2010-cu il Azərbaycanda siyasi sistemin inkişafı istiqamətində hansı nailiyyətlərlə yadda qaldı?

 

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında bu mövzuda “Dəyirmi masa” keçirilib

 

2010-cu ili geridə qoysaq da, ötən ilin yekunları hazırda cəmiyyətimizdə əsas müzakirə mövzularından biridir. Bu da səbəbsiz deyil. 2010-cu ildə ölkəmizin əldə etdiyi nailiyyətlərin müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində müstəsna yeri var və ötən ilin göstəriciləri respublikamızın gələcəkdə daha böyük uğurlara imza atacağını söyləməyə əsas verir. Bildiyiniz kimi, “Yeni Azərbaycan” qəzeti  olaraq, 2010-cu ilin yekunlarını müxtəlif sahələr üzrə təhlil edirik, redaksiyamıza dəvət etdiyimiz qonaqların iştirakı ilə ötən ilin göstəricilərini fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Ənənəvi “Dəyirmi masa”mızın budəfəki mövzusu isə 2010-cu ildə Azərbaycanda həyata keçirilən siyasi islahatlarla bağlıdır. “Dəyirmi masa”da Azərbaycan Milli Məclisinin üzvləri - parlamentin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, bitərəf deputat Bəxtiyar Əliyev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak ediblər.

Hikmət Babaoğlu: Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində dövlətimizin başçısı çox məzmunlu, geniş və əhatəli nitq söylədi. Cənab Prezidentin nitqində diqqətçəkən məqamlardan biri Onun ölkəmizdə siyasi sahədə görülən işlərlə bağlı dərin məntiqə əsaslanan fikirləri idi. Prezident bildirdi ki, ölkəmizdə iqtisadi islahatlara paralel olaraq, siyasi islahatlar da həyata keçirilir. Doğrudan da, bu onun göstəricisidir ki, Azərbaycanda bütün tədbirlər düşünülmüş strategiya əsasında kompleks şəkildə həyata keçirilir. Dövlətimizin başçısı çox maraqlı olan bir fikir də səsləndirdi və bildirdi ki, biz artıq postsovet ölkəsi deyilik. Bu, çox ciddi və yeni bir fikir olmaqla dərin təhlilə əsaslanırdı. Azərbaycanın artıq postsovet ölkəsi olmaması o deməkdir ki, bütün parametrlər üzrə - iqtisadi, siyasi, sosial, psixoloji, mənəvi baxımdan bizim artıq o ölkə ilə heç bir əlaqəmiz yoxdur. Bugünkü Azərbaycan tamamilə yeni müstəqil Azərbaycandır və insanların düşüncəsindən Sovet anlayışı tamamilə silinibdir. İstərdik söhbətimizə elə bu məsələdən başlayaq. Çünki siyasi islahatların bir qismi də bu tezisin əsasında birləşir.

Qüdrət Həsənquliyev: Siyasi sistemin gücləndirilməsi və inkişafı təkcə iqtidar partiyasından asılı olan məsələ deyil. Bu sistemin daha da güclü bir mexanizm kimi işləməsi üçün bütün siyasi partiyalar inkişaf etməli, güclənməlidir. Bundan əlavə, “Jurnalistlərin dostu” mükafatı Prezident İlham Əliyevə təqdim olunanda dövlətimizin başçısı bildirdi ki, artıq Azərbaycanda geniş və əhatəli siyasi islahatların həyata keçirilməsinin zamanı çatıb. Hesab edirəm ki, doğrudan da, bu istiqamətdə addımlar atılır və atılmalıdır. Ona görə ki, bu gün ölkəmizdə jurnalistika kifayət qədər inkişaf edib, hansı ki, demokratik cəmiyyətin ən yüksək atributlarından biridir. Bugünkü mövcud durumu 1992-93-cü illərlə müqayisə edəndə həqiqətən böyük inkişaf yaşandığını görə bilərik. O zamanlar bir neçə qəzet var idi, internet ümumiyyətlə yox idi. Son illər ərzində isə Azərbaycanda böyük bir jurnalist ordusu yaranıb, vətəndaşları normal şəkildə informasiya ilə təmin edə bilən mətbuat mövcuddur. Eyni zamanda, qeyri-hökumət sektoru da inkişaf yoluna qədəm qoyub. Bütün sahələri əhatə edən QHT-lər fəaliyyət göstərir. Siyasi sistemin əsas parametrlərindən olan siyasi partiyaların inkişafına zərurət yaranıb. Mən hesab edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunmalı, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə keçilməlidir. Belə olacağı təqdirdə partiyaların xarici güclərdən asılılığı məsələsini xeyli dərəcədə aradan qaldıra biləcəyik. Bu isə beynəlxalq güclərin ölkənin daxilinə müdaxilə imkanlarını xeyli dərəcədə məhdudlaşdıracaq. Qısası, hesab edirəm ki, ölkəmizdə siyasi islahatların həyata keçirilməsi üçün artıq lazımi baza, əlverişli zəmin formalaşıb, eyni zamanda, mövcud olan iqtisadi bazis də geniş spektrli siyasi islahatların həyata keçirilməsinə imkan verir.

