Ölkəmizdə nəqliyyat-yol kompleksinin inkişafına çox yüksək diqqət və qayğı göstərilir

 

Musa Pənahov: Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi və ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılması istiqamətində uğurlar əldə edilmişdir

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahov www.yap.org.az saytına müsahibə verib:

- Musa müəllim, ölkəmizdə həyata keçirilən investisiya proqramlarında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması əsas yerlərdən birini tutur. Bu baxımdan, bu sahədə görülən işlərin bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı prosesində rolu və önəmi haqqında nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında dayanır. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirmişdir. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunmuşdur. Ölkəmizdə 2010-cu ildə ümumdaxili məhsulun həcmi 41,6 milyard manata bərabər olmuş, onun tərkibində nəqliyyat xidmətlərinin həcmi 2,9 milyard manat və yaxud 6,0 faiz təşkil etmişdir. İl ərzində bütün növ nəqliyyat vasitələri ilə 196.3 milyon ton, əvvəlki ilə nisbətən 3,1 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 4.5 faiz artaraq 1387.3 milyon nəfər təşkil etmişdir. Yüklərin 22.2 milyon tonu dəmiryolu, 11.7 milyon tonu su, 99.8 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmış, 62,4 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və yükləmə-boşaltma işləri həyata keçirən digər müəssisələr tərəfindən 10.8 milyon ton yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmiş, tranzit yüklərinin həcmi 9,5 milyon ton təşkil etmişdir. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi hesabat ilinin yanvar-noyabr aylarında 47,2 milyon tona bərabər olmuş və əvvəlki ilə nisbətən 8.8 faiz artmışdır.

- Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlər həlledici mərhələyə qədəm qoyub. Bu nəqliyyat infrastrukturu ölkəmiz üçün hansı dividendlər vəd edir?

- “Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsi” üzrə işlər davam etdirilmiş, hazırda yolun Axalkələk - Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılmışdır. Artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılmışdır. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilmişdir. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4.2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Artıq I mərhələ üzrə işlərə başlanılmışdır.

- Azərbaycan Bakı-Tbilisi-Qarsla yanaşı, digər beynəlxalq magistral hesab edilən “Şimal-Cənub” dəmiryolu layihəsi ilə bağlı Rusiya və İranla birgə konsorsium yaradıb. Bu istiqamətdə işlərin gedişi hansı vəziyyətdədir?

- Azərbaycan tərəfi bu layihəyə də önəm verir. Bildiyiniz kimi, bu il 7-8 fevral tarixlərində İranın paytaxtı Tehran şəhərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli görüş olub. Müzakirələrdə Azərbaycan, İran və Rusiya dəmiryollarının rəhbərləri iştirak edib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Tehranda bir araya gələn Azərbaycan, İran və Rusiyadan olan mütəxəssislər İranın Rəşt və Astara şəhərlərindən Azərbaycanın Astara şəhərinə qədər dəmiryolu xəttinin tikintisi ilə bağlı müzakirələr aparıblar. Mütəxəssislər iki gün ərzində dəmiryolunun tikintisi ilə məşğul olacaq məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiqi, sözügedən dəmiryolunun istismarı, sərnişin və yük daşımaları qaydalarının müəyyən edilməsi, texniki xidmətinin qaydalarının formalaşdırılması və sair məsələləri müzakirə ediblər.

- Qara dəniz ətrafı dairəvi magistral yol ideyası və bu layihədə Azərbaycanın iştirakı barədə nə demək olar?

- Bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil. Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq.

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərin nə vaxt yekunlaşması gözlənilir?

- 2010-cu il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi”nin tikintisi üzrə təməlqoyma mərasimi keçirilmişdir. Nəqliyyat Nazirliyinin sifarişi ilə Hollandiyanın “Royal Haskoning BV” şirkəti tərəfindən Kompleksin Baş Planı və İşçi layihə başa çatdırılmış və layihə işlərinə 8,2 milyon manat, o cümlədən, 2010-cu ildə 3,2 milyon manat vəsait xərclənmişdir. Dəniz akvatoriyasında dibdərinləşdirmə (giriş kanalı və dönmə akvatoriyası) və Yeni Liman Kompleksinin ərazisinin tikintiyə hazırlanması ilə bağlı müvafiq tenderlər keçirilmişdir. Hollandiyanın “Van Oord BV” şirkəti və “Azərkörpü” ASC tenderdə qalib olmuşdur. Hazırda bu şirkətlərlə işlərin yerinə yetirilməsinə dair müvafiq müqavilələr bağlanmışdır və 2011-ci ilin əvvəlindən etibarən “Van Oord BV” şirkəti tərəfindən dibdərinləşdirmə işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri aparılır.

