Azərbaycanın
sığorta-pensiya sistemi digər ölkələrdə
əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın da etibarlı sosial
müdafiəsini təmin edir
Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
www.yap.org.az saytına müsahibə verib:
- Səlim müəllim, iyunun 28-də
Bakı şəhərində Beynəlxalq Sosial Təminat
Assosiasiyasının (BSTA) Avrasiya regionu üzrə Əlaqələndirmə
Mərkəzinin rəsmi açılış mərasimi
keçirildi. BSTA kimi mötəbər bir qurumun
özünün əlaqələndirmə mərkəzinin
açılmasında ölkəmizə istinad etməsi nə
ilə bağlıdır?
- Bilirsiniz ki, Azərbaycan Respublikası
inkişaf etmiş Avropa ölkələri ilə bir sırada
Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin
Rəhbər Komitəsinin üzvüdür və Assosiasiya
çərçivəsində yüksək səviyyədə
müvafiq qərarların qəbul edilməsində xüsusi
rola malikdir. Bakı şəhərində Assosiasiyanın
Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin
açılması, həmçinin, bu tədbirə
BSTA-nın Baş katibi cənab Hans-Horst Konkolevski və Avropa
Şəbəkəsinin Rəhbər Komitəsinin sədri cənab
Zbiqnev Derdzyukun şəxsən qatılmaları ölkəmizdə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi sürətli sosial-iqtisadi islahatlar nəticəsində
əldə olunmuş nailiyyətlərin və yüksək
beynəlxalq nüfuzun əyani göstəricisidir. Regional mərkəzin
yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya
regionunda fəaliyyət göstərən sosial müdafiə,
pensiya təşkilatları arasında əlaqələrin
keyfiyyətcə daha yüksək səviyyəyə
qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə
Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara
milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində
iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli
idarəetmə və digər mühüm istiqamətlər
üzrə məsləhətlər veriləcək, fikir və
təcrübə mübadiləsi, təlim və ekspert rəyi
səviyyəsində dəstək göstəriləcək.
- Ötən həftə Azərbaycan, həmçinin,
BSTA-nın təşkilatçılığı ilə “Əmək
miqrantlarının sosial müdafiəsi və qloballaşma”
mövzusunda beynəlxalq texniki seminara da ev sahibliyi etdi. İlk
növbədə, sosial müdafiəsinin müzakirəsi
aparılan əmək miqrantları və qloballaşma barədə
fikirlərinizi bilmək maraqlı olardı.
- Müasir dünyada vahid iqtisadi və
informasiya məkanının yaranması proseslərinin
güclənməsinin sürəti “qloballaşma”nın
artıq meyil deyil, sivilizasiya tarixinin növbəti mərhələsi
olduğunu qətiyyətlə təsdiq etmişdir.
Qloballaşmanın müxtəlif əlaqələrin, yəni
iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin
sürətli inkişafına əsaslandığını nəzərə
alsaq, insanların maneəsiz yerdəyişməsinin, yəni
miqrasiyanın genişlənməsi və dərinləşməsini
bu prosesin doğurduğu təbii nəticələrdən
biri kimi qəbul etmək olar.
Qloballaşma şəraitində
miqrasiya proseslərinin baş vermə səbəblərinə
diqqət yetirdikdə iqtisadi qloballaşmanın siyasi və mədəni
qloballaşmaya nisbətən daha ciddi təsirə malik
olduğu və sosial qloballaşmanı da öz təsiri ilə
sürətlə genişləndirdiyi aydın
görünür.
İqtisadiyyatı inkişaf etmiş
ölkələrdə bu özünü daha çox
immiqrasiyanın genişlənməsində göstərir. Həmin
ölkələrdə bir tərəfdən iqtisadiyyatın
inkişafı, digər tərəfdən isə demoqrafik vəziyyətin
bununla üst-üstə düşməməsi beynəlxalq əmək
bölgüsünə yeni məzmun verməklə
işçi qüvvəsi idxalını şərtləndirir.
İqtisadiyyatı zəif inkişaf etmiş ölkələrdə
isə əmək bazarı tapa bilməyən işçi
qüvvəsinin inkişaf etmiş ölkələrə
emiqrasiyası prosesi baş verir. Beləliklə, iqtisadi
inkişafın səviyyəsi, ilk növbədə,
işçi qüvvəsinin yerdəyişməsi proseslərini
tənzimləyir, müəyyən zaman kəsiyində
immiqrasiyanı və ya emiqrasiyanı şərtləndirir.
