Azərbaycan diasporu dünəndən bu günə, bu gündən sabaha doğru

 

Dünya Azərbaycanlılarının III Qurultayı diasporamız üçün yeni strateji hədəfləri müəyyən edəcək

 

Bu gün Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. Məlum olduğu kimi, bu qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Sərəncamından irəli gələn “Tədbirlər Planı”na müvafiq olaraq keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvləri də qurultaya qonaq qismində dəvət olunublar. Dünya Azərbaycanlılarının III Qurultayına ümumilikdə, 1272 nümayəndə seçilib.

 

Azərbaycanlıları vahid məqsəd ətrafında birləşdirən milli ideya

 

Əksər ekspertlərin qeyd etdikləri kimi, istər dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünün qeyd edildyi ildə keçirilməsi, istərsə də digər məqamlar baxımından III Qurultay tarixi məzmununa və ictimai əhəmiyyətinə görə 2006-cı ildə baş tutmuş Dünya Azərbaycanlılarının II Qurultayından bir çox cəhətləri ilə seçilir. Həmin cəhətlər barədə qeyd etməmişdən öncə, müstəqil Azərbaycanın diaspora quruculuğu ilə bağlı əsas məqamlara toxunaq.

Bu, bir həqiqətdir ki, tarixin bütün dönəmlərində çətinliklərə tuş gəlmiş, ən ağır sınaqlara düçar olmuş Azərbaycan xalqı zaman-zaman dolanbaclı, taleyüklü məqamlarla üz-üzə dayanıb. Milli ideyanın və bu ideyanın ətrafında cəmləşmiş milli birliyin olmaması isə bir sıra hallarda xalqımız üçün böyük faciələrə səbəb olub. Çünki müəyyən zaman kəsiyində ağır günlərdə sınaqdan üzüağ çıxmaq üçün xalqın önündə addımlayan, xalqı vahid ideya ətrafında birləşdirən liderin yoxluğu öz ağır nəticələrini verib.

Bu baxımdan, birmənalı şəkildə qeyd etmək yerinə düşər ki, 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu öndərin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideologiyası idi.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” deyən Ulu öndər azərbaycançılığı milli ideyaya çevirməklə, ölkənin daxilində yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə, milli-etnik ayrı-seçkiliyi aradan qaldırılmağa, ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən xalqımız vahid ideyanı-dövlətin inkişafı ideyasını prioritet olaraq qarşısına qoydu və bütün enerjisini bu istiqamətə yönəltdi.

 

Azərbaycançılıq həm də dünya azərbaycanlılarının həmrəyliyini təmin etdi

 

Azərbaycanda vətəndaş sülhünü, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Ulu öndər Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki (təbii ki, ilk növbədə, keçmiş SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi. Ulu öndər müstəqil Azərbaycanın dövlət başçısı olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Ümummilli liderimiz Heydər Əliyev 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında uğurlu diaspor fəaliyyətinin tərifini böyük müdriklik və uzaqgörənliklə vermişdir: “Biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində onun qayda-qanunları ilə yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini arzulayırıq. Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər”.

Əksər ekspertlərin qənaətinə görə, Ulu öndərin həmin qurultayda bəyan etdiyi tezislər isə, əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən dolğun ifadəsi idi: “Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

 

Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib

 

Sevindirici haldır ki, Ulu öndərimizin əsasını qoyduğu milli birlik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ dövlət başçısı kimi ilk andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyə, bəyan edən Prezident İlham Əliyev bu fikri əməli fəaliyyəti ilə sübuta yetirdi. 2006-cı ildə Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi, dövlət başçımızın 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və digər addımlar bu diqqətin göstəricisidir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, həmçinin, bütün sahələri əhatə edən quruculuq siyasəti nəticəsində hazırda Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, ölkəmiz dünya miqyaslı layihələri gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri respublikamızı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır.

Heç şübhəsiz, bu gün Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan inkişafın arxasında milli birlik formulu, sabitlik amili dayanır. Məhz bu milli birlik ölkəmizin dünyaya inteqrasiyasının tam, kompleks halda həyata keçməsinə təminat verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir.

Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət daşıyır ki, onu da da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

Azərbaycançılıq həm də Azərbaycan tarixinin, mədəniyyətinin, milli kimliyimizin dünyada təbliğinə yol açıb. Azərbaycanın böyük ədib və mütəfəkkirlərinin, alimlərinin, mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması da bu işin mühüm tərkib hissəsidir. Bu istiqamətdə isə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir.

