Azərbaycanda Həmkarlar İttifaqlarının fəaliyyəti uğurla inkişaf edir

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev “www.yap.org.az” saytına müsahibə verib:

 

- Səttar müəllim, bu gün ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətini necə dəyərləndirirsiniz və bu sahədə ümumilikdə vəziyyət hansı səviyyədədir?

- Həmkarlar ittifaqları yarandığı gündən işçilərin sağlamlığının qorunmasında, istirahətinin təşkilində, onların ailə üzvlərinin dincəlməsində maraqlı olmuş, sanatoriya-kurort və istirahət evlərinin, pansionatların, turist bazalarının şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Bu məqsədlə mövcud sanatoriya-kurort şəbəkəsinin yaradılmasına illər boyu milyonlarla vəsait xərclənmiş, həmkarlar ittifaqı üzvləri və ailələrinin güzəştli yollayışlarla sağlamlıq ocaqlarında dincəlməsi təmin edilmişdir. Azərbaycan Həmkarlar İttifaqlarının sanatoriya-kurort şəbəkəsinin inkişafı göstərir ki, bu sahədə bacarıqlı tibb işçiləri ilə yanaşı güclü maddi-texniki baza da mövcuddur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda sanatoriya və kurort sahəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətləri işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaratdı. Ötən əsrin 70-ci illərində “Naftalan”, “İstisu” kurortlarında və Xəzərin qərb sahillərində sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. Respublikada sağlamlıq ocaqlarının tikintisinin geniş vüsət almasında məqsəd əhalinin sağlamlığına və normal istirahətinə şərait yaratmaq, Azərbaycanı turist diyarı kimi geniş miqyasda tanıtmaq idi. Ulu öndərin təşəbbüsü ilə “Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında” qərarın qəbulu da Azərbaycanın gələcək inkişafına hesablanmış nəcib tədbirlərin davamı idi. Təsadüfi deyildir ki, Ümummilli lider əhalinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqlarının gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə irəli sürülən təklifləri müdafiə edirdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzinin 85 illiyi münasibətilə Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə təbrik məktubunda “müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılmasının və zəhmətkeşlərin xidmətinə verilməsinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri olduğunu” qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kurortları” Dövlət Proqramı haqqında 27 fevral 2007-ci il tarixli Sərəncamı isə ölkədə aparılan siyasətin sosial yönümlü olduğunu bir daha sübut etdi. Dövlət başçısı bu Sərəncamla ölkədəki sanatoriya və kurortlar şəbəkəsinin müasir tələblərə uyğun inkişafı, insanların sağlamlıqlarının qorunması naminə yüksək səviyyəli müalicə və istirahətin təmin edilməsi üçün böyük imkanlar açmışdır.

Bu baxımdan, Azərbaycan həmkarlar ittifaqları işçilərin və onların ailə üzvlərinin istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələrinə şərait yaradılmasına xüsusi önəm verir, bu sahədə ciddi islahatlar həyata keçirir. Üçtərəfli baş, ərazi və sahə müqavilələri imzalanır, peşə xəstəliklərinin azalmasına, həmçinin, profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır.

- İşçilərin istirahət hüquqlarının təmin edilməsi istiqamətində hansı tədbirlər görülür?

- Respublika rəhbərliyinin qayğısı və Konfederasiyanın səyləri nəticəsində son üç il ərzində sanatoriya-kurort və istirahət ocaqlarında 56 mindən çox əməkçi və onların ailə üzvlərinin birgə istirahəti təşkil edilmişdir. 3600 nəfərdən çox işçi yollayışlardan pulsuz istifadə etmişdir. Həmkarlar ittifaqları təşkilatları daxili imkanlar hesabına da işçilərin istirahətini təşkil etmək üçün bir sıra tədbirlər görmüş, nəticədə sanatoriya-kurort və istirahət müəssisələrində 90