- Qeyd etdikləriniz Azərbaycan
üçün nə dərəcədə xarakterikdir?
Ölkəmizin müstəqillik əldə etməsindən
keçən 20 il ərzində müxtəlif mərhələləri
- həm böhran, həm də inkişafı yaşaması
miqrasiya proseslərinə necə təsir edib?
- Bunu Dövlət Statistika Komitəsinin
məlumatları əsasında Azərbaycanın timsalında
son dərəcə aydın görmək olar. Bir çox səbəblərdən
iqtisadiyyatda böhranın yaşandığı
1990-1994-cü illərdə ölkədən gedənlərin
sayı 342,3 min nəfər, ölkəyə gələnlərin
sayı isə 211,2 min nəfər olmaqla emiqrasiya
artıqlığı, yəni emiqrasiyanın immiqrasiyadan
artıq olan hissəsi 130,8 min nəfər təşkil
etmişdir. İqtisadi geriləmənin
dayandırıldığı və inkişafın tədricən
reallaşdırıldığı 1995-1999-cu illərdə
ölkədən gedənlərin sayı 64,5 min nəfər,
ölkəyə gələnlərin sayı isə 29,7 min nəfər
olmaqla emiqrasiya artıqlığı 34,8 min nəfərə
enmişdir. Sürətli iqtisadi inkişafın tədricən
təmin olunduğu 2000-2004-cü illərdə ölkədən
gedənlərin sayı 28,1 min nəfər, ölkəyə
gələnlərin sayı isə 13,1 min nəfər olmaqla,
emiqrasiya artıqlığı 15 min nəfər qeydə
alınmışdır. İqtisadiyyatın sürətlə
inkişaf etdiyi 2005-2009-cu illərdə ölkədən gedənlərin
sayı 12,5 min nəfər, ölkəyə gələnlərin
sayı isə 12,1 min nəfər olmaqla, emiqrasiya fərqi 0,4
min nəfərədək azalmışdır.
Ayrılıqda götürüldükdə həmin dövrə
aid 2008-2009-cu illərdə 2,0 min nəfərlik immiqrasiya
artıqlığı qeydə alınmışdır.
Bütün bunlar insanların ölkələr
və regionlar üzrə yerdəyişməsi, yəni,
miqrasiyasının daha çox iqtisadi amillərlə və
bu amillərin doğurduğu nəticələrlə
bağlı olduğunu ölkəmizin timsalında da bir daha təsdiqləyir.
Təbiidir ki, müxtəlif regional münaqişələrin,
ölkələrdaxili milli, dini və irqi problemlərin, eləcə
də, təbii fəlakətlərin də miqrasiya proseslərinə
təsirini inkar etmək olmaz. Lakin bu hallarla bağlı
miqrasiya uzun müddət davam edərsə, son nəticədə
əmək qabiliyyətli insanların əmək bazarında
iştirakı prosesinin bərqərar olması
qaçılmazdır.
- Belə aydın olur ki, miqrasiya proseslərinin
əsas iştirakçıları kimi iqtisadi fəaliyyətlə
bağlı miqrasiya edənlər, başqa sözlə əmək
miqrantları çıxış edir. Bəs onların sosial
müdafiəsi problemi və onun həlli hansı səviyyədədir?
Təbii ki, bu məsələ xaricdə çalışan
azərbaycanlıların sosial müdafiəsi
baxımından ölkəmizin də bilavasitə maraqları
çərçivəsindədir.
- Beynəlxalq müstəvidə müvəqqəti
əmək miqrantlarının sosial müdafiəsi kifayət
qədər çətin bir problem kimi daim müzakirə
olunur və bu problemin vaxtında tənzimlənməsi təmin
olunmazsa, immiqrasiya və ya emiqrasiyanın baş verməsindən
asılı olmayaraq bütün ölkələrdə
qloballaşmanın doğura biləcəyi mənfi meyil kimi
ortada olur.
Bu problemlər əmək miqrantları
qəbul edən ölkələrdə cəmiyyətin bir
hissəsinə çevrilmiş miqrantlar və onların ailə
üzvlərinə münasibətdə təminatlı əməkhaqqı
və sosial müavinətlərin verilməsi, əməyin
texniki təhlükəsizliyi və gigiyenasına riayət
olunması, yaşayış yeri və tibbi xidmətlərlə
təmin olunma, xəstəlik, əmək zədəsi, əlillik
və digər bu kimi hallardan sığortalanma kimi məsələlərin
həllində daha aktual görünür. İşçi
qüvvəsi ixrac edən ölkələrdə isə
emiqrantın yaşayış yerini dəyişməmiş ailə
üzvlərinin tibbi xidmətlərə ehtiyac və ailə
başçısını itirmə kimi risklərdən
sığortalanması, xaricdə işləmiş şəxsin
öz vətəninə qayıtmasından sonra pensiya və
digər sosial xidmətlərə olan tələbinin ödənilməsinin
həlli xüsusilə vacib məsələ kimi diqqəti çəkir.
