YAP Gənclər Birliyi
“Xocalıya ədalət” adlı tədbir keçirib
Əli Əhmədov: Xocalı faciəsi təkcə Azərbaycan
xalqına qarşı deyil, bəşəriyyətə
qarşı törədilmiş cinayətdir
Yeni Azərbaycan Partiyası
(YAP) Gənclər Birliyinin təşkilatçılığı
ilə “Park inn” otelində “Xocalıya ədalət” adlı tədbir
keçirilib.
Mərasim
iştirakçıları əvvəlcə Xocalı faciəsi
qurbanlarının xatirəsinə ucaldılmış abidəni
ziyarət ediblər. Toplantıda Xocalı faciəsi
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edildikdən sonra soyqırım dəhşətlərindən
bəhs olunan film nümayiş olunub.
Sonra tədbiri giriş
sözü ilə açan YAP Gənclər Birliyinin sədri
Seymur Orucov bildirib ki, Xocalı soyqırımı Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni
millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə,
soyqırım siyasətinə məruz qalıb. Soydaşlarımız
tarixi torpaqlarından qovulub, qaçqın və məcburi
köçkünə çevrilib.
Tarixə qısaca nəzər
salan S.Orucov bildirib ki, 1988-ci ildən Dağlıq Qarabağ ətrafında
başlayan hadisələr, erməni ideloloqlarının “dənizdən
dənizə böyük Ermənistan” adlı sərsəm
bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin,
şəhərlərin dağılması, on minlərlə
günahsız insanın ölümü, yüz minlərlə
azərbaycanlının öz tarixi torpaqlarından didərgin
düşməsi ilə nəticələnib.
Çıxış edən
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov söyləyib
ki, cinayət cəzasız qalmamalıdır: “Ermənistanın
hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən
ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya
dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan
torpaqlarında törətdiyi hərbi cinayətə -
Xocalı soyqırımına, əsl soyqırım hadisəsi
kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.
Əli Əhmədovun
sözlərinə görə, belə toplantıların
keçirilməsi ilk öncə Xocalı faciəsinin
unudulmaması məqsədini daşıyır: “Azərbaycan
xalqı, xüsusilə gənclərimiz bu
soyqırımı unutmamalı, onu qəlblərində
yaşatmalı, faciəni törədənlərin bu cinayətə
görə layiqli cəzalarını almaları
üçün əllərindən gələni etməlidirlər.
Bu tədbirlərin keçirilməsində digər məqsəd
isə ondan ibarətdir ki, Xocalı faciəsinə bəşəriyyətin
diqqətini yönəldək. Dünya dövlətləri, təşkilatları
Xocalı faciəsinin həqiqətlərini bilsələr ona
düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm
ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin
beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən
dəhşətli faciələrindən biri kimi
tanıdılmasına nail olmaq üçün səylərini
daha da artıracaqlar”.
Əli Əhmədov qeyd edib
ki, dəfələrlə dünyanın ikili siyasətindən
narahatlığımızı ifadə etmişik: “Bu gün
də o mövqeyimizdəyik. Təəssüf hissi ilə
bildirmək istəyirik ki, ayrı-ayrı beynəlxalq təşkilatların
fəaliyyətində ikili standartlardan istifadə olunur. Xocalı
faciəsinin beynəlxalq səviyyədə qiymətinin verilməsi
ilə bağlı da bu mövqeni görürük. Azərbaycan
dövləti bununla bağlı etirazını bildirir. Digər
tərəfdən, o da məlumdur ki, Azərbaycan dövləti,
qeyri-hökumət təşkilatları, Heydər Əliyev
Fondu tərəfindən Xocalı soyqırımının
tanıdılması istiqamətində genişmiqyaslı
işlər aparılır. Azərbaycan gəncləri, diaspor
təşkilatlarının nümayəndələri bu faciənin
həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində səmərəli fəaliyyət göstərirlər.
Amma bununla yanaşı, görüləsi işlər də
çoxdur. İkili standartların mövcud olmasına
baxmayaraq, hər birimiz mövcud imkanlardan istifadə edərək
beynəlxalq təşkilatlar qarşısında bu faciə
ilə bağlı həqiqətlərin
tanıdılmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlara
müraciətlər olunmalı, müxtəlif piketlər
keçirilməli və digər mühüm vasitələrdən
istifadə edilməlidir. Yalnız Xocalı faciəsinin
ildönümü günlərində deyil, hər zaman bu
işlər həyata keçirilməlidir”.
YAP-ın Sədr
müavini-İcra katibi, millət vəkili Əli Əhmədov
vurğulayıb ki, Xocalı
faciəsi təkcə Azərbaycan xalqına qarşı
deyil, bəşəriyyətə qarşı törədilmiş
cinayətdir. Beynəlxalq təşkilatlar tərəfindən
insanlığa qarşı yönəlmiş belə bir bəşəri
cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin
təəssüf doğurduğunu qeyd edən Ə.Əhmədov
deyib ki, bu qətliamı törədənlər hələ də
azadlıqda gəzirlər. Cinayəti törədənlər
əməlləri ilə fəxr edir və Ermənistanın
rəhbər vəzifələrində
çalışırlar: “Bununla bağlı Azərbaycan
dövlətinin, Prezident İlham Əliyevin mövqeyi
aydındır. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bu günədək faciəni törədənlər
nəinki məsuliyyətə cəlb olunmayıb, hətta bəzi
hallarda onlar siyasətlə də məşğul olurlar. Beynəlxalq
təşkilatlar bu faciə ilə bağlı ədalətli
mövqelərini nümayiş etdirməlidirlər”.
Daha sonra YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdsi Bayramov çıxış edib. Xocalı faciəsinin bəşər tarixində ən qanlı səhifə olduğunu bildirən natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xankəndində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyilə Xocalı şəhərini vəhşicəsinə zəbt etdiyini xatırladıb: “Bu faciənin hələ də beynəlxalq aləmdə soyqırım kimi tanınmaması xalqımız tərəfindən qınanılır”.
Qüdsi Bayramov onu da deyib ki, Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar verib, beynəlxalq aləmə çağırışlar edib: “Hər il fevral ayının 26-ı saat 17-00-da Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın ümumrespublika səviyyəsində bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü məhz, Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülüb”.
Sonra YAP-ın Sabunçu rayon Gənclər Birliyinin üzvü Lamiyə Cəlilova çıxışında bildirib ki, şəhidlərimizin intiqamı alınmayınca, işğal altında olan torpaqlar geri qaytarılmayınca erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ruhları tanrı dərgahında rahat olmayacaq.
Daha sonra şəhid atası Məhəmməd Şükürov və digər şəxslər çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşi cinayətlərdən, qanlı günün yaddaşlardan silinməyən xronikalarından söz açıblar.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbirdə ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan.- 2011.- 24 fevral.-
S.4.