 

Qüdrətli ölkənin diasporaya güclü qayğısı

 

Təbii ki, malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinin dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, həmçinin, diasporumuza daha böyük qayğı göstərməsinə şərait yaradıb. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləmək olar. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qeyd etdiyi kimi, ötən müddət ərzində əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biri ayrı-ayrı ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən strukturların yaradılmasıdır: “Biz bu prosesi davam etdiririk, məqsədimiz hər qitə üzrə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirə biləcək strukturların yaradılmasıdır və bu məqsədlər nail olunması üçün biz səylərimizi davam etdiririk”.

Komitə sədrinin sözlərinə görə, əldə etdiyimiz nailiyyətlərdən biri də dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının dost dövlət və xalqların icmalarının müvafiq təşkilatları, o cümlədən, türk, yəhudi diasporları ilə əməkdaşlığın əlaqələndirilməsidir. Bununla bağlı xüsusi olaraq 9 mart 2007-ci il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunu, 17-19 noyabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Türkiyədən kənarda - Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını, 27 mart 2008-ci il tarixində Berlində Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasını və bunun nəticəsi olaraq dünyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsini qeyd edə bilərik. Bütün bunlar Dünya Azərbaycanlılarının II Qurultayından sonra görülmüş işlərin kiçik bir hissəsidir və bu proses davam etdirilir.

 

Diaspora təşkilatlarımız üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar

 

Bir sözlə, Azərbaycan dövləti diaspor təşkilatlarına tam gücü ilə fəaliyyət göstərmələri üçün lazım olan köməyi göstərir. Dövlətin, şəxsən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını görən Azərbaycan diasporunun təmsilçiləri isə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hazırda dünyanın müxtəlif ölkələrində 410-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların da hər biri ölkəmiz haqqında həqiqətlərin, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə dair faktların dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Hər il dünyanın bir sıra ölkələrində 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalının ildönümü münasibətilə yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və s. tədbirlər keçirilir. 2010-cu ildə dünyanın 50-dək ölkəsində keçirilən bu tədbirlərdə Azərbaycan diasporunun üzvləri ilə yanaşı - yerli ictimaiyyətin və digər xalqların diasporlarının nümayəndələri də iştirak ediblər.

Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan icma və birliklərinin nəzdində fəaliyyət göstərən “Həftəsonu” məktəblərinin sayı 2006-cı illə müqayisədə demək olar ki, 2 dəfə artaraq hazırda 127-yə çatıb. Müvafiq dövr ərzində Azərbaycan diasporunun dövri nəşrlərinin və elektron kütləvi informasiya vasitələrinin sayı 111-dək artıb. Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif əlamətdar tarixlərdə, milli bayramlarda Azərbaycan diasporunun keçirdiyi tədbirlərə dəstək verir, onları əyani vəsait, kitab, broşür, şəkil, plakat və s. təmin edir.

Son illər Heydər Əliyev Fondunun Azərbaycan diasporuna verdiyi misilsiz dəstəyi isə xüsusi qeyd etmək yerinə düşər. Məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası” Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından xəbərsiz olsunlar. Bu, bir daha onu göstərir ki, effektiv diaspor fəaliyyəti yalnız diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür.

 

Azərbaycan diasporu yeni strateji hədəflərə doğru

 

Beləliklə, bütün bu sadalananların fonunda diaspora təmsilçilərimizin Dünya Azərbaycanlılarının III Qurultayından nə gözlədikləri maraq doğurur. Təbii ki, bu barədə qurultaydakı çıxışlarda qeyd olunacaq. Lakin bu, bir danılmaz həqiqətdir ki, Azərbaycan diasporunun daha da gücləndirilməsi, həmçinin, xaricdə yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün Azərbaycan dövləti bundan sonra da onlara qayğı göstərəcək. Diaspora təmsilçilərimiz isə öz növbəsində, Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını və Prezident İlham Əliyevin “Xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər” fikrini əsas götürməklə müasir dövrün yeni strateji hədəflərinə doğru inamla, mütəşəkkil şəkildə addımlamalıdırlar. Bunun üçün onlar yaşadıqları ölkənin ictimai-siyasi proseslərində fəal şəkildə iştirak etməli, müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesinin tələblərinə cavab verəcək çevik addımlar atmalı, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artmasını əsas götürərək, dünya düzənində baş verənlərə bu prizmadan yanaşmağı bacarmalıdır.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 5 iyul.- S.3.