Azərbaycanın gözəl gələcəyi var

 

Rüfət Nəzərov: Mən Yeni Azərbaycan Partiyasına siyasi təşkilatdan daha çox bir ailə kimi baxıram

 

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulub. Bu münasibətlə partiyanın mərkəzi qərargahında onlara YAP-ın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan və yalnız dövlətçiliyimizə xidmət edən YAP-ın öz fəaliyyətində xalqın maraqları mövqeyindən çıxış etməsi Azərbaycanın sənət adamlarını, mədəniyyət və incəsənət nümayəndələrini də bu partiyanın sıralarına qoşulmağa sövq edir. Partiyamızın sıralarına qoşulan gənc aktyorlardan biri də Rüfət Nəzərovdur. Qeyd edək ki, R.Nəzərov Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çalışır. Gənc olmasına baxmayaraq, keşməkeşli bir həyat yolu keçib.  Uşaqlıq yaşlarından müstəqil həyata qədəm qoyana qədər R.Nəzərov nailiyyətlərini öz bacarığı hesabına qazanmağa çalışıb. Həyat və fəaliyyəti, sənətə gəlişi barədə onun özünü dinləmək maraqlı  olardı...

Rüfət Nəzərov 1975-ci il iyulun 24-də Bakı şəhərində dünyaya gəlib. 6 yaşında 15 saylı şəhər orta məktəbinə gedib. Məktəbdə təhsil alarkən özfəaliyyətlə məşğul olub, sinif yoldaşları ilə tamaşalar, müxtəlif səhnələr təşkil edilib ki, onlara da Rüfət rəhbərlik edib. R.Nəzərov deyir ki, dəcəl olmasına baxmayaraq, dərslərini çox yaxşı oxuyub.

- Orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbinə daxil oldum və qaynaqçı peşəsinə yiyələndim. Yəni, mənim ilk peşəm qaynaqçıdır. Yadımdadır, 1992-93-cü illərdə yeni müstəqilliyini qazanmış Azərbaycanda vəziyyət çox çətin idi. İnsanlar çörək növbəsinə dayanırdılar və bu növbələr çox ürəkağrıdıcı idi. O zaman türk şirkətləri gəlib Bakıda çörək sexləri açırdılar. Həmin illərdə mən həmin çörək sexlərinin birində işlədim. Amma təbiətim belədir ki, gəzib-görməyi çox xoşlayıram. Fikrimcə, insan öz üzərində işləməli, özünü inkişaf etdirməlidir. Mən də sərbəst həyata qoşulmaqla özümü sınamaq istəyirdim. Beləliklə, bir il çörək sexində işlədim və müəyyən qədər pul qazandım. Bundan sonra isə Türkiyəyə getmək qərarına gəldim. Bir il iki ay qardaş ölkədə yaşayıb işlədim. Orada Çin məhsulları olan xırdavat malları satırdım. Əcnəbilər üçün bir bazar var idi ki, xaricilərin orada işləməsi leqal sayılırdı. Mənim üçün əsas  məqsəd pul qazanmaq deyildi, mən müstəqil həyatda özümü yoxlamaq istəyirdim. Bütün bunlar mənim üçün həyat məktəbi idi. Amma rəhmətlik atamın çağırışı ilə Bakıya qayıtmalı oldum. Bakıya qayıtdım və qərara aldım ki, mən öz ölkəmdə qalıb nəsə etməliyəm.

 

R.Nəzərovun teatra gəlişi qonşularının təklifi ilə reallaşıb

 

- Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının bədii rəhbəri Aleksandr Şarovski bizim qonşumuz idi. Mən onun oğlu ilə yoldaşlıq edirdim. Beləcə,  Şarovski ilə tanış oldum. Bir gün A.Şarovski məndən soruşdu ki, teatrda işləmək istəyərsən? Bildiyiniz kimi, 1990-cı illərin ortalarında teatrlarda vəziyyət yaxşı deyildi, maaş az olduğu üçün hamı oradan qaçıb özünə başqa iş tapırdı. Yəni, teatrlarda işçi qıtlığı var idi. Mən elə bildim ki, Şarovski mənə aktyor olmağı təklif edir. Amma o dedi ki, ilk olaraq fəhlə kimi işə başlamalıyam. Tədricən səhnəyə çıxmaq üçün addımlar atılacaq. Beləliklə, mən teatrda fəhləliyə başladım, işimiz səhnələri qurmaq və s. idi. Amma mən aktyor olmasam da, az qala bütün rolları əzbər bilirdim. Çünki səhnənin arxasında oturub tamaşalara baxırdım. Bu da aktyorluq həvəsindən irəli gəlirdi. Təbii ki, fəhləlik məni qane etmirdi, yenə də nəsə yenilik etmək lazım idi. Beləliklə, teatrın nəzdindəki kursu oxudum və fəhlə işləyə-işləyə aktyor heyətinə daxil oldum, tamaşalarda rollar aldım. Bütün bunlara rəğmən həm həvəs, həm də maddi tələbat tələb edirdi ki, başqa işlərlə də məşğul olum. Beləliklə, bu işlərimlə yanaşı, uşaqların ad günlərində aparıcılıq etməyə başladım. Bu işim mənə müəyyən qədər dəstək oldu. Kollektivdə mənimlə yanaşı, başqa işlərlə də məşğul olan həmkarlarım var idi. Bu səbəbə görə, məşqlərə bir az gecikirdik. Teatrda tələbkarlıq güclü olduğu üçün gecikmələrə etiraz edilirdi, hətta belə söz atırdılar ki, “küçədən tutub gətirilən adamlar belə olar”. Bu söz mənə çox təsir edirdi. Amma teatr adamı özünə bağlayır. Ona görə də, özümü teatrda da təsdiq etməyə qərar verdim və 27 yaşımda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olundum.  Təhsilimi başa vurduqdan sonra diplomumu gətirib rəhbərliyə təqdim etdim. Dedilər ki, rejissor çoxdu, ona görə də, hələ də aktyorluq edirəm. Mən mübariz adamam, nə vaxtsa rejissor kimi öz tamaşamı səhnəyə çıxaracam. Oynadığım rollarda mənim üçün ən yaddaqalan Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” əsərinin tamaşasında oynadığım roldur. Bu əsərdə söhbət ötən əsrin əvvəllərindən gedir. Belə ki, tamaşada məşhur bəy ailəsi olan Mehmandarovlar ailəsinin üzvünü canlandırıram. Bundan başqa, digər maraqlı rollar da ifa etmişəm.

 

Azərbaycanda mədəniyyət və incəsənətə qayğı yüksəkdir

 

Azərbaycanda mədəniyyət və incəsənətə qayğının yüksək səviyyədə olduğunu deyən R.Nəzərov bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi, ölkəmizi tərəqqi yoluna çıxardı:

- Həmin vaxtdan xalqımızın yüksəliş dövrü başladı. Heydər Əliyev çox nadir şəxsiyyətlərdəndir. Sənət adamları da Onu çox sevirdi və bu gün də ehtiramla xatırlayırıq. Ulu öndərimiz daim bizim qəlbimizdə yaşayır. Ümummilli liderimiz tez-tez mədəni tədbirlərə, teatrlara gələr, nüfuzlu mədəniyyət, ədəbiyyat xadimlərinin yubileylərində iştirak edərdi. Tamaşa başa çatandan sonra isə səhnə arxasına keçib yaradıcı heyətlə görüşüb söhbət edərdi. Mənə də bu böyük insanla görüşmək nəsib olub və bu hadisə həyatımda dərin iz buraxıb. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Bütün ölkəmizdə abadlıq və quruculuq işləri gedir. Bu inkişafı gözü götürməyənlər isə yalnız bədxahlarımız ola bilər. Bu inkişaf mədəniyyət sahəsində də özünü göstərir. Teatrlarımız əsaslı şəkildə təmir edilir. Mənim çalışdığım S.Vurğun adına Rus Dram Teatrı ən yüksək səviyyədə təmir olunaraq istifadəyə verilib. Xaricdən gələn qonaqlarımızda da bu məsələ maraqla qarşılanır. Qayda belədir ki, hansısa ölkənin teatrına qastrola gedərkən ilk öncə teatrın binası ilə tanış oluruq. Mən daha çox Rusiyada olduğum üçün oranı nümunə gətirə bilərəm. Biz Rusiyanın hər hansı teatrında olarkən onun binası ilə tanışlıq 10-15 dəqiqə çəkir. Amma bizim teatra gələn qonaqların teatrımızla tanışlığı ən azı bir saat müddətində başa çatır. Onlar Azərbaycanda teatrın bu cür yüksək səviyyədə olmasına heyran qalırlar. Yəni, demək istədiyim budur ki, Azərbaycan böyük inkişaf yolundadır və bu inkişaf da Ulu öndər Heydər Əliyev siyasəti ilə bağlıdır.