Beləliklə, qeyd etdiyimiz kimi, iqtisadi
qloballaşma sosial qloballaşmanın sürətlə
genişləndirilməsini tələb edir. Həmin problem
müasir dünyaya inteqrasiya yolu tutmuş Azərbaycan
üçün də eyni dərəcədə aktualdır.
Bu baxımdan qloballaşmanın
xüsusi bir sferasını təşkil edən və iqtisadi
inteqrasiyanın təsiri altında sürətlə
böyüyən beynəlxalq miqrasiya proseslərinin subyektlərinin,
yəni əmək miqrantlarının sosial müdafiəsinin
təmin olunmasına çalışan beynəlxalq və
regional təşkilatların - Beynəlxalq Əmək Təşkilatının,
Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Avropa
Şurasının, Pensiya və Sosial Fondların Beynəlxalq
Assosiasiyasının səyləri xüsusi əhəmiyyət
kəsb edir.
Təkcə onu demək kifayətdir ki,
ötən həftə keçirdiyimiz seminar qloballaşma
şəraitində əmək miqrantlarının sosial
müdafiəsi mövzusunda Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Bakı şəhərində təşkil
etdiyi sayca ikinci beynəlxalq tədbirdir. 2005-ci il 7-9 sentyabr
tarixlərində “Qloballaşma şəraitində əmək
miqrantlarının sosial müdafiəsi” mövzusunda Bakı
şəhərində keçirilmiş beynəlxalq konfrans və
orada qəbul olunmuş “Bakı bəyannaməsi”
qloballaşmanın doğura biləcəyi neqativ meyillərin
yumşaldılması və tədricən aradan
qaldırılması istiqamətində müsbət rol
oynamışdır.
- Mümkünsə, beynəlxalq təcrübədə
əmək miqrantlarının sosial müdafiəsi sahəsində
tətbiq olunan mexanizmləri və həmin mexanizmlərin
reallaşması xüsusiyyətlərini bir qədər ətraflı
şərh edərdiniz.
- Qloballaşma şəraitində əmək
miqrantlarının sosial müdafiəsi, xüsusilə də
onların gələcək pensiya təminatı kimi çətin
problemin həlli bu məqsədlə imzalanan ikitərəfli
və çoxtərəfli sazişlərin yerinə yetirilməsi
yolu ilə tənzimlənir.
Lakin qeyd olunmalıdır ki, sazişlərin
bağlanılması və reallaşdırılması
üçün bir sıra ciddi tələblərin gözlənilməsi
vacibdir ki, həmin tələblər əməkdaşlığın
hüquqi-prosessual əsaslarını təşkil etməklə
yanaşı, əsas icra mexanizmlərini də şərtləndirir.
Bu tələblər sırasına, birincisi, əmək
miqrantlarının sosial müdafiəsi üzrə BMT-nin, BƏT-in
və digər qurumların ümumbəşəri konvensiya və
xartiyalarına qoşulmaqla bərabər, ayrı-ayrı
ölkələr tərəfindən həmin konvensiya və
xartiyaların əsas müddəalarının milli
qanunvericilikdə əks etdirilməsini aid etmək olar. Azərbaycan
Respublikası qeyd olunan istiqamət üzrə mühüm irəliləyişlərə
nail olmuşdur. Belə ki, BMT-nin bütün fəhlə
miqrantların və onların ailə üzvlərinin
hüquqlarının qorunması haqqında beynəlxalq
konvensiyaya qoşulmuş, dəyişdirilmiş Avropa Sosial
Xartiyasına qoşulmaq haqqında qərar qəbul edilmiş
və Xartiyada nəzərdə tutulmuş normaların tətbiqi
üzrə Dövlət Proqramı təsdiq edilmiş, əmək
miqrasiyası və MDB dövlətlərinin vətəndaşları
olan əmək miqrantlarının sosial müdafiəsi sahəsində
əməkdaşlıq haqqında saziş imzalanmış, əmək
miqrasiyası haqqında və immiqrasiya haqqında, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti haqqında qanunlar qəbul
edilmişdir. Ölkəmiz 2001-ci il yanvar ayından Avropa
Şurasının tamhüquqlu üzvüdür. 800 milyondan
artıq avropalını birləşdirən Avropa
Şurasının üzvü kimi ölkəmiz Avropa İnsan
Haqları Konvensiyasına və fərdlərin müdafiəsinə
dair digər aidiyyəti sənədlərə əsaslanaraq
Ümumavropa səviyyəsində ümumi və demokratik
prinsiplərin inkişaf etdirilməsində böyük səylər
göstərir. Azərbaycanın Avropa dövlətləri ilə
inteqrasiyası, onlarla bərabərhüquqlu və hərtərəfli
əməkdaşlığının inkişafı, dinindən,
siyasi əqidəsindən, milliyətindən və irqindən
asılı olmayaraq, ölkəmizdə yaşayan
bütün insanların hüquqlarının bərabər təmin
edilməsi onun bu yolda uğurla inkişaf etməsində
mühüm rol oynayır.
