Flora Qasımova: Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq

 

Milli Məclisin deputatı Flora Qasımova “www.yap.org.az” saytına müsahibə verib:

- Flora xanım, hazırda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Ümumiyyətlə, Xankəndindən seçilmiş deputat kimi sizin bu faciə ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Tarixin elə səhifəsi yoxdur ki, azərbaycanlıların başına bəlalar, məşəqqətlər açılmasın. Lakin fevral ayındakı faciələrimiz heç vaxt yaddan çıxmayacaq. Çünki bunlar bizim qan yaddaşımıza yazılıb, xalqın taleyində acı izlər qoyub. Bu tarixlərə diqqət yetirsək fikrimi açıq şəkildə ifadə etmiş olaram: 10 fevral 1828-ci ildə Azərbaycan torpaqlarının parçalandığı, param-parça edildiyi “Türkmənçay” müqaviləsi; 10-11 fevral 1992-ci ildə Malibəyli və Quşçular kəndlərinin işğal olunması; 17 fevralda Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı və insanların qətliamı və 1992-ci il fevralın 26-da XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımın törədilməsi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi, hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdü, təhqirlərə məruz qoydular. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq.

- Sizcə, ermənilərin bu siyasətinin kökündə nə dayanır?

- Əlbəttə ki, bu siyasətin kökündə ermənilərin tarix boyu həyata keçirmək istədiyi məqsədlər dayanırdı. Məlum olduğu kimi, “Böyük Ermənistan” xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə 250 min azərbaycanlını Ermənistandakı, 15 mindən çox azərbaycanlı isə Xankəndindəki öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər.

Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub ki, onlardan 63-ü uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocalar idi. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

- Bu qətliamın törədilməsində Ermənistanın indiki prezidenti də yaxından iştirak edib...

- Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistan dövlətinin başçısı Serj Sarkisyandır. O, bu hadisəyə münasibət bildirərkən utanmadan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq”. Bu sözlər özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut etmirmi?

- Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri necə dəyərləndirmək mümkündür?

- Xalqımız erməni şovinistlərinin, cəlladlarının Xocalıda törətdikləri soyqırımının 19-cu ildönümünü geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə ürəkağrısı ilə qeyd edir. Dövlətimiz, diaspor təşkilatlarımız qeyd etdiyiniz istiqamətdə səylə çalışır. Biz, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür edirəm.

- Qeyd etdiyiniz kimi, yüz minlərlə soydaşımız Ermənistanın işğalından əziyyət çəkir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini Qarabağın azərbaycanlı sakinləri, şəxsən sizin seçiciləriniz necə qiymətləndirir?

- Hər dəfə seçicilərlə görüşəndə onlar sual verirlər: “Biz nə vaxt öz torpaqlarımıza qayıdacağıq?”. Bütün bu məhrumiyyətləri görən insanları həyatda yaşadan dədə-baba yurdlarına, öz tarixi torpaqlarına qayıtmaq ümididir. 16 ildir ki, cəbhə xəttində atəşkəsdir, əgər buna atəşkəs demək olarsa. Bu müddətdə cəbhə xəttində nə qədər əsgərimiz erməni snayperinə tuş gəlib. Demək olar ki, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və AŞPA-nın 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiq edir. ATƏT-in Minsk qrupu Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma nəticə isə yoxdur. Son sözləri bu olur ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycandan asılıdır. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ də buna öz münasibətini bildirməyib, sülh danışıqlarını hər vasitə ilə uzatmağa çalışır. İşğalçı dövlət bununla da Azərbaycanı müharibəyə cəlb etməyə təhrik edir.

Azərbaycan regionda iqtisadi cəhətdən inkişaf etmiş və daim tərəqqi edən bir dövlətdir. Əlbəttə, Azərbaycanın inkişafını istəməyən, yaxud da buna qısqanclıqla yanaşanlar da vardır. Biz də müharibə tərəfdarı deyilik. Çünki müharibə qandır, dağıntıdır, insan itkisidir. Lakin torpaqlarımızın bir qarışını da heç kəsə vermək niyyətimiz yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münaqişənin həlli istiqamətində apardığı qətiyyətli, ardıcıl siyasəti dəstəkləməklə biz bir daha dünya birliyinə müraciət edirik: “Münaqişəyə ikili standartla yanaşmaqdan qurtulun, Ermənistanın işğalçı siyasətinə qarşı çıxın, Azərbaycanın torpaqlarının azad edilməsinə dəstək verin”.

 

 

Yeni Azərbaycan.- 2011.- 24 fevral.- S.4.