Fəzail Ağamalı: Əlbəttə ki, demokratik inkişaf yolu tutmuş hər bir ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında iki mühüm istiqamət var. Bunlar qeyri-hökumət təşkilatları və mətbuatdır. Bunların vətəndaş cəmiyyətinin formalaşmasında yeri və rolu çox yüksəkdir. QHT-lərin artıq müəyyən qədər inkişaf etməsi, həmçinin, müxtəlif problemlərin həllinə xidmət edən layihə və təkliflərlə çıxış etməsi, eyni zamanda, Azərbaycanda müstəqil mətbuatın və söz azadlığının mövcudluğu ölkədə siyasi islahatların aparılmasına da yardımçı olur. Eyni zamanda, demokratik cəmiyyət quruculuğunda və siyasi sistemin inkişafında partiyaların yeri və rolu şəksizdir. Bu və ya digər ölkədə siyasi sistemdə partiyaların oynadığı rolu başqa bir institutun mövqeyi və yeri ilə müqayisə etmək mümkün deyil. Ona görə də, cənab Prezident parlamentdə millət vəkilləri qarşısında çıxışında da söylədi ki, siyasi sistemin inkişafına böyük ehtiyac var. Bu işdə Milli Məclis və parlamentdə təmsil olunan partiyalar da öz töhfəsini verməlidir. Mən digər məsələyə də münasibət bildirmək istəyirəm. Azərbaycan artıq bir çox parametrlərə görə keçmiş  Sovet respublikalarından əsaslı şəkildə fərqlənir. Bunun da bir çox səbəbləri var. Məsələn, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan tarazlaşdırılmış xarici siyasət kursu və bu kursun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi imkan verdi ki, bizim Qərbə inteqrasiyamızda təkamül xətti götürülsün və ölkədə ciddi kataklizmlər baş verməsin. Amma bəzi postsovet ölkələri bu yolu düzgün müəyyənləşdirə bilmədiyindən böyük problemlərlə üzləşdilər. Ona görə də, mən Azərbaycanı keçmiş Sovet ölkələrindən kəskin şəkildə fərqləndirirəm.

Musa Quliyev: Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə cənab Prezident İlham Əliyev tarixi bir fikir söylədi və dedi ki, Azərbaycanda keçid dövrü başa çatmışdır. Yəni, Azərbaycan özünün iqtisadi inkişafında yeni bir mərhələyə qədəm qoyur. Bu fikrin altında çox böyük mənalar var. Burada söhbət təkcə iqtisadi sahədə yeni dövrün başlanmasından getmir. Həm siyasi sahədə, həm sosial sahədə, həm ictimai münasibətlərin tənzimlənməsində yeni bir dövr başlayıb. Beynəlxalq praktikada da belədir ki, sosial, siyasi islahatlar iqtisadi sahədə əldə olunan uğurlarla şərtlənir və harmoniya təşkil edir. Ölkəmizdə aparılan siyasi islahatlar da əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin inkişaf konsepsiyasının mühüm tərkib hissələrindəndir və cənab Prezident də bu kursu müvəffəqiyyətlə həyata keçirir. Bu gün Azərbaycanda bütövlükdə cəmiyyət radikalizmə yox deyir, müxtəlif siyasi qüvvələrin, müxtəlif ideologiyanın daşıyıcılarının harmoniyasını dəstəkləyir. Bizim istəyimiz də elə bundan ibarətdir ki, cəmiyyət hərtərəfli inkişaf etsin. Amma bu cəmiyyətdə müxalifətin də, iqtidarın da kim olacağını, bunun nisbətinin necə olacağını seçkilər yolu ilə xalq müəyyənləşdirir.

