Azərbaycan diasporunun inkişafında yeni mərhələ

 

Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları bu tədbirin xaricdəki soydaşlarımızın xalqımızın və dövlətimizin gələcək uğurları naminə daha sıx birləşməsinə təkan verəcəyini düşünürlər

 

Məlum olduğu kimi, 5 iyul 2011-ci il tarixində Bakıda, Heydər Əliyev Sarayında Dünya azərbaycanlılarının III qurultayı keçirilib. Qurultayda 42 ölkədən seçilmiş 579 nəfər nümayəndə, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük BritaniyaŞimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunublar. Ümumilikdə, qurultayda 1872 nəfər iştirak edib.

Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılıb.

Beləliklə, “Yeni Azərbaycan” qəzeti redaksiyasının növbəti qonaqları qurultayda iştirak etmiş Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM ) rəhbəri Sinan Oğan, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Azər Kərimov və  həmçinin, Avstriya Mədəniyyət Dərnəyinin rəhbəri Orxan Çiftçi oldu.

-Sinan bəy, siz Türkiyə vətəndaşı olmaqla bərabər, həm də azərbaycanlı icmasının nümayəndəsi kimi Azərbaycan diasporunun Türkiyənin ictimai-siyasi həyatındakı rolunu və potensialını necə dəyərləndirirsiniz?

-Sinan Oğan: Türkiyədə 3 milyon Azərbaycan türkü yaşayır. Təbii ki, Türkiyədəki Anadolu türklərinin bir hissəsi Azərbaycandan gələrək məskunlaşıb, bir hissəsi isə Krımdan gəlib. Yəni, dünyanın müxtəlif hissələrindən olan türklər gələrək Türkiyədə yerləşib. Mən özüm bundan 150-200 il əvvəl Türkiyəyə yerləşmiş, amma Azərbaycan əsilli olan Naxçıvandan Arazın o tayına keçmiş bir nəslin övladıyam. Türkiyədəki 3 milyon azərbaycanlının bir hissəsi İğdır şəhərində, bir hissəsi isə Amasyada, Karadağda, İstanbulda, Ərzurumda, İzmirdə yaşayır. Onların əvvəlki dövrlərdə Türkiyənin ictimai-siyasi həyatında çox böyük rolu olub. Onların içərisindən nazirlər, səfirlər, valilər, millət vəkilləri çıxıb. Ancaq son dövrlərdə bu məsələdə geriləmə müşahidə olunurdu. Məsələn, bundan əvvəlki parlament seçkilərində 3 milyonluq icmanın içərisindən bir nəfər də olsun millət vəkili çıxmamışdı. Bu dəfə isə artıq parlamentdə 3 nəfər azərbaycanlı var. Onu da deyim ki, Türkiyədəki Azərbaycan türklərinin iqtisadi, siyasi, bürokratik potensialı var. Lakin bu bir həqiqətdir ki, onlar arasında bir dağınıqlıq var idi. Ayrı-ayrı dərnəklər bəzən bir-birinə rəqib kimi çıxış edirdilər. Bəzilərinin siyasi görüşləri fərqli idi. Ümid edirəm ki, bunlar tezliklə aradan qalxacaq və Türkiyədəki Azərbaycan türklərinin ölkənin ictimai-siyasi həyatında həm öz vətənləri olması, həm də köklərinin dostqardaş Azərbaycana söykənməsi səbəbilə daha təsirli rol oynaya bilmələri üçün əlimizdən gələni edəcəyik. Mənim TBMM-də təmsil olacağım dövrdə əsas diqqət yetirəcəyim məsələlərdən biri, məhz, budur. Çünki bəzən yanlış olaraq deyirlər ki, Azərbaycanla Türkiyə qardaş ölkələr olduğu üçün qardaşın qardaşa lobbiçilik etməyi doğru deyil. Amma buna ehtiyac var. Çünki görürük ki, Türkiyədə erməni diasporu güclənməkdədir, yəni, insanlar küçələrə çıxıb “hamımız erməniyik” deyə bilirlər. Bu səbəbdən də, Türkiyədə Azərbaycan lobbisi, diasporu, bəlkə də, digər ölkələrdəki diaspor təşkilatlarımızla müqayisədə daha güclü olmalıdır. Bizim əsas məqsədlərimizdən biribudur və Türkiyədə bunu həyata keçirməyə çalışacağıq.

-Azərbaycanlıların diaspor kimi ən sıx təşkilatlandığı, fəaliyyət göstərdiyi ölkələrdən biri də Türkiyədir. Bu gün Türkiyədəki Azərbaycan diasporunun təşkilatlanma tendensiyası hansı səviyyədədir və sizin bu prosesdə rəsmi, yaxud qeyri-rəsmi şəkildə iştirakınız hansı səpkidə olacaq?

