Xocalı soyqırımı:
dünya mətbuatının səhifələrində
“Xocalı faciəsi erməni millətçilərinin
yüzilliklər boyu türk və Azərbaycan xalqlarına
qarşı apardığı soyqırımı və etnik
təmizləmə siyasətinin qanlı səhifəsi idi”
Azərbaycan xalqı son iki
yüz ildə davamlı olaraq erməni millətçilərinin
etnik təmizləmə, soyqırımı siyasətinə məruz
qalıb. Xalqımız tarixi torpaqlarından, doğma
yurdlarından didərgin salınaraq qaçqına, məcburi
köçkünə çevrilib. Dünya tarixində bənzəri
çox az olan Xocalı soyqırımını da erməni
vandalizminin daha bir nümunəsi hesab etmək olar.
Xocalı
soyqırımını törətməkdə erməni
işğalçılarının məqsədi nə idi?
Niyə məhz Xocalı hədəfə
alınmışdı? Bu suallara cavab axtararkən hər şeydən əvvəl Azərbaycanın
ən qədim yaşayış məskənlərindən
olan Xocalının Dağlıq Qarabağda strateji əhəmiyyətli
mövqeyə malik, həm də yağı düşmənin
məkrli niyyətlərinin reallaşmasına ən
böyük maneə olmasına diqqət yetirmək
lazımdır.
Erməniləri narahat edən
məsələlərdən biri də Xocalının strateji
mövqedə - separatizm
yuvası olan Xankəndindən 10 kilometr cənub-şərqdə,
Qarabağ dağının silsiləsində və
Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının
üstündə yerləşməsi və Qarabağdakı
yeganə aeroportun burada olması idi. Xocalının bu cür
strateji mövqeyə malik olması erməni şovinistlərini
ciddi narahat edirdi. Erməni silahlı dəstələrinin
qarşısına qoyulmuş əsas vəzifələrdən
başlıcası Xocalıdan keçən Əsgəran-Xankəndi
yolunun boşaldılması və aeroportun ələ
keçirilməsi idi.
Əslində,
Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni
quldur birləşmələrinin şəhəri mühasirəyə
almasından başlayıb. Həmin vaxtdan etibarən
bütün avtomobil yolları bağlanmış,
cığır, keçidlər ermənilərin nəzarəti
altına keçmişdi. Əraziyə yalnız havadan daxil
olmaq mümkün idi ki, bu da
böyük risk idi. İşğal ərəfəsində
Şuşa səmasında sərnişin vertolyotunun
vurulması 40 nəfər azərbaycanlının həyatına
və Xocalı sakinlərinin ümidlərinə son qoydu.
Şəhərə son dəfə vertolyot yanvarın 28-də
enmiş və bundan sonra Xocalı ilə hava əlaqəsi də
kəsilmişdi.
Faciənin baş verməsindən
xeyli əvvəl artıq şəhərdə humanitar vəziyyət
gərginləşmişdi. Yanvarın 2-dən etibarən isə
şəhərə elektrik enerjisinin verilişi
dayandırılmışdı. Ciddi ərzaq və dava-dərman
çatışmazlığı yaranmasına baxmayaraq,
Xocalı sakinləri şəhəri əldən vermək
fikrində deyildilər. Əksinə, əli silah tutan hər
bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə
qalxmışdı. Şəhəri avtomat və ov tüfəngləri
ilə silahlanmış yerli sakinlər, milis qüvvələri
qoruyurdular. 1992-ci il fevralın
25-də gecə saat 23-də ermənilər keçmiş
SSRİ-nin 366-cı motoatıcı alayının ən
müasir döyüş silahlarının və canlı
qüvvələrinin köməyi ilə qəflətən
şəhərə hücuma keçdi. Əvvəlcə
şəhər top atəşinə tutuldu. Şəhəri
mərdliklə qoruyan, əllərindəki yüngül
silahlarla döyüşən xocalılılar təpədən
dırnağadək silahlanmış orduya qarşı sonadək
mübarizə apara bilmədilər. Qarlı-şaxtalı
qış gecəsində ölümsaçan güllələrin
altında qalan şəhərin yaşayış evləri
dağıdılaraq yandırıldı. O müdhiş gecədə
dinc əhaliyə aman verməyən yağı düşmənin
toplardan, tanklardan, pulemyotlardan, avtomatlardan, artilleriya
silahlarından açdığı aramsız atəşlər
nəticəsində Xocalının küçələri
qan selinə dönmüşdü.
