Azərbaycan sürətlə inkişaf edən və postsovet məkanında ən perspektivli dövlətdir

 

Abel Məhərrəmov: Azərbaycan dövləti və xalqı son iyirmi ildə əsrlər boyu arzuladığı müstəqilliyi yenidən əldə etdi, milli dövlətçiliyi hüquqi əsaslar üzərində yaratdı

 

Məlum olduğu kimi, bu il Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 20-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bununla bağlı dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan” qəzeti olaraq, biz də müstəqilliyimizin ildönümü ilə əlaqədar bir sıra layihələr icra etməkdəyik. Bu istiqamətdə həyata keçirdiyimiz növbəti rubrikamız isə “Bu mənim mövqeyimdir” adlanır. Bu rubrikada Azərbaycanın görkəmli elm adamlarının, cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə bağlı fikirlərini dərc edir, bu şərəfli tarixi fərqli rakurslardan dəyərləndirməyə çalışırıq. Rubrikamızın növbəti qonağı isə Bakı Dövlət Universitetinin rektoru, akademik, kimyaçı alim, Milli Məclisin deputatı Abel Məmmədəli oğlu Məhərrəmovdur.

 

- Abel müəllim, ilk olaraq, istərdik müstəqilliyə gedən yol haqqında söz açasınız...

- Ümumiyyətlə, Azərbaycanın müstəqillik əldə etməsi xalqımızın çoxdankı arzusu idi. Çünki tarix boyu qüdrətli dövlətlərin sahibi olmuş xalqımız son iki əsr ərzində dövlətçilik ənənəsini bərpa edə bilmirdi. Azərbaycanın torpaqlarının qonşu dövlətlər arasında bölüşdürülməsi, xalqımızın milli-etnik ayrı-seçkiliyə məruz qalması, eyni zamanda, elementar hüquqlardan məhrum edilməsi söylənilən fikrin əsas səbəbini təşkil edirdi. 1918-ci ildə Azərbaycan 23 ay müddətinə dövlətçiliyini bərpa etsə də, 1920-ci ilin aprelində baş verən növbəti təcavüz nəticəsində xalqımız daha 70 il müstəqillik həsrətilə yaşamalı oldu. Amma həm xalqımızın müstəqillik arzusu, həm də qlobal miqyasda cərəyan edən hadisələrin məntiqi nəticəsi olaraq, 1991-ci ildə milli dövlətçiliyimiz bərpa edildi. Təbii ki, müstəqilliyin əldə olunması bizə heç də asan və itkisiz başa gəlmədi.

Bildiyiniz kimi, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 80-ci illərinin sonunda müəyyən səbəblərdən vəzifədən getməsindən sui-istifadə edən ermənilər və onların havadarları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etməyə başlamışdılar. Bunun nəticəsində isə Azərbaycanda xalq hərəkatı başladı və müstəqilliyə gedən yolun başlanğıcı qoyuldu. Dəfələrlə xalqımızın müstəqillik istəyini, arzusunu beşiyindəcə boğmaq istəyənlər ölkəmizdəki əlaltılarının vasitəsilə bu dəfə də qanlı 20 Yanvar faciəsini törətdilər. Lakin bütün bunlar xalqımızı şərəfli yoldan döndərmədi, onun əzmini qıra bilmədi.

Çox təəssüflər olsun ki, yenicə müstəqillik əldə etmiş Azərbaycan növbəti dəfə parçalanma təhlükəsi ilə, həmçinin, xaos və anarxiya ilə üz-üzə qaldı. Bütün bunların əsas səbəbkarları qismində isə siyasi oyunları ilə ölkəni vətəndaş müharibəsinə sürükləyən, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə yol açan səriştəsiz siyasətçilər, xüsusilə, bugünkü radikal müxalifətin bəzi nümayəndələri çıxış edirdilər.

