Azərbaycanda mədəniyyət və incəsənətə dövlət qayğısı yüksəkdir

 

Azər Axşam: Özümü həmişə Yeni Azərbaycan Partiyasının sıralarında hiss etmişəm

 

Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulub. Bu münasibətlə partiyanın mərkəzi qərargahında onlara YAP-ın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Əlbəttə ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan və yalnız dövlətçiliyimizə xidmət edən YAP-ın öz fəaliyyətində xalqın maraqları mövqeyindən çıxış etməsi Azərbaycanın sənət adamlarını, mədəniyyət və incəsənət nümayəndələrini də bu partiyanın sıralarına  qoşulmağa sövq edir. Partiyamızın sıralarına qoşulan tanınmış aktyorlardan biri də Azər Şabanovdur. A.Şabanov daha çox Azər Axşam kimi tanınır.

 

Azərbaycanın gözəl sənətkarlarının tələbəsi

 

Azər Axşam 1973-cü ilin fevral ayında Qax rayonunda dünyaya gəlib. 1980-ci ildə 3 saylı rusdilli  orta məktəbə gedib. Azər Axşam hələ uşaq yaşlarından aktyorluq sənətinin həvəskarı olub. Özünün dediyinə görə, 3-4-cü sinifdə oxuyarkən aktyor olmaq qərarına gəlib:

- Oxuduğum məktəbdə dərnəyimiz var idi. Biz həmin dərnəklərdə səhnəciklər hazırlayırdıq. Orta məktəbdə təhsil aldığım zaman Qax rayonunda “Aktyor sənəti” dərnəyi də açdıq. Belə baxanda, mənim ilk müəllimim həmin dərnəkdə çalışan Osman müəllimdir. İlk olaraq aktyorluq, tamaşa, dramaturgiya və digər sənət növləri haqqında bilgilərimizi Osman müəllimdən öyrənmişəm. Osman müəllimin bizə keçdiyi dərslərdən sonra bu sənətə həvəsim ikiqat artdı. Çünki o, çox gözəl insan, pedaqoq idi. Biz onun vasitəsilə bu sənətə daha çox bağlandıq. Başqa uşaqlar da var idi, deyəsən həmin uşaqların arasında sona qədər bu sənətin ardınca gedən təkcə mən oldum. Mən başqa işləri bacarmadığım üçün yox, bu sənəti ürəkdən sevdiyim üçün öz işimdə davam edirəm. Ən yaddaqalan rollarım Pantomima Teatrında “Karl xofu” və “İrəvan” teatrında “Oğru” tamaşasında olub.

Həmsöhbətimiz 1990-cı ildə orta məktəbi bitirdikdən sonra həmin il Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə daxil olub. Dediyinə görə, ali məktəbdə gözəl sənətkarlarımızın tələbəsi olub:

- İlk müəllimim Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədova olub. Başqa tanınmış insanların da, Fuad Poladovun, Bəxtiyar Xanızadənin tələbəsi olmuşam. 1994-cü ildə B.Xanızadə tərəfindən Dövlət Pantomima Teatrına təklif aldım. Həmin vaxtdan ta 1999-cu ilə qədər bu teatrda işlədim. 1990-cı illərin sonunda “ABA” telekanalı iş yerim oldu. Daha sonra isə “Lider” kanalında 7-8 il işlədim. Mən indiyə qədər də deyirəm ki, “Lider” televiziyası mənim üçün ata yurdudur.  Həm orada təcrübə əldə etdim və daha çox populyarlıq qazandım. “Milyonçu” şousu bu baxımdan əhəmiyyətli oldu. Bununla yanaşı, “Azad Azərbaycan” telekanalında “Kim-kimdir?”, ardınca da “Söz oyunu” proqramlarının aparıcısı oldum. Hal-hazırda isə “Xəzər” televiziyası ilə müqavilə bağlayıb işləyirəm.