Şəhəri tərk etmək məcburiyyətində
qalan təqribən 2500 nəfər köməksiz
xocalılı Əsgəran rayonunun Naxçıvani kəndi
yaxınlığında türk-azərbaycanlı qanına
susamış silahlı erməni quldurları ilə
üz-üzə gəldilər. Nəticədə, o
müdhiş gecədə
uşaqlar, qadınlar, qocalar, əlillər öz
doğma torpaqlarında erməni vandalları tərəfindən
misli görünməmiş xüsusi amansızlıqla qətlə
yetirildilər.
Bir gecənin içində yer
üzündən silinən şəhəri tərk edən
Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı
qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə
yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsinə tuş gəlib yaralanan
487 nəfərdən 76-sı uşaq olub. O müdhiş gecədə
1275 sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Dövlətin
və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan
qiymətlərlə 5 milyard rubl məbləğində ziyan
dəyib.
Bu hadisələr Xocalı
şəhərində 105 sosial-məişət obyektinin
dağıdılmasına səbəb olub. Şəhərdə
3200 fərdi yaşayış binası, 14 məktəb, 21
klub, 29 kitabxana, üç mədəniyyət evi və bir
tarix-diyarşünaslıq muzeyi dağıdılıb. XIV-XV
əsrə aid türbələr, kümbəzlər, məzarlar
yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla
dağıdılıb, ümumiyyətlə, bu
torpağın ən qədim sakinləri olan azərbaycanlılara
aid bütün izlər silinib.
Bütün bu faktlar
Xocalı soyqırımının XX əsrin ən dəhşətli
faciələrindən biri olduğunu göstərir.
Qeyd etmək lazımdır
ki, istər 1992-ci ilin fevralında, istərsə də hadisədən
sonrakı günlərdə Xocalıya dünyanın müxtəlif
ölkələrindən onlarla əcnəbi jurnalist gəlib.
Onlar qanlı hadisələri
gözləri ilə görüb dəhşətə gəlirdilər.
Həmin günlərdə dünyanın məşhur qəzet
və jurnallarında xarici jurnalistlərin Xocalı
soyqırımı haqqında məlumatları dərc
olunurdu. Bu dəhşətli günlərdə xarici KİV-də
yer alan informasiyalar bəşər tarixinin ən qanlı səhifələrindən
olan Xocalı soyqırımı dəhşətlərini tam
dolğunluğu ilə əks etdirməsə də, hər halda,
dünya ictimaiyyətində faciənin miqyası haqqında
müəyyən təsəvvür yaratmaq baxımından əhəmiyyətli
idi. Həmin günlərdə xarici qəzet-jurnal səhifələrində
yer almış xəbərlərə bir daha nəzər
salmaq məqsədəmüvafiqdir:
“Krua l’Eveneman” jurnalı
(Paris), 26 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum
ediblər. Bütün dünya eybəcər hala
salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar
minlərlə ölənlər barədə xəbər
verirlər”.
“Sunday Times” qəzeti (London),
1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni
məhv etmişlər”.
“Financial Times” qəzeti
(London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf
gedən dəstəni güllələmişlər. Azərbaycanlılar
1200-ə qədər cəsəd saymışlar”.
“Times” qəzeti (London), 4 mart
1992-ci il: “Çoxları eybəcər hala
salınmışdır, körpə qızın ancaq
başı qalmışdır”.
“İzvestiya” (Moskva), 4 mart
1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları
göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir”.
“Valeur actuelle” jurnalı
(Paris), 14 mart 1992-ci il: “Bu “muxtar regionda” erməni silahlı dəstələri
Yaxın Şərqdən gəlmişlərlə birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər.
ASALA-nın Suriya və Livanda hərbi düşərgələri
və silah anbarları vardır. Ermənilər yüzdən
artıq müsəlman kəndlərində
qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları
məhv etmişlər”.
“Washington post” qəzeti, 2
mart 1992-ci il: “Biz Dağlıq Qarabağın qarla
örtülmüş dağlarından aşağı
düşərkən səpələnmiş meyitləri
gördük. Görünür, adamlar qaçarkən onlara
atəş açmışdılar. Ağdama qayıdan zaman
mülki vertolyota yığılan cəsədlərə
baxdıq. İki nəfər yaşlı kişi və
kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri
və ayaqları donmuşdu”.
Hadisə yerində olan
İngiltərənin “Funt man news” teleşirkətinin
müxbiri R.Patrik bildirib ki, Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz.
Göründüyü
kimi, soyqırımın baş
verdiyi və ondan sonrakı günlərdə xarici mətbuatda
yüzlərlə bu kimi məlumatlar yayımlansa da, dünya
dövlətləri bu dəhşətli hadisə haqqında
məlumatlı olsalar da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda baş verənlər bu dövlətlər tərəfindən
indiyədək soyqırımı kimi tanınmayıb.
