Azərbaycan turistlər üçün
olduqca cəlbedici ölkədir
Teymur Mehdiyev: Əminəm ki, “Turizm ili” çərçivəsində
həyata keçiriləcək tədbirlər Azərbaycanın
turizm ölkəsi kimi şöhrətini daha da artıracaq
Mədəniyyət və
turizm nazirinin müavini Teymur Mehdiyevin “Yeni Azərbaycan” qəzetinə
müsahibəsi:
- Teymur müəllim, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci
il Azərbaycanda “Turizm ili” elan olunub. Bu məqsədlə cari
ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
hansı işlərin görülməsi planlaşdırılır?
- Əvvəla, onu qeyd edim
ki, turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli
sahələrindən biridir. Əksər dövlətlərdə
turizm ölkə iqtisadiyyatının lokomotivi hesab olunur və
dövlət büdcəsinin formalaşmasında mühüm
rol oynayır. Məsələn, ABŞ, Böyük Britaniya,
Çin, İspaniya, Meksika, Türkiyə və Yunanıstan
kimi ölkələrdə turizm sahəsinin gəlirləri
milyard dollarlarla ölçülür. Azərbaycanda da turizm
sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən
mühüm addımlar atılıb, lazımi infrastrukturlar
yaradılıb. Hələ 2001-ci ildə Ümummilli lider Heydər
Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial
inkişafdakı rolunu düzgün dəyərləndirərək
bu sahədə əhəmiyyətli qərarlar vermişdir.
Ötən illər ərzində turizm sahəsinin
inkişafı ilə əlaqədar qəbul olunmuş Dövlət
Proqramı tam şəkildə yerinə yetirilib. Dövlət
başçısı İlham Əliyevin “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında imzaladığı Sərəncam isə
bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcını qoydu və ölkədə
turizm sektorunun dünya standartlarına uyğun şəkildə
inkişaf etdirilməsinə güclü təkan verdi.
Yeri gəlmişkən, qeyd
edim ki, cənab Prezident İlham Əliyevin iştirakı ilə
yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin
2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və
2011-ci ildə qarşıda duran vəzifələrə həsr
olunan iclasında yekun nitq söyləyən dövlət
başçısı 2011-ci ili respublikamızda “Turizm ili”
elan etdi. Sözsüz ki, dövlətin turizm sahəsindəki
siyasətini həyata keçirən qurum olaraq, ilk növbədə,
Mədəniyyət və Turizm Nazirliyinin üzərinə
böyük iş düşür. Və biz bütün
qüvvələrimizi səfərbər edərək, “Turizm
ili”nin yüksək səviyyədə başa çatması
üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Qeyd edim ki, bu məqsədlə nazirlikdə müvafiq
işçi qrupu yaradılıb. Qrupa nazirliyin əməkdaşları
ilə yanaşı, tanınmış turizm şirkətlərinin,
hotel və istirahət mərkəzlərinin nümayəndələri
daxildir. Onlar artıq ilk toplantılarını keçiriblər.
İşçi qrupunun hazırlayacağı fəaliyyət
planı sonradan nazirlikdə müzakirə olunacaq və “Turizm
ili”nin yüksək səviyyədə icra olunması
üçün konkret fəaliyyətlərə start veriləcək.
- Ötən il dövlət
başçısı tərəfindən, həmçinin,
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında müvafiq Sərəncam imzalandı. Bəs
həmin proqramın icrası istiqamətində nə kimi
işlər görülməkdədir?
- Məlum olduğu kimi,
ölkə Prezidentinin 6 aprel 2010-cu il tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq
edilib. Proqramın təsdiq edilməsində məqsəd, Azərbaycanda
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm xidməti sahələrinin
formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının
əsas inkişaf dayaqlarından birinə çevrilməsinin
təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən
sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək
keyfiyyətli xidmət səviyyəsinin yaradılması və
davamlı inkişafın təmin edilməsidir. Proqramın
icrasının təmin edilməsi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən artıq müəyyən
işlər görülüb. Belə ki, nazirliyin Tədbirlər
Planı təsdiq edilib və bir sıra bəndlərin
icrası ilə bağlı aidiyyəti üzrə dövlət
qurumlarına məktublar ünvanlanıb. Bunun nəticəsi
olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birgə Dövlət Proqramının icrasına dair Tədbirlər
Planı hazırlanıb.
