Vətənimi sevərək, onun
layiqli övladı olmağa çalışmışam
Aysel Teymurzadə: Yeni Azərbaycan Partiyasının
sıralarında təmsil olunmaq mənim üçün
çox böyük fəxrdir
Aysel Teymurzadə Azərbaycan,
eyni zamanda, dünya tamaşaçısına ilk dəfə 2009-cu
ilin “Eurovision” mahnı müsabiqəsinin hitinə çevrilən
“Always” mahnısı ilə tanınıb. Məşhur
mahnı müsabiqəsində Azərbaycana ilk dəfə
üçüncülüyü qazandıran gənc
soydaşımız 1989-cu il aprelin 25-də Bakı şəhərində
anadan olub. Üzgüçülük, bədii gimnastika ilə
məşğul olub, balet məktəbində dərs
alıb. 9 yaşında incəsənət məktəbinə
daxil olub, 12 yaşında məktəbin həndbol
komandasına üzv qəbul olunub və idmanla ciddi məşğul
olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri
öyrənməyə başlayıb, hazırda ingilis, alman,
ispan, rus və türk dillərində danışa bilir. 14
yaşından xoreoqrafiya ilə məşğul olmağa
başlayıb. 2006-cı ildə Bakı “İntellekt” liseyini
bitirib. 2001-2005-ci illərdə fortepiano dərsləri
alıb. 2007-ci ildə ABŞ-ın Texas ştatında “High
School”da təhsil alıb. Bu müddət ərzində
Amerikada gənclərin musiqi müsabiqələrində
çıxış edib və hətta qızıl medala
layiq görülüb. Azərbaycana qayıtdıqdan sonra
“Yeni Ulduz-4” telelayihəsində iştirak edib.
Hələ uşaq
vaxtlarından oxumağa meyil edib. “Pöhrə” və “Tələbə
baharı” müsabiqələrinin iştirakçısı
olub.
Sənətdə
böyük uğurlar qazanmasına rəğmən çox
gənc olan bu xanım haqqında daha çox yazmaq olar. Məsələn,
Aysel Teymurzadə 2009-cu ilin “Evroforum.som.ru” internet forumunda
“Eurovision gözəli” seçilib. Həmin ilin sentyabr
ayında isə jurnalist Vasif Həsənli ilə birgə “Əsl
məhəbbət” adlı Azərbaycan serialına çəkilib...
Bu günlərdə gənc
sənətçi Yeni Azərbaycan Partiyasının
sıralarına qəbul edilib. Öz sevincini
oxucularımızla bölüşən A.Teymurzadəyə
ilk sualımız da həyatında baş verən bu əlamətdar
hadisə ilə bağlı oldu:
- Necə oldu ki, YAP-a üzv
olmaq qərarına gəldiniz?
- Mən həmişə
örnək olaraq valideynlərimi, daha çox isə atamı
nümunə götürmüşəm. Atam Həsən bəy
Zərdabinin nəvələrindəndir. Jurnalistdir, uzun
müddət o, Azərbaycan Dillər Universitetində fəlsəfə
kafedrasının müdiri vəzifəsində
çalışıb. Bir neçə kitabın müəllifidir.
25-dən çox kitabın redaktoru olub. Respublika Veteranlar
Şurasının üzvü, DAK Ağsaqqalar
Şurasının sədr müavinidir. Anam isə elmlər
doktorudur və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə
məşğul olub. Mən vətənpərvərlik
duyğularını bu iki insandan öyrənmişəm. Vətənimi
sevərək, onun layiqli övladı olmağa
çalışmışam. 2009-cu ilin “Eurovision” mahnı
müsabiqəsində də bu amalla iştirak etdim və Azərbaycanımın
bayrağını yüksəklərə qaldırdım.
YAP-ın sıralarına qəbul olunmağıma gəlincə,
atam həmin partiyanın fəal üzvlərindən biridir. O
həmişə söhbətlərində partiyamızın
apardığı siyasətdən danışır, gənclər
və dövlət siyasəti haqqında məlumat verir. Azərbaycanın
siyasi palitrasında özünəməxsus yeri olan Yeni Azərbaycan
Partiyası (YAP) Cənubi Qafqazın ən böyük sosial
dayağa və gücə malik partiyasıdır. Ölkəmizin
siyasi həyatı ilə yanaşı, mədəni sahədə
də aktiv fəaliyyət göstərən YAP istedadlı gənclər
ordusunu öz sıralarında birləşdirir. Mən də
bir gənc kimi ölkəmin inkişafına öz töhfəmi
vermək istəyirəm. Aydındır ki, bu məqsədə
çalışdığım sahədə nail ola bilərəm.
