İyirmi üç il bundan əvvəl Dağlıq Qarabağ erməniləri ilk qanı Əsgəranda tökdülər

 

Sumqayıtda ermənilərə qarşı zorakılığı və qətlləri də elə ermənilər özləri törətdilər

 

23 il bundan öncə Azərbaycanın tarixi torpaqlarını qəsb etmək məqsədilə planlı şəkildə azərbaycanlılara qarşı cinayət törətmiş ermənilər ilk qanı da həmin vaxt tökmüşdülər. Bu gün ermənilər müxtəlif vasitələrdən istifadə edərək, beynəlxalq ictimaiyyəti aldatmağa çalışsa da, artıq hər kəs tarixi həqiqətləri olduğu kimi qəbul edir. Yəni, 23 il bundan əvvəl başladığı işğal siyasətinə müxtəlif manipulyasiya xarakterli don geyindirən ermənilər indi məcburdurlar ki, törətdikləri bəd əməlləri etiraf etsinlər...

Azərbaycanın beynəlxalq münasibətlər sferasında özünəməxsus yeri olan alimlərdən birinin dediyi kimi, qoyulan doğru sual, mütləq doğru cavaba aparacaq. Əgər biz hazırda Dağlıq Qarabağda ilk qanın tökülməsindən bəhs ediriksə, mütləq həmin dövrün siyasi-ictimai, eyni zamanda, beynəlxalq vəziyyətini təhlil etməliyik. Doğru cavabını axtardığımız sual isə bundan ibarət olmalıdır: 23 il öncə ilk qanın tökülməsinə səbəb olmuş hadisələr hansı məqsəddən irəli gəlirdi və bunlar planlı şəkildə həyata keçirilirdimi?

Məlum olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən tarixi, əzəli torpaqlarıdır. Rusiya-İran müharibələrinin nəticəsi olaraq, imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra Azərbaycanın ərazilərinə, xüsusilə də, Dağlıq Qarabağa ermənilərin planlı şəkildə köçürülmələri başlandı, Azərbaycan torpaqlarında məqsədli şəkildə demoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişdirilməsi prosesinə start verildi. Məhz etnik çoxluğun əsas gətirilməsi ilə Azərbaycanın torpaqlarının ermənilər tərəfindən anneksiyası həmin dövrdən başladı.

Beləliklə, İrəvanda, Zəngəzur və Dərələyəz torpaqlarında ermənilərin “hökmranlığının” təmin edilməsindən sonra sıra Dağlıq Qarabağa çatmışdı. Müxtəlif siyasi oyunlar nəticəsində Dağlıq Qarabağ sovetləşmə dönəmində - 1921-ci ildə Azərbaycanın tərkibində muxtar vilayətə çevrilmişdi. Bu cür hadisələrin baş verməsi, əslində, ermənilərin havadarlarının köməyilə Azərbaycan torpaqlarının daha böyük bir hissəsinin qoparılmasına hesablanmışdı.

Ümumiyyətlə, hər dəfə SSRİ daxilində siyasi həyatda müəyyən çalxalanmalar baş verdikdə ermənilər dərhal Dağlıq Qarabağın ilhaq edilməsi üçün planlarını həyat keçirməyə çalışırdılar. 1945, 1965, 1977-ci illərdə ermənilər çoxsaylı saxta imzalarla bəzədilmiş məktubları Moskvaya göndərirdi. Onlar bununla Moskvadan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq, Ermənistana birləşdirilməsi haqqında siyasi qərar qəbul edilməsini tələb edirdilər. Amma hər dəfə də ermənilərin bu cür təxribat xarakterli addımlarının qarşısı alınırdı.

Lakin 1988-ci ildə imperiya daxilində fərqli situasiya yarandı. Artıq uzun müddət ərzində hazırlanmış plan Moskvanın xeyir-duası ilə işə salınmağa başlandı...

