Azərbaycanın neft sənayesinin etibarlı kadr bazası

 

Azərbaycan Dövlət Neft Akademiyası ölkəmizin yanacaq-enerji və kimya texnologiya kompleksi sahələrinin inkişafı və tərəqqisinə xidmət edəcək peşəkar kadr potensialının formalaşdırılması üçün qarşıya qoyulmuş vəzifələri əzmlə yerinə yetirir

Sirr deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi bu gün ölkəmizin davamlı inkişafını təmin edib. Ulu öndərimizin böyük uzaqgörənlik və qətiyyətlə işləyib hazırladığı, cənab Prezident İlham Əliyevin isə yüksək müvəffəqiyyətlə həyata keçirdiyi bu strategiya sayəsində Azərbaycan regionun əsas söz sahibi olan ölkələrindən birinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərlə beynəlxalq aləmdə  böyük nüfuz qazanıb. Təbii ki, bu strategiyanın uğurla icra olunmasında ölkəmizdə bu sahədə fəaliyyət göstərən bir çox qurumların, müəssisə və təşkilatların da özünəməxsus rolu var. Bu qurumlar arasında Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) adını xüsusi qeyd etməliyik. Yarandığı gündən ölkəmizdə neft-qaz və neft-kimya sənaye sahələri üçün yüksək ixtisaslı mühəndis və elmi kadrların hazırlanması istiqamətində fəaliyyət göstərən ADNA bu gün də neft sənayesinin etibarlı kadr bazası rolunu uğurla yerinə yetirməkdədir. Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, Əməkdar elm xadimi, akademik Siyavuş Qarayevlə söhbətimizdə Akademiyanın keçdiyi şərəfli tarixi inkişaf yolu, əldə etdiyi böyük nailiyyətlər, beynəlxalq əlaqələri haqqında müxtəlif məsələlərə toxunduq, akademikin nöqteyi-nəzərindən Azərbaycan təhsilinin və elminin inkişafında ADNA-nın yerini və rolunu dəyərləndirdik. Rektorla söhbətimizə isə təbii olaraq, ADNA-nın yaranması tarixindən başladıq.

 

ADNA-nın ən böyük uğurları Ümummilli liderimizin adı ilə bağlıdır

 

Azərbaycanın ilk ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Neft Akademiyası 14 noyabr 1920-ci ildə “Bakıda politexnik institutunun yaradılması haqqında” qəbul olunmuş dekretə əsasən yaradılıb. Ötən 90 ildə isə bu qocaman ali təhsil məktəbi həm çox çətin, həm də çox şərəfli tarixi hadisələr yaşayıb, bütün sınaqlardan üzüağ çıxaraq xalqımıza xidmət edib. Yarandığı ilk dövrlərdə Bakı texniki məktəbinin binasında fəaliyyət göstərən ADNA məhdud imkanlara baxmayaraq, o zamanın ən tanınmış mütəxəssislərini öz ətrafına toplaya bilib. Bakıda işləyən mühəndislər və Rusiyadan Azərbaycana göndərilmiş peşəkar mütəxəssislərdən ibarət müəllim heyəti neft-mədən, elektromexanika, mühəndis-inşaat, iqtisadiyyat və kənd təsərrüfatı ixtisasları üzrə savadlı kadrları hazırlayıblar. Görülən mütərəqqi işlər nəticəsində bu ali təhsil müəssisəsi qısa müddət ərzində neft sənayesi, inşaat sənayesi və nəqliyyat üçün mütəxəssislərin hazırlanması üzrə əsas rol oynamağa başlayıb və bununla da xalq təsərrüfatını Azərbaycanın milli mühəndis kadrları ilə təmin edib.

Akademik Siyavuş Qarayev deyir ki, 1920-1969-cu illər ərzində bu təhsil ocağı tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl ali təhsil müəssisəsinə çevrilib. Amma şübhəsiz ki, ölkəmizin bütün digər ali təhsil ocaqları kimi Azərbaycan Dövlət Neft Akademiyası üçün əsas yüksəliş dövrü 1969-cu ilə təsadüf edib. Həmin ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbərliyinə gəlməsi həm bütövlükdə Azərbaycan təhsilinin və elminin inkişafında, həm də bu sahədə fəaliyyət göstərən müəssisələrin həyatında bir inqilab yaratdı. Ona görə də, ADNA-nın rektoru haqlı olaraq ali məktəbin əldə etdiyi bütün böyük nailiyyətlərin Ulu öndərimizin adı ilə bağlı olduğunu söyləyir: “ADNA-nın inkişafı və onun əldə etdiyi nailiyyətlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bizim ali təhsil ocağımıza Heydər Əliyev çox hörmət və qayğı ilə yanaşırdı. Ali təhsilinin iki ilini Ulu öndər, 1939-1941-ci illərdə bizim institutumuzda alıb. Öz xatirələrində Heydər Əliyev deyirdi: “O illər burada aldığım təhsil, tərbiyə, nizam-intizam, bilik mənim gələcək həyatımda, sonrakı dövrümdə çox böyük rol oynamışdır”. Ulu öndərimizin bilavasitə göstərişi ilə hökumətin 1969-1986-cı illərdə təhsil müəssisəmizin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəlmiş qərarları əsasında 6 mərtəbəli yeni tədris korpusunun, mehmanxana tipli iki 9 mərtəbəli yataqxana binalarının, yeni idman kompleksinin tikilib istifadəyə verilməsi Ümummilli liderimizin bu təhsil ocağının inkişafı ilə bağlı əvəzsiz qayğılarına canlı misaldır”.

Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin elmimizin, təhsilimizin inkişafına yüksək diqqət və qayğısını bütün digər elm ocaqları kimi ADNA da öz üzərində, gündəlik fəaliyyətində hiss edir. Akademik Siyavuş Qarayev deyir ki, cənab Prezidentin göstərişi və şəxsən nəzarəti ilə görülən işlər ADNA-nın inkişafında yeni mərhələnin başlanğıcını qoyub: “Xüsusilə qeyd etməliyəm ki, 2004-2006-cı illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tərəfindən ADNA-nın binalarında əsaslı təmir işlərinin aparılması, auditoriyaların və laboratoriyaların müasir tədris və elmi-tədqiqat avadanlıqları ilə təchiz edilməsi üzrə irihəcmli işlər görülmüşdür. Prezident İlham Əliyevin Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamı, 66 nəfər əməkdaşımızın Azərbaycanın ən yüksək mükafatları və fəxri adları ilə təltif olunması barədə imzaladığı fərmanlar, dövlətimizin başçısının bilavasitə göstərişi əsasında təhsil ocağımızda müasir memarlıq səviyyəsində təmir işlərinin aparılması Neft Akademiyasına olan böyük diqqət və qayğının rəmzidir. ADNA-nın 90 illik yubileyinə həsr olunmuş mərasimə Prezidentimizin gəlişi və Onun proqram xarakterli çıxışı kollektivimizin bayram əhval-ruhiyyəsini daha da artırdı. Bu, bizi Azərbaycan Respublikasının Prezidentinin inamını doğrultmaq və Vətənimizin gələcək inkişafı naminə daha da əzmlə çalışmağa səfərbər edir”.

 

Əsas məqsədlərimizdən biri də Neft strategiyasının həyata keçirilməsinə dəstək verməkdir

 

90 ildən artıq fəaliyyəti dövründə Dövlət Neft Akademiyası böyük uğurlara imza atıb. Ölkəmizin və dünya iqtisadiyyatının neft-qaz sektorunun inkişafında ADNA-nın töhfəsi yalnız yüksək peşəkar kadrların hazırlanmasından ibarət olmayıb. Təkcə yada salmaq kifayətdir ki, bu ali məktəbdə dünyada ilk dəfə olaraq turbin qazıması, maili qazımanın nəzəri və praktiki əsasları, quyuların dərinlik nasos və kompressor üsulları ilə istismarı, neftvermənin artırılması üçün quyuya qazın vurulması, qaz kondensat yataqlarının işlənməsi, qeyri-nyuton xassəli neft yataqlarının işlənməsi, karbohidrogenlərin oksidləşdirici dehidrogenləşməsi, doymamış karbohidrogenlərin parsial oksidləşməsi prosesləri üçün yeni katalizatorların seçilməsi, neft avadanlıqları üçün effektiv korroziya inhibitorlarının yaradılması, nüvə-maqnit karotajın müxtəlif yataqlarda tətbiqi və sairə bu kimi işlər görülüb. Amma Neft Akademiyasının müstəqil Azərbaycan dövlətinin inkişafında ən böyük xidməti Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu Neft strategiyasının uğurla həyata keçirilməsinə verilən böyük dəstəkdir.

Siyavuş Qarayevin sözlərinə görə, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi ilə bizim ölkəmizdə 30-dan çox tanınmış beynəlxalq neft şirkəti fəaliyyətə başladı: “İri regional neft-qaz layihələri - Azəri-Çıraq-Günəşli, Şah Dəniz, Bakı-Tbilisi-Ceyhan neft boru layihəsi, həmçinin, Cənubi Qafqaz boru kəməri Azərbaycanı XXI əsrə Xəzər regionunun və cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsi kimi çıxarmışdır. Bu irihəcmli layihələri həyata keçirmək üçün bizim ali məktəbin mütəxəssisləri də cəlb olunmuşlar. Məzunlarımızın dünyanın tanınmış neft şirkətlərində uğurlu fəaliyyətləri və təcrübi işləri Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən yüksək səviyyədə, dövrün tələbinə uyğun mütəxəssis hazırlığına canlı sübutdur”.