Sabir Hacıyev: Bugünkü Azərbaycanı nəinki 20 il öncə ilə, hətta 10 il bundan əvvəlki ilə müqayisə etmək mümkün deyil. Təbii ki, hər bir inkişafın əsasında iqtisadi inkişaf dayanır. Eyni zamanda, iqtisadi sahədə əldə olunan nailiyyətlər bütün digər sahələrdə, o cümlədən, siyasi sahədə islahatların həyata keçirilməsinə əsaslı bünövrə yaradır. Ümumiyyətlə, islahat hər bir dövlətdə, cəmiyyətdə daimi bir prosesdir, yenilənmədir, təkmilləşmədir. Bayaq da qeyd edildi ki, bu gün Azərbaycan vətəndaşı artıq özünü keçmiş postsovet ölkəsinin vətəndaşı kimi görmür. Bəli, bu gün xüsusən, gənc nəsillərin sovet ideologiyası ilə bağlı, simvolları ilə bağlı təsəvvürləri belə yoxdur. Əksinə, Azərbaycan gəncliyi müasir biliklərə yiyələnərək, dünyada baş verənləri dərk edərək, yüksək səviyyədə təhsil alaraq inkişaf edir.

Bəxtiyar Əliyev: Haqlı olaraq qeyd etdiniz ki, Azərbaycanda gedən proseslər davamlıdır və bu proseslər anarxiyadan sabitliyə keçid dövründən başlayır. 1993-cü ildən 1995-ci ilə qədərki dövrdə ölkəmizdə anarxiyadan sabitliyə keçid, sonra isə sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı, 1995-ci ildə demokratik dövlət quruculuğuna başlayan ölkə kimi onun Konstitusiyası qəbul edildi. Bugünkü bizim həyatımız bu Konstitusiyanın əsasında köklənib. Hələ o vaxt hərtərəfli düşünülmüş, hüquqi demokratik dövlət üçün faydlı ola biləcək və uzun perspektivlərə hesablanmış demokratik Konstitusiyanın qəbul edilməsi bugünkü vətəndaş cəmiyyətinin qurulmasına geniş imkanlar yaradır. Hər halda artıq dövlətin inkişaf konsepsiyası formalaşıb və Azərbaycan artıq öz inkişaf yolunu müəyyənləşdirib. Bu da demokratik, hüquqi dövlət quruculuğu yoludur. Və dəfələrlə bəyan olunmuşdu ki, heç kim Azərbaycanı bu yolundan sapdıra bilməz. Azərbaycan daim bu yolla irəliləyəcək. Yadımdadır ki, 2004-cü ilin yazında AŞ PA yeni seçilmiş Azərbaycan Prezidenti İlham Əliyevi  dəvət etmişdi. Dövlət başçısı Azərbaycanın orada siyasi, iqtisadi inkişafının yeni bir mərhələsinin başlanması ilə bağlı çıxış etdi və yeni bir konsepsiya irəli sürdü ki, demokratiyanın inkişafı yalnız iqtisadi inkişafla paralel, bir-birilə bağlı gedə bilər. İqtisadi inkişaf olmayan yerdə demokratik inkişafdan söhbət gedə bilməz.

Hikmət Babaoğlu: Qonaqlarımızın da qeyd etdikləri kimi, ölkəmizdə söz azadlığı tam təmin olunub, qeyri-hökumət təşkilatları, ombudsman institutu yaradılıb və s. Təbii ki, bütün bunlar nəticə etibarilə ona xidmət etməlidir ki, ölkədə obyektiv və düzgün əsaslarda siyasi dünyagörüşü formalaşmış cəmiyyət qurulsun. Bu cəmiyyət üçün, insanlar üçün, fərdlər üçün öncəlikli maraq dövlətin və milli maraqların qorunması olmalı, onların siyasi proseslərdə aktiv iştirakı təmin olunmalıdır. 2010-cu il bu mənada yaddaqalan il oldu. Hər şeydən öncə qeyd edilməlidir ki, 2010-cu ildə Azərbaycanda növbəti Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərə qədər də hələ xeyli işlər görüldü. Belə ki, seçki qanunvericiliyində müəyyən dəyişikliklər oldu, əhalinin maariflənməsi, təşkilati məsələlərin həllində mütərəqqi addımlar atıldı. Bütün bunları nəzərə alaraq, 2010-cu ildə əhalinin siyasi fəallığının artması, seçkilərin müxtəlif yeniliklərin tətbiq olunması ilə keçirilməsi, siyasi palitrada təmsil olunan bütün güclərin bu prosesdə iştirakı, seçkilərin nəticələrinin normal qarşılanması, avropalı və MDB-dən gələn müşahidəçilərin bu seçkilərə yüksək qiymət verməsi Azərbaycanın seçki tarixində yeni bir mərhələnin başlanğıcı idi. Bunu siyasi müstəvidə yeni keyfiyyət dəyişikliyi kimi qəbul etmək olarmı?

