Ölkədə aparılan
quruculuq və abadlıq işləri Nərimanov rayonunda da
geniş vüsət alıb
2010-cu il də rayon
üçün uğurlarla yadda qalıb
Dünən Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sosial-iqtisadi inkişafının 2010-cu ilin yekunlarına həsr olunan iclası keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyevin, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun, millət vəkilləri Ağacan Abıyev və Rasim Musabəyovun, rayonun idarə və təşkilat rəhbərlərinin, həmçinin, rayon fəallarının iştirak etdiyi iclası giriş sözü ilə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açıb.
A.Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini bildirib: “Bakı şəhərinin ən iri rayonlarından biri də Nərimanov rayonudur. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş sovetlər dönəmində burada inşa olunan və özünün nəhəng istehsal həcmli miqyasına görə seçilən sənaye müəssisələri bu gün də ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Rayonun paytaxtın 5 mərkəz rayonunun əhatəsində yerləşməsi buradakı nəqliyyat və digər kommunikasiya sisteminin müasir tələblərə uyğun olaraq durmadan inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat axınına və uzunluğuna görə paytaxtın ən iri prospektləri olan Heydər Əliyev və Ziya Bünyadov prospektləri, məhz, bu rayonda yerləşir. Son illər burada qeyd olunan sahələr üzrə nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından müasir standartlara uyğun körpü və yolötürücüləri inşa olunub, prospekt və yollar genişləndirilib”.
İcra Hakimiyyətinin başçsısı deyib ki, ümumilikdə, ölkədə aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da geniş vüsət alıb: “Son dövrdə respublikamızda inşa olunan dövlət əhəmiyyətli və digər sosial obyektlərin sırasında özünün müasir, modern arxitekturası, relyef mövqeyi, genişliyi və əzəmətliliyi ilə seçilən, dünyada analoqu olmayan, Ümummilli liderimizin adını daşıyacaq Heydər Əliyev Mərkəzini şah əsəri kimi dəyərləndirmək olar. Rayonda həmçinin, sakinlərin istirahətinin sağlam və mənalı keçirilməsi baxımından da xeyli işlər görülüb. Yalnız “Ekologiya ili” çərçivəsində ümumilikdə 7 ha ərazi rayonun daxili imkanları hesabına abadlaşdırılıb və burada park-yaşıllıq zolağı salınıb. Ərazidə ölkəmizin müxtəlif bölgələrindən və İtaliyadan gətirilmiş müxtəlif, qiymətli ağaclar əkilib”.
Qeyd olunub ki, rayon ərazisində 137 sənaye obyekti, 122 tikinti təşkilatı, 1800 firma, şirkət, kiçik müəsissə, 40 nəqliyyat, 43 rabitə sahəsində fəaliyyət göstərən müəssisə və bir çox xarici şirkət və nümayəndəliklər fəaliyyət göstərir. Burada 8 ali, 2 orta ixtisas təhsil müəssisələri, 4 peşə liseyi, 1 gimnaziya, 3 kollec, 20 orta məktəb, 5 kitabxana, 28 dövlət və 13 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Bundan başqa, son dövrdə rayon ərazisində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Fond tərəfindən Zərifə Əliyeva adına uşaq bağçası, Respublika Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Evi və müasir məktəb kompleksi tikilərək istifadəyə verilib, Kor və zəif görən Uşaqlar üçün Respublika internat məktəbi və onun nəzdindəki musiqi məktəbi, “Ankara məktəbi” liseyi, 6 saylı uşaq poliklinikası əsaslı təmir olunub.
Çıxışına davam edən A.Fərzəliyev deyib ki, son illər ərzində Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirib və gözəlləşdirib, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb.
