Azərbaycan müstəqil
dövlətdir və heç kim ona təzyiq göstərə
bilməz
Rasim Musabəyov: Reallığa nəzər salanda
görürük ki, Azərbaycanla əməkdaşlıq etmək
istəyən, bizim ölkəyə investisiya yatırmaq niyyətində
olanlar növbəyə düzülüblər. Artıq onlar
bizi deyil, biz onları seçirik
Millət vəkili, politoloq
Rasim Musabəyov “www.yap.org.az” saytına müsahibə verib:
- Rasim müəllim, bu
gün dünyanın siyasi-iqtisadi mənzərəsinə təsir
edən hansı proseslər müşahidə olunmaqdadır?
- Əvvəlki illərdə
gündəmdə olmuş İran, Əfqanıstan, Şimali
Koreya kimi məsələlər, eyni zamanda, qlobal maliyyə-iqtisadi
bohran bu gün də müxtəlif çalarla diqqət mərkəzində
qalmaqdadır. Lakin, yeni ilin əvvəlindən artıq
dünyanın siyasi mənzərəsinə təsir edə
biləcək siyasi hadisələrin də baş verməsi
sadalanan aktual, həllini gözləyən məsələlərin
sayını daha da artırmış oldu. Bura Tunisdə,
Misirdə və digər ölkələrdə baş
vermiş olaylar daxildir. Bununla yanaşı, regionların
stabilliyini sual altına qoya biləcək Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı kimi
münaqişələrin tənzimlənməsi istiqamətində
hər hansı bir irəliləyişlərin olmaması
müəyyən mənada ortaya ciddi problemlər
çıxarmış olur.
Əlbəttə ki, sadalanan
problemlərin hələ də konstruktiv həlli tapılmasa
da, amma bəzi məsələlərdə müəyyən
irəliləyişlər müşahidə olunmaqdadır. Yəni,
artıq bir sıra dövlətlər dünyanı lərzəyə
salan qlobal böhrandan addım-addım
çıxmaqdadırlar. Həmçinin, dünyanın diqqət
mərkəzində olan münaqişələrdən öz
həllini tapanlar da oldu. Məsələn, 2 milyon insanın həyatına
son qoymuş hadisələrdən sonra Sudan problemi öz həllini
tapdı.
Amma ümumən qeyd edək
ki, dünyanı narahat edən bir çox məsələlər
hələ də öz həllini gözləyir və onlar
dünya üçün potensial narahatlıq mənbələridirlər.
- Ümumiyyətlə, son
günlər ərzində bir sıra dövlətlərin ərazisində
çalxalanmaların baş verməsi nəyin göstəricisidir?
Bu, dünyanın bölüşdürülməsinin yeni mərhələsi
deyilmi?
- Bilirsiniz, hələ də
Afrika dövlətlərində, eyni zamanda, ərəb ölkələrində
süni qarşıdurmalar yaradaraq, nəsə əldə etmək
istəyən qüvvələrin kimliyi haqqında faktlar
yoxdur. Amma, eyni zamanda, bəlli idi ki, həmin ölkələrdəki
müxalif qruplarla ABŞ-ın əlaqələri olub.
Müxtəlif vasitələrdən istifadə edilərək,
həmin ölkələrin demokratik inkişafına müəyyən
təsirlər göstərilib.
Mən hesab edirəm ki,
haqqında danışdığımız ölkələrdə
baş verən hadisələrin arxasında hansısa qüvvələr
dayanmayıb. Əksinə, bunlar spontan şəkildə
baş vermiş sosial partlayışlardır. Ümumiyyətlə,
bu hadisələr baş verəndə, həm ABŞ, həm də
Avropa dövlətləri müəmma içərisində
idilər. Hətta, ilk günlərdə kimi, dəstəkləyəcəklərini
belə bilmirdilər. Bu dövlətlərin baş vermiş
hadisələrlə bağlı mövqelərində tərəddüdlər
hiss olunurdu.
Mənim müşahidələrimə
görə, Misirdə, Tunisdə baş vermiş hadisələr
hansısa qüvvələrin təsiri nəticəsində
baş verməyib.
Əlbəttə ki, bu
gün bu hadisələrdən şadlanan İranın
aktivliyi müşahidə olunmaqdadır. Amma İranın bəyanatlarla
nümayiş etdirdiyi mövqe elə bu səviyyədədir.