Musa Quliyev: Azərbaycanda seçki praktikası ildən-ilə təkmilləşir, daha da demokratikləşir. Baxmayaraq ki, bir çox Qərb institutları həmişə seçkilərə müəyyən bir basqı ilə, şübhə ilə yanaşırlar. Əslində, onların özləri də şübhələrinə inanmırlar. Yadınızdadırsa, Seçki Məcəlləsinin qəbulunda nə qədər çətinliklərlə üzləşdik, nə qədər problemlər yaratdılar. Sonda hökumətimiz  dedi ki, buyurun, nə təklifləriniz, nə iradlarınız varsa deyin, biz də onları məcəlləyə daxil edək. Heç bir təklif verə bilmədilər. Məcəllənin qəbulundan sonra isə başladılar başqa sözlər deməyə. Bu dəfə barmaqların mürəkkəblənməsi, bülletenlərin şəffaf qutulara atılması, “exit-poll”un keçirilməsi və s. kimi texniki yenilikləri gündəmə gətirdilər. Azərbaycan hökuməti bu dəfə də bütün təşəbbüsləri qəbul etdi və bunları ölkəmizin seçki praktikasına daxil etdik. Bu məsələlərdə də irad tuta biləcəkləri bir şey tapmayanda, başladılar, ölkəmizdə keçirilən seçkilər haqqında həqiqətə uyğun olmayan, qərəzli fikirlər səsləndirməyə. Yəni, bunları deməkdə məqsədim həmin qüvvələrin səsləndirdiyi fikirlərin mahiyyətini, istəklərinin nədən ibarət olduğunu göstərməkdir. Amma buna baxmayaraq, ildən-ilə Azərbaycanda seçki texnologiyaları daha da inkişaf edir, daha da təkmilləşdirilir, ən əsası isə bütün seçkilərin nəticələri xalqımızın iradəsinə söykənir, onu əks etdirir. Bu isə onu göstərir ki, Azərbaycanda demokratiya ildən-ilə inkişaf edir, seçkilər demokratik keçirilir, seçkilərdə xalqın öz iradəsini azad və sərbəst şəkildə ifadə etməsi üçün dərin əsaslar yaradılıb. Bunu sonuncu parlament seçkilərini izləyən müşahidə missiyalarının üzvləri də bəyan etdilər. Bu isə o deməkdir ki, Azərbaycanda gedən müsbət siyasi prosesləri, demokratik inkişafı, sivil dəyərlərə inteqrasiyanı artıq Avropa cəmiyyəti qəbul etməkdədir. Digər tərəfdən, qeyd etməliyəm ki, bəzi beynəlxalq qüvvələr, təşkilatlar, bəlkə də dövlətlər var ki, onlar həmişə Azərbaycana müəyyən təzyiqlər ediblər və bundan sonra da edəcəklər. Bunların məqsədi hər bir vətəndaşımıza bəlli olmalıdır. Bu addımlar yalnız bir məqsədə xidmət edir - onlar ölkəmizin güclənməsindən, regionun əsas güc mərkəzlərindən birinə çevrilməsindən narahatdırlar, həmçinin, Azərbaycanın iqtisadi inkişafından, imkanlarından, resurslarından yararlanmaq istəyirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan cəmiyyətində çox güclü bir harmoniya yaranıbdır, siyasi qüvvələrin nisbəti müəyyənləşibdir, sonuncu parlament seçkilərində bu da öz təsdiqini tapdı ki, artıq Azərbaycan cəmiyyəti radikalizmi, dağıdıcı siyasi partiyaları qəbul etmir.

Sabir Hacıyev: Ötən əsrin 90-cı illərində ümumiyyətlə, postsovet məkanında bütün seçkilər gərginliklə, xoş olmayan, dağıdıcı xarakterli hadisələrlə müşayiət olunurdu. Eyni zamanda, Azərbaycanda da seçki öncəsində və seçkilərdən sonra müxtəlif belə hadisələr yaşanırdı. Amma son parlament seçkiləri göstərdi ki, həm Azərbaycan dövləti, həm cəmiyyətimiz kifayət qədər sakit ab-havada, mənfi hadisələrdən uzaq, normal seçkilər keçirmək iqtidarındadır. Amma çox təəssüf ki, hətta bəzi Qərb dairələrini, ölkəmizdə seçkiləri müşahidə edən bir sıra qrupları da seçkilərin belə sakit şəraitdə keçməsi narahat edir.