İkinci mühüm məsələ
ayrı-ayrı ölkələrdə əmək
miqrasiyasının dövlət tənzimlənməsi
metodlarının nə dərəcədə işlək
olması ilə bağlıdır. Regional əmək
bazarında əmək miqrantlarının sosial müdafiəsi
vəziyyətinin təhlili zamanı onların 2 hissədən
- leqal və qeyri-leqal əmək miqrantlarından ibarət
olduğu nəzərə alınmalıdır. Digər tərəfdən
nəzərə alsaq ki, işəgötürənlərin
özləri də leqal işçi qüvvəsi və leqal
əməkhaqqı məfhumlarına o qədər də
müsbət yanaşmırlar, bu halda qeyri-leqal əmək
miqrantlarının sayının xeyli çox olduğu
aşkara çıxar. Bu sahədə beynəlxalq təcrübəni
əks etdirən materiallara istinad etsək, Şimalı və
Qərbi Avropada qeyri-leqal immiqrantların sayının
ümumi leqal miqrantların 50 faizi həcmində olduğu
ehtimal edilir. Rusiyada bütün miqrantların 50 faizi qeyri-leqal
fəaliyyət göstərir. ABŞ-da orta hesabla 4-5 milyon
qeyri-leqal miqrant yaşayır ki, bu da ümumi əhalinin təqribən
1,5 faizini təşkil edir. Bu göstərici İtaliyada 0,5-1
milyon nəfər, Yunanıstanda 300 min nəfər və ya əhalinin
3 faizi qədərdir.
Burada belə bir sual meydana
çıxır - xarici ölkənin əmək bazarında
çalışan qeyri-leqal miqrantların işlədikləri
dövrdə və ya müəyyən dövrdən sonra
öz ölkələrinə geri dönəcəyi halda
onların sosial müdafiəsi, xüsusilə, pensiya təminatı
hansı qaydada həyata keçiriləcəkdir? Əmək
miqrantlarının sosial sığortalanması və pensiya təminatı
sahəsində imzalanan sazişlər bu problemin tənzimlənməsinə
necə yardım edə bilər? Texniki seminarda bu problem
geniş müzakirə olundu və xüsusi vurğulandı
ki, ayrı-ayrı ölkələrin sosial müdafiə və
pensiya qurumları bu şəkildə qoyulan sualı müsbət
cavablandırmaq üçün birgə səylərini daha
da artırmalıdırlar.
Əmək miqrantlarının sosial
müdafiəsi üzrə sazişlərin
bağlanılması və sonradan
reallaşdırılması üçün zəruri olan
növbəti məsələ beynəlxalq əmək
bazarlarının iştirakçıları olan dövlətlərin
sosial müdafiə sistemlərinin biri-biri ilə
uyğunluğudur. Azərbaycan Respublikası Avropa Sosial
Xartiyası çərçivəsində üzərinə
götürdüyü öhdəliklərə uyğun olaraq
ardıcıl surətdə öz sosial sistemini təkmilləşdirmiş
və ölkədə beynəlxalq normalara uyğun yeni qəbul
olunmuş hüquqi sənədlər sosial müdafiə
sisteminin keyfiyyətcə yenidən qurulmasına şərait
yaratmışdır.
