Müstəqilliyimiz dönməzdir,
sarsılmazdır, əbədidir
Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən
qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir
və onun əbədiliyi təmin edilir
Bu il müasir, güclü Azərbaycan
dövlətinin müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümü tamam olur. Məlum olduğu kimi,
Prezident İlham Əliyev Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin
ölkəmizin həyatında müstəsna əhəmiyyət
daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə
alaraq və müstəqillik illərində Azərbaycan
Respublikasının keçdiyi zəngin inkişaf yolunda
qazandığı parlaq nailiyyətlərin təbliğini təmin
etmək məqsədilə Sərəncam imzalayıb.
Dövlət başçısı İlham Əliyevin həmin
Sərəncamı əsasında həyata keçiriləcək
işlərin nəticəsi olaraq, bir daha gənc nəsillərə
göstəriləcək ki, dövlətimizin müstəqilliyinin
əldə olunması, onun qorunub saxlanılması və
inkişaf etdirilməsi uzun illər ərzində çəkilmiş
zəhmətin bəhrəsidir...
Ümumiyyətlə, Azərbaycan
xalqının dövlətçilik tarixi olduqca dərin
köklərə malikdir. Müasir dövrə qədər
xalqımızın formalaşdırdığı dövlətlər,
həmin dövlətlərin qurduğu münasibətlər
indiki siyasi təcrübəmizin, dövlətçilik ənənələrimizin
əsasını təşkil edir. Bütövlükdə,
tarixin hər bir mərhələsində xalqımızın
hər bir nümayəndəsini müstəqillik amalı,
arzusu birləşdirib. Amma bu bir həqiqətdir ki, Cənubi
Qafqaz regionu imperiyaların savaş meydanına çevrildikcə,
bizim müstəqilliklə bağlı istəklərimiz elə
arzu olaraq qalırdı. Rusiya, İran və Osmanlı bu
bölgədə strateji maraqlarını təmin etmək
üçün Azərbaycanı döyüş poliqonuna
çevirmişdilər. Son nəticə olaraq isə
“Gülüstan” və “Türkmənçay” müqavilələrindən
sonra torpaqlarımız İranla Rusiya arasında
bölüşdürüldü. Bu səbəbdən də,
Səfəvilərdən sonra faktiki olaraq, XX əsrə qədər
mərkəzləşdirilmiş dövlətimiz olmadı...
Lakin yaddan çıxarmaq
olmaz ki, həmin dövrlərdə Azərbaycan mütəfəkkirləri
müstəqilliklə bağlı ideyaları ilə cəmiyyətimizi
silahlandırır, bu arzunun reallaşdırılması
üçün potensialımızın ortaya qoyulmasına
çalışırdılar. Xalqımızın
ziyalıları təqib olunmalarına baxmayaraq, Azərbaycan
xalqının müstəqil dövlətə sahib olması
üçün bütün varlıqları ilə
mübarizə aparırdılar. Beləliklə, uzun
mübarizədən sonra 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması ilə dövlətçilik
ənənələrimizin rüşeymlərinin ölmədiyi
öz təsdiqini tapdı. Eyni zamanda, Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik
uğrunda növbəti mübarizə dalğası
üçün əlverişli şərait yaratdı.
70 illik totalitar rejimin əsarətində
yaşamağımıza baxmayaraq, xalqımızın
azadlıq ruhu, müstəqillik arzusu daha da möhkəmləndi.
Nəhayət, Azərbaycan xalqı 1988-ci ildə müstəqillik
əldə etmək arzusunu konkret məqsəd kimi ortaya
qoydu...
Məlum olduğu kimi, hələ
1980-ci illərin sonlarından etibarən imperiya rəhbərliyi
Azərbaycan xalqının müstəqilliyə aparan yolda
ortaya qoyduğu iradənin qarşısını almaq
üçün hər bir üsula əl atırdı.
Xüsusilə SSRİ imperiyasının rəhbəri
Qorbaçov və onun respublikamızdakı əlaltıları
müxtəlif vasitələrdən istifadə etməklə,
həm torpaqlarımızı parçalamağa, həm də
müstəqilliklə bağlı arzularımızı
beşiyindəcə boğmağa
çalışırdı. Bəhs edilən dövrdə
müxtəlif təxribatların törədilməsi, azərbaycanlıların
qətlə yetirilməsi, bütün bunların kulminasiya
nöqtəsi sayıla biləcək qanlı 20 Yanvar faciəsinin
törədilməsi xalqımıza qarşı
çevrilmiş antimilli siyasətin nəticələri idi. Həmin
hadisələr zamanı Azərbaycan bu yolda çoxsaylı
qurbanlar versə də, hər kəs üçün ali dəyər
hesab olunan müstəqilliyi əldə edə bildik.