Bəxtiyar Əliyev: 2010-cu il parlament seçkiləri Azərbaycanın inkişaf tarixində mühüm bir mərhələni təşkil edir. Bütün demokratik təsisatların, partiyaların seçkilərdə iştirakı müsbət qiymətləndirilməlidir. Parlament seçkilərində əvvəllər çoxlu namizədlər irəli sürülürdü. Amma, bu dəfə namizədlərin sayı əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq qədər azalmışdı. Bunun özünü də mən müsbət qiymətləndirirəm. Çünki bu onu göstərir ki, artıq insanlarımız öz məsuliyyətlərini daha yaxşı dərk edirlər. Bu gün cəmiyyət özü belə bir münbit şərait formalaşdırıb ki, kim xalqın maraqlarını təmin etmək iqtidarındadırsa, o, meydana atıla bilər və insanlar onu dəstəkləyəcək. Bu prizmadan çıxış edərək deyə bilərəm ki, Azərbaycan azad mətbuatın olması, söz azadlığının, vicdan azadlığının tam təmin edilməsi, dini tolerantlıq baxımından bir modeldir. Lakin, buna qısqanclıqla yanaşan qüvvələr süni olaraq Azərbaycanda müəyyən məsələləri gündəmə gətirir, ondan sui-istifadə halları olur. Məsələn, bu günlərdə bəzi qüvvələr dini tolerantlıqla bağlı hansısa fikirləri formalaşdırmağa cəhd göstərdilər. Amma, Azərbaycan cəmiyyəti buna öz münasibətini bildirdi. Bu gün ölkəmizdə vətəndaş cəmiyyəti həmrəyliyinin yüksək bir nümunəsini görürük.

Sabir Hacıyev: Bu gün Azərbaycan cəmiyyəti də siyasi sistemdə baş verən inkişafa adekvat cavab verir. Bunu konkret misallar da göstərir. Məsələn, 2010-cu ildə parlament seçkilərində namizədliklərini irəli sürən şəxslərin sayı 5 il öncə ilə müqayisədə 2,3 dəfə azalıb. Bu onu göstərir ki, artıq hər kəs başa düşür ki, qanunverici orqan nədir, millət vəkili olmağın məsuliyyəti nədən ibarətdir, o, Milli Məclisdə nə edə bilər və s. Dünya praktikasında da belədir. Azərbaycanda artıq siyasi mədəniyyətin formalaşdığı, inkişaf etdiyi də hamı tərəfindən qəbul olunur və etiraf edilir. Görmək istəməyənlərin isə öz məqsədləri var.

Hikmət Babaoğlu: Haqlı olaraq qeyd olundu ki, siyasi islahatların aparılması üçün ilk növbədə, siyasi iradənin mövcud olması vacib şərtdir. Bu siyasi iradə, əlbəttə ki, Azərbaycan Konstitusiyasından doğan və düzgün siyasi sistemimizi şərtləndirən hüquqi siyasi əsaslarda, Ulu öndərimizin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikası Konstitusiyasında var. Amma, eyni zamanda, siyasi islahatların aparılması üçün maarifləndirmə, innovasiya və siyasi islahatların həyata keçirilməsini təmin edəcək münbit siyasi, mədəni, sosial zəmin yaratmaq da mühüm şərtdir. Təbii ki, bu məsələdə QHT-lərin, televiziyaların, mətbuat orqanlarının da rolu var. Bu funksionallıq cəmiyyətdə bərqərar olubmu? Yəni, bu funksionallıq siyasi iradənin həyata keçirilməsini təmin edəcək səviyyədədirmi?