Ötən ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdiyini deyən A.Fərzəliyev, 2010-cu ildə istehlakçılara 320,3 milyon manatlıq sənaye məhsulunun göndərildiyini qeyd edib: “İstehsal olunmuş sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 55,1 faiz təşkil edib. Sənaye kompleksində işləyənlərin sayı il ərzində 2741 nəfər artaraq 11795 nəfər təşkil edib, onların orta nominal əməkhaqqı 17,2 faiz artaraq 362,7 manat olub. Sahibkarlığın inkişaf etdirilməsi və onlara göstərilən dövlət dəstəyinin artması nəticəsində 2008-ci ildə 295, 2009-cu ildə 302, 2010-cu ildə isə 332 yeni müəssisə yaradılıb. Yeni müəssisələrin açılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cu ildən indiyə kimi 27834 daimi iş yerləri yaradılıb ki, bunun da 1807-si 2010-cu ilin payına düşür. Qeyd etmək lazımdır ki, daimi iş yerlərinin 56 faizi yeni yaradılmış müəssisə və təşkilatların hesabınadır”.
İl ərzində bütün mənbələr hesabına əsas kapitala 51,3 milyon manatlıq investisiya qoyulduğunu söyləyən A.Fərzəliyev qoyulmuş investisiyaların 99,9 faizinin daxili investisiyalar təşkil etdiyini vurğulayıb: “İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də artıb. Belə ki, il ərzində rayon əhalisinə 187,1 milyon manatlıq pullu xidmətlər göstərilib. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf edib. Belə ki, il ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 712,6 milyon manat olmaqla 100,6 faiz artım surəti qeydə alınıb. Əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 26,1 milyon manat olmaqla 65 faiz artıb. Ticarət sahəsində işləyənlərin sayı 1170 nəfər artaraq 11992 nəfər təşkil edib”.
2010-2011-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində görülmüş işlər, gənclərin asudə vaxtının təşkili, mədəniyyət, idman, təhsil və səhiyyə sahələrində, həmçinin, rayonun su, istilik və elektrik enerjisi ilə təminatı, o cümlədən, ictimai-siyasi və digər məsələlərlə bağlı atılan addımlar barədə də məlumat verən A.Fərzəliyev əlavə edib ki, 2010-cu il ərzində də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Prezident İlham Əliyevin Fərman, Sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib.
Daha sonra Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva, Nərimanov rayonu Polis İdarəsinin rəisi Muradəli Babayev və digərləri çıxış ediblər. Çıxışlarda 2010-cu ildə rayonda müxtəlif sahələrdə əldə olunan uğurlar və yeni ildə qarşıda duran vəzifələr barədə söhbət açılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında 2010-cu ildə ölkədə görülən işlər barədə ümumi məlumat verib: “2010-cu il ölkəmizdə bütün sahələrin inkişaf etməsi ilə yadda qalıb, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasının növbəti uğurlu mərhələsi olub. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində əldə olunmuş nailiyyətlər Azərbaycanı həm siyasi, həm iqtisadi cəhətdən gücləndirib, ölkəmizin beynəlxalq imicini daha da artırıb”.
Çıxışına davam edən Tağı Tağıyev deyib ki, bu gün ölkəmizin maraqları təmin edilmədən bölgədə heç bir iqtisadi-siyasi layihə həyata keçirilmir. Düşünülmüş siyasət və düzgün atılmış addımlar nəticəsində hesabat dövründə ÜDM-in istehsalı 5 faiz artıb. Makro-iqtisadi sabitlik və həyata keçirilən yeni infrastruktur layihələri 2010-cu ildə də Azərbaycana böyük investisiya qoyuluşunu təmin edib.
Həyata keçirilən islahatların 2011-ci ildə davam edəcəyini deyən T.Tağıyev bu sahədə rayon icra hakimiyyətlərinin üzərinə də mühüm vəzifələrin düşdüyünü bildirib.
Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov öncə ona yenidən etimad göstərdiklərinə görə, Nərimanov rayonunun sakinlərinə minnətdarlıq edib: “Hörmətli tədbir iştirakçıları böyük qürur və iftixar hissi ilə 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində yenə də Nərimanov rayon sakinlərinin mənə böyük etimad göstərməsi ilə əlaqədar olaraq sizin timsalınızda öz seçicilərimə, Nərimanov rayonunun bütün əhalisinə və seçicilərinə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki 5 ildə mənə göstərilən etimada nail olmağa çalışdığım kimi, növbəti 5 il ərzində də bütün gücümü, imkan və bacarığımı sərf edəcəm ki, göstərdiyiniz etimadı doğrulda bilim”.
“2010-cu il bütövlükdə Azərbaycanın inkişafında uğurlu il olduğu kimi, eyni dərəcədə Bakı şəhərinin Nərimanov rayonunun sosial-iqtisadi və mədəni inkişafında böyük nailiyyətlərlə müşahidə olunub”, - deyən YAP İcra katibi əlavə edib ki, ümumiyyətlə, 2010-cu il və bütövlükdə XXI əsrin yola saldığımız 10 ili Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlərlə yadda qalıb: “Həm bu illər ərzində, həm də XXI əsrin binici on illiyinin son ili olan 2010-cu il ərzində həyatımızın bütün sahələrində-iqtisadiyyatda, sosial həyatımızda, digər sahə və sferalarda böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin böyük mənası həm də öz ifadəsini onda tapır ki, bir neçə ildir dünyanın güclü iqtisadiyyata, böyük iqtisadi gücə malik olan ölkələrində ciddi iqtisadi sıxıntıların müşahidə olunmasına baxmayaraq Azərbaycan özünün iqtisadi inkişafını davam etdirə bilib. Və iqtisadi inkişafla yanaşı insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Təbii ki, Azərbaycan ayrıca bir adada yerləşmir. Bunu hər birimiz dərk edirik, dünyada baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz Azərbaycana da təsirsiz ötüşmür. Lakin bütün bunlara baxmayaraq Prezidentimizin rəhbərliyi altında müəyyənləşdirilmiş və uğurla həyata keçirilən siyasət Azərbaycanı və ölkə vətəndaşlarını dünyanın, dünya iqtisadiyyatının hiss etdiyi çox ciddi sıxıntılardan əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilmişdi. Bizim nə iqtisadiyyatımız geriliyir, nə də insanların sosial rifahında hər hansı çətinliklər və geriləmələr müşahidə olunur. Əksinə, burada qeyd olunan rəqəmlərdə göstərildiyi kimi, iqtisadiyyatımız əhəmiyyətli dərəcədə inkişaf edib. Mən əhəmyyətli dərəcədə o mənada deyirəm ki, bütün dünyanın yaşadığı iqtisadi böhran şəraitində ÜDM istehsalının 5 faizdən yuxarı artması çox əhəmiyyətli uğur sayılmalıdır. Digər sahələrdə, insanların yaşayışının yaxşılaşdırılması sahəsində də əhəmiyyətli nailiyyətlər və irəliləyişlər əldə edilib”.