Məhz onların əməlləri nəticəsində Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Bunu görən xalq Naxçıvana, Ulu öndər Heydər Əliyevə üz tutdu. Beləliklə, 1993-cü ilin iyununda xalqın tələbi ilə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldi və müstəqilliyimizi qorudu. Tezliklə, ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkarlığın, həmçinin, dövlət çevrilişlərinin qarşısı alındı, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu.

- Müstəqillik qazandıqdan sonra Azərbaycan hansı uğurları əldə etdi? Daha doğrusu, itkilərimiz, yoxsa qazancımız çox oldu?

- Bilirsiniz, bu sualı mənə çox verirlər. Hətta xarici ölkələrdə səfərdə olarkən, “necə olur ki, siz müharibə şəraitində ola-ola bu cür sürətli inkişafa nail olmusunuz”-deyə, soruşurlar. Cavabında isə deyirəm ki, bu, birbaşa olaraq, Azərbaycanın dövlət quruculuğu ilə bağlıdır.

Mən həmişə demişəm, indi də deyirəm: o xalq xoşbəxtdir ki, onun Ümummilli lideri var. Bununla yanaşı, həmin xoşbəxtlik o zaman uzunmüddətli və əbədi olur ki, Ümummilli liderin siyasi kursu uğurla həyata keçirilir. Azərbaycanda haqqında danışdığımız inkişaf prosesi də məhz Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun cənab Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Bu mənada hazırda xalq-iqtidar birliyinin daha da möhkəm olması, vəhdət təşkil etməsi, Azərbaycanın sürətli inkişafının ilkin əsaslarından sayılır.

Digər tərəfdən, hər şeyi ideya, intellekt, siyasət həll edir. Yəni, Ümummilli liderin ideyaları əsasında yaradılmış yeni, müasir Azərbaycan dövləti müharibə şəraitində ola-ola sürətlə inkişaf edir, dünya üçün nümunə sayıla biləcək nəticələr, nailiyyətlər, ən nəhayət inkişaf modeli nümayiş etdirir.

- Abel müəllim, istərdik, dövlətimizin əsas inkişaf fəlsəfəsinə aydınlıq gətirəsiniz...

- Bu gün dünya miqyasında hər kəsə bəlli olan qloballaşma prosesi gedir. Yəni, irqindən, dinindən, dilindən asılı olmayaraq, bütün insanlar formalaşmaqda olan vahid cəmiyyətə inteqrasiya edir, transformasiyaya uğrayır. Meydana çıxan bütün istiqamətli problemlər isə eyni qaydada və müstəvidə həll olunmağa başlanılır. Bu baxımdan da, demək istəyirəm ki, bugünkü əsr qloballaşma əsridir və onun əsasını isə intellektual inkişaf təşkil edir.

Əlbəttə ki, belə bir dönəmdə hər bir yenicə müstəqillik əldə etmiş ölkənin əsas hədəfi çoxəsrlik inkişaf təcrübəsi olan dövlətlərin praktikasından istifadə etməklə, ilk növbədə, intellektual əsasa söykənən vətəndaş cəmiyyəti qurmaq olur. Azərbaycan da eyni yolla gedir. İqtidar iqtisadiyyatı gücləndirir, sosial problemləri həll edir, insanların yaşayış səviyyəsini yüksəldir, onların intellektual və kreativlik baxımından özlərini inkişaf etdirmək üçün münbit şərait yaradır. Bütövlükdə isə, sivil cəmiyyət və güclü dövlət naminə iri addımlarla irəliləyən Azərbaycanın əsas hədəfini də məhz haqqında danışdıqlarımız təşkil edir.

Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamların böyük əksəriyyəti elmə, təhsilə, ümumilikdə isə, əsas hədəfimizə hesablanıb. Cəmiyyətin bütün sahələrində inkişafı sürətləndirəcək qərarlar qəbul edilir. Yəni, bütün bunlar o deməkdir ki, Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq, öz milliliyini qoruyaraq, dünya miqyasında gedən transformasiya proseslərinə qoşulub.