Həyata keçirilən islahat nəticəsində
ölkəmizdə 2006-cı ildən fərdi uçota əsaslanan
sığorta-pensiya sisteminin yaradılması təmin
edilmişdir. Bu sistem “(Dəyişdirilmiş) Avropa Sosial
Xartiyası”nın “Sosial Təminat Hüququ” bölməsi ilə
nəzərdə tutulmuş müvafiq ikitərəfli
sazişlər bağlanmaqla və yaxud digər vasitələr
yolu ilə: müdafiə edilən şəxslərin hər
hansı yerdəyişməsindən asılı olmayaraq,
sosial təminat qanunvericiliyinin nəzərdə tutduğu
üstünlüklərin saxlanılmasını təmin etməklə
öz vətəndaşları və digər tərəflərin
vətəndaşları üçün eyni rejim yaratmaq; tərəflərdən
hər birinin qanunvericiliyinə müvafiq olaraq həyata
keçirilən sığorta və ya iş stajı
dövrlərinin toplanaraq cəmlənməsi və s. bu kimi
vasitələrlə sosial təminat hüququnu müəyyənləşdirmək
kimi öhdəliklərin icrasına tam təminat verir.
Beynəlxalq standartlara uyğun
hazırlanaraq qəbul edilmiş “Əmək pensiyaları
haqqında” Azərbaycan Respublikasının Qanununda əmək
pensiyalarının sosial sığorta sistemində fərdi
uçot məlumatlarına əsasən təyin olunması təsbit
edilmiş, Azərbaycan Respublikası ərazisində daimi
yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşları
ilə bərabər əsaslarla əmək pensiyası təminatı
hüququ müəyyənləşdirilmişdir.
“Sosial sığorta haqqında” Azərbaycan
Respublikası Qanununa edilmiş dəyişikliklər və əlavələrə
uyğun olaraq 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən
əmək ödənişi və məcburi dövlət
sosial sığortasına cəlb olunan digər gəlirləri
əldə edən əcnəbilərin məcburi dövlət
sosial sığortası ilə əhatə olunmasına
keçilmişdir. Xüsusi vurğulamaq istərdim ki, bu tədbirlərin
reallaşdırılmasında 2005-ci ilin 7-9 sentyabr tarixlərində
Bakı şəhərində “Qloballaşma şəraitində
əmək miqrantlarının sosial müdafiəsi”
mövzusunda keçirilən beynəlxalq konfransın
tövsiyələrinin mühüm rolu olmuşdur.
Hazırda Dövlət Sosial Müdafiə
Fondunun avtomatlaşdırılmış fərdi uçot
sistemində 11260 nəfər xarici ölkə vətəndaşlarına
sosial sığorta nömrəsi verilmiş və onlar
üçün fərdi hesab açılmışdır.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını
əhatə edən əcnəbilər arasında Türkiyə,
Gürcüstan və Rusiya vətəndaşları digər
ölkələrlə müqayisədə nisbətən
üstünlük təşkil edir.
- Qeyd etdiniz ki, qloballaşma şəraitində
əmək miqrantlarının sosial müdafiəsinin həllinin
əsas vasitəsi ikitərəfli və çoxtərəfli
sazişlərin bağlanmasıdır. Bunun üçün
lazımı tələblərin ölkəmizdə gözlənilməsi
təqdirəlayiqdir. Bəs konkret sazişlərin
bağlanılması işi nə yerdədir. Bu sahədə
hansısa problemlər varmı?
- Xarici ölkələrdə əmək
miqrantları kimi fəaliyyət göstərən vətəndaşların
gələcək pensiya və digər sosial sığorta
hüquqlarının tanınmasını təmin etmək məqsədi
ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin
bağlanması istiqamətində tədbirlər Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə
təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı”nın əsas müddəalarından
biri kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar
vətəndaşların əmək fəaliyyəti
dövründə müxtəlif dövlətlərin ərazisində
qazanmış olduqları pensiya hüquqlarının
tanınması və pensiya təyinatında nəzərə
alınması prinsiplərini tənzimləyəcək ikitərəfli
sazişlərin bağlanması vacibdir və bunun
üçün ilk növbədə ayrı-ayrı ölkələrin
sığorta-pensiya qurumları ilə əməkdaşlığın
inkişafı və sistemlərin qarşılıqlı
öyrənilməsi məqsədilə Dövlət Sosial
Müdafiə Fondunun birbaşa və Beynəlxalq Sosial Təminat
Assosiasiyası çərçivəsində əməkdaşlıq
əlaqələri daha da genişləndirilmişdir.
Hazırda pensiya təminatı sahəsində
əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə
imzalanmış 10 sazişin tətbiqi uğurla davam etdirilir.
