Yeni Azərbaycan Partiyası ilə
Qazaxıstanın “Nur Otan” Partiyası geniş əlaqələrə
malikdir
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi
Şurasının üzvü, Milli Məclisin deputatı
Aydın Mirzəzadə “www.yap.org.az” saytına müsahibə
verib:
- Aydın müəllim, Yeni
Azərbaycan Partiyasının nümayəndə heyətinin
tərkibində Qazaxıstanın hakim “Nur Otan”
Partiyasının qurultayında iştirak etmək məqsədilə
bu ölkənin paytaxtı Astanada səfərdə olmusunuz. İstərdik
ki, səfər haqqında ətraflı məlumat verəsiniz...
- Bildiyiniz kimi, YAP nümayəndə
heyəti olaraq mən və partiyanın Siyasi
Şurasının üzvü, deputat Mirkazım Kazımov
Qazaxıstanın hakim “Nur Otan” Partiyasının 13-cü
qurultayında iştirak etmək üçün fevralın
9-dan 13-dək Astana şəhərində olduq. Qeyd edim ki, YAP
ilə “Nur Otan” Partiyası arasında 2009-cu ildə əməkdaşlıqla
bağlı saziş imzalanıb. Həmin sazişə qədər
və ondan sonra da hər iki partiyanın nümayəndə
heyətləri qarşılıqlı surətdə bir-birilərinin
ali partiya tədbirlərində, qurultaylarında iştirak
edirlər. Bu partiya yarandığı dövrdən
Qazaxıstanın hakim partiyasıdır. Parlamentdə mütləq
çoxluq məhz “Nur Otan” Partiyasına məxsusdur. Partiyanın
sədri isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir.
Fevralın 11-də keçirilən tədbirdə 600
nümayəndə və 15-ə qədər ayrı-ayrı
siyasi partiyaların təmsilçiləri iştirak edirdilər.
Qeyd edim ki, keçmiş postsovet məkanından qurultayda
qonaq qismində Rusiyanın “Yedinaya Rossiya” və Azərbaycanın
Yeni Azərbaycan Partiyasının nümayəndələri
iştirak edirdilər. Qurultay Astananın mərkəzi
saraylarından birində keçirildi. Qurultayda partiya sədri
Nursultan Nazarbayevin yenidən Qazaxıstan prezidentliyinə namizədliyinin
irəli sürülməsi ilə bağlı qərar qəbul
edildi. Qeyd edim ki, qurultay “Nur Otan” Partiyasının ölkənin
ictimai-siyasi həyatında aktiv iştirak etdiyini, partiyanın
cəmiyyətdə böyük nüfuza malik olduğunu
nümayiş etdirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin
nümayəndələri, tanınmış ziyalılar bu
partiyanın üzvüdür. Partiya ümumxalq partiyası
kimi fəaliyyət göstərir və öz
sıralarında Qazaxıstan cəmiyyətinin bütün təbəqələrindən
və müxtəlif yaş qruplarından olan insanları birləşdirir.
Partiyanın bu qurultayı münasibətilə tədbirdə
Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan
Respublikasınıın Prezidenti İlham Əliyevin təbrik
məktubu oxundu. Bu məktubda Azərbaycan ilə Qazaxıstan,
eyni zamanda, YAP ilə “Nur Otan” Partiyası arasında çox
sıx dostluq əlaqələrinin olduğu bir daha
vurğulanırdı, Nursultan Nazarbayevin siyasi fəaliyyətinə
çox yüksək qiymət verilirdi və hər iki ölkə
arasında dostluq münasibətlərinin bundan sonra da davam
etdirilməsinə və əlaqələrin daha da yüksələcəyinə
böyük inam ifadə olunurdu. Cənab Prezident İlham Əliyevin
qurultaya təbrik məktubu sədarət tərəfindən
səsləndirildi və bu təbrik qurultay
iştirakçıları tərəfindən
alqışlarla qarşılandı. Bundan başqa, mən
nümayəndə heyətinin üzvü kimi
Qazaxıstanın bir sıra telekanallarına və
aparıcı KİV-lərinə fikirlərimi bildirdim. YAP
nümayəndələri olaraq biz partiyalarımız
arasında yüksək dostluq tellərinin
mövcudluğundan, Nursultan Nazarbayevin bizim ölkəmizdə
də böyük nüfuza malik bir şəxsiyyət
olmasından danışdıq və Qazaxıstanın
inkişafının hər zaman bizim də diqqətimizdə
olduğunu bir daha vurğuladıq. Mənim müsahibəm
Qazaxıstanın aparıcı telekanalı olan “Xəbər”
TV-də gün ərzində bir neçə dəfə
işıqlandırıldı.
