Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar 2010-cu ildə əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişdir

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov www.yap.org.az saytına müsahibə verib:

- Səlim müəllim, ümumdünya maliyyə böhranının başa çatmadığı 2010-cu ili ölkəmizin sosial həyatı, o cümlədən, Dövlət Sosial Müdafiə Fondu üçün necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar və həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində 2010-cu ildə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlmiş, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılmış, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji proqramların səmərəli gerçəkləşdirilməsi həyatımızın bütün sahələrində əsaslı inkişafa gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında qeyd etdiyi kimi: “Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki, Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü”.

2010-cu ildə makroiqtisadi sabitləşmə və iqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının yaşayış səviyyəsinin yüksəldilməsini təmin etmiş, sosialyönümlü bazar iqtisadiyyatına üstünlük verilməsi ilə bağlı əhalinin bütün təbəqələrinin rifahının yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə ölkəmizdə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 12 faiz artmışdır. 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 faiz təşkil etmişdir.

Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və davamlı inkişafına nail olunması 2010-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir.

Operativ məlumatlara əsasən, 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1764,7 milyon manat təşkil etmişdir ki, bu da 2009-cu ilə nisbətən 163,3 mln. manat və ya 10,2 faiz çoxdur.

2010-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 7,8 faiz və ya 80,4 mln. manat artaraq 1114,8 mln. manat təşkil etmişdir. Ötən ildə sosial sığorta haqları üzrə daxilolmaların 58,2 faizi və ya 648,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşmüşdür. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,8 faiz və ya 73,5 mln. manat artmış, proqnoz 95,6 faiz icra olunmuşdur. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə fiziki şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 58 faiz artmışdır.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 465,9 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilə nisbətən 1,5 faiz və ya 6,9 mln. manat artmışdır. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 3,2 mln. manat təşkil etmişdir.

2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1764,1 mln. manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1704,8 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 89,8 mln. manat və ya 5,6 faiz çoxdur. Pensiya xərcləri 2009-cu ilə nisbətən 5,6 faiz və ya 87,2 mln. manat artaraq 1655,7 mln. manat təşkil etmişdir. 2010-cu ildə əhaliyə 49 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 37,3 faizi hamiləliyə və doğuma görə, 28,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,2 faizi dəfn üçün, 15,7 faizi isə digər müavinətlərin payına düşür.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 59,4 mln. manat təşkil etmişdir. 2010-cu ildə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 12,8 mln. manat, məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərclərinə 9,1 mln. manat, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərclərinə 3 mln. manat məbləğində vəsait yönəldilmişdir.

- Təbii ki, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, maliyyə dayanıqlılığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edir. 2010-cu il pensiyaçılarımız üçün daha çox nə ilə yadda qalmışdır?

- 2010-cu ildə ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsi daha da gücləndirilmişdir. Ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 Sərəncamı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklərin 1 yanvar 2010-cu ildən qüvvəyə minməsi ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyalarının baza hissəsi 30 manat artırılmışdır. Bu artım Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram” çərçivəsində qanunvericiliyə aparılmış dəyişikliklə bağlı həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Sərəncamının icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılması təmin edilmişdir. Sərəncam 37178 nəfərə şamil olunmuşdur ki, bunlardan 4186 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və onların hər birinə 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, II Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, II Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 32992 nəfər təşkil edir.

Eyni zamanda, sığortaolunanların 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində yeni sadələşdirilmiş qaydanın tətbiqi minimum məbləğdə pensiya təyinatının aradan qaldırılmasına və sosial ədalətin bərpa edilməsinə gətirib çıxarmışdır. Belə ki, 2010-cu ilin yekunlarına əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləgi 112 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılmışdır. Bunun nəticəsidir ki, 2010-cu il ərzində Fond Aparatına vətəndaşlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 24,2 faiz azalmışdır.