-S.O.: Əlbəttə ki, bu daha yüksək səviyyədə olacaq. Parlamentin bundan əvvəlki fəaliyyət dönəmində azərbaycanlı millət vəkili olmadığı halda, indi onların sayı 3 nəfərdir. Bu, 72 milyon insanın yaşadığı Türkiyədə önəmli göstəricidir. Əlbəttə ki, Türkiyənin ictimai-siyasi həyatında bunun əks-sədası olacaqdır. Qeyd etdiyim kimi, Türkiyə azərbaycanlıların, bəlkə də, ən çox məskunlaşdığı ölkədir, lakin diaspor təşkilatlanmasında müəyyən nizamsızlıq özünü göstərir. Həmin dərnəklərin bir sıra hallarda mövqeləri toqquşsa da, milli məsələlərdə birlik yarada bilirlər. Bizim bundan sonrakı əsas məqsədimiz onların hamısını bir yerə toplamaq və indiyə qədər həvəskar səviyyədə görülən işi peşəkar səviyyəyə qaldırmaqdır. Cənab Prezident İlham Əliyevin də Dünya azərbaycanlılarının III qurultayındakı çıxışında söylədiyi kimi, 10 il ərzində təşkilatlanma, dərnəklərin qurulması prosesi artıq başa çatıb. Eyni zamanda, Türkiyədəki diasporun təşkilatlanması da başa çatıb. Artıq peşəkar anlamda lobbiçilik, diaspor fəaliyyətinin həyata keçirilməsinə başlamaq lazımdır. Türkiyədə bunun edilməsi xüsusi önəm kəsb edir, çünki Ermənistanla sərhədlərin açılması və digər bunun kimi müəyyən məsələlər var. Bu nöqteyi-nəzərdən, Türkiyədə azərbaycanlı icmasının, diasporunun lobbiçilik fəaliyyəti gücləndirilməlidir.

-Sizin millət vəkili seçildiyiniz İğdır bölgəsi Ermənistanla sərhəddə yerləşir. Bildiyimiz kimi, bu ölkədəki “MetsamorAtom-Elektrik Stansiyası çox ciddi problemlər yaradır və böyük təhlükə mənbəyidir. Bu məsələnin Türkiyə parlamentində gündəmə gətirilməsi mümkündürmü?

-S.O.: Ermənistandakı “MetsamorAtom Elektrik Stansiyası (ASE) İğdırın 16 kilometrliyindədir. İğdır Türkiyədə xərçəng xəstəliyinin ən sürətlə artdığı şəhərdir. İğdır sakinləri bu təhlükəni birbaşa olaraq öz üzərlərində hiss edirlər. Millət vəkili seçilməzdən 7 il öncə “MetsamorAES-in bağlanması məqsədilə bir dərnək yaratdım. Hələ Türkiyədə “Metsamorunolduğu bilinmədiyi bir vaxtda biz bu təhlükə barədə həqiqətləri çatdırmaq üçün çoxsaylı konfranslar keçirdik, internet saytları yaratdıq, imza kampaniyaları təşkil etdik. Artıq Türkiyədə “Metsamorunolduğunu, onun təhlükəlilik dərəcəsini hər kəs bilir. Görülən işlər nəticəsində bu məsələyə Gürcüstanda, Çexiyada da diqqət yetirilməyə başlandı və sözügedən stansiyanın regional təhlükə daşıdığı aydın oldu. Bundan sonra mənim bir millət vəkili kimi TBMM-də görməli olduğum işlərdən biri də stansiyanın bağlanması üçün çalışmaqdır. Bildiyimiz kimi, Türkiyə hökuməti hesab edir ki, Türkiyədə də atom-elektrik stansiyasının yaradılması planı var. Belə olan təqdirdə, bəziləri iddia edirlər ki, “Metsamorun bağlanması tələbi ilə çıxış etmək bu istəyə zidd olacaq. Bu, əslində, doğru düşüncə deyil, çünki Türkiyənin əsasını qoymaq istədiyi atom-elektrik stansiyası dördüncü nəsil stansiyadır, Ermənistandakı isə istismar müddətini başa vurmuş, bağlanması vacib olan bir obyektdir.