- YAP nümayəndə heyəti
“Nur Otan” Partiyasının nümayəndələri ilə
ikitərəfli görüşlər keçirdimi?
- Bəli, bu partiyanın mərkəzi aparatının rəhbərliyi ilə görüş keçirdik. Eyni zamanda, partiya sədrinin birinci müavini Nurlan Niqmatulinə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun ölkəmizə dəvət məktubunu təqdim etdik. Onlar dəvəti məmnuniyyətlə qəbul edərək münasib vaxtda Azərbaycana səfər edəcəklərini bildirdilər. Görüşlərdə biz ölkələrimiz arasında dostluğun bugünkü səviyyəsindən razı olduğumuzu bildirdik. Bunun həm bir kökdən, tarixdən gəldiyini qeyd etdik, eləcə də, prezidentlərimizin dostluq münasibətinin əhəmiyyətini vurğuladıq. Bu münasibətlərin bundan sonra da davam etdirilməsində maraqlı olduğumuz vurğulandı. Qərara gəlindi ki, partiyalar bundan sonra da bir-birilərilə sıx əlaqədə olsunlar, tədbirlərdə iştirak etsinlər, ölkələri haqqında qarşılıqlı surətdə məlumat yayılmasında maraqlı olsunlar. Həmçinin, partiyalarımız arasındakı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və partiyalar səviyyəsində ölkələrimizin dostluğunun möhkəmləndirilməsi zərurəti görüşlərimizdə bir daha vurğulandı.
- Səfər çərçivəsində daha hansı görüşlər keçirildi? Ümumiyyətlə, Qazaxıstanın inkişafı ilə bağlı təəssüratınız necədir?
- Səfər zamanı fürsətdən istifadə edərək biz Qazaxıstanın inkişafı ilə bağlı bir sıra məsələlərlə maraqlandıq. Ölkənin parlamentində iqtisadi siyasət komitəsinin üzvləri ilə görüşdük. Bundan başqa, Qazaxıstanın aparıcı iqtisadi təşkilatlarından sayılan “Qazaxatomsənaye” şirkətinin rəhbərliyi tərəfindən bizə böyük diqqət göstərildi, onların rəhbərliyi ilə görüşdük. Astananın müxtəlif görməli yerlərində olduq. Qeyd etmək istəyirəm ki, Astana son illərdə güclü inkişaf edib, yeni inzibati binalar, yeni yaşayış kompleksləri şəhəri daha da gözəlləşdirib, müasirləşdirib. Ən çox diqqəti cəlb edən məsələlərdən biri isə ötən il Astanada Nursultan Nazarbayev adına Universitetin açılması olub. Bu universitet elm həyatına böyük bir ideya ilə daxil olub və gələcəkdə nəinki ölkəsinin, dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu şəhərdə əhalinin yaşayışı üçün ucuz binaların tikilişinə, ipoteka kreditlərinin verilməsinə diqqət göstərilir. Aydın oldu ki, Qazaxıstan güclü inkişafa malikdir, qonşuları ilə yaxşı əlaqələri var, onlarla xoş münasibət saxlayır. Ümumiyyətlə, Qazaxıstan nüfuzlu bir ölkə statusundadır, Azərbaycanla münasibətlərə də xüsusi önəm verir. Görüş keçirdiyimiz bütün qurumlar və şəxslər tərəfindən Azərbaycanın ünvanına xoş sözlər eşitdik. Bütün insanlar Azərbaycan ilə Qazaxıstan arasında dostluğun daha da inkişaf etdirilməsində maraqlı olduqlarını xüsusilə vurğuladılar.
- Aydın müəllim, bəs Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkənin həyatında hansı səviyyədə iştirak edir?
- Qeyd edim ki, 16 milyon əhalisi olan Qazaxıstanda yüz minə qədər azərbaycanlı yaşayır. Bu insanlar müxtəlif dövrlərdə müxtəlif səbəblərdən-deportasiya və ya başqa səbəblər üzündən bu ölkəyə gəliblər. Onlar ölkənin ictimai-siyasi həyatında çox yüksək səviyyədə iştirak edirlər. Bu ölkədə Azərbaycan diasporu ən fəal milli icmalardan sayılır. Qeyd edim ki, “Nur Otan” Partiyasının 600 nəfərlik qurultay nümayəndələrinin arasında iki azərbaycanlı nümayəndənin də olması bizi sevindirdi.
Yeni Azərbaycan.- 2011.- 17 fevral.-
S.4.