Bəxtiyar Əliyev: Çox ölkələrin zəngin resursları var. Amma, gəlin görək, bu resurslar həmişə xalqın rifahına, demokratiyanın möhkəmlənməsinə xidmət edirmi? Təbii ki, bu suala birmənalı “hə” demək mümkün deyil. Dövlətin təbii sərvətlərindən düzgün və səmərəli şəkildə istifadə etmək lazımdır ki, o, xalqın güzaranının yaxşılaşmasına, dövlətin inkişafına xidmət etsin. Ona görə də, Azərbaycan Prezidenti cənab İlham Əliyev qarşıya belə bir məqsəd qoymuşdu ki, neft gəlirləri ölkəmizin inkişafına yönəldilsin. Eyni zamanda, ölkənin iqtisadi imkanlarının artmasına paralel olaraq, siyasi islahatlar da həyata keçirilir və bunlar bir-birini tamamlayır. Azərbaycan keçid dövrünü geridə qoyub. Bu, nə deməkdir? Bu, o deməkdir ki, artıq Azərbaycanda demokratiyanın daha da dərinləşməsi, hüquqi dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması prosesi yaşanır. Bu gün Azərbaycanda bütün demokratik institutlar normal şəkildə fəaliyyət göstərir. Təbii ki, bu, dövlətimizin apardığı siyasətin nəticəsidir. Dövlət tərəfindən vətəndaş cəmiyyətinin dayaqları olan demokratik təsisatlara lazımi səviyyədə dəstək və yardım olunur. Bu məqsədlə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Artıq QHT-lərin layihələri dövlət tərəfindən maliyyələşdirilir. Sevindirici haldır ki, dövlət maliyyə yardımı ayırarkən QHT-lərin siyasi baxışlarına, onların fəaliyyət istiqamətlərinə fərq qoymur. Yəni, burada yalnız dövlətin həyata keçirdiyi islahatlara dəstək verən QHT-lərə yardım olunmur. Yararlı, ictimai dəyərlərin inkişafına yönəlmiş, vətəndaşlarımızın xeyrinə olan bütün layihələr dövlət tərəfindən maliyyələşdirilir. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün aktual olan məsələlərin həllində vətəndaşların QHT-lər vasitəsilə bilavasitə iştirakını təmin edir. Həmçinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu da yaradılıb və bu fondun fəaliyyəti də Azərbaycan mətbuatının inkişafına xidmət edir. Mətbuat Şurasının, İctimai Televiziyanın yaradılması vacib hadisələrdir. Bütün bunların əsası 2002-ci ildə Konstitusiya islahatlarında öz əksini tapdı. Həmin referendumda biz Konstitusiyamıza əsas insan hüquq və azadlıqlarının bütün elementlərini daxil etdik. Hamının yaxşı xatirindədir ki, o dövrdə Azərbaycan cəmiyyətində bu, çox müxtəlif fikirlər doğurdu, bəziləri bunun əleyhinə çıxış edirdilər ki, bu qədər hüquqların Konstitusiyaya daxil edilməsi və gələcəkdə təmin edilməsi necə mümkün olacaq? Yəni, buna müəyyən şübhələrlə yanaşılırdı. Amma biz Konstitusiyada birbaşa təsbit etdik ki, hansı hallarda yalnız insan hüquqları məhdudlaşdırıla bilər. Bu, keyfiyyətcə yeni və çox uğurlu bir mərhələnin başlanğıcı idi. Bundan sonra siyasi islahatlar üçün daha da münbit, real, qanunverici əsas formalaşdı. Təsəvvür edin ki, növbəti referendumda bu azadlıqlar daha da genişləndirildi və bu siyasi sistemin özünə yeni islahat elementləri gətirdi.

Hikmət Babaoğlu: Siyasi partiyalarla bərabər, yeni siyasi palitranı formalaşdıran digər institutlar da var. Cəmiyyətdəki siyasi islahatları təmin edəcək sosial-siyasi və ictimai institutların adlarını çəkdiniz. Bəs bunların funksionallığı necədir? Bu gün bir ekspert, Milli Məclisin üzvü kimi bu institutların dediyimiz məqsəd istiqamətində göstərdiyi fəaliyyətin keyfiyyəti haqqında danışmağınızı istərdim. QHT-lər, sadəcə, qrant alıb xərcləyirsə, mətbuat səhifələrini agentliklərlə doldurursa, bu zaman funksionallıqdan danışmağa dəyərmi?

Bəxtiyar Əliyev: Demokratik təsisatların funksiyalarına və onlardan bizim, ictimaiyyətin gözləntilərinə gəlincə, burada fikir müxtəlifliyi ola bilər. Çünki bu institutların özü Azərbaycan cəmiyyəti üçün yeni bir hadisədir. Burada təcrübə qazanılmalıdır. Ona görə də, istər mətbuata, istər QHT-lərə, istər digər institutlara yanaşmada bir qədər zamana ehtiyac var. Amma, çox düzgün qeyd edirsiniz ki, bəzi QHT-lər və ya hüquq müdafiəçiləri Azərbaycan cəmiyyəti üçün spesifik olmayan, cəmiyyətin gələcək inkişaf dinamikasına təsir göstərə biləcək fəaliyyət sərgiləyirlər və bu qətiyyən yolverilməzdir. Ona görə də, cəmiyyət bu fəaliyyəti qəbul etmir. Eləcə də, bu gün dövlət tərəfindən QHT-lərə ayrılan qrantlara yanaşmalar da fərqlidir. Artıq burada kimin cəmiyyətin tələblərinə cavab verməsi göz önündədir. Bu baxımdan, parlamentdə də qaldırılan bir məsələyə toxunmaq istəyirəm. Vaxtilə Azərbaycana təzyiq etmək üçün siyasi məhbus anlayışından istifadə edilirdi. Xüsusi olaraq qeyd etməliyəm ki, Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb. Amma, bu gün, hələ o fikri dəstəkləyən, qarşıdurma yaratmağa meyilli olanlar da var. Onlar hüquq müdafiəçiləri, QHT-lər kimi fəaliyyət göstərirlər. Amma onlar hardan maliyyələşirlər, bu da bəlli deyil. Onların fəaliyyəti şəffaf olmalıdır və bu cəmiyyəti də maraqlandırır. Amma, ümumən isə hesab edirəm ki, QHT-lərin fəaliyyəti qənaətbəxş sayıla bilər, bəzi neqativ hallar isə dövlətimiz, cəmiyyətimiz inkişaf etdikcə aradan qalxacaq.

