyektlərinin tikintisi, yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması sahəsində konkret tədbirlər görüb, bir çox uğurlu nəticələrə imza atıb. Son beş ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən teatr, kino, muzey, kitabxana və turizmin inkişafını təmin edən 5 Dövlət Proqramı, 300-dən çox Fərman və Sərəncam imzalanıb.

Bu nazirliyin yaradılmasında bir xüsusi məqam vurğulanmalıdır ki, ilk dəfə idi ki, iki sahə belə bir formatda bir qurumda təmsil olunurdu. Nəzərə alsaq ki, mədəniyyət və turizm sahələri arasında sıx əlaqələr mövcuddur və hər iki sahə biri digərini dəstəkləməklə inkişaf əldə edir, bu qərarın uzaqgörənliyi bizim üçün aydın olar. Yaranmasının ilk beşilliyinin nəticələri də göstərir ki, nazirlik qısa müddət ərzində öz işində uğurlu nəticələr əldə edib. Ölkəmizdə həm mədəniyyət, həm də turizm sahələri çox sürətli inkişaf yolundadır.

- Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğ olunması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Əlbəttə, qeyd etdiyiniz sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eləcə də, mədəni irsimizlə bağlı çox mühüm layihələr həyata keçirilib. Qeyd etmək istəyirəm ki, bu sahədə nazirliyimiz Heydər Əliyev Fondu ilə yaxından əməkdaşlıq edir. Məlumat üçün bildirim ki, Azərbaycan bir çox Beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edib. Onların sırasında Şostakoviç Festivalı, “Karvan” Beynəlxalq musiqi layihəsi, I, II, III, IV Beynəlxalq Rostropoviç festivalları, Bakı Beynəlxalq Caz festivalları, Ü.Hacıbəyliyə həsr olunmuş I və II Beynəlxalq Musiqi festivalları, Vokalçıların IV və V Bülbül adına Beynəlxalq müsabiqəsi, I və II Qəbələ Beynəlxalq Musiqi festivalları, Beynəlxalq Teatr Konfransı və s. kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Bakı 2009-cu ildə İslam mədəniyyəti paytaxtı elan olunmuşdu. Ümumiyyətlə, bütün bunlar Azərbaycan mədəniyyətinə bir töhfədir. Bu çərçivədə də bir sıra İslam ölkələrinin Azərbaycanda mədəniyyət günləri keçirilib. Bunun nəticəsi olaraq, biz İslam ölkələrinin, dünya mədəniyyəti ilə də yaxından tanış olmuşuq. Ən böyük uğurlardan biri də bundan ibarətdir ki, Azərbaycanın bir neçə maddi və qeyri-maddi, mədəni irs nümunələri YUNESKO-nun qorunan mədəni irs siyahısına daxil edilib. Əvvəllər yalnız İçərişəhər bu siyahıya daxil olunmuşdu. Daha sonra Qobustan qoruğu, eyni zamanda, qeyri-maddi irs kimi muğam, aşıq sənətimiz və son olaraq xalçaçılıq sənətimiz və Novruz bayramı bu siyahıya daxil edilib. Bu, bütövlükdə Azərbaycan üçün çox böyük nailiyyətdir. Bu nailiyyətlərin də əldə olunmasında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində bu mədəni nümunələrimiz dünyanın qorunan irs siyahısına daxil ola bildi.

Onu da xatırladım ki, 2008-ci ilin avqust-sentyabr aylarında Qala Dövlət tarix-etnoqrafiya qoruğunun ərazisində ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak etmişdi.

- Kinematoqrafiya sahəsi də mədəniyyət və incəsənətin mühüm bir hissəsidir. Bu istiqamətdə hansı nəticələr əldə edilib?

- Qeyd edim ki, ötən beş il ərzində incəsənət sahəsində nazirlik tərəfindən ölkədə 800-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilib. Biz kinematoqrafiya sahəsində də böyük uğurlar əldə etmişik. Azərbaycanda ötən beş ildə bir sıra sənədli filmlər çəkilib istifadəyə verilib. Bir sıra filmlərimiz beynəlxalq kinofestivallarda iştirakçı olub. Bir neçə film festivallarda mükafatlar da əldə edib. Artıq kino istehsalı ilə bağlı problemləri də arxada qoymuşuq. Ölkəmizin iqtisadiyyatında əldə olunan sürətli inkişaf, dövlət büdcəsinin ildən-ilə artması kino sahəsinə də diqqətin artmasına öz töhfəsini verib. Bu, ümumilikdə mədəniyyət sahəsinə diqqətin daha da artmasına yol açıb. Bilavasitə ölkə Prezidentinin dəstəyi sayəsində bu nailiyyətlər əldə edilib. Bildiyiniz kimi, kinonun inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunub. Artıq qarşıdakı illərdə kinonun inkişafı prosesi dövlətin himayəsi altında həyata keçiriləcək.

- Bəs kitabxana və muzeylərin mövcud vəziyyəti haqqında nə demək mümkündür?

- Kitabxana və muzey sahələrində də çox böyük işlər görülüb. Hər iki sahənin inkişafı ilə bağlı ölkə başçısının müvafiq sərəncamları var. Bu sərəncamlar son beş ildə kitabxana-informasiya sistemində uğurlu yeniliklərin əldə olunmasına şərait yaratdı. Mədəniyyət və Turizm Nazirliyi sistemində M.F.Axundov adına Azərbaycan Milli, C.Cabbarlı adına Respublika Gənclər, F.Köçərli adına Respublika Uşaq, Respublika Gözdən Əlillər kitabxanaları, regionlarda 8 şəhər və 64 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Bakı şəhərində 74 kütləvi kitabxana və 2 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Naxçıvan MR-da isə 2 Respublika əhəmiyyətli kitabxana və 7 MKS fəaliyyət göstərir. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə 164 müstəqil kitabxana və 4200-dən artıq kitabxana filialı daxildir. Beş il ərzində nazirlik sisteminə daxil olan 8 kitabxana əsaslı təmir edilib. Respublikanın kitabxana fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur.