Çünki, mən inanmıram ki, bu proseslərə
İranın hansısa təsiri olsun. Əgər belə bir
hal olsaydı, mütləq böyük dövlətlərin sərt
reaksiyaları gündəmə gələrdi.
- Rasim müəllim,
İrandan söz düşmüşkən belə bir sual
vermək istərdik. İranın son vaxtlar Azərbaycanın
daxili işlərinə qarışması, bu ölkənin bəzi
rəsmi nümayəndələrinin bizim haqqımızda mənfi
rəy formalaşdıran fikirlər səsləndirməsi nədən
irəli gəlir?
- Adətən, bu cür
rejimlər xarici siyasət sahəsindəki fəaliyyətilə
daxilindəki bir çox problemləri kompensasiya etməyə
çalışırlar. İranda daim göstərməyə
çalışırlar ki, rejim rəhbərlərinin təbliğ
etdikləri ideyalar dünyada dəstəklənir və qəbul
edilir. Amma əslində İran əhalisi ölkədə
mövcud problemlərdən əziyyət çəkirlər.
Bəli, dini azadlıq
insanların malik olduqları hüquq və azadlıqların
sırasına daxildir. Eyni zamanda, qəbulediləndir ki,
problemlərlə bağlı hansısa tərəf öz
münasibətini bildirsin. Amma bunu elə bir qüvvə etməlidir
ki, onun ən azınan mənəvi haqqı olsun.
Əgər bir ölkədə
ki, vətəndaşlar bəzi davranışları həyata
keçirməyə məcbur edilirsə, meydanda
açıq-aşkar insanlar edam olunursa, qadınlar
daş-qalaq edilirsə, adamlara şallaq vurulmasına imkan
verilirsə, bir sözlə, insanların hüquq və
azadlıqları kobud şəkildə pozulursa, həmin
dövlətin kiməsə insan hüquqları sahəsində
məsləhət verməyə haqqı yoxdur. Mənim
mövqeyim bundan ibarətdir.
Bir məqamı da qeyd edim
ki, bu günə qədər Azərbaycan İranın daxilindəki
problemlərə münasibəti müəyyən çərçivədə
bildirib, həmçinin, BMT-də İranla bağlı
müzakirələr olanda Azərbaycan Tehranı müdafiə
edib, ikitərəfli münasibətlərin korlanmaması
üçün balanslı siyasət yürüdüb. Amma
İran bütün bunları gözardı edib kobud şəkildə
Azərbaycanın daxili işlərinə qarışırsa,
düşünürəm ki, biz də İrana münasibətdə
siyasətimizə yenidən baxmalıyıq. Yəni, İran
Azərbaycan tərəfindən adekvat cavabla
qarşılanmalı və bizim sərt mövqeyimizlə
üzləşməlidir. Bəlkə bundan sonra İran
anlayar ki, şüşə binada yaşayan qonşusuna
daş atmamalıdır.
- Bildiyimiz kimi, bu gün
dünya ölkələri arasındakı münasibətlərə
təsir etmək, ayrı-ayrı ölkələr haqqında
rəy formalaşdırmaq imkanına mətbuat da sahibdir. Son
vaxtlar “VikiLiks” saytının, “Vaşinqton Post” qəzetinin
yaydığı dezinformasiyalar nəyə hesablanıb?
- Mən bu cür yazılara
sərt reaksiyaların verilməsinin əleyhinəyəm. Adətən,
böyük dövlətlər çalışırlar ki, əllərində
olan resurslardan istifadə etməklə, kiçik dövlətlərə
təzyiq etsinlər və istədiklərini əldə etsinlər.
Əlbəttə ki, maddi yardımların, kreditlərin verilməsilə
onlar bu təsirlərini artıra və maraqlarını təmin
edə bilirlər. Ermənistan kimi yoxsul və iflas şəraitində
yaşayan bir dövlətə məhz, göstərdiyim
aspektdən təzyiq etmək olar. Amma Azərbaycan kimi tam
müstəqil siyasət yürüdən, əlində
özünü müdafiə etmək üçün kifayət
qədər resursları olan bir dövlətə qarşı
eyni metoddan istifadə etmək mümkünsüzdür. Ona
görə də, böyük dövlətlər mediadan
istifadə etməklə, öz məqsədlərinə nail
olmaq istəyirlər. Amma düşünürəm ki, bunlar
effektsizdir. Çünki, Azərbaycan müstəqil dövlətdir
və ona heç kim təzyiq göstərə bilməz.