Musa Quliyev: Bir fikri vurğulamaq istəyirəm ki, siyasi sistemin gücləndirilməsi təkcə siyasi partiyaların gücləndirilməsi ilə şərtlənmir. Eyni zamanda, demokratik təsisatların yaranması və güclənməsi, onların fəaliyyətinin qanunlarla və cəmiyyətin özü tərəfindən tənzimlənməsi çox vacib bir məsələdir. Bayaq Hikmət müəllim çox yaxşı sual verdi.  Bu gün QHT-lər cəmiyyətin gözləntilərinə nə qədər cavab verir?

Nə qədər gücü var, elə o qədər də cavab verir. QHT-lər Azərbaycanda yeni yaranmış institutdur və yarananda da Azərbaycana kənardan yaradılıb gətirildi. Və hardasa Azərbaycan iqtidarına müxalif düşüncə kimi gətirilmişdi. Mən hələ 1990-cı illərin əvvəlindən danışıram. Amma 10-15 il ərzində artıq Azərbaycan cəmiyyəti bu institutun həqiqi mahiyyətini anladı və bu institutu da cəmiyyətin inkişafına, dövlətin, cəmiyyətin həyatında iştirakına yönəlik institut kimi qəbul edir.

Prezident Sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması isə bu işi müəyyən qədər tənzimlədi. Şuranın illik büdcəsi nə qədərdir? Təxminən 2 milyon manat. Amma bütövlükdə Azərbaycanda QHT sektorunda il ərzində 20 milyon vəsait xərclənir. Bunun 2 milyonunu Azərbaycan dövləti verir. Dövlətin verdiyi pul Azərbaycan cəmiyyətinin inkişafına xidmət edir. Amma yerdə qalan vəsait müxtəlif təşkilatlar tərəfindən qrant şəklində verilir. Bəzən isə destruktiv qüvvələrə də böyük məbləğdə qrantlar verilir. Onlardan sonra hesabat tələb olunur. Soruşurlar ki, filan məqsəd üçün verdiyim pul hara xərclənib? Bu pullar, Azərbaycanda demokratiya yoxdur deməkdən ötrü verilir.

Hikmət Babaoğlu: Bu gün ölkəmizdə partiyaların fəaliyyətilə bağlı konstitusion əsaslar mövcuddur, siyasi sistem tam formalaşıb. Və bu sistemdə partiyaların yeri və rolu da bəllidir. Sadəcə olaraq, Azərbaycanda siyasi partiyaların təsnifatını aparmaq qeyri-mümkündür. Yəni, dünya praktikasında təsdiq olunmuş kriteriyaları tətbiq etməklə Azərbaycanda siyasi partiyaları təsnifatlandırmaq mümkün deyil. Çünki nə sağçılar, nə solçular, nə mühafizəkarlar, nə mərkəzçilər, nə də demokratlar bəllidir. Heç bir partiyanı klassik partologiyada olan bölgüyə uyğunlaşdırmaq olmur. Ona görə də, hesab edirəm ki, Azərbaycandakı siyasi partiyalar da klassik ideologiyalar ətrafında formalaşmalıdır. Bunun üçün də, ilk növbədə, maarifləndirməyə ehtiyac var.  Əhali ilk olaraq, bu siyasi-ideoloji dəyərləri mənimsəməlidir, sonra bu dəyərlər ətrafında birləşməlidir.