-Sizin bildirdiyiniz kimi, Türkiyədə Ermənistanla sərhəddin açılmasında maraqlı olan qüvvələr var. Onların iddialarına görə sərhəddin açılması siyasi dividentlər gətirməklə yanaşı, iqtisadi cəhətdən səmərəli ola bilər. Sizcə, Ermənistan kimi iqtisadiyyatı çökmüş bir ölkə ilə sərhəddin açılmasının hansı iqtisadi üstünlükləri ola bilər?

-S.O.: Mən bu məsələ ilə bağlı araşdırmalar aparmışam və fikirlərimi Türkiyə televiziyaları vasitəsilə də çatdırmışam. Birincisi, belə bir iqtisadi potensialdivident yoxdur. İkincisi, Ermənistanla “sərhəd ticarəti” deyilən bir sistem hazırlanması planları var. Bunlardan biri də mənim millət vəkili seçildiyim İğdır şəhəridir. Bu şəhərdə elə bir sənaye məhsulu yoxdur ki, Ermənistana satılsın. İğdırdan Ermənistana ancaq kənd təsərrüfatı məhsulları satıla bilər. Ermənistanda da eyni məhsullar var və qiymətləri müqayisə etdikdə görürük ki, kənd təsərrüfatı, həmçinin, heyvandarlıq məhsulları İğdırdan daha ucuzdur. Dolayısıyla, bunun Türkiyəyə xeyiri yox, əksinə, sərhəd bölgələrindəki istehsalçılara böyük miqdarda ziyanı var. Bu, o deməkdir ki, sərhədlər açılarsa, bu, Türkiyədəki istehsala mənfi təsir göstərəcək. Bir sözlə, Ermənistanla ticarətin Türkiyəyə iqtisadi faydalı olacağını deyənlərin sözləri faktlara əsaslanmır. Türkiyə kimi böyük bir ölkənin Ermənistanla ticarətdən əldə edəcəyi heç bir divident yoxdur. Hətta sərhədlərin açılmasının iqtisadi xeyiri olsa belə, milli maraqlar ticari gözləntilərə qurban verilə bilməz.

-Orxan bəy, Avstriyadakı Azərbaycan diasporunun fəaliyyəti və qarşıya qoyulmuş məqsədlər baxımından əldə edilən nailiyyətlər, real nəticələr barədə nə söyləyə bilərsiniz?

-Orxan Çiftçi: İlk növbədə, 1989-cu ildə “Vətən” cəmiyyətinin nümayəndələri Avstriyaya gələrək Azərbaycandan salamlar gətirdilər. Bu qurum oradakı azərbaycanlıların İrandan olan soydaşlarımızla birlikdə təşkilatlanmasının təkan verdi. Bundan sonra Avstriyadakı diaspor nümayəndələrinin Azərbaycandan olan diplomatlarla, ictimaiyyət nümayəndələri ilə əlaqələri yaradıldı. İlk olaraq Azərbaycan Kültür Cəmiyyətini yaratdıq. Bu məqsədlə Türkiyədəki və İrandan olan soydaşlarımızla bir yerə toplandıq. Daha sonra mən cəmiyyətin rəhbəri seçildim. Hazırda Avstriyadakı Azərbaycan diasporuna rəhbərlik edirəm. Avstriyadakı Azərbaycan diasporu mütəmadi olaraq başqa ölkələrdəki diaspor təşkilatlarımızla birgə tədbirlər keçirir.

-Avstriyadakı erməni diasporunun fəaliyyətinə qarşı Azərbaycan diasporu hansı işləri görür?

-O.Ç.: Təəssüf ki, oradakı erməni diasporunun təsir imkanları çox genişdir. Lakin erməni diasporunun yaydığı yalanlarla mübarizədə Azərbaycan həqiqətlərini təbliğ etmək üçün əlimizdən gələni edirik. 1996-cı ildən bəri hər il Xocalı soyqırımı günündə bizim təşkilat Vyananın mərkəzində icazəli aksiya keçirir, şəhər sakinlərinə bukletlər paylanır, görüntülü yayım gerçəkləşdirilir. Bu il də Xocalı soyqırımı ilə bağlı aksiyalar həyata keçirilib. Avstriya ictimaiyyətinin nümayəndələri davamlı olaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə məlumatlandırılır, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı diqqətə çatdırılır.

-Azər müəllim, Çexiyadakı Azərbaycan diasporunun təşkilatlanması hansı səviyyədədir?