Onu da qeyd edək ki, 1993-cü ildən başlayaraq, ADNA-da həm bakalavr, həm də magistr hazırlanır. Bu yeni Qərb standartlarına uyğunlaşmış tədris sisteminin üstünlüyü ondadır ki, ADNA konkret lokal elm və istehsalat sahələrində işləmək üçün istiqamətləndirilmiş mütəxəssislər hazırlayır. Buna görə mühəndislik tədris müddəti azalsa da, bu pillədə təhsil alan mütəxəssislər bu və ya digər istehsalat sahəsində işləmək üçün yetəri qədər bilik əldə edirlər, nəticədə ölkənin iqtisadiyyatı müəyyən vəsaitə qənaət etmiş olur. Magistraturada təhsil almaq ADNA-nı bitirdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olmaq, elmi araşdırmalar aparmaq bu və ya digər strukturlarda yüksək inzibati vəzifə tutmağa imkan verir.

 

ADNA-da kadr hazırlığı prosesi müasir tələblər səviyyəsində həyata keçirilir

 

Avropa və Asiyada ilk neft ali məktəbi kimi yaranmış ADNA hal-hazırda da gözəl ənənələrini davam və inkişaf etdirir. Yüksək peşəkarlıq keyfiyyətlərinə malik professor-müəllim heyəti, Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən məqsədyönlü işlər, tədris planlarının Qərb standartlarına uyğunlaşdırılması, tədris prosesinə müasir texnologiyaların tətbiq edilməsi ADNA-da yüksək keyfiyyətli mütəxəssis hazırlığına zəmanət verir. 2007-ci ildə Avropa standartlarına cavab verən yüksək səviyyəli və keyfiyyətli tədrisə nail olması ilə əlaqədər ADNA-nın “Avropa keyfiyyəti” medalı ilə təltif olunmasını bu işlərin nəticəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, daim zamanın nəbzini tutan ali məktəbin kollektivi tədris prosesində də yeniliklər etməkdən çəkinmir, dünyanın nüfuzlu tədris ocaqlarında tətbiq olunan tədris sistemi ADNA-da da yüksək nəticələrlə yerinə yetirilir.

Belə ki, ADNA-da ənənəvi olaraq semestr ərzində tədris olunan fənlər üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsini müəyyən edən sessiyalararası yoxlamalar keçirilir. Hal-hazırda semestr ərzində tədris olunan fənlər üzrə işçi proqramların tələbələr tərəfindən mənimsənilməsi monitorinq mexanizminin tətbiqi ilə aparılır, fənlərin əsas və işçi proqramlarının ekspertizası keçirilir. ADNA-da pedaqoji-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün açıq dərslərin keçirilməsi geniş tətbiq olunur.

Qeyd etmək lazımdır ki, respublikada dövlət ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq kredit sisteminin tətbiqi ilə bakalavrların və magistrlərin hazırlığına məhz ADNA-da başlanılıb. 1998-ci ildən başlayaraq, ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə ADNA-nın “Biznesin idarə olunması üzrə magistrlərin hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi” MBA proqramı üzrə magistr və 2001-ci ildən bakalavr, 2001-ci ildən Almaniya Federativ Respublikasının Zigen Universiteti ilə “Yeni texnologiyalar proqramı” üzrə bakalavr, 2006-2007-ci tədris ilindən isə kredit sisteminin tətbiqi ilə bakalavr hazırlığına start verilib.

“Hal-hazırda ADNA qarşısında duran əsas məsələ təhsilimizin Avropa təhsil məkanına inteqrasiya prosesinin, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə islahatlar üzrə Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsidir. Bu istiqamətdə işlərin görülməsi üçün “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyət planına” uyğun ADNA-nın fəaliyyət planı və ADNA-nın strateji inkişaf planı hazırlanmışdır”, deyən akademik S.Qarayevin sözlərinə görə, ADNA-da tyutorların hazırlanması və Virtual Universitetin yaradılması məqsədi ilə TACİS Proqramının “Cənubi Qafqazda elektron cəmiyyətinin inkişafı layihəsi” çərçivəsində akademiyanın əməkdaşları 8 aylıq xüsusi hazırlıq kursu keçiblər. 2009-cu ilin iyun ayından başlayaraq, ADNA-nın Virtual Universitetinin yaradılması prosesinə başlanılıb, kredit sistemi ilə bağlı tədris prosesinin idarəolunması məqsədi ilə “Elektron Tədris Mərkəzi” yaradılıb. 2010/2011-ci ildən başlayaraq I və II kurslar üzrə tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə mühazirələrin elektron versiyalarının hazırlanması, onların Virtual Universitetə daxil olunması ilə tələbələrin istifadəsinə verilməsi qərarı qəbul edilib. 2009/2010-cu tədris ilindən imtahanların kompüter texnologiyaların tətbiqi ilə test sualları əsasında keçirilməsinə başlanılıb. “Elektron kitabxana”nın imkanlarının genişləndirilməsi ilə bağlı işlərin görülməsi də sürətləndirilib. Son illərdə ADNA-da təhsilin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində də xeyli işlər görülüb, tədris prosesi sonuncu nəsil fərdi kompüterlərlə, lokal şəbəkə ilə təchiz edilib və tədris prosesi, elmi-tədqiqat, idarəetmə və nəşr işlərinin idarə edilməsində geniş istifadə olunur.