XX əsrin sonlarında Azərbaycanın
müstəqillik yolunda atdığı ilk siyasi-hüquqi
addım isə 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi
ilə çağırılmış növbədənkənar
sessiyasında “Azərbaycan Respublikasının Dövlət
müstəqilliyini bərpa etmək haqqında” bəyannamənin
qəbul edilməsi oldu. Bunun ardınca, Azərbaycan
Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də
keçirilmiş sessiyasında “Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Bununla da, Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
varisi elan olundu.
Həmin gün tariximizə
dövlət müstəqilliyinin bərpası günü
kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin
bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul
edildi və Cümhuriyyətin yarandığı 28 may tarixi
Respublika günü kimi qeyd olunmağa başladı. Bundan
sonra, Azərbaycan qısa bir müddətdə dünya birliyi
ölkələri və Birləşmiş Millətlər Təşkilatı
tərəfindən tanınmaqla, beynəlxalq münasibətlər
sisteminin suveren subyektinə çevrildi.
Heç bir tərəddüd
etmədən vurğulamaq yerinə düşər ki, hələ
ötən əsrin 70-ci illərindən başlayaraq,
Ümummilli lider Heydər Əliyevin strategiyasına uyğun
olaraq respublikamızda həyata keçirilən
genişmiqyaslı proqramlar iqtisadi potensialın
formalaşdırılmasına, sosial-mədəni həyatın
canlandırılmasına və milli-mənəvi dəyərlərin
dirçəldilməsinə yönəldilərək gələcək
müstəqilliyimizin təmin olunması üçün zəmin
hazırlamışdı.
Keçmiş SSRİ-nin
süqutunun qaçılmaz şəkil alması isə onun tərkibinə
daxil olan bütün müttəfiq respublikalara müstəqillik
əldə etmək imkanı yaratdı.
Bununla belə, 70 ildən
artıq bir dövrdə öz azadlığına qovuşmaq
həsrəti ilə yaşayan Azərbaycan xalqının
müstəqillik sevinci ciddi təhlükə ilə
üz-üzə qalmışdı. Belə ki, ermənilərin
1988-ci ildən başlayaraq, Azərbaycana qarşı həyata
keçirdikləri qəsbkarlıq siyasəti, eləcə də,
o zamankı iqtidarın bacarıqsız siyasəti Azərbaycan
dövlətini parçalanmaq təhlükəsi
qarşısında qoymuşdu. AXC-Müsavat
cütlüyünün birillik hakimiyyəti dövründə
ölkədə xaos, anarxiya hökm sürür, ekstremist
meyillər getdikcə güclənirdi. İdarəetmədəki
kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar,
ordudakı hərc-mərclik nəticəsində 1993-cü
ilin yayında ölkə vətəndaş müharibəsi,
dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə
ilə qarşılaşmışdı. Müstəqilliyimizin
ilk illərindəki hərc-mərclik və
xalqımızın maraqlarına zidd siyasət,
iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi isə öz növbəsində dərin
siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
Zəngin siyasi təcrübəyə
və böyük dövlətçilik qabiliyyətinə
malik Ulu öndər Heydər Əliyevin məhz belə bir
ağır və mürəkkəb dövrdə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə gəlməsi
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanmasına və möhkəmləndirilməsinə xidmət
edən başlıca amil oldu. Beləliklə, 1993-cü ilin
iyun ayından ölkədə formalaşmağa başlayan
yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini
aradan qaldırdı, separatçılıq meyillərinə
son qoydu və Ulu öndər Heydər Əliyevin dövlət
quruculuğu siyasətinin gerçəkləşməsinə
gətirib çıxardı.
Ulu öndərin hakimiyyətə
qayıdışından sonra ağır vəziyyətdə
olan ölkənin problemlərinin həlli istiqamətində
konkret addımlar atılmağa başlandı. 1994-cü il
mayın 12-də cəbhədə atəşkəsin əldə
edilməsi dövlətçiliyin möhkəmləndirilməsi,
nizami ordu quruculuğu, eləcə də, ölkə həyatının
bütün sahələrində dinamik inkişafın təmin
edilməsi baxımından zəruri addım oldu. Azərbaycan
vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən
xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara
xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi,
cinayətkar ünsürlər cəmiyyətdən təcrid
edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq,
sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə
bağlı özəlləşdirməyə geniş meydan
verildi, aqrar sahədə islahatlara başlandı.