Azərbaycanda qurulan sığorta-pensiya sistemi əhaliyə ödənişlərin bazar iqtisadiyyatı təsirlərindən qorunması elementlərini özündə birləşdirir. Belə elementlərdən biri də əhaliyə pensiya şəklində ödənişlərin bazar iqtisadiyyatı üçün səciyyəvi olan inflyasiya təsirindən qorunmasıdır. Bunun üçün pensiyaların sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq hər il Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamla indeksləşdirilir. Əvvəlki, yəni, 2009-cu il üzrə baş vermiş inflyasiyanın pensiyalara təsirini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 fevral 2010-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam vermişdir. 2009-cu ildə dövlətin həyata keçirdiyi uğurlu antiböhran tədbirləri nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin edilmiş, bununla belə 1,5 faiz həcmində istehlak qiymətlərinin indeksi qeydə alınmışdır. Həmin Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən istehlak qiymətləri indeksinə uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilmişdir. Yeri gəlmişkən, bu günlərdə 2010-cu il üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksi barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən fonda rəsmi qaydada təqdim olunmuşdur və bu göstəricinin səviyyəsi 5,7 faizdir. Fond tərəfindən həmin səviyyəyə uyğun indeksləşmənin aparılması üçün təkliflər hazırlanmışdır və müvafiq qərar qəbul edildikdən sonra icra olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2010-cu il sentyabrın 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilmişdir. Əmək pensiyasının baza hissəsinin məbləğinin növbəti dəfə artırılması ölkəmizdə qısa müddətdə çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsidir. Əmək pensiyalarının baza hissəsinin 13,6 faiz artırılmasına dair bu Sərəncam təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 116 min nəfər) pensiyasının artımı 10 manat, 120 faiz həcmində alanların (15 min nəfər) pensiyasının artımı 12 manat, 200 faiz həcmində alanların (7631 nəfər) pensiyasının artımı isə 20 manat təşkil etmişdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25 qəpiyə çatdırılmışdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artmışdır. Böyük Vətən müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 11 manat, I qrup əlillərinki 25 manat 50 qəpik, II qrup əlillərinki 21 manat, III qrup əlillərinki isə 19 manat artırılmışdır.

- 2010-cu ildə Azərbaycan sığorta pensiya sistemi üzrə davam etdirilən islahatlar sayəsində bir sıra beynəlxalq uğurlara imza atdı. Bu barədə, eləcə də, qiymətləndirmələrdə əsas götürülən meyarlar barədə bir qədər ətraflı məlumat verərdiniz.

- 2010-cu il ölkəmizdə formalaşmış sığorta-pensiya modelinin müxtəlif beynəlxalq uğurlar qazanması ilə də müşahidə edilmişdir. 3-5 mart 2010-cu il tarixində Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. Xüsusi qeyd etmək istərdim ki, sosial təminat sahəsində mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın bu mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisidir. Bununla yanaşı, 29 noyabr - 4 dekabr 2010-cu il tarixində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Bakıda yaradılması qərara alınmışdır. Forumda Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbərliyi tərəfindən ölkəmizdə sığorta-pensiya sahəsində aparılan uğurlu siyasətin və islahatların nəticələrini nəzərə alaraq, Sosial sığorta-pensiya məsələləri üzrə Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin yaradılması da təklif edilib. Belə təsisatların Azərbaycanda yaradılmasının əsas səbəbi kimi ölkəmizdə qısa müddət ərzində bu sahədə böyük nailiyyətlərin əldə olunması, respublikanın iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə sahəsində böyük təcrübəsi qeyd olunub.

Həmçinin, qeyd etmək istərdim ki, 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır. BMT İnkişaf Proqramının Nyu-Yorkda yerləşən Baş qərargahı Avropa və MDB ölkələrinin sığorta-pensiya sistemlərində son illər həyata keçirilən islahatları təhlil edərək ölkəmizin sığorta-pensiya sistemindəki islahatları özündə əks etdirən “Azərbaycan-Dəyişikliyin tarixçəsi. Effektiv Pensiya sisteminin qurulması” başlıqlı şərhində Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatların həcminə, müddətinə və digər parametrlərinə görə daha üstün olduğunu bildirib. Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan, aydın başa düşülən, şəffaf, ədalət prinsiplərini əsas götürən, müasir tələblərə cavab verən sosial sığorta-pensiya sisteminin qurulduğu qeyd olunub, bu sistemin bir sıra ölkələr üçün model rolu oynadığı vurğulanıb.

Əsas götürülən meyarlar barədə isə qeyd etmək istərdim ki, beynəlxalq səviyyədə aparılan qiymətləndirmələr özünün elmi-nəzəri və praktiki yanaşma tərzinə görə fərqlənir. Baş vermiş maliyyə böhranının dərsləri, bu konteksdə sistemlərin əhatəliliyi və çevikliyi son illərdə aparılan qiymətləndirmələrdə əsas meyarlar kimi götürülür. 2010-cu ildə bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilməsinin heç də təsadüfi olmadığını təsdiqləməklə yanaşı, ölkəmizin islahatlarda qabaqcıl mövqeyini bir daha sübut etmiş oldu. Bu baxımdan inkişaf etmiş bir sıra ölkələrdə pensiya sistemi ilə bağlı təklif olunan islahatların məzmunu xeyli diqqəti çəkir. Təklif olunan variantlardan biri sistemin genişləndirilməsi məqsədilə hərbçilərin, daxili işlər orqanlarında çalışanların və bu kimi digər şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsidir. Qeyd olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə hələ dörd il bundan öncə islahat tədbirləri həyata keçirilib. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinə və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilmişdir. Bu tədbirlər nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən (natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı, pensiyalarının fondun hesabına verilən plastik kartlarla ödənilməsi və s.) istifadə etmələrinə imkan yaradılmışdır. Bundan başqa, bəzi ölkələrdə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilir, bu sahədəki güzəştlərin ləğvi əsas islahat istiqaməti kimi müəyyənləşdirilmişdir. Xatırladaq ki, Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir. Sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin bir-birindən ayrılması bazar iqtisadiyyatı şəraitində sosial müdafiənin gerçəkləşdirilməsi baxımından ən arzuolunan variant kimi qiymətləndirilir.

Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə sığorta-pensiya və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri tam təmin olunmuşdur. Bu proses 2010-cu ildə də dərinləşdirilmişdir. Belə ki, məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən bir sıra qeyri-sığorta ödəmələrinin (məşğulluq tədbirlərinin həyata keçirilməsi (işsizliyə görə verilən müavinət istisna olmaqla), məşğulluq orqanlarının saxlanılması, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması, miqrasiya idarəsinin saxlanılması ilə bağlı xərclərin) dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi barədə qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir.

Növbəti əsas təklif pensiya sistemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, pensiya sistemində hazırkı qaydada yığım komponentinin tətbiqi maliyyə bazarlarının mövcud vəziyyəti ilə üst-üstə düşmür və bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividendləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Digər tərəfdən, yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması pensiya fondlarının büdcə kəsirini daha da dərinləşdirir, böhran halında isə tamamilə müflis olmalarına gətirib çıxarır. Bununla bağlı pensiyaların yığım hissəsinin perspektivinə dair təkliflərdə bir neçə variant səsləndirilir. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Digər bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülür. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının pensiya qanunvericiliyi də baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir və bu prosesdə dövlətin həlledici rolu, pensiyaçıların sosial müdafiəsinə birbaşa dəstəyi aydın görünür. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı (konservativ) mövqe tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunmuş, bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə (fərdi yığım hesablarına) yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilmişdir. Dünya maliyyə böhranı Azərbaycanda məhz üçpilləli sistemin tətbiqinin, dövlətin sosial müdafiədə aktiv rolunun saxlanılmasının və real yığım elementinin tətbiqi məsələsində ehtiyatlı davranmanın nə dərəcədə doğru olduğunu da sübut etmiş oldu. Belə məsələlərin siyahısını daha da genişləndirmək olar.

- 2011-ci il ərzində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi üçün hansı tədbirlər həyata keçiriləcək?

- İlk növbədə, Dövlət Sosial Müdafiə Fondunun əsas maliyyə sənədinin - 2011-ci il üçün büdcəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar fondun orqanları qarşısında mühüm vəzifə kimi durur. İnanıram ki, əvvəlki illərdə olduğu kimi, bu büdcənin icrası da xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətin reallaşdırılmasına mühüm töhfə verəcəkdir. 2011-ci ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur. 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 mln. manat artıqdır. Bu il “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq islahat tədbirləri davam etdiriləcəkdir. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, fondun mərkəzi aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi və digər mühüm vəzifələr daxildir. Hazırda mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir. Dövlət Proqramında pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi 2013-cü ildə nəzərdə tutulub. Fond bu prosesin Dövlət Proqramında müəyyən olunan qrafikdən əvvəl həyata keçirilməsini hədəfləyib ki, bu da MDB məkanında ilk göstərici olacaqdır. Qeyd olunan istiqamətdə görülən əsas tədbirlərdən biri fərdi uçot sistemində sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların qəbulu prosesidir. Ayrı-ayrı sığortaolunanlar üzrə 2006-cı ildən sonrakı illərdə ödənilən sığorta haqları barədə bəyannamələrin qəbulu, onların hesablara işlənilməsi sürətlə davam etdirilir. Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayının 1 milyon 800 min nəfərə yüksəlməsi, mövcud pensiyaçıların sayının 1 milyon 292 min nəfər təşkil etməsi və fərdi uçot sahəsindəki qanunvericiliyə əsasən sosial müdafiə hüquqlarının gerçəkləşdirilməsi üçün uçota götürülməli olan göstəricilər sistemi nəzərə alınarsa, bu işin necə genişmiqyaslı olmasını aydın görmək mümkündür. Digər əsas məsələ isə belə böyük informasiya-əməliyyat sistemini əhatə edəcək müasir infrastrukturun qurulmasıdır. İndiyə qədər DSMF-nin 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılmış, DSMF-nin bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilmiş, bütün işçilər kompüter sistemləri ilə təchiz edilmişlər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin edilmişdir və hazırda əksər işlər kompüter sistemləri vasitəsilə aparılır. Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılmışdır. Qarşıdakı dövrdə bu istiqamətdəki vəzifələrin sürətlə yerinə yetirilməsi üçün bütün səylər səfərbər olunacaqdır.

Dövlət Sosial Müdafiə Fondu möhtərəm Prezident İlham Əliyevin “Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik ki, ölkəmizi daha da gücləndirək” tapşırığını əldə rəhbər tutaraq 2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasətini uğurla icra edəcəkdir.

 

Yeni Azərbaycan.- 2011.- 4 fevral.- S.5.