Muzey işinə gəlincə, deyə bilərəm ki, ötən beş ildə Azərbaycanda 49 yeni muzey istifadəyə verilib, bir sıra muzeylərdə əsaslı təmir işləri. Sevindirici haldır ki, ölkəmizin bölgələrində ən yüksək və müasir standartlara cavab verən “Heydər Əliyev” muzeyləri fəaliyyət göstərir. Bir neçə rayonda müasir standartlara cavab verən tarix diyarşünaslıq muzeyləri tikilib istifadəyə verilib. Dünyada analoqu olmayan bir muzey-Lerikdə Uzunömürlülər Muzeyi fəaliyyət göstərir. Bununla yanaşı, Bakıda Xalça Muzeyi inşa olunur və bu muzeyin 2011-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

- Mədəniyyət sahəsində investisiya proqramlarının icrası hansı səviyyədədir?

- Əlbəttə, bu gün dövlətimizin qayğısı nəticəsində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilməkdədir. Bildiyiniz kimi, beş il ərzində bir sıra mədəniyyət ocaqları, mədəniyyət mərkəzləri təmir edilib. Son 5 il ərzində, 7 teatr binası və konsert-tamaşa salonu, Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilib, nazirliyin tabeliyində fəaliyyət göstərən 33 dövlət rəsm qalereyasının fəaliyyətinin, maddi-texniki bazasının və bina təchizatının yaxşılaşdırılması istiqamətində lazımi işlər görülüb. Xatırladım ki, Heydər Əliyev Sarayı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı, Milli Dram Teatrı əsaslı şəkildə təmir olunub. Hazırda Musiqili Komediya Teatrında təmir işləri davam etdirilir. Bundan başqa, regionlarda bir sıra mədəniyyət binaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Bu il “Nizami” kinoteatrı əsaslı təmirdən sonra istifadəyə veriləcək. Bütün bunlar ölkəmizin iqtisadi inkişafının təcəssümüdür. Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kurs mədəniyyət sahəsinin də hərtərəfli inkişafını təmin edib.

- Firudin müəllim, məlum olduğu kimi, Prezident İlham Əliyev 2011-ci ili Azərbaycanda “Turizm ili” elan edib. Mədəniyyət və Turizm Nazirliyi bu il turizm sahəsində hansı layihələr həyata keçirəcək?

- Ötən beş il ərzində turizm sahəsində çox böyük nailiyyətlər əldə olunub. Bütün görülən işlər də, ilk növbədə, Azərbaycana gələn turistlərin sayının çoxalmasına əsaslı təsir göstərib. Hər il ölkəmizə gələn əcnəbilərin sayı 2 milyona yaxınlaşır. Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 214-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2005-ci illə müqayisədə təxminən iki dəfə artaraq, 262-dən 477-yə çatıb və onların 80 faizi regionlarda yerləşir. Bütün bunların nəticəsi olaraq, 2010-cu ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2005-ci illə müqayisədə 1,6 dəfə artaraq 1 850 000 nəfər olub.

Təbii ki, turizmin inkişafı Azərbaycanda yeni iş yerlərinin açılmasına da stimul verir. Təsadüfi deyil ki, ölkə Prezidenti də qeyri-neft sektorunun inkişafı sahəsində turizmin inkişafına diqqəti vacib hesab edir. O da təsadüfi deyil ki, 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. Dediyim kimi, ölkəmizdə 477 otel fəaliyyət göstərir. Halbuki, 5 il öncə bu say 300-ə çatmırdı. Bu il beş beşulduzlu otel tikilib istifadəyə veriləcək. O cümlədən, regionlarda müasir tələblərə, beynəlxalq standartlara cavab verən otellər fəaliyyət göstərir. Son dövrlərdə turizmin inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib, yeni turizm marşrutları müəyyən olunub. Qusarda Şahdağ qış-xizək kompleksinin inşası davam etdirilir. Bu, olduqca böyük layihədir. Həmin layihənin dəyəri 1,5 milyard manat həcmindədir. Bura tam dünya standartlarına cavab verən bir turizm-istirahət kompleksi olacaq. Hazırda bu kompleksin infrastrukturu ilə bağlı məsələlər öz həllini tapmaqdadır. Oraya yolun çəkilməsi, enerji təminatının həlli, otellərin tikilməsi məsələləri öz həllini tapır.

Eyni zamanda, respublikamızın digər regionlarında da turizm infrastrukturuna yüksək diqqət göstərilir. Qeyd etmək lazımdır ki, turizmin inkişafı üçün bir sıra sahələrdə əməkdaşlıq mütləq vacib xarakter daşıyır. Bu mənada dünya bazarında rəqabətə davamlı turizm bazarının inkişafı istiqamətində fəaliyyət göstəririk. Nazirlik tərəfindən “Turizm ili” ilə bağlı xüsusi tədbirlər proqramı hazırlanıb və bu tədbirlər planı əsasında “Turizm ili”ndə görüləcək işlər müəyyənləşib. Tədbirlər planının həyata keçirilməsi üçün işçi qrupu yaradılıb. Bildiyiniz kimi, 2010-2014-cü illəri əhatə edən turizmin inkişafı haqqında Dövlət Proqramı dövlət başçısı tərəfindən təsdiq olunub. Görülən işlər də bu Dövlət Proqramının əsasında həyata keçirilir.

 

Yeni Azərbaycan.- 2011.- 4 fevral.- S.7.