Bu gün 1988-ci ildə Dağlıq Qarabağ ətrafında baş vermiş hadisələrin planlaşdırılmış erməni kampaniyası olmasına artıq heç bir şübhə yoxdur. Çünki hadisələrin gedişatı sübut edir ki, erməni separatçıları planlarının həyata keçirilməsi üçün Sovet rəhbərliyindəki ermənilərin köməyi ilə Moskvadan rəsmi dəstək almışdılar. Lakin budəfəki kampaniya müəyyən elementlərilə fərqlənirdi. Yəni, digər çirkin kampaniyalardan fərqli olaraq, bu dəfə Dağlıq Qarabağda ermənilərin fəaliyyəti kənardan idarə olunurdu.

Belə ki, II Dünya müharibəsindən sonra məqsədli şəkildə Dağlıq Qarabağdan olan erməni ailələri Moskvada, Yerevanda, hətta Daşkənddə belə məskunlaşmışdılar. Ötən onilliklər ərzində aparılmış məqsədyönlü işlərin yekunu olaraq, SSRİ miqyasında ermənilərin fəaliyyətini koordinasiya edən qeyri-leqal şəbəkə yaradılmışdı. Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, bir çox strateji təhlillərin müəllifi Tomas de Vaal “Qara bağ” əsərində yazır ki, bu şəbəkənin mərkəzində Qarabağda yaşamış erməni ailəsindən olan, Bakıda böyümüş və 80-ci illərin ortalarında Yerevanda işləmiş İqor Muradyan dayanırdı.

İmperiya ərazisindəki ermənilərin fəaliyyəti artıq vahid plan üzrə koordinasiya edilirdi. Dağlıq Qarabağın ilhaqı istiqamətində isə ilkin addımlar 1987-ci ildə atıldı.

Qeyd edək ki, o zaman, ermənilər müxtəlif resurslardan istifadə edərək, Qarabağın ilhaq edilməsi planlarını alt-üst edə biləcək yeganə siyasətçi Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasına çalışırdılar. Onlar bunun üçün xüsusi kampaniya da işə salmışdılar. Həmin vaxt İ.Muradyan erməni separatçıları ilə birgə Heydər Əliyevə qarşı cinayət işinin başlanması ideyasını ortaya atmışdı. Erməni separatçıları Karen Dəmirçiyanın da köməyindən istifadə etmişdilər. Ancaq belə kiçik qüvvə ilə Heydər Əliyevə qalib gəlmək mümkün olmadığı üçün bu prosesə SSRİ rəhbərliyində mühüm postlar tutmuş Aqanbekyan, Sitaryan nəhayət, xaricdəki nüfuzlu erməni lobbisinin nümayəndələri qoşularaq M.Qorbaçovu da məsələyə cəlb edə bildilər.

Beləliklə , 1987-ci ilin yayında Heydər Əliyevi vəzifədən kənarlaşdırdılar həmin ilin oktyabrında O, Siyasi Bürodan rəsmi olaraq istefa etməyə məcbur edildi.

Həmin vaxt Dəmirçiyan siyasi karyerasına son qoyulmuş əsas rəqibinin vəzifədən uzaqlaşdırılması ilə bağlı sevincini gizlədə bilməmişdi. Tomas de Vaal yazır ki, Muradyanın sözlərinə görə, ümumi bir tanış Dəmirçiyanın ürək sözlərini bu cür ifadə etmişdi: “Qarabağ hərəkatının başlanmasına qədər biz əsas işi - Heydər Əliyevi SSRİ rəhbərliyindən kənarlaşdıra bildik. Bu çox vacib idi.”

Bu planla paralel olaraq, erməni separatçılarıDaşnaksütyunradikal-millətçi partiyanın terrorçu üzvlərilə əlaqəyə girərək, Dağlıq Qarabağa silah gətirilməsinə nail olmuşdular. Hətta 1986-cı ildə silahların ilk partiyası artıq separatçıların əlində idi. Çexiya istehsalı olan yüngül atıcı silahların gətirilməsi sonradan adi hal aldı. Bütün erməni qruplaşmaları Dağlıq Qarabağ hərəkatının başladığı vaxtda tam silahlı idi. Bununla, ermənilər ehtiyat plan kimi müharibəyə hazırlaşırdılar...