Yeri gəlmişkən, qeyd
edim ki, ötən il 28-30 aprel tarixlərində Bakıda IX Azərbaycan
Beynəlxalq Turizm sərgisi və ilk dəfə təşkil
olunan I Ümumrespublika Daxili Turizm sərgisi
keçirilmişdir. Sərginin rəsmi
açılışında iştirak edən ölkə
Prezidenti Azərbaycanın tarixini, mədəniyyətini, təbiətinin
müxtəlifliyini və regionların zəngin turizm
potensialını nümayiş etdirən stendlərlə, eləcə
də, müxtəlif xarici ölkələrin təmsil
olunduğu stendlərlə tanış olmuş və sərginin
işinə uğurlar arzulamışdır.
Az öncə qeyd etdiyim kimi,
Dövlət Proqramının icrası istiqamətində
artıq müəyyən işlər görülməkdədir.
Belə ki, ölkəmizin zəngin fauna və florasının,
mədəniyyətinin, adət-ənənələrinin təbliği
məqsədi ilə respublikada yeni-yeni turizm marşrutları
yaradılmaqdadır. Buna misal olaraq, ötən il avqust
ayında Respublika Atçılıq Mərkəzinin Şəkidəki
filialında “Atüstü turizm marşrutları”nın təqdimatının
keçirilməsini qeyd etmək yerinə düşərdi.
Bu tədbirdə 12 turizm şirkəti, eləcə də,
KİV nümayəndələri iştirak etmişlər. Təqdimat
çərçivəsində iştirakçılara Şəki-Daşbulaq-Şəki
marşrutu üzrə atüstü gəzinti təşkil
edilmişdir.
Eyni zamanda, ötən ilin
sentyabr ayında Bakı-Quba-Şamaxı-Bakı istiqamətində
dağlıq ərazilərdə avtoturizm və ekstremal
turizmin komponentlərini özündə əks etdirən yeni
turist marşrutu yaradılmışdır.
Bundan əlavə, turizm və
rekresiya zonalarının yaradılması nazirliyin Dövlət
Proqramının icrası çərçivəsində həyata
keçirdiyi əsas istiqamətlərdən biridir. Qeyd edim
ki, turizm və rekresiya zonalarının ümumi Əsasnaməsi
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı
ilə təsdiq edilmişdir və bu istiqamətdə mərhələli
şəkildə müvafiq işlər görülməkdədir.
- Azərbaycanda turizmin
inkişafına xidmət edəcək Qusar rayonundakı
qış-yay turizm kompleksində tikinti işləri hansı
mərhələdədir?
- Qusar rayonunda,
Şahdağın ətəklərində salınan turizm
incilərindən biri - qış-yay turizm kompleksinin ölkəmizin
turizm sənayesinin inkişafına böyük töhfələr
verəcəyi şübhəsizdir. Möhtərəm
Prezidentimizin Nazirlər Kabinetinin məlum iclasında qeyd etdiyi
kimi, kompleksdə tikinti işləri başa çatdıqdan
sonra “Şahdağ” beynəlxalq səviyyəli kurort mərkəzinə
çevriləcəkdir.
Qeyd edim ki, hazırda
“Şahdağ” kompleksində işlərin birinci fazası 50
faizə qədər icra olunub, gündə 10 min turistə
xidmət etmək imkanına malik kommunal, işıq, su, qaz,
yol xətlərinin çəkilişi həyata
keçirilib. Layihə Avstriya, İsveç, Türkiyə,
ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin
ən qabaqcıl şirkətləri tərəfindən icra
olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin
sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış
mövsümündə isə daha 4 xizək eniş xəttinin
istismara verilməsi nəzərdə tutulub.
Doğrudur, hələlik,
burada işlər dövlət vəsaiti hesabına
aparılır. Amma, gözlənilir ki, gələcəkdə
özəl sahibkarlıq subyektləri bu təşəbbüsə
qoşulacaqlar. Burada çoxlu mehmanxana tikiləcək. Xizəkçilik
bazası, qaldırıcı liftlər və qurğular, tibb
məntəqələri, restoranlar, əyləncə yerləri
inşa olunacaq. Bir sözlə, “Şahdağ” kurort mərkəzi
hazırda dünyada mövcud olan ən qabaqcıl, ən məşhur
qış istirahət mərkəzlərindən heç də
geri qalmayacaqdır. Və əksinə, burada daha müasir
texniki avadanlıqlar quraşdırılacağından, bəlkə
də, kompleks öz “rəqiblərini” daha da üstələyəcək.