Mən bunu təhsil sahəsində qoşulduğumuz Boloniya prosesi timsalında izah etmək istəyirəm. Bildiyiniz kimi, bu proses çərçivəsində Azərbaycanın gəncləri Avropanın istənilən təhsil ocağında təhsil ala bilir, hətta, gələcəkdə, ölkəmizdəki universitetlərin diplomları Avropa məkanında tanınacaq. Yaxın 5-10 il ərzində bu baş verəcək. Yəni, bu gün elmin vətəni olmadığı kimi, bir müddətdən sonra təhsilin də vətəni olmayacaq.

- Elm və təhsildən danışdığınız bir zamanda istərdik ki, modernləşmə siyasətinin əsas tərkib hissəsini təşkil edən intellektual kapitaldan və bu sahədəki dövlət siyasətindən söz açasınız...

- Bəli, cənab Prezident İlham Əliyev

Azərbaycan ziyalılarının qarşısına belə bir məqsəd qoyub ki, ölkəmizdə neft gəlirlərini insan kapitalına çevirək. Yəni, iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin böyük hissəsi elmin və təhsilin inkişafına yönəldilməlidir. Deyim ki, artıq dünyada silah istehsalının dayandırılması, bunun əvəzinə isə elm və texnologiyanın inkişaf etdirilməsi təklif olunur. Çünki artıq düşmən təyyarəsini raket vasitəsilə deyil, texnologiyadan istifadə etməklə, sıradan çıxarmaq mümkün ola bilər. Bu mənada elm və texnologiyanın inkişafı sahəsinə həddən artıq diqqət ayrılıb.

Əlbəttə ki, bu proses də dünya miqyasında həyata keçirilir. Hər bir gələcəyini düşünən dövlət elmə və təhsilə ayırdığı vəsaiti ilbəil artırır. Misal üçün deyim ki, 2010-cu ilin 6 ayı üçün ABŞ Senatının qərarı ilə dövlət büdcəsindən elmi yeniliklərin əldə olunmasına 147 milyard dollar vəsait ayrılıb. Avropa ölkələri də bu sahəyə təxminən 54 milyard avro pul ayırıb. Bundan başqa, Çində, Yaponiyada, Koreyada və digər ölkələrdə də eyni addımlar atılır. Yəni, bu sahədə bir növ ümumdünya yarışı gedir. Bunun isə bir səbəbi var: elmi nailiyyətlərin əldə olunması və tətbiqi hər bir ölkənin qarşısında duran mühüm inkişaf amilidir.

Digər tərəfdən isə, böyük dövlətlər və ittifaqlar başa düşürlər ki, kim elmi innovasiyalara və intellektual kapitala daha çox sahib olacaq, o da transformasiya edən dünyanın mərkəzinə çevriləcək.

Təbii ki, Azərbaycan da bu yarışda iştirak edir. Ölkəmizin ali təhsil ocaqları, xüsusilə, Bakı Dövlət Universiteti, eyni zamanda, tədqiqat mərkəzləri dünyanın bir çox universitetləri, elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq, mühüm lahiyələrdə birgə iştirak edirlər. Təkcə Bakı Dövlət Universiteti bu gün 34 beynəlxalq qrant proqramları üzərində işləyir. Bu sıraya ABŞ, Kanada, Avropa ölkələri, ÇXR, Koreya, Yaponiya və digər ölkələrin elmi-tədqiqat mərkəzləri daxildir. Həmin proqramların ümumi həcmi isə 6 milyon dollar təşkil edir. Biz hər il qrant layihələrində iştirak edirik. Səudiyyə Ərəbistanı da neftçıxarmada nanotexnologiyaların tətbiqini həyata keçirmək məqsədilə bizim universitetimiz üçün 1 milyon dollardan çox qrant ayırıb. Bu nanotexnologiyanın tətbiqi sayəsində qurumuş neft yataqlarında yenidən neft hasilatının həyata keçirilməsi baş tutacaq. Artıq Səudiyyə Ərəbistanında bu model tətbiq olunur.