YAP-ın Sədr müavininin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan daha da yeniləşir və müasirləşir: “Qarşıladığımız hər il yola saldığımız ildən daha yaxşı olur ki, bu da insanlarımızda müsbət hissləri formalaşdırır. Hər bir Azərbaycan vətəndaşı öz gələcəyinə daha böyük ümidlə baxır. Hər bir Azərbaycan vətəndaşı qədəm qoyduğu ilin yola saldığı ildən daha yaxşı olduğuna inanır və mən belə hesab edirəm ki, bu ölkəmizdə əldə olunan ən böyük nailiyyətlər sırasında sayılmalıdır. Eyni ilə qeyd etdiyim kimi, Nərimanov rayonunda da 2010-ci il ərzində istər iqtisadi sahədə, istərsə də sosial sahədə yüksək göstəricilər əldə edilib. Nərimanov rayonunun siması çox böyük sürətlə dəyişir. Bu rayonla qürur duymağa dəyər. Rayondakı müsbət dəyişikliklər, eyni zamanda, insanların hər birinin həyat keyfiyyətinin dəyişməsi deməkdir. Hazırda bütövlükdə Bakı şəhəri, həmçinin, Nərimanov rayonu yaşamaq üçün daha gözəl, daha yaxşı şərait yaradılmış bir rayondur. Bütün bunların hamısı Prezidentimizin rəhbərliyi altında həm Azərbaycanın bütün guşələrində, həm Bakı şəhərində, həm də Nərimanov rayonunda görülən işlərin başlıca məzmununu müəyyənləşdirir. Bu işlərin sayəsində hər birimizin həyatı yeni məzmun kəsb edir. Əgər görülən işlər sayəsində insanların həyatında dəyişiklik baş verməsəydi, insanların həyatı yaxşılaşmasaydı, insanların rifahı yüksəlməsəydi Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, həyata keçirilən siyasət də heç bir məna, heç bir dəyər, heç bir əhəmiyyət kəsb etməzdi”.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri sayəsində kənd, qəsəbə, şəhər və rayonların siması sürətlə dəyişir. Bu dəyişikliklər isə insanların həyat şəratinin daha da yaxşılaşmasına xidmət edir”, - deyən millət vəkilinin sözlərinə görə, ölkəmizdə əldə edilən inkişaf Azərbaycanı uğurlu, firavan gələcəyə aparır: “İnanıram ki, hər birimiz bu inkişafın, yeniləşmənin, gələcəyə ünvanlanmış irəliləyişlərin fəal iştirakçısı olmağımızdan çox məmnunuq. Eyni zamanda, qarşımızda bir sıra əhəmiyyətli vəzifələr durur və onlardan biri də əhaliyə xidməti həyata keçirən sahələrdə və strukturlarda ciddi islahatların aparılmasıdır ki, nəticədə də xidmət bizim həyatımızın mənasına, həmçinin, ölkəmizdə həyata keçirilən Prezident siyasətinin və islahatlarının məntiqinə tamamilə uyğunlaşa bilsin”.
YAP-ın Sədr müavini onu da bildirib ki, hazırda bütövlükdə hakimiyyət strukturlarının qarşısında duran çox əhəmiyyətli vəzifələrindən biri kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsindən ibarətdir: “Çünki kiçik və orta sahibkarlığın inkişafı iş yerlərinin çoxalması, insanların işlə təminatı səviyyəsinin artırılması, həmçinin, ölkənin iqtisadi qüdrətinin güclənməsi, büdcəyə çoxlu sayda əlavə vəsaitlərin daxil olması və bunun vasitəsilə insanların rifah halının yaxşılaşdırılması üçün imkanların genişlənməsi deməkdir. Qarşımızda duran çox əhəmiyyətli vəzifələrdən biri də bütövlükdə gənclər siyasətinə yeni prizmadan yanaşmaqla əlaqədardır. Bütün bunlarla yanaşı, bizim hər birimizdə çox böyük bir daxili inam mövcuddur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında XXI əsrin qarşıda duran 10 ili də Azərbaycana yola saldığımız on illər qədər uğurlar gətirəcək. Qarşıda duran 10 il ərzində həyata keçiriləcək islahatlar nəticəsində ölkəmizdə iqtsadiyyat daha da güclənəcək, insanlarımızın rifahı daha da yaxşılaşacaq, Azərbaycanın qüdrəti daha da artacaq. Bütün bunların sayəsində bu günə qədər həll edə bilmədiyimiz yeganə problemin həllinə nail olacağıq və işğal altında olan torpaqlarımızı Prezidentimizin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəyik. Sonda mən sizin hər birinizə ötən ilin uğurlarına görə təşəkkürümü və minnətdarlığımı bildirməklə yanaşı, 2011-ci ildə yeni-yeni nailiyyətlər arzu edirəm”.
İclasın sonunda 2010-cu ildə Nərimanov rayonunda müxtəlif sahələr üzrə fərqlənən şəxslərə Nərimanov rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr verilib.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 9 fevral.- S.3.