Amma gələcək planlarımız da var. Türkiyənin, Rusiyanın kanallarında maraqla izlədiyimiz şou-proqramlar var. İstəyirik ki, biz də insanları ekran qarşısına toplaya biləcək proqram hazırlayaq. Demək mümkündürsə,  Türkiyənin “Bəyaz-şou” proqramına oxşar bir lahiyə  həyata keçirməyi düşünürük.

 

YAP-ın sıralarına qoşulmaqda hər hansı şəxsi məqsədim yoxdur

 

 YAP sıralarına qoşulmasına gəlincə, Azər Axşam özünü həmişə bu partiyanın sıralarında hiss etdiyini deyir. Partiyaya üzv olmaqla isə bu məsələni sadəcə, rəsmiləşdirib:

- YAP-ın qərargahında partiya biletini alanda da bu fikri YAP Sədrinin müavini - icra katibi Əli Əhmədova dedim. Bildirdim ki, onsuz da biz bədii tərəfdən sizinlə bərabər idik. Yəni, YAP-ın atdığı addımlarda onunla bərabər olmuşuq. Müxtəlif tədbirlərdə, seçki kampaniyalarında iştirak etmişik. Partiya üzvü olmaqla isə bu prosesi rəsmiləşdirdik. Hesab edirəm ki, sənət adamlarının YAP-a üzv olmasında qeyri-adi bir şey yoxdur. Dediyim kimi, onsuz da bu işin içində idik. Prezident seçkilərində bütün bölgələrə səfər edərək  təbliğat-təşviqat kampaniyasında iştirak edirdik. Şəxsən mənim YAP-ın üzvü olmaqda heç bir şəxsi məqsədim yoxdur. Bəziləri düşünürlər ki, biz YAP-ın üzvü olmaqla hansısa maraqlarımızı güdürük. Belə deyil, Allaha şükür, özümüz işləyib, özümüz qazanırıq. Biz dövlətimiz üçün işləməliyik. 9 milyonun hamısına xüsusi diqqət göstərmək, ev vermək, fəxri adlar vermək mümkün deyil. Sənin dövlət üçün elə xidmətin olmalıdır ki, bu da dəyərləndirilməyə layiq olsun. Biz sadəcə sənət adamlarıyıq, bizim kimi müəllimlər, memarlar, həkimlər və digər peşə sahibləri var. Biz efirə çıxdığımız üçün tanınırıq. Elə insanlar var ki, bizdən qat-qat savadlıdırlar, amma obyektiv səbəblərdən ölkədə hamı onları tanımır.

 

Siz müxalifət yox, düşmənsiniz

 

Azər Axşam sənət adamlarının partiyaya üzv olmasına qınaqla yanaşanların fikirlərilə də razılaşmır. Onun fikrincə, partiyanın tərkibində də müstəqil olmaqda heç bir problem yoxdur:

- Məsələn, bir ailənin ayrı-ayrı üzvləri fərqli düşüncələrə sahib ola bilirlər. Belə olan halda, partiyalarda niyə fikir müxtəlifliyi olmasın? Əlbəttə, mənim bu mövqeyim başqa cür başa düşülməməlidir. Fikir müxtəlifliyi ziddiyyət kimi qəbul olunmamalıdır. Mən müşahidə etmişəm ki, YAP-da hər kəsin sağlam düşüncəsinə, fikirlərinə böyük hörmətlə yanaşılır. Sözsüz ki, ideoloji prinsiplər dəyişməz qalmaqla, müxtəlif məsələlərlə bağlı ayrı-ayrı təkliflərlə, fikirlərlə çıxış etməkdə heç bir problem yoxdur. Əslində, normal təkliflər, fikirlər və ideyalar çox maraqla qarşılanır, nəzərə alınır. Hesab edirəm ki, hər bir vətəndaş dövlətçilik mövqeyindən çıxış etməlidir. Mən bəzi sənət yoldaşlarımla bu barədə fikirlərimi bölüşürəm. Eyni zamanda, bəzi müxalifət qəzetləri məndən soruşur ki, sənət adamının partiya üzvü olması nə dərəcədə düzgündür? Mən onlara da cavab verirəm ki, dövlətçilik mövqeyindən çıxış edirəm və dövlət maraqlarını yüksək səviyyədə təmsil etdiyi və qoruduğu üçün YAP-ın üzvü olmuşam. Mən bu məsələ ilə bağlı sənət yoldaşlarıma da deyirəm ki, dövlətin daxili siyasəti ilə bağlı siyasi baxışlar fərqli ola bilər. Bu insanların mövqeyidir. Amma dövlətçilik məsələsində, məsələn, Qarabağ probleminin həlli ilə bağlı niyə iqtidarın yanında deyilsiniz? Axı, bu ümummilli məsələdir. Bir misal göstərmək istəyirəm. Ölkəmizin futbol üzrə klubları kubok uğrunda bir-birinə qarşı gərgin mübarizə aparırlar. Amma milli yığmada isə həmin klubların üzvləri birləşib dünyaya çıxır və Azərbaycan uğrunda mübarizə aparırlar. Bu sadə misalı ona görə gətirdim ki, siyasət də elə bu cürdür. Müxalifətçilərə deyirəm ki, heç olmasa, Qarabağ məsələsində dövlətimizin, Prezidentimizin yanında olun. Amma heç bunu da demirsiniz. Belə olanda isə siz müxalifət yox, düşmənsiniz. Sağlam müxalifət, ölkəmizin uğurlarına sevinməli, ümummilli məsələlərdə eyni mövqedə olmalı, daxili siyasətdə çatışmayan cəhətləri isə tənqid etməlidir. Yeri gəlmişkən, müxalifət partiyalarının tərkibində az sayda olsa da, mədəniyyət və incəsənət adamları olub. Amma onların hamısı həmin partiyaları tərk ediblər. Əgər yaxşı partiyadırlarsa, niyə insanlar oranı tərk edirlər?

 

Dövlətimizin qayğısından çox razıyıq

 

Azərbaycanda mədəniyyət və incəsənətə dövlət qayğısının yüksək olduğunu deyən Azər Axşamın fikrincə, bu qayğı yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, sənət adamları da onlara göstərilən etimadı doğrultmağa çalışırlar:

- İndiki şəraitdə dövlətimiz, şəxsən cənab Prezident mədəniyyət və incəsənət sahəsinə bu qədər qayğı göstərirsə, biz Ona ürəkdən minnətdarıq. Bildiyiniz kimi ölkəmizdə böyük işlər gedir, inkişaf prosesi həyata keçirilir, eləcə də, mövcud problemlər aradan qaldırılır. İndi Azərbaycanın problemi təkcə Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın inkişafını istəməyən qüvvələr hələ də mövcuddur, ermənilərlə yanaşı üzümüzə gülüb, amma güclü olmağımızı istəməyənlər də var. Yəni demək istədiyim odur ki, bu qədər gərgin fəaliyyətlə yanaşı mədəniyyətə və incəsənətə qayğı göstərilməsi yalnız alqışlanmalıdır.

Bu qayğının nümunəsi olaraq biz milli seriallarımızı istehsal edib xalqa təqdim edirik. Artıq “Xəzər” telekanalında bu işə başlamışıq. Bu istiqamətdə gələcək planlarımız da var, yeni layihələrin üzərində işləyirik. “Aramızda qalsın” serialı ilə yanaşı başqa bir serial da insanlara təqdim olunacaq. İndiyə qədər əhali daha çox Türkiyə seriallarına baxır, amma çalışmalıyıq ki, öz seriallarımız çox olsun. Həmçinin, istərdim ki, teatrlarımız daim gözəl tamaşalar təqdim etsinlər. Doğrudur, vaxtaşırı olaraq mədəniyyət işçilərinin əməkhaqları artırılır. Amma kimlərisə bu əməkhaqqı təmin etməyəndə gedib toylarda, restoranlarda tamadalıq edir. Əgər tamada aktyordan çox maaş alırsa, onda ikincinin öz sənətinə marağı azalır. Bu isə sənətin keyfiyyətinə təsir edir. Mən inanıram ki, dövlətimizin qayğısı nəticəsində bu məsələlər öz həllini tam şəkildə tapacaq.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.-2011.-7iyul.- S.6.