Bütün bunlar onu göstərir ki, Azərbaycan yalnız neft ölkəsi deyil. Burada neftdən gələn gəlirlər intellektual kapitala çevrilir. Ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, elmin və təhsilin tərəqqisinə böyük diqqət ayrılır. Humanitar elmlər sahəsində də dövlətçilik və milli ideologiya sistemi möhkəmləndirilir.

- Abel müəllim, son olaraq, istərdik ki, bir ziyalı kimi, radikal müxalifətin son çağırışları və destruktiv hərəkətlərinə münasibət bildirəsiniz...

- Söylədiyim kimi, bu gün dünya qloballaşma prosesi çərçivəsindədir. Hazırda yeni sivil cəmiyyət formalaşır, keyfiyyətcə yeni münasibətlər yaranır. Eyni zamanda, bu gün artıq bütün siyasi-coğrafi konturlar da bəllidir. Yəni, hər kəsin öz ərazisi var. Artıq insanlar dini, irqi cəhətdən də bölünüb. Amma bəzi qüvvələr çalışırlar ki, indi də dünyanı enerji baxımından parçalasınlar.

Məsələn, son zamanlar müşahidə edirik ki, enerjidaşıyıcısı olan bir sıra ölkələrdə müəyyən xoşagəlməz hadisələr baş qaldırıb. Bəzən bunları süni şəkildə formalaşdırırlar, bəzən isə ilk radikal addımdan istifadə edirlər və sonradan hərbi müdaxilə olunur. Bunun nəticəsində isə qardaş qırğını, xaos və anarxiya baş qaldırır. Beləliklə də, həmin xalq ümumi inkişaf tendensiyasından kənar düşür.

Bəzən ölkəmizdə də tək-tük insanlar düşünürlər ki, bu proseslər Azərbaycanda da baş verə bilər. Bir növ həvəsə düşən bu insanlar görünür anti-Azərbaycan şəbəkəsinin sifarişilə hərəkət edirlər. Amma hər kəs bilməlidir ki, Azərbaycan xaos və anarxiya mərhələsini arxada qoyub. Əgər kimlərsə, Azərbaycan xalqına kömək etmək istəyirsə, 20 ilə yaxındır ki, öz icrasını gözləyən Dağlıq Qarabağla bağlı BMT TŞ-nin 4 qətnaməsinin reallaşmasında yardımçı olsunlar.

Lakin müəyyən xarici qüvvələr əsas

problemi kənara qoyaraq, gəlib hansısa radikal qüvvələrə yardım edirlər ki, Azərbaycanda qarışıqlıq yaransın və bundan da öz məqsədləri üçün istifadə etsinlər. Ümumiyyətlə, qərəzli dairələrin sifarişilə hərəkət edənlər vaxtilə vəzifədə olmuş insanlardır. Bəli, onlar müstəqilliyin ilk illərində vəzifə əldə etdilər. Amma nəticəsi torpaqlarımızın işğalı ilə başa çatdı. Bunlar dövlət və idarəçilik təcrübəsi olmayanlardır. Dövlətçiliyimiz kimlərinsə, eksperiment meydanına çevrilə bilməz. Xalqımız da o qədər uzaq olmayan keçmişimizi xatırlayır və onlara dəstək vermir. Onların Azərbaycan cəmiyyətində dəstəyi yoxdur. Onlar yalnız qanunu pozmaqla məşğuldurlar və bu mənfi prosesə insanları da cəlb etmək istəyirlər.

Ona görə də, mən bütün gəncləri və cəmiyyətimizin digər üzvlərini ölkəmizin inkişafına xidmət edən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməyə çağırıram. Hər zaman dövlət başçısının siyasi kursunu dəstəkləyən bir nömrəli sosial dayaq Bakı Dövlət Universiteti bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2011.- 2 iyul.- S.4.