Ümumiyyətlə, istər
mediada, istərsə də müxtəlif hesabatlarda
yazılanlar hansısa maraqlı qrupları mənafeyini ifadə
edir. Amma əslində, reallıq hər kəs tərəfindən
qəbul edilir və buna görə addımlar atılır. Bəzən
hansısa QHT-lər Azərbaycanla bağlı mənfi reytinq
müəyyənləşdirir, bununla da, ictimai fikrə
toxunmaq istəyirlər. Amma reallığa nəzər salanda
görürük ki, Azərbaycanla əməkdaşlıq etmək
istəyən, bizim ölkəyə investisiya yatırmaq niyyətində
olanlar növbəyə düzülüblər. Artıq onlar
bizi deyil, biz onları seçirik.
Reytinq kimi məsələlər
düşünürəm ki, zəif ölkələrə
lazımdır. Məsələn, Ermənistana. Bu ölkə
bu gün oğru qanunları ilə idarə olunur, hakimiyyətdəkilər
isə cinayətkarlarla əlaqəlidirlər. ABŞ-da,
Rusiyada cinayətkar elan olumuş, beynəlxalq axtarışda
olan oğrular Ermənistanda sərbəst şəkildə gəzirlər.
Hətta, rejim rəhbərləri ilə dostluq münasibətlərindədirlər.
Bir daha deyirəm, bu cür
vasitələrlə yalnız Ermənistan kimi dövlətlərə
təzyiq etmək olar, Azərbaycana yox...
Qaldı ki, “VikiLiks”
saytının yaydıqlarına gəlincə, onu deməliyəm
ki, bu da eyni məqsədə xidmət edir. Eyni zamanda, hesab
edirəm ki, bu, ABŞ-ın xarici siyasətinə ziddir. Yəni,
bundan sonra hansısa ölkənin rəhbərləri ABŞ
rəsmiləri ilə danışanda ehtiyatlı davranacaq.
Amma “VikiLiks”də Azərbaycanla
bağlı verilən hissələrdə mən yalnız
Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını
sərt şəkildə qoruduğunu görürəm.
- Rasim müəllim, 2010-cu
il artıq arxada qaldı. Amma Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı konkret nəticə əldə olunmadı. 2011-ci
ildə münaqişənin tənzimlənməsi istiqamətində
hansı prosesləri proqnozlaşdırırsınız?
- Açığını
deyim ki, mənin 2010-cu ildə konkret nəticənin əldə
olunacağına ümidlərim böyük idi. Amma bu il
üçün mən sülh danışıqlarından
çox hərbi gərginliyin artması ehtimalları üzərində
dayanıram. Hiss olunur ki, Ermənistan tərəfi bu günə
qədər oyun oynadı və bacardığı qədər
münaqişənin həllini uzatdı.
Artıq Azərbaycanın da
səbri tükənmək üzrədir.
Düşünürəm ki, Azərbaycan tərəfi
danışıqların imitasiya xarakterli olduğuna tam əmin
olduqdan sonra digər vasitələrə əl atacaq. Azərbaycan
hər bir cəhətdən müharibəyə
hazırdır. Həm hərbi hazırlıq, həm də
iqtisadi baxımdan. Amma Ermənistan getdikcə zəifləyir
və bir qısa müddətli müharibə bu dövlətin
süqutuna gətirib çıxara bilər.
Ona görə də,
böyük dövlətlər əllərində olan
resurslardan istifadə etməklə, Ermənistanı
konstruktivliyə çəkməli və münaqişənin
ədalətli həllinə nail olmalıdırlar. Əks təqdirdə
Cənubi Qafqaz regionunda silahlar danışmağa
başlayacaq. Bu işdə münaqişənin tənzimlənməsində
iştirak edən bütün tərəflər aktiv
olmalıdırlar.
Yeni Azərbaycan.- 2011.- 10 fevral.-
S.7.