-Azər Kərimov: İlk növbədə, bu görüşün keçirilməsinə görə təşəkkürümü bildirirəm. Mən 1987-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi konkurs əsasında o zamankı Çexoslovakiyaya müəllim kimi göndərildim. O dövrdə Avropada azərbaycanlıların az olması ölkəni layiqincə təmsil etmək məsuliyyətini artırırdı. Bir müddət Slovakiyanın Bratislava şəhərində Ali Texniki Universitetdə pedaqoq kimi fəaliyyətimi davam etdirdim. 1998-ci il fevralın 16-da Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin əsasını qoydum. O zaman Çexiyada azərbaycanlıların sayı olduqca az idi. Həmin mərkəzə Azərbaycan elmi ilə maraqlanan, alimlərimizin kitablarını stolüstü vəsaitə çevirən çexiyalı alimlər də cəlb olundu. Bundan sonra mərkəzdə Azərbaycanla bağlı tədbirlər keçirilməyə başlandı. Onu da qeyd edim ki, yaratdığımız qurum mütəmadi olaraq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Şərqi Avropa ölkələrində keçirilən, demək olar ki, bütün tədbirlədə təşkilatçı kimi çıxış edir. Sevindirici haldır ki, xarici ölkələrdə azərbaycanlılara olan münasibət daha da yaxşılaşır. Bugünkü nailiyyətlərin əldə olunmasında Azərbaycan dövlətinin diaspor təşkilatlarına göstərdiyi diqqət, eləcə də, Azərbaycan-Çexiya əlaqələrinin inkişafı böyük rol oynayır. Eyni zamanda, bundan əvvəlki qurultaylarda olduğu kimi, Dünya azərbaycanlılarının III qurultayında iştirak etməkdən qürur duyuram.

-Sinan bəy, Ermənistanın Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq niyyətini və Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeni necə qiymətləndirirsiniz? Bununla yanaşı, son olaraq tərəflər arasında keçirilən Kazan görüşünün nəticəsiz qalmasını nə ilə əlaqələndirirsiniz?

-S.O.: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan danışıqlar çərçivəsində keçirilən bu cür görüşlərdən tam, yekun nəticə gözləməyə dəyməz. Amma onu da qeyd etməliyəm ki, diplomatik danışıqlar çərçivəsində bu cür görüşlərin keçirilməsindən də imtina etmək doğru olmaz. Azərbaycan aparılan danışıqlarda diplomatik baxımdan üstün olan tərəfdir. Başqa sözlə, vaxt Ermənistanın əleyhinə işləyir. Hələ 1996-cı ildə bu ifadəni sözügedən münaqişənin yaranmasında, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasında, Xocalı soyqırımının törədilməsində ən böyük günahkarlardan biri olan Levon Ter-Petrosyan işlətmişdi. O demişdi ki, zaman keçdikcə Azərbaycan daha da güclənəcək, Ermənistan isə zəifləyəcək. Bu gün isə Azərbaycan çox güclənib və bütün parametrlər baxımından Ermənistandan böyük fərqlə üstündür. Azərbaycanın iqtisadi və hərbi potensialı zaman keçdikcə daha da artır. Nəticə etibarilə, bu gün problemin həllində Ermənistan daha çox maraqlı olmalıdır, çünki münaqişənin mövcudluğu işğalçı ölkəni uçuruma doğru sürükləyən başlıca, əsas faktordur. Hazırki durumun fonunda Ermənistan təcavüzkar siyasətdən əl çəkib, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Əks təqdirdə, Azərbaycan istənilən vasitədən istifadə etməklə öz tarixi ərazilərini geri qaytaracaqdır. Çünki sürətlə inkişaf edən Azərbaycan hərbi, siyasiiqtisadi baxımdan bu potensiala sahibdir.

-Sinan bəy, zaman-zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə aparılan danışıqların formatının dəyişdirilməsi məsələsi gündəmə gəlir. Daha da dəqiqləşdirsək, müəyyən zaman kəsimlərində danışıqların ATƏT-in Minsk qrupu formatında deyil, BMT formatında aparılmasına yönəlik fikirlər səsləndirilir. Amma bunun təşəbbüskarı Azərbaycan deyil. Son dövrlərdə rəsmilərimiz tərəfindən bəhs edilən formatın dəyişdirilməsi ilə bağlı məsələ gündəmə gətirilməyib. Lakin hər hansı bir xüsusi səbəb göstərmədən Ermənistan və Rusiyada bu məsələ gündəmə gətirilir. Eyni zamanda, bəyan edirlər ki, formatın dəyişdirilməsi məqbul variant deyil. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların BMT formatına keçirilməsi məqbul deyil. Sizcə, Kazan görüşündən sonra bu məsələ niyə aktuallaşdırıldı?