 

YAP-ın siyasəti ölkəmizə uğurlar gətirirsə, niyə də onun üzvü olmayaq?

 

Aktyor deyir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmasında yuxarıda qeyd etdiyi amillər vacib rol oynayıb. Çünki ölkəmizi inkişafa doğru aparan partiyanın üzvü olmaq qürurvericidir:

- Mən YAP-ın üzvlük vəsiqəsinin təqdim olunması mərasimində də demişdim və bu sözümü yenə təkrarlayıram ki, bu partiyaya siyasi təşkilatdan daha çox bir ailə kimi baxıram. Anam mənə deyirdi ki, “Rüfət, sən həyatda qazandığın uğurlara öz zəhmətin, bacarığın sayəsində nail olmusan, səni YAP-da da görmək mənim  böyük arzumdur”. Mən anamın bu arzusunu yerinə yetirdim. Bilirsiniz, bayaq dediyim kimi, iqtidarın, YAP-ın siyasətini həmişə dəstəkləmişəm. YAP-ın üzvü olmaqla mövqeyimi rəsmiləşdirmək qalırdı, bunu da etdim. Əgər bugünkü iqtidar bizə bu gözəl şəraiti yaradırsa, mən nə üçün YAP-ın üzvü olmamalıyam? Mən Vətənimi çox sevirəm. Xarici səfərə gedəndə Azərbaycanı təbliğ etməyə çalışıram. Məsələn, Rusiyaya qastrol səfərlərindən birində bir qrupun arasında olarkən Azərbaycandan gəldiyimi söylədim. Onlara xalqımızın yetişdirdiyi görkəmli insanların adlarını çəkdim, rusların əksəriyyəti onları yaxşı tanıyırdılar. Onlara Bakının müasir görünüşünü əks etdirən fotoları göstərdim. Ruslar inanmırdılar ki, Bakı bu qədər gözəl şəhərə çevrilib. Yəni, bütün bunları deməkdə məqsədim odur ki, imkanım çatdığı qədər ölkəmizi təbliğ edirəm. Hesab edirəm ki, hər bir vətəndaş Azərbaycanın uğurlarına sevinməli, bu uğurları təbliğ etməlidir. Amma çox təəssüflər olsun ki, aramızda bəziləri var ki, Azərbaycanın inkişafına, mövcud vəziyyətə qısqanclıqla baxırlar, yaxşı olmayan fikirlər deyirlər. Mən belələri ilə həmişə mübarizə aparıram. Sosial şəbəkələrdə onların cavabını verirəm, forumlar təşkil edib fikirlərimi bölüşürəm və Azərbaycanın düzgün yolda olduğunu vurğulayıram. İnanıram ki, gələcəkdə Azərbaycanın uğurları daha da çox olacaq.  Mən buna da təəssüf edirəm ki, bəzi sənətçilərin sosial şəbəkələrdə erməni dostları var. Əgər ermənilər Azərbaycan torpaqlarına təcavüz edibsə, günahsız insanları qətlə yetiribsə, necə onlarla dostluq etmək olar? Mən bu cür hərəkətləri pisləyirəm. Nə vaxt Azərbaycanın dövlət başçısı Ermənistanla sülhün, barışın olduğunu bəyan etsə, bundan sonra ermənilərlə münasibət qurmaq olar.  Əgər indiki şəraitdə erməni ilə dostluq etsəm, övladımın bundan xəbəri olsa ona nə cavab verərəm? Mənim qızımın 4 yaşı var, buna baxmayaraq o, Azərbaycanın dövlət himnini oxuyur. Yəni, öz ailəmdə də övladlarıma bu kiçik yaşlarından vətənpərvərliyi təbliğ edirəm. Hazırda gənclər təşkilatları ilə əməkdaşlıq edirəm. Belə fəaliyyətimi YAP-da da davam etdirə bilərəm. Yəni müxtəlif tədbirlər keçirib vətənpərvərlik, Azərbaycanın uğurlarının təbliği və başqa istiqamətlərdə iş aparmağa hazıram. Dediyim kimi, mən partiyamıza bir ailə kimi baxıram və bu ailədə üzərimə düşən vəzifələri yerinə yetirməyə hazıram..

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.-1 iyul.- S.5.