- 2011-ci ildə Azərbaycanda daha hansı yol-nəqliyyat layihəsinin həyata keçirilməsi nəzərdə tutulur? Ümumiyyətlə, bölgələrdəki magistral yolların təmiri və yenidən qurulması istiqamətində nə kimi yeniliklər baş verəcək?

- Respublikanın nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərin daha da genişləndirilməsi və irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərin davam etdirilməsi 2011-ci ildə qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə görülən işlərin məqsədyönlü şəkildə həyata keçirilməsi bütünlükdə nəqliyyat-yol kompleksinin inkişafına xidmət edəcəkdir. Ötən il Bakı-Ələt (4-14-cü km), Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 43-cü km-i - Cingirdağ, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 57-ci km-i - Qobustan dövlət qoruğu, Xocasən-Lökbatan, Ələt-Hacıqabul avtomobil yollarının tikintisi işləri davam etdirilib. Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 40-80-ci km hissəsinin və Gəndob-Xaçmaz-Yalama-Rusiya sərhədi avtomobil yolunun Gəndob-Xaçmaz hissəsinin təmiri layihələrinin icrasına başlanılmışdır. Oğuz rayonunda Xalxal çayı üzərində, Qusar-Əniğ-Ləzə avtomobil yolunda Qusarçay üzərində və Şəki rayonu ərazisində Şin çayı üzərində körpülər tikilib istifadəyə verilmişdir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 16-134 km sahəsinin sement - beton örtüklə I dərəcəyə uyğun yenidən qurulması, bu yolun tərkib hissəsi olan Şabran şəhərinin əhatə yolunun və Dəvəçi çayı üzərində uzunluğu 540 poqon metr olan körpünün, həmçinin, uzunluğu 34 km olan Gəndob-Quba yolunun tikintisi başa çatdırılaraq istismara verilmişdir. Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun Ucar-Yevlax və Qazax-Gürcüstanla dövlət sərhədi hissələrində işlər başa çatdırılmış, həmin yolun Bakı-Ələt, Kürdəmir-Ucar, Yevlax-Gəncə avtomobil yolunun 0-50-ci km hissəsi, Gəncə-dairəvi, Ələt-Astara-İran ilə dövlət sərhədi, Bakı-Rusiya ilə dövlət sərhədi avtomobil yollarında və Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Şamaxı-Muğanlı hissəsində yenidənqurma işləri davam etdirilir. Bakı-Şamaxı-Muğanlı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi və Tağıyev-Sahil avtomobil yollarında tikinti işlərinə başlanılıb. Yevlax-Gəncə avtomobil yolunda əlavə 2 zolağın tikintisi işlərinə başlanılmış və yol yatağında torpaq işləri yerinə yetirilmişdir. Bakı şəhərində Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin (“Əzizbəyov” dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının sonuncu mərhələsində və Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işləri davam etdiriləcək. Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh - Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, “Azneft” meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılmışdır. Əsas etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə “Təhlükəsizlik Kəmərlərindən İstifadə” olunmasının vacibliyini təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə “Yol-Qəza Tibb Xidməti”nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılmışdır.

- Musa müəllim, hər il 22 fevral tarixi ölkəmizdə avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlətimizin bu peşənin sahiblərinə göstərdiyi diqqət və qayğı barədə sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Ümumiyyətlə, son illər ərzində bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkəmizin nəqliyyat-yol kompleksi sahəsində uğurlar əldə edilmiş, nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi, ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılması, mövcud problemlərin həll edilməsi istiqamətində işlər aparılmışdır. Cənab Prezident bütövlükdə nəqliyyat-yol kompleksinə çox yüksək diqqət və qayğı göstərir. Qazanılan bütün uğurlar bilavasitə cənab Prezidentin tapşırıq və tövsiyələrinin məntiqi nəticəsidir. Nəqliyyatçılara, o cümlədən, avtomobil yolu işçilərinə verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə sövq edir.

 

 

Yeni Azərbaycan.- 2011.- 18 fevral.- S.4.