Bütün hazırlıqlardan sonra ilhaq məsələsi siyasi müstəviyə gətirildi. Artıq Dağlıq Qarabağda hadisələr getdikcə kəskinləşirdi. Ermənilər bilərəkdən təxribatlara yol verir çalışırdılar ki, etnik qarşıdurma başlasın.

Belə ki, 1988-ci ilin 13 fevralında Xankəndində bir qrup erməni sanksiyalaşdırılmamış aksiya keçirdi. Meydana yığılmış bir neçə yüz erməni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdi. Mitinqçiləri isə yerli milislər əhatəyə almışdılar.

Qeyd edək ki, bu mitinq reallaşdırılan vahid planın tərkib hissəsi kimi həyata keçirilirdi. Nədənsə, həmin mitinqin keçirilməsi Moskvadan səfərdən qayıtmış erməni yaradıcı ziyalıların Qarabağa gəldiyi vaxta təsadüf edirdi. Ziyalı nümayəndə heyətinin rəhbəri Janna Qalstyan çıxış edərək ermənilərin separatist əməllərinə haqq qazandırdı. Bundan sonra isə, kütlə arasında ermənicəmiatsumsözləri eşidilməyə başlandı.

Məlumat üçün bildirək ki, bədnam iqtisadçı akademik A.Aqanbekyan Fransa erməniləri bu məsələdə ilkin təxribat xarakterli rolunu oynayıblar.

Bundan bir həftə sonra isə DQMV-nin Xalq Deputatları Soveti hadisələrin dramatikləşməsinə səbəb olacaq qərarı vermək üçün işə başladı. 1988-ci ilin 20 fevralında DQMV-nin Xalq Deputatlar Soveti Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərarı qəbul etdi. Sessiyada  iştirak etmiş 110 erməni deputat yekdilliklə sənədə səs verdilər.

Məlumat üçün bildirək ki, həmin dövrdə Dağlıq Qarabağda yalnız ermənilər yaşamırdı. Həmin zaman bölgə əhalisinin 40 minini azərbaycanlılar təşkil edirdi. Şuşanın əhalisinin 90 faizi isə azərbaycanlı idi. Məhz bu faktı nəzərə alaraq, ermənilər xüsusi plan üzrə hərəkət edirdilər. XDS-nin verdiyi qərar səhərki qəzetlərin manşetlərində yer almışdı. Bu isə azərbaycanlılarda narazılıq doğururdu.

DQMV Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci - 23 yaşlı Əli Hacıyevi 16 yaşlı Bəxtiyar Quliyevi qətlə yetirdilər.

1988-ci ilin 22 fevralında ilk qanın tökülməsini SSRİ-nin baş prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxışı zamanı etiraf edib. İki azərbaycanlı gəncin erməni azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş ağacla silahlanmış ağdamlı gənclərin qarşısını Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb.

Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc oldu. Sumqayıtda ermənilərə qarşı zorakılığı qətlləri elə ermənilər özləri törətdilər. Məqsəd isə hadisələri gərginləşdirmək, dialoqa gedəcək körpüləri yandırmaq idi.

Göründüyü kimi, doğru sualdan doğru cavaba gəldik. Aldığımız doğru cavab isə bundan idarətdir ki, ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını planlı şəkildə həyata keçiriblər. Azərbaycan xalqının iradəsi rəşadəti qarşısında duruş gətirməyən ermənilər sonradan havadarlarının köməyilə müharibənin başlanmasına rəvac verdilər. Bu gün isə həmin müharibənin nəticəsi olaraq, Azərbaycanın 20 faiz torpaqları ermənilərin işğalı altındadır...

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2011.- 23 fevral.- S.5.