 

Beynəlxalq nüfuzu və təhsilin keyfiyyəti ADNA-nın xarici əlaqələrinin inkişafına əsaslı zəmin yaradıb

 

Azərbaycan dövlətinin yüksək effektiv xarici siyasət kursu və ölkəmizin əldə etdiyi böyük iqtisadi nailiyyətlər dünya dövlətlərinin respublikamıza marağının artmasını şərtləndirir. Bunun bariz nümunəsidir ki, son illər ərzində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri kifayət qədər güclənib, ölkəmizin regionun ən güclü dövlət olması və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi yüksək töhfələr layiqli şəkildə qiymətləndirilir. Bunun fonunda söyləyə bilərik ki, hazırda Azərbaycanla əməkdaşlıq etmək istəyən, ölkəmizin həyata keçirdiyi layihələrdə fəal rol almaq niyyətində olan dövlətlərin siyahısı gündən-günə genişlənməkdədir. Bu da təbii ki, ölkəmizdə fəaliyyət göstərən bütün institutların, o cümlədən, ali təhsil ocaqlarının da önündə geniş inteqrasiya imkanları yaradır. ADNA-nın beynəlxalq nüfuzu, elmi və kadr hazırlığı sahəsində əldə etdiyi nailiyyətlər Akademiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi üçün münbit mühit yaradır. Bu şəraitdən istifadə edərək isə bu qocaman təhsil ocağı öz əlaqələrini xeyli genişləndirib, yüksək, effektiv qarşılıqlı münasibətlər yaradıb. Akademiyanın rektoru S.Qarayevin bildirdiyinə görə, son illərdə ABŞ, Almaniya, Hollandiya, Fransa, İtaliya, Çin, Norveç, Rumıniyanın aparıcı tədris mərkəzləri ilə bir sıra beynəlxalq layihələr reallaşıb.

Təbii ki, ADNA-nın beynəlxalq əlaqələrinin genişləndirilməsi təkcə məzunlarının Qərb tədris standartlarına uyğun hazırlanması deyil, həmçinin, ali məktəbin nüfuzunun beynəlxalq aləmdə artması ilə bağlıdır. Bu kontekstdə qeyd etmək lazımdır ki, ADNA-da hal-hazırda 700-ə yaxın əcnəbi tələbə təhsil alır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Çin Neft Universiteti və “Petrovyetnam” Neft və Qaz Şirkəti ilə bağlanmış müqavilələr əsasında bu ölkələrdə seçilmiş gənclər hər il təhsil ocağımızın tələbə kontingentinə qoşulur.

Bundan başqa, ADNA-da hər il beynəlxalq və milli şirkətlərin və qurumların onlarla əməkdaşı iki həftədən tutmuş bir il müddətinədək xüsusi kursların təlim proqramları əsasında öz ixtisaslarını artırırlar. Ali məktəbimiz tərəfindən onlar üçün bir sıra ixtisaslar üzrə mütəxəssislərin distansiya təliminə, bazar tələbatına uyğun, ixtisaslarının artırılmasına imkan verən metodik, proqram və texniki baza yaradılıb.

Beləliklə, qeyd olunan faktlar və ümumiyyətlə, ADNA-da son illər ərzində görülmüş işlər bir daha onu söyləməyə əsas verir və belə bir əminlik yaradır ki, bu təhsil ocağı ölkəmizin yanacaq-enerji və kimya texnologiya kompleksi sahələrinin inkişafı və tərəqqisinə xidmət edəcək peşəkar kadr potensialının formalaşdırılması üçün təhsilimizin və elmimizin inkişafı sahəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində daha əzmlə fəaliyyət göstərəcək, Prezidentimiz tərəfindən göstərilən böyük etimadı şərəflə doğruldacaq.

 

 

Aqşin ŞAHİNOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 1 fevral.- S.5.