Azərbaycan bələdiyyələri
inkişaf yolundadır
Milli Məclisin Regional məsələlər
komitəsinin üzvü Tahir Rzayev “www.yap.org.az” saytına
müsahibə verib:
- Tahir müəllm, Azərbaycanda
bələdiyyələr on ildən artıqdır ki, fəaliyyət
göstərir. Ötən dövrü təhlil etsək,
yerli özünüidarəetmə orqanlarının fəaliyyətini
ümumi şəkildə necə xarakterizə etmək
mümkündür?
- Bələdiyyələr
demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin
bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən
bir dövlət olduğunu nəzərə alsaq, müstəqil
özünüidarəetmə strukturunun-bələdiyyələrin
fəaliyyəti mütləq vacibdir. Ötən illər
göstərdi ki, ölkəmizdə bələdiyyələrin
fəaliyyəti üçün münbit şərait var.
Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin
yüksək səviyyədə tənzimlənməsi istiqamətində
qanunvericiliyin mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda
bələdiyyələrin fəaliyyəti üçün
yüksək səviyyədə qanunvericilik mövcuddur. Son
dövrlərdə bələdiyyələrin fəaliyyətində
daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır
ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılır.
Artıq bələdiyyələrin
formalaşdırılmasında və onların fəaliyyətində
Avropa standartlarından, təcrübəsindən istifadə
olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə
edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin
əsas amillərindən sayıla bilər. Əslində, ilk
seçkidə bələdiyyələrin yalnız təşkilatlanması
və formalaşdırılması istiqamətində
addımlar atılmışdı.
- İlk seçkilərdən
sonra ölkəmizdə 2 mindən artıq bələdiyyə
yaradıldı. Amma son illər bu istiqamətdə islahatlar
aparılaraq onların birləşdirilməsi prosesi həyata
keçirildi. Sizcə, bu dəyişiklik gözlənilən
nəticəni verirmi?
- Bələdiyyə
qanunvericiliyi yaradılarkən belə bir müddəa
vardı ki, vətəndaşların rəyindən
asılı olaraq, hər bir yaşayış yerində bələdiyyələr
yaradıla bilər. Bu səbəbdən o dövrdə 2757 bələdiyyə
fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin
maddi-texniki bazasının olmaması səbəbilə
onların fəaliyyəti qənaətbəxş sayıla
bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri
yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən
də bələdiyyələrin birləşdirilməsi zərurəti
ortaya çıxdı. Bu çox düzgün proses idi.
İnkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq
belə bir addımın atılması bələdiyyələrin
gələcək fəaliyyəti üçün bir stimul
sayıla bilərdi. Bu baxımdan bələdiyyələrin
birləşməsi ən vacib məsələlərdən
biri sayıla bilər. 1000-dən artıq bələdiyyə
birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə
fəaliyyət göstərir. Bir mütəxəssis kimi deyə
bilərəm ki, bu da çoxdur. Fikrimcə, birləşmə
prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi
bələdiyyələr yaradılmalıdır. Bununla
yanaşı, bələdiyyələrə istiqamət verən,
metodik yardım göstərə bilən hansısa bir qurum
lazımdır. Düzdür, bu məqsədlərə xidmət
edən şəhər, qəsəbə və kənd bələdiyyələrinin
assosiasiyaları yaradıldı. Bu çox normal və
qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə
bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların
yaradılması bələdiyyələrin fəaliyyətinin
əlaqələndirilməsinə yaxından kömək
göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq
təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların
toplantılarında iştirak etməkdə və bu təcrübəni
yerli bələdiyyələrə çatdırmaqda
mühüm rol oynayır.
- Son bələdiyyə
seçkilərindən sonra onların işində ciddi
yeniliklər müşahidə olunurmu?
- 2009-cu ilin bələdiyyə
seçkiləri daha canlı, daha demokratik keçdi. İlk
növbədə, deyə bilərəm ki, bu seçkilərə
gedərkən bu institutun artıq 10 yaşı var idi və
müəyyən təcrübə əldə olunmuşdu. Bu
dəfə kadrların seçilməsi, gənclərə və
qadınlara üstünlük verilməsi son seçkilərin
daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu
gün Azərbaycan bələdiyyələrində
qadınların və gənclərin təmsilçiliyi xeyli
yüksəkdir. Son seçkilərdə mütəxəssislərin
say faizi, ali savadlı insanların bələdiyyələrdə
təmsilçiliyi artdı. 2010-cu ilə də bu keyfiyyətlə
daxil olduq. Bu gün ölkəmizdə bələdiyyə
institutunun inkişafını tənzimləyən 30-a
yaxın qanun mövcuddur. Bununla yanaşı, bir sıra əsasnamələr
var. Bu, həm ölkəmizin inkişafı, həm müasir
dövrün tələbləri baxımından vacibdir.
Dövlətimizin, insanların sosial vəziyyətinin
günü-gündən yaxşılaşması bələdiyyələrin
də fəaliyyətində özünü büruzə
verir. Bu canlanma qanunvericilikdə də öz əksini
tapmalıdır və bu baxımdan da bələdiyyələrin
fəaliyyəti ilə bağlı qanunlara əlavə və
dəyişikliklər edildi. İstər bələdiyyələrin
hüquq və vəzifələrinin müəyyən edilməsi,
səlahiyyətləri ilə bağlı dəyişikliklərin
edilməsi bu qanunlarda öz əksini tapır.