Ümummilli liderimiz Heydər
Əliyevin rəhbərliyi və bilavasitə iştirakı
ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul
olunmuş müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizdə müasir dövlətçilik
sisteminin bərqərar edilməsi üçün möhkəm
hüquqi baza yaratdı. Məhkəmə islahatlarının
həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və
digər mühüm təsisatların yaradılması
ölkədə demokratikləşdirmə prosesinin irəliyə
aparılmasında mühüm rol oynadı. Azərbaycanda
hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş
cəmiyyətinin bərqərar edilməsi istiqamətində
ciddi addımlar atıldı.
Daxili siyasətin davamı
kimi, xarici siyasətdə də mühüm nailiyyətlər
əldə olundu. Beynəlxalq maliyyə mərkəzləri,
dünyanın iri maliyyə şirkətləri Azərbaycana
böyük miqdarda kreditlər verməyə, investisiya
qoymağa başladılar. 1994-cü il sentyabrın 20-də
Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə
ölkəmizə artan inam və marağın məntiqi nəticəsi
kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin
müqaviləsi” adlandırılan neft sazişi imzalandı.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin,
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə
başlaması isə böyük strateji uğur və Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil
oldu.
Ümummilli liderimizin
çoxşaxəli fəaliyyətinin nəticələrinə
əsaslanaraq, Onun layiqli davamçısı Prezident İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi, sosial və
hərbi sahələrdə nəzərəçarpan tərəqqi
əldə edib. Hazırda dövlətimiz dünya birliyində
özünə layiqli yer tutub, bölgədə geosiyasi
mövqelərini möhkəmləndirərək beynəlxalq
nüfuz qazanıb.
Hazırda Azərbaycan yerləşdiyi
bölgədə baş verən strateji, siyasi və iqtisadi
proseslərin gedişinə təsir göstərməyə
qadir olan ölkəyə çevrilib. Azərbaycan
özünün siyasi və iqtisadi qüdrəti, strateji
mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət
prioritetlərinin təmin olunmasında məharətlə
istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər
üzvləri ilə qarşılıqlı-faydalı əməkdaşlıq
həyata keçirilir. Ölkəmiz xarici əlaqələrinin
coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan
və hörmət edilən ölkəyə çevrilib və
xarici siyasət xəttini daha da təkmilləşdirib.
Azərbaycan diplomatiyası fəaliyyətini
gücləndirərək BMT, ATƏT, Avropa Şurası,
NATO, İslam Konfransı Təşkilatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində
ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən
və Ermənistanın təcavüzkar siyasətini pisləyən
bir çox qətnamələr və qərarların qəbul
edilməsinə nail olub.
Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində
ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə
görə dünyada ən yüksək yerlərdə durur. Təsadüfi
deyil ki, dünyada maliyyə böhranın tüğyan etdiyi
bir vaxtda Azərbaycanda iqtisadi artımın səviyyəsi 9
faiz olub. Əhalinin rifahının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən proqramların icrası, eləcə də,
Azərbaycan Prezidentinin sosial təminatların, əməkhaqları
və müavinətlərin artırılması ilə
bağlı imzaladığı sərəncamlar məhz bu
iqtisadi inkişafın təzahürüdür.
Keçid dövrünü
başa vuran respublikamız bu gün artıq özünün
uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən bir ölkədir. Azərbaycan
dünya miqyasında iqtisadi artım sürətinə görə
ön sıralarda gedərək islahatçı ölkə
kimi tanınır. Respublikamızda neft və qeyri-neft
sektorlarının yüksəlişi, çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi
daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə
artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə
yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin
olunub. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar
istismara verilir, minlərlə kilometr yol və müasir
körpülər salınır. Mühüm sosial əhəmiyyətə
malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri
istismara verilib. Tarixi İpək Yolunun bərpası ilə
bağlı Bakı-Tbilisi-Qars dəmiryolu və yeni limanın
tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.
Bir sözlə, müstəqilliyimizin
20-ci ildönümünü qeyd edərkən qürur və
iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan
iqtisadi cəhətdən dünyanın ən sürətlə
inkişaf edən ölkələrindən biridir. Bütün
bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir.
Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən
qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir
və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir
daha onu deməyə əsas verir ki, qəhrəman
insanlarımızın qanı bahasına qazanılmış
Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Bilman VƏLİYEV,
YAP Abşeron rayon təşkilatının sədri,
iqtisad elmlər namizədi
Yeni Azərbaycan.- 2011.- 17 fevral.- S.5.