Bunun üçün isə YAP gənclərə çox
böyük dəstək olur, öz qabiliyyətlərini
nümayiş etdirmək üçün əlverişli
şərait yaradır. Bir halda ki, insana istedadına,
intellektinə görə meydan verilir, şərait
yaradılır, bacarığına arxayın olan hər kəs
bu addımı atmalıdır məncə. Vətən
yolunda, hətta, kiçik bir iş görmək, lap xırda
bir uğura nail olmaq belə çox böyük şərəfdir.
Mən sadəcə partiyaya üzv olmaq üçün yox,
onun gənclər siyasətində fəal iştirak etmək
üçün müraciət etdim. Yeni Azərbaycan
Partiyasının sıralarına qəbul olunmağım mənim
həyatımın ən sevincli anlarından biridir. Əslində,
mən yanvar ayında üzvlük üçün müraciət
etmişdim. Fevralın 2-də Gənclər günündə
üzvlük vəsiqəsi mənə təqdim edildi. Ölkənin
inkişafında önəmli rol oynayan bir partiyanın
sıralarında təmsil olunmaq hər bir azərbaycanlı gənc
kimi mənim üçün də fəxrdir.
Düşünürəm ki, gənclər siyasətinin fəal
iştirakçısına çevrilməkdən
ötrü bu partiyanın sıralarında olmaq ürəyində
Vətən eşqi, düşüncəsində Vətən
sevgisi olan hər bir kəs üçün vacibdir.
- Vətən sevgisindən
danışdınız. Həyatımızın inkişaf
dinamikasına təsir edə bilməsə də, 20 ildən
çoxdur ki, müharibə şəraitində
yaşayırıq. Belə bir zamanda bizim daha çox vətənpərvərlik
duyğularının təbliğatına ehtiyacımız
var. Nədənsə bəzən sənətçilərimiz
bu işə biganə qalırlar.
- Əslində,
şou-biznesdə olan bu tendensiya mənim də diqqətimi
çəkib və təəccübümə səbəb
olub. Odur ki, “Eurovision” mahnı müsabiqəsindən
qayıdandan dərhal sonra vətənpərvərlik
mövzusunda bir mahnı oxudum. Sözləri Cəlal Qurbanova,
musiqisi Hüseyn Abdullayeva məxsus mahnıya hazırda klip
çəkilir. Bu yaxınlarda tamaşaçılara təqdim
ediləcək. İnanıram ki, bu mahnı da hitə
çevriləcək. Çünki ilk olaraq Moskvada
“Dostluğun ulduzları” mahnı müsabiqəsində həmin
mahnını ifa edəndə necə maraqla
qarşılandığının şahidi oldum. Dinləyicilərin
arasında Tahir Salahov, Polad Bülbüloğlu kimi nüfuzlu
soydaşlarımız da vardı. Düşünürəm
ki, bu mahnı mənim yaradıcılığımda ən
önəmli mahnılardan biri olacaq və brendə çevriləcək.
- Özünüzdən, sənətinizdən
əminlik sizə çətinlik yaratmır ki?
- Mən özümə tam
güvənirəm. Yəni həmişə üzərimdə
işləyirəm və bununla yanaşı, öz
gücümü qiymətləndirməyi sevirəm. Bu
sualı həmişə mənə verirlər.
“Eurovision-2009” müsabiqə tarixində ən heyrətamizi
idi. Çünki həmin il müsabiqəyə
qatılanların əksəriyyəti ulduzlar, ən
azından peşəkar sənətçilər idi. Amma mən
inanırdım ki, içimdəki Vətən eşqi, gərgin
zəhmətlə birləşib bizə uğur gətirəcək.
Elə də oldu. Klipi tamamlanmaq üzrə olan mahnımla
bağlı da eyni fikirdəyəm- o uzun illər
repertuarımdan düşməyəcək və
tamaşaçıların sevgisini qazanacaq. Başqa layihələrə
gəlincə, cəbhə xəttində hərbi hissələrdə
konsertlər təşkil etməyi planlaşdırıram.
Doğrudur, hələ ki, mən bu arzumu gercəkləşdirə
bilməmişəm. Amma layihələrimin biri də hökmən
bu olacaq. Çünki kiçik yaşlarımdan atamın cəbhə
bölgələrindən, hərbi hissələrdən
danışdığı xatirələr hələ də
yaddaşımda yaşayır.