-S.O.: Bu məsələ ilə bağlı Türkiyənin müəyyən çalışmaları mövcuddur. Türkiyənin mövqeyi budur ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti olduqca səmərəsizdir. Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü də münaqişənin həlli yönündə ədalətli mövqe tutmur və fəaliyyətində qərəzli çalarlar açıq şəkildə sezilir. Türkiyə də zaman-zaman münaqişənin həlli yönündə aparılan danışıqlar formatının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirib. Bəyan edilib ki, danışıqların ATƏT-in Minsk qrupu formatında deyil, BMT formatında aparılması məqbul variant ola bilər. BMT-də Türkiyənin nüfuz və təsir imkanları xeyli dərəcədə artıb. Eyni zamanda, Azərbaycanın da gücü, təsir və nüfuz imkanları BMT-də kifayət qədər artıb. Nəticə etibarilə, BMT çərçivəsində və formatında aparılacaq danışıqlar münaqişənin ədalətli həll edilməsi məqsədinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məhz buna görə də, həmsədrlər müəyyən məsələlərin təsiri altında bu formatın dəyişdirilməsini istəmirlər. Mənim qənaətim budur ki, ATƏT-in Minsk qrupu formatında münaqişənin həll edilməsi olduqca çətindir, hətta mümkün variant deyil.

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, bir millətin iki diasporu ola bilməz. Artıq son vaxtlar Azərbaycan və Türk diaspor təşkilatlarının xaricdə bir çox tədbirləri birgə həyata keçirdiklərinin şahidi oluruq. Sizcə, diaspor təşkilatlarımızın birliyi istiqamətində daha hansı addımlar atılmalıdır? Həmçinin, diasporun birliyinin əhəmiyyəti nədən ibarətdir?

-S.O.: Mən qurultaydakı çıxışımda da cənab Prezident İlham Əliyevin dəyərli fikrini xatırlatdım. Prezident İlham Əliyev deyib ki, bir millətin iki diasporu ola bilməz. Türk dünyasının böyük öndəri Heydər Əliyevin “Biz bir millətin iki dövlətiyikkəlamı bizim fəaliyyətimizin əsasını təşkil edir. Bir millətin iki dövləti olması normaldır. Amma bir millətin iki diasporu ola bilməz.  Tək bir diaspor formalaşdırmaq lazımdır. Tədbirdə Qaqauz yerinin başqanı Qırğızıstan parlamentinin başqanı da mənim kimi danışdı. Yəni, biz bir-birimizi aydın başa düşürük, heç bir fərqli fikir söyləmirik. Bizdə belə bir atalar sözü var: “Bir əlin nəsi var, iki əlin səsi var”. Yəni, iki əli bir araya gətirdiyin zaman ondan səs çıxar. Dolayısıyla, mənim fikrimcə, bizim önümüzdə əsas vəzifə cənab Prezident İlham Əliyevin bu tövsiyəsini yerinə yetirməkdir. 

Vəzifəmiz bir millətin bir diasporunu yaratmaqdır. İndiyə qədər keçdiyimiz illərdə hər kəs öz diasporunu formalaşdırdı. Yəni, azərbaycanlıların, qırğızların, qazaxların başqalarının öz diasporu formalaşdı. İndi isə peşəkar səviyyəyə keçmək lazımdır. Dünyada tək bir türk diasporu formalaşdırmalıyıq. Azərbaycanın bütün dünyada 416 diaspor təşkilatı var. Şərti olaraq deyim ki, Türkiyənin ən azı 1416 diaspor təşkilatı mövcuddur. Eləcə , Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Krım türklərinin, Kıbrıs türklərinin s. diasporları mövcuddur. Bütövlükdə, 250 milyonluq Türk dünyası var. Bunların diasporunu bir araya gətirməyi bacara bilsək, Dağlıq Qarabağ problemi başda olmaqla, həm Azərbaycanın, həm Türkiyənin, ümumilikdə Türk dünyasının bir çox problemlərini həll edə bilərik. Yəni, müasir dövr, sadəcə dövlətlərin yox, qeyri-hökumət təşkilatlarının aktiv olaraq çalışağacı dönəmdir. Qeyri-hökumət təşkilatlarının da ən önəmli vəzifələrindən biri diasporadır, lobbiçilikdir. Biz bu işi bundan sonra peşəkarlıqla həyata keçirməliyik. Millət vəkili olaraq da parlamentdə qaldıracağım ilk məsələlərdən biri diasporalarımızı birləşdirmək məsələsi olacaq. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, yeni seçkilərdən sonra TBMM- parlamentlərarası dostluq qrupları formalaşdırılacaq. Mən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olacağam.

 

 

Hülya MƏMMƏDLİ,

 

Nardar BAYRAMLI,

 

Nurlan QƏLƏNDƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 9 iyul.- S.4.