- Yaxın günlərdə Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunacaq. Sizcə, bu məruzə bələdiyyələrin fəaliyyəti haqqında tam təsəvvür yarada bilirmi?
- Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qanunvericilikdə öz əksini tapır. Qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi olduqca vacib bir şərtdir. Bu vəzifəni Ədliyyə Nazirliyi həyata keçirir. İnzibati nəzarət dedikdə bələdiyyələrin səlahiyyətlərinə müdaxilə nəzərdə tutulmur. Sadəcə, bələdiyyələrin qanunvericiliyə əməl etməsinə nəzarət prosesi həyata keçirilir. Bundan başqa, bələdiyyələrin qəbul etdiyi qərarların hüquqi baxımdan düzgün olub-olmamasının da öyrənilməsi də bu nəzarətə aiddir. Məsələn, torpaqların verilməsində, bələdiyyələrin sərəncamlarında qanunvericiliyə əməl olunması, o cümlədən, bələdiyyə maliyyəsinin xərclənməsi prosesində qanunun tələblərinə riayət olunması inzibati nəzarətin tərkibinə daxildir. Ona görə də, bu sahə ilə əlaqəli protokollar yerlərdə yoxlanılır, həmin sənədlərin bir surətini də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərirlər. Digər tərəfdən, artıq regionlarda da bu mərkəzin filialları fəaliyyət göstərir. Bu mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar da bu qərarların verilməsinin hüquqi aspektini təşviq edirlər.
Bu günlərdə bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi parlamentin Regional məsələlər komitəsində dinlənildi. Bu məruzədə bələdiyyələrin illik fəaliyyətinin bütün sahələri əhatə olunmayıb, sadəcə, Ədliyyə Nazirliyinə verilən səlahiyyətlər istiqamətində şərh olunub. Bu toplantıda millət vəkilləri də, mütəxəssislər də öz rəylərini bildirdilər. Bununla yanaşı, bələdiyyə assosiasiyalarının rəhbərləri də bu illik hesabatda iştirak edirdilər. Bəzi bələdiyyələrin də nümayəndələri dəvət olunmuşdu. İclasda bələdiyyələrdə əsassız yoxlamaların aparılması məsələsinə toxunuldu. Digər tərəfdən, bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Bələdiyyələrlə vətəndaşların münasibətlərinin tənzimlənməsi əsas diqqət mərkəzində olmalıdır. Digər tərəfdən, bələdiyyələrin problemləri ilə yaxından tanış olmaq lazımdır. Ölkəmizdə bələdiyyələrin inkişafına diqqət və qayğı göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramlarının həyata keçirilməsində bələdiyyələrin də iştirakı var. Belə bir şəraitdə biz bələdiyyələrin inkişafına mane olan bir sıra problemlərdən yaxa qurtarmalıyıq. Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmağa dəyməz. Çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır.
- Tahir müəllim, cəmiyyətdə bələdiyyələrin işindən narazılıq edənlər də var. Onların arqumentləri nə dərəcədə əsaslıdır?
- Bəzi insanlar var ki, bələdiyyələrin fəaliyyətinə kölgə salmaq istəyirlər, onların kimdənsə asılı bir qurum olduğunu iddia edirlər. Mən bu fikirlərlə razı deyiləm. Biz yerlərdə oluruq, vətəndaşlarla görüşürük, söhbətlər edirik. Bir mütəxəssis kimi mən deyə bilərəm ki, son illərdə Azərbaycan bələdiyyələri inkişaf yolundadır. Bələdiyyələr olduqca fəaldırlar. Bəzi bələdiyyələr, hətta yol çəkiblər, parklar salıblar, körpülər bərpa etdiriblər, uşaq parkları yaradıblar. Bu fəaliyyəti görməmək olarmı? Bu tədbirlərin həyata keçirilməsində insanlar yaxından iştirak edirlər. Niyə bu fəaliyyətə kölgə salınmalıdır? Digər tərəfdən, bu gün minlərlə insan bələdiyyə büdcəsindən əməkhaqqı alır. Bu da insanların iş yerləri ilə təmin olunmasında mühüm addımdır. Düzdür, bəzi bələdiyyələrin fəaliyyəti hələ də müasir tələblərə cavab vermir. Belə hallar olur və qanunvericiliyi pozan, öz fəaliyyətində nöqsana yol verən insanlar cəzalandırılırlar. Amma bələdiyyələrin fəaliyyətinə kölgə salmaq düzgün deyil, tənqid də sağlam olmalıdır. Azərbaycan bələdiyyələri ölkəmizin sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər. Bu gün bələdiyyələr digər strukturlarla, icra orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər. Bütün işlərdə müzakirələr sağlam inkişafa daha da dəstək verir. Əgər icra strukturlarının bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq ruhunda aparılan fəaliyyəti ölkəmizə, vətəndaşlara xeyir verirsə, bunu yalnız alqışlamaq lazımdır. Çünki onlar insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün fəaliyyət göstərir. Düzdür, bələdiyyələrin daha da inkişaf etməsi üçün islahatlar aparılmalıdır. Bu istiqamətdə bələdiyyələrə qayğının artırılması, müəyyən gərəksiz yoxlamaların aradan qaldırılması və başqa məsələlər nəzərə alınmalıdır.
Yeni Azərbaycan.- 2011.- 10 fevral.-
S.5.