- Yenicə qatılmasına
baxmayaraq respublikamız “Eurovision” mahnı müsabiqəsində
ciddi uğurlara imza atıb. Ən böyük sevinci isə
siz yaşatmısınız ölkəmizə. Yenidən dəvət
gözləyirsinizmi?
- Əslində, mən
artıq ikinci dəvəti almışam. Bilirsiniz ki, həmin
mahnı müsabiqəsinin təcrübəsində bu da var.
“Eurovision”u çoxdan izləyirəm, çox sevdiyim bir
müsabiqədir. Həmişə özümü o səhnədə
təsəvvür edirdim və deyirdim ki, bir zaman qismət
olsa, mən də Azərbaycanı o müsabiqədə təmsil
edəcəyəm. Şükür Allaha o zaman da gəldi və
mən bu şərəfə layiq görüldüm. Amma mən
solo karyera haqqında düşünürəm. Və bir də
düşünürəm ki, Azərbaycanda yetərincə
istedadlı gənclər var. Biz böyük bir dühaya,
böyük bir istedada malik xalqıq. Sadəcə olaraq, bunu
dünya miqyasına çıxartmağı, təqdim etməyi
bacarmalıyıq. Şükür ki, müxtəlif mədəni
layihələrlə özümüzü hər il bir az da
çox tanıda bilirik.
- Bəs ilk gündən
peşəkar addımlar atdığınız şou-biznes
sizə nə öyrətdi?
- Bilirsiniz ki, “Eurovision” mahnı müsabiqəsinə qədər mən bir neçə böyük müsabiqələrdə iştirak etmişəm. Amma “Eurovision”da aparılan mübarizə artıq Aysel Teymurzadənin deyil Azərbaycan Respublikasının mübarizəsi idi. Amma ora seçilmək üçün 40 peşəkar səs verməli idi. Səhnə plastikası və səsdən başqa amillər də əsas götürülürdü. Yəni müsabiqə artıq arxada qaldığından ondan çox danışmaq istəmirəm. Sadəcə onu deyim ki, şou-biznes mənə göstərdi ki, öz üzərində işləmək, gücünə və peşəkarlığına inanmaq uğura aparan nəticəni təmin edir. Mən uzun müddət rəqslə məşğul olmuşam, tək müasir musiqilərin rəqsi ilə deyil, eyni zamanda, Azərbaycanın xalq mahnılarını da öyrənmişəm. Hesab edirəm ki, şou-biznesdə olan sənətçi bütün bunları bilməlidir.
- Bu illər ərzində
“Eurovision”da çıxış edən musiqiçilərdən
hansı sənin favoritin olub?
- O qədər çox sənətçilər
olub ki... 2007-ci ildə birinci yeri qazanan Mariya Şerifoviç,
Azərbaycanın ilk təmsilçiləri Elnur və Samir,
Ruslana, Abba, Toto Kutunyo, Selin Dion... Amma mən özümü
kiməsə bənzətmək istəmirəm. Mən hələ
ki, özümü axtarıram. Mən ancaq Aysel kimi qalmaq istəyirəm.
- Artıq Moskvada Azərbaycan
təmsilçisi olaraq mətbuat konfransı keçiribsən.
Dünya səhnəsinə çıxmış bir
müğənni kimi nələrdən söhbət
açardın?
- Bəli, bu böyük təcrübəni
keçdim. Azərbaycanın sərhədlərindən kənara
ayaq basan hər bir şəxs çevrəsi
üçün Azərbaycan deməkdir. Bu mənada sənətçilərin
üzərinə çox böyük məsuliyyət
düşür. Çünki onun çevrəsi, arealı
daha genişdir. Azərbaycanın çox qədim bir ölkə
olması, tarixi haqqında yetərli məlumat verə bilməyim
üçün həmişə oxuyuram. Odur ki, Vətənim
haqqında hər şeyi bilməyə
çalışıram. Həm tarixi, həm mədəniyyəti
ilə dünya tarixində iz qoyan şəxsiyyətlərimiz
haqqında bildiklərimi zənginləşdirməyə
çalışıram.
- O zaman mütaliəniz də
zəngin olar?
- Əlimə düşən
hər kitabı oxuyuram desəm düzgün olmaz. Sistemli
şəkildə oxumağa çalışıram. Azərbaycan
və dünya klassiklərinin demək olar ki,
hamısını oxumuşam. Tarixi romanları çox sevirəm.
Azərbaycanın tarixi ilə bağlı kitabları isə
xüsusi maraqla oxuyuram. Amma etiraf edim ki, daha çox ingilis dilindən
mütaliə edirəm.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2011.- 10 fevral.- S.4.