Bəxtiyar Əliyev: Ümumiyyətlə, partiyanın yaranması günün, həyatın tələbindən irəli gəlməlidir, o partiyanın yaranmasına cəmiyyət ehtiyac duymalıdır, cəmiyyətin müəyyən çağırışları olmalıdır ki, partiyalar da bu çağırışa cavab vermək üçün meydana gəlsin. Müəyyən ideyaların daşıyıcıları bir partiyada toplaşıb zamanın, dövrün, cəmiyyətin çağırışlarına cavab vermək üçün fəaliyyətə başlayır. Amma, gəlin qısa bir təhlil aparaq, Azərbaycanda zərurətdən, tələbatdan yaranan neçə partiya var? Bu gün Azərbaycan Prezidenti böyük bir partiyanın rəhbəri olmasına baxmayaraq, bütün digər partiyaların da fəaliyyəti üçün münbit şərait yaradıb, lazımi islahatları həyata keçirib. Bu onu göstərir ki, dövlətin iradəsi var.

Fəzail Ağamalı: Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə çoxpartiyalı sistem mövcuddur və siyasi partiyaların sərbəst fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycanda elə bir siyasi qüvvə yoxdur ki, onun fəaliyyətinə bu və digər dərəcədə qadağa qoyulsun, məhdudiyyətlər yaradılsın. Hər bir partiya öz inkişafına, öz səviyyəsinə, öz potensialına görə cəmiyyətdə yerini və rolunu müəyyənləşdirib, buna uyğun olaraq nüfuz qazanıb. Bəli, mən onunla razıyam ki, ötən parlament seçkilərində cəmiyyət birmənalı şəkildə radikalizmi rədd etdi, daha çox təfəkkürə, idraka, təkamülə söykənən siyasi qüvvələrə dəstək verdi. Hakimiyyətlə küçələrdə döyüşərək deyil, söz, konsepsiya mübarizəsinə, fikir təqdimatına gedən partiyalara üstünlük verdi. Ona görə də, bu, bizim yeniliyimizdir. Bu tədbir əsnasında biz siyasi sistemdə baş verən mühüm yenilikləri sadalayırıq. Görün nə qədər dəyişiklik yaşanıb? Təbii ki, belə olan təqdirdə partiyaların da fəaliyyətində dəyişiklik etmək zərurəti yaranır. Ona görə də, mən də hesab edirəm ki, siyasi partiyalar haqqında yeni qanunun qəbuluna ciddi zərurət var. “Siyasi partiyalar haqqında” Qanun bu gün cəmiyyətin inkişafı ilə tam ziddiyyət təşkil edir. Yeni Azərbaycan Partiyası tərəfindən də bu barədə fikirlər səslənib. Reallıq ondan ibarətdir ki, bu gün bütün əsaslar var, ölkə Prezidentinin konkret tezisi bəllidir, Prezidentin siyasi iradəsi ortadadır.

Qüdrət Həsənquliyev: Siyasi sistem gücləndirilmədən cəmiyyətdəki bir çox problemlərin həlli qeyri-mümkündür. Dünya təcrübəsi də bunu göstərir. Sirr deyil ki, bu gün Azərbaycanda siyasi sistemdəki partiyalar hakim partiya ilə rəqabət gücündə deyil. Elə etmək lazımdır ki, bu rəqabət gücünə malik partiyalar olsun. Mən sizin qəzetinizin bu təşəbbüsünü çox bəyənirəm. Çünki bu da siyasi sistemin gücləndirilməsinə xidmət edən bir vasitədir. Bu cür polemikalar televiziyalarda da aparılmalıdır. İndi televiziyalarda xəbərlər, ondan sonra isə şou-proqramlar göstərilir. Dəvət etsinlər müxtəlif partiyaların nümayəndələrini. Azərbaycanda siyasi islahatların aparılması üçün münbit şərait yaranıb. Sonuncu seçkilərdən sonra faktiki surətdə bizim cəmiyyətin toqquşmalarsız, qarşıdurmalarsız inkişafı üçün əlverişli şərait yaranıb.

Musa Quliyev: Mən də bunun tərəfdarıyam ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşməlidir. Bu qanunun üzərində işləyib qəbul edəcəyik. Amma, bir məsələ var. Azərbaycanda nə qədər partiyaya ehtiyac var? Çoxpartiyalı sistem formalaşıb və bu lazımdır. Lakin Azərbaycanda 40-dan çox partiyanın fəaliyyəti nəyə lazımdır və nəyə xidmət edir? Azərbaycanda nə qədər ideya müxtəlifliyi var? Bütövlükdə bizim sosial baza nə qədər partiya yaranmasına imkan verir? Hesab edirəm ki, əvvəlcə bu suallara cavab tapmaq lazımdır.

Hikmət Babaoğlu: Sonda hörmətli millət vəkillərimizə dəvətimizi qəbul edib bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürümüzü bildiririk.

 

 

Aqşin ŞAHİNOĞLU,

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.- 9 fevral.- S.6.