Ötən dövr ərzində Rusiya Federasiyası,
Belarus Respublikası, Türkiyə, Almaniya, Polşa,
Çexiya, Moldova, Litva, Latviya, Səudiyyə Ərəbistanı
Krallığı, İsrail və digər dövlətlərin
sığorta-pensiya qurumları ilə bu istiqamətdə ikitərəfli
əməkdaşlıq daha da inkişaf etdirilmiş, nümayəndə
heyətlərinin görüşləri təşkil
olunmuş, müvafiq olaraq qarşılıqlı əməkdaşlığı
tənzimləyən sazişlərin bağlanılması
istiqamətində tədbirlər
görülmüşdür.
“Azərbaycan Respublikası Hökuməti
və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı
sahəsində əməkdaşlıq haqqında Saziş”
layihəsinin 2007-ci ildən hazırlanmasına
başlanılmışdır və bağlanılması
istiqamətində tədbirlər davam etdirilir. 2008-ci ildən
“Azərbaycan və İsrail hökumətləri arasında
sosial müdafiə sahəsində yaşa və ailə
başçısının itirilməsinə görə
pensiya ixracı Sazişi”, 2010-cu ildən “Azərbaycan
Respublikası və Çexiya Respublikası arasında sosial
sığorta sahəsində Saziş” layihələrinin
hazırlanması istiqamətində tədbirlərin
görülməsi intensiv davam etdirilir. Yeni sığorta -
pensiya sisteminin qurulması ilə əlaqədar 1998-ci ildə
Ankara şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində
əməkdaşlıq haqqında Saziş”lə tənzimlənən
normalara yenidən baxılması zərurəti
yarandığından, 2010-cu ildən başlayaraq bununla
bağlı qarşı tərəflə müzakirələr
aparılır.
Bununla yanaşı 2009-2010-cu illərdə
“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondu və Almaniya Federativ Respublikasının Pensiya
Sığortası Təşkilatı arasında əməkdaşlıq
haqqında Saziş”, “Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli
Sosial Sığorta Kassası arasında məcburi dövlət
sosial sığorta sahəsində əməkdaşlığa
dair Protokol” və “Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu və Əfqanıstan İslam
Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər
və Əlillər Nazirliyi arasında əməkdaşlıq
haqqında Saziş” layihələri hazırlanaraq
qarşı tərəflərə təqdim edilmişdir.
İyunun 29-da texniki seminarın
gedişinə paralel olaraq Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu və Moldova
Respublikasının Milli Sosial Sığorta Kassası
arasında məcburi dövlət sosial sığortası sahəsində
əməkdaşlıq haqqında protokol imzalandı.
Birgə əməkdaşlığın
nəticələri göstərir ki, dövlətlərin əksəriyyətində
adekvat qanunvericilik aktları qəbul edilmiş və əmək
miqrantlarının sosial müdafiəsi üzrə həm
beynəlxalq, həm də ölkədaxili münasibətlərin
tənzimlənməsinin hüquqi-normativ bazası
yaradılmışdır. Lakin bəzən müxtəlif
dövlətlər ümumi prinsipdən deyil, yalnız həmin
ölkə üçün əlverişli olan demoqrafik vəziyyətdən
çıxış edirlər. Məsələn, bir sıra
hallarda təklif olunan saziş layihələrində əməkçi
miqrantlardan daha çox immiqrant pensiyaçılarla
bağlı məsələlərin tənzimlənməsi
ön plana çəkilir, bəzən əmək qabiliyyətli
əmək miqrantlarının yerdəyişməsi zamanı
onların fərdi uçot məlumatlarının
qarşılıqlı mübadiləsi mexanizmində fikir
ayrılığı olur və s. Nəticədə, əmək
miqrantlarının sosial müdafiəsinin əsas elementinin -
onların gələcək pensiya təminatının
düzgün və proporsional əsaslarla formalaşması əsas
müzakirə predmetindən kənarda qalır.
Bu kimi hallar nəzərə alınaraq,
texniki seminarın gedişində regional əmək
bazarlarının iştirakçısı olan dövlətlərin
qeyd edilən problemi aradan qaldırmaları üçün
birgə çərçivə sazişinin hazırlaması
barədə qərar qəbul edildi və həmin işin nəzarətə
götürülməsi Bakıda yeni yaranmış əlaqələndirmə
mərkəzinin səlahiyyətinə verildi.
Yeni Azərbaycan.- 2011.- 6 iyul.- S.4.