İndiyədək xarici
turistlər Azərbaycana, əsasən, yay-payız
aylarında gəlməyə üstünlük verirdilər.
Hesab edirəm ki, “Şahdağ” kompleksinin istifadəyə
verilməsi turistlərə Azərbaycanın füsunkar təbiətindən
qış aylarında da zövq almağa, onların istirahətlərinin
daha mənalı keçirilməsinə şərait yaradacaq
və turistləri təkrar respublikamıza gəlməyə
sövq edəcək. Odur ki, əminliklə söyləyə
bilərəm ki, “Turizm ili” çərçivəsində həyata
keçiriləcək tədbirlər Azərbaycanın turizm
ölkəsi kimi şöhrətini daha da artıracaqdır.
- Teymur müəllim, məlum
olduğu kimi, turizm potensialının dünyada
tanınması, ölkəyə turistlərin cəlb edilməsində
beynəlxalq turizm sərgilərinin böyük rolu vardır.
Bu məqsədlə, Mədəniyyət və Turizm Nazirliyi
olaraq, cari ildə hansı beynəlxalq sərgilərdə
iştirak etməyi planlaşdırırsız?
- Ölkənin turizm
potensialının təbliğində beynəlxalq sərgilərin
rolu danılmazdır. Amma, gəlin onu da etiraf edək ki, Azərbaycanda
ənənəvi olaraq hər il keçirilən beynəlxalq
turizm sərgisi (AİTF) də bu baxımdan heç də az əhəmiyyət
kəsb etmir. Dünyanın aparıcı turizm şirkətləri,
aviaşirkətlər, hotelçilik biznesi ilə məşğul
olan şirkətlər hər il ölkəmizə gəlməyə
can atırlar, bir il öncədən stendlərinin yerlərini
kirayələyirlər. Sözsüz ki, bu, Azərbaycanın
turizm potensialına dünya ölkələrində olan
maraqdan irəli gəlir.
Bu, heç də o demək
deyildir ki, biz öz fəaliyyətimizi yalnız
Bakıdakı tədbirlərlə məhdudlaşdırırıq.
Azərbaycanın turizm potensialının dünyada təbliği
istiqamətində indiyədək Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən bir sıra işlər
görülüb ki, bunlar da ölkəmizə turistlərin cəlb
olunmasında müsbət addımlardır. Ötən ildə
Nazirlik rəsmiləri respublikamızın turizm
imkanlarını təbliğ etmək məqsədi ilə
Vyana, İstanbul, Vilnüs, Berlin, Milan, Moskva, Kiyev, Pekin, Madrid,
Dubay, Əl-Küveyt, Paris, Tokio, Delhi, Nyu-York və s. şəhərlərində
keçirilən mühüm beynəlxalq turizm sərgilərinə
qatılıblar. Bu il Nazirliyin 20-yə yaxın sərgidə
iştirakı nəzərdə tutulub. Bu sərgilərdə
Nazirliklə birlikdə respublikamızda fəaliyyət
göstərən bir sıra turizm şirkətləri və
mehmanxana kompleksləri də təmsil olunacaqlar. Sərgilər
zamanı respublikamıza olan marağın ildən-ilə
artmasının şahidi oluruq. Sərgidə iştirak edən
turizm şirkətlərimiz xarici ölkələrin turizm
şirkətləri ilə danışıqlar aparır və
əməkdaşlıq haqqında müqavilələr
imzalayırlar.
Nazirlik tərəfindən
doqquz dildə, 50-yə yaxın müxtəlif nəşr,
poliqrafiya məhsulları buraxılıb. Bunlar beynəlxalq
turizm sərgilərində sərgi
iştirakçılarına və ziyarətçilərə,
respublikamızın xarici ölkələrdəki səfirlik
və nümayəndəliklərinə
çatdırılır.
Azərbaycanın zəngin
turizm potensialının təbliğ edilməsi məqsədilə,
həmçinin, dünyanın aparıcı televiziya
kanallarında - “CNN”, “Euronews”, “Travel Channel”, “BBC”, “CNBC”,
“National Geographic”də reklam çarxları yayımlanıb.
Respublikamızın turizm
potensialını əks etdirən reklam xarakterli səhifələr,
Azərbaycanın görməli yerləri haqqında məqalələr
xarici nəşrlərdə mütəmadi olaraq dərc edilir.
Azərbaycanın turizm
potensialını dünyada tanıtmaq məqsədi ilə
“www.azerbaijan.tourism.az” saytı işlənib
hazırlanmışdır. Qeyd olunan saytın adı beynəlxalq
telekanallarda nümayiş olunan, Azərbaycanın turizm
potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq
turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də,
digər rəsmi xarici mənbələrdə göstərilir
və sayt mütəmadi olaraq yeniləşdirilir. Həmçinin,
Azərbaycana səfər edən xarici ölkə vətəndaşları
üçün Azərbaycanın turizm imkanları
haqqında məlumatın artırılması məqsədilə
“Austrian Airlines”, “British Airways”, “AZAL” aviaşirkətlərinə
məxsus təyyarələrin bort jurnallarında, reklam səhifələri,
məlumatlar və ekranlarında reklam çarxları yerləşdirilmişdir.
“Cico.tv” veb-saytında mütəmadi olaraq respublikanı təbliğ
edən müxtəlif filmlər yerləşdirilir. Qeyd etmək
istərdik ki, 2009-cu ildə Azərbaycanın reklam
çarxı yerləşdirilən səhifə həmin
saytda ən çox ziyarət edilən səhifə kimi
göstərilmişdir.
Məlumat üçün
bildirim ki, 2006-2010-cu illər ərzində Mədəniyyət
və Turizm Nazirliyinin şifarişi ilə BƏƏ, Ukrayna,
Çexiya və Rusiyanın televiziya kanalları və
prodakşn şirkətləri tərəfindən ölkəmizin
turizm imkanlarını əks etdirən bir çox filmlər
və reklam çarxları hazırlanmış və
yayımlanmışdır.
2008-ci ilin may ayında Kann
kinofestivalı zamanı Azərbaycanın turizm
potensialını təbliğ edən, 45 saniyəlik reklam
çarxı bir neçə monitorda
yayımlanmışdır. Bundan əlavə, ötən il
Avstriyanın “World Travel Guide” bələdçisində Azərbaycanın
reklam səhifəsi yerləşdirilmişdir. Hesab edirəm
ki, qarşıdakı illərdə ölkəmizin turizm
potensialının təbliği istiqamətindəki işlərimizi
sürətləndirəcək və daha da genişləndirəcəyik.
Respublika daxilində yerli əhalidə
turizm anlayışının artırılması məsədilə
sosial xarakterli banerlər mərkəzi küçələrdə
yerləşdirilir, sosial çarxlar yerli televiziya kanalları
vasitəsi ilə yayımlanır. Turizm fotomüsabiqələri,
kinofestivalları keçirilir.
- Bəzən mətbuat səhifələrində
Azərbaycanda turizm sahəsində çalışan
kadrların yetərincə olmaması barədə fikirlər
səslənir. Bu məsələyə münasibətiniz necədir?
- Əvvəla, onu deyim ki, bu
fikrə münasibətim mənfidir. Çünki
Avropanın, eləcə də, dünyanın inkişaf
etmiş ölkələri ilə müqayisədə ölkəmizdə
turizm sənayesinin tarixi çox böyük olmasa da, bu sahədə
çalışan yetərincə ixtisaslı
kadrlarımız vardır. Mədəniyyət və Turizm
Nazirliyinin tövsiyəsi ilə mehmanxana sektorunun inkişaf
etdirilməsi, bu sahədə beynəlxalq təcrübənin
öyrənilməsi, mehmanxana biznesində çalışan
sahibkarların maraqlarının müdafiə edilməsi və
səmərəli idarəetmə sisteminin yaradılması məqsədilə
2006-cı ildə Azərbaycan Mehmanxanalar Assosiasiyası
yaradılmışdır. Bundan əlavə, möhtərəm
Prezidentimizin müvafiq Sərəncamına əsasən
2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutu
artıq ötən il ilk 74 nəfər ixtisaslı
kadrlarını məzun etmişdir. Qeyd etmək istərdim
ki, 74 məzundan 14-ü Avstriyanın Krems Universitetinin
müvafiq diplomunu almışdır. Hal-hazırda bu ali təhsil
ocağında 1123 nəfər tələbə müxtəlif
ixtisaslar üzrə təhsil alır.
Azərbaycan Turizm İnstitutunun
nəzdində, həmçinin, turizm bələdçilərinin
və tərcüməçi-gidlərin hazırlanması və
attestasiyadan keçirilməsi məqsədilə Attestasiya
Komissiyasının tərkibinin nazirliyin növbəti kollegiya
iclasında təsdiq olunması üçün müvafiq sənədlər
hazırlanmışdır.
Turizm şirkətlərinin
fəaliyyətinin inkişaf etdirilməsi, onların işində
mövcud olan problemlərin aradan qaldırılması və
turizm şirkətlərinin mənafeyinin qorunması, vahid
şəkildə yerli və beynəlxalq tədbirlərdə
iştirak etmək məqsədi ilə 2009-cu ildə Azərbaycan
Turizm Şirkətləri Assosiasiyası
yaradılmışdır.
Mehmanxana və mehmanxana tipli
obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi
məqsədilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
“Azərbaycan Respublikasında Mehmanxana xidmətlərinin
göstərilməsi Qaydaları” adlı sənədin layihəsi
hazırlanmışdır.
Düşünürəm
ki, görülən tədbirlər, atılan bütün bu
kimi addımlar Azərbaycanda yüksək səviyyəli
kadrların hazırlanmasına, onların işinin koordinasiya
edilməsinə, dünya ölkələrindəki
üstün təcrübələrin və peşə
bacarıqlarının ölkəmizin turizm sənayesinə
inikasına xidmət edir.
- Teymur müəllim, bir qədər
sonra ölkədə turizm mövsümünə start veriləcək.
İstirahət mərkəzlərimizin yeni turizm
mövsümünə hazırlıq səviyyəsini necə
qiymətləndirirsiz?
- Turizm
mövsümünün başlanmasına hələ bir qədər
vaxt qalır. Azərbaycanda aktiv turizm may-iyun aylarından
başlanır. Adətən, qış aylarında turist
axını az olduğundan istirahət mərkəzlərimiz,
fürsətdən istifadə edərək, növbəti
mövsümə hazırlıq işlərinə
başlayırlar və yazın ilk aylarında bu işi
başa çatdırmış olurlar. Amma, buna baxmayaraq, hesab
edirəm ki, daha yaxşı vəziyyətdə olan, təmirə
az ehtiyacı olan istirahət mərkəzlərimiz artıq
turistləri qəbul etməyə hazırdırlar.
Digər tərəfdən isə cari ildə respublikada bir sıra yeni, beynəlxalq standartlara cavab verən hotel kompleksləri istifadəyə veriləcəkdir.
Möhtərəm Prezident İlham Əliyevin yanvarın 14-də keçirilmiş Nazirlər Kabinetinin iclasda yekun nitqində qeyd etdiyi kimi, bu il təkcə Bakıda beş ədəd “beşulduzlu” mehmanxana açılacaq ki, bu da dünyada analoqu olmayan bir hadisədir. Bundan əlavə, paytaxtda, eləcə də, respublikanın ayrı-ayrı rayonlarında da yüksək standartlara cavab verən çoxlu hotellər istifadəyə vericək. Hesab edirəm ki, bütün bunlar ölkəmizin turizm sahəsindəki imicinə öz müsbət təsirini göstərəcəkdir.
Burada daha bir məqama diqqət çəkmək istərdim. Ölkəmizə turistlərin cəlb edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri vardır. Belə ki, Fondun dəstəyi ilə ötən il ərzində respublikamızda bir sıra beynəlxalq tədbirlər - Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, Bakı Birinci Beynəlxalq Teatr Konfransı, Milli Teatr Festivalı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi və IV Beynəlxalq Rostropoviç Festivalı keçirilib ki, bu tədbirlərdə yaxından iştirak etmək və izləmək üçün minlərlə xarici ölkə vətəndaşları Azərbaycana səfərlər ediblər. Onlar burada gördükləri inkişaf, tərəqqi, əmin-amanlıq, xalqımızın yüksək mənəvi dəyərlərə malik olması haqda təəssüratlarını öz ölkələrindəki dost-tanışları ilə bölüşürlər. Bütün bunlar isə, dolayısı ilə, ölkəmizin turizm potensialının təbliğinə xidmət edir. Düşünürəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə analoji beynəlxalq tədbirlər cari ildə də davam etdiriləcəkdir. Bu isə o deməkdir ki, Azərbaycanın turizm sənayesi öz inkişaf tempini 2011-ci ildə də davam etdirəcəkdir.
Sonda isə əminliklə vurğulamaq istəyirəm ki, “Turizm ili” çərçivəsində respublikamızda həyata keçiriləcək tədbirlər Azərbaycanın turizm ölkəsi kimi şöhrətini daha da artıracaq.
- Səmimi söhbət üçün təşəkkür edirik.
- Siz də sağ olun.
Səlim
LOĞMANOĞLU
Yeni Azərbaycan.-
2011.- 12 fevral.- S.4.