Təkzibolunmaz faktlar və dəlillər
artıq çoxdan sübut edib ki, 19 il bundan əvvəl
Xocalıda baş verənlər təkcə azərbaycanlılara
deyil, bütün bəşəriyyətə qarşı
törədilmiş cinayətdir. Bu baxımdan, Xocalı faciəsinin
beynəlxalq aləmdə soyqırımı kimi
tanınması və cinayətkarların beynəlxalq məsuliyyətə
cəlb olunması həyata keçirilməli olan ən vacib
məsələlərdən biridir. Təəssüf ki, o
müdhiş günlərdə BMT-yə yeni üzv qəbul
olunmuş Azərbaycanın o vaxtkı səriştəsiz və
əfəl, xalqın qanı bahasına hakimiyyətini qoruyub
saxlamaq niyyətində olan rəhbərliyinin bu mötəbər
təşkilatın prinsiplərinə əsaslanmaqla
Xocalıda baş verən faciənin soyqırımı kimi
tanınması istiqamətində zəruri tədbirlər həyata
keçirməməsi də erməni dəyirmanına su
tökmüş oldu. Halbuki, beynəlxalq hüquqa görə,
soyqırımı sülh və bəşəriyyət əleyhinə
yönələn əməl olaraq ən ağır beynəlxalq
cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin
1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində
də qeyd olunur ki, soyqırımı insan qruplarının
yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir
edir, bəşəriyyəti insanlar tərəfindən
yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə
bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə
tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III)
saylı qətnaməsi ilə qəbul edilmiş
“Soyqırımı cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında”
Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər
də Xocalı faciəsinin məhz soyqırımı
adlandırılmasına tamamilə imkan yaradırdı.
Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud
müharibə dövründə törədilməsindən
asılı olmayaraq, soyqırımın beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürüblər.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
zamanı həmin konvensiyada təsbit olunmuş
soyqırımı cinayətini təşkil edən
bütün əməllər tətbiq olunub.
Ermənilərin Azərbaycan
xalqına qarşı törətdiyi bu soyqırımında
insan hüquq və azadlıqlarını özündə əks
etdirən Cenevrə Konvensiyasının, BMT Baş Məclisinin
1948-ci il dekabrın 10-da elan olunan İnsan
Hüquqlarının Ümumi Bəyannaməsinin, “İnsan
Hüquqlarının Ümumi və Əsas Azadlıqlarının
Müdafiəsi haqqında” Avropa Konvensiyasının, BMT-nin
Mülki və Siyasi Hüquqlar haqqında Paktının maddələri
ermənilər tərəfindən kobud şəkildə
pozulub.
Xocalı
soyqırımının beynəlxalq müstəvidə
tanıdılması və erməni faşizminin ifşası
ilə bağlı ilk əməli təşəbbüs Ulu
öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonrakı
dövrə təsadüf edir. Ümummilli lider ilk gündən
Ermənistanın Azərbaycana qarşı həyata
keçirdiyi soyqırımı və terror siyasətinin
mahiyyətini, habelə, ərazilərimizin işğalından
sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə
çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi,
mədəni abidələrin məhv edilməsi
faktlarının və digər dəlil-sübutların
dünya ictimaiyyətinə çatdırılmasını
xarici siyasətdə mühüm vəzifələrdən
biri kimi müəyyənləşdirdi. Bu məqsədlə
atılan mühüm addımlardan biri erməni təcavüzü
nəticəsində üzləşdiyimiz milli faciələrimizə
siyasi-hüquqi qiymətin verilməsi oldu.
Ulu öndərin təşəbbüsü
ilə 1994-cü il fevralın 24-də Azərbaycan
Respublikasının Milli Məclisi “Xocalı
Soyqırımı Günü haqqında” Qərar qəbul
edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın
mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni
terrorizminə qarşı təsirli tədbirlər görməyə
çağırıb. Son 18 ildə Xocalı həqiqətlərinin
dünyada tanıdılması, Ermənistanın
havadarlarının dəstəyi ilə həyata
keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq
miqyasda ifşası istiqamətində xeyli iş
görülüb, xarici dillərdə kitablar, sənədlər
dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda
gündəmə gətirilib, bununla bağlı bir çox
internet saytı yaradılıb.
Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Milli Məclisin 2002-ci il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı”nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaq.
Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Daha sonra “Qarabağ həqiqətləri” oxuculara alman və macar dillərində təqdim olunub.
Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.
İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasıdır.
Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Bu gün Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox işlər görülür. Lakin unutmamalıyıq ki, Xocalıda həlak olan həmvətənlərimizin xatirəsinə ən böyük ehtiram bu soyqırımını törədənlərin layiqli cəzalarını alması olardı.
Yeni Azərbaycan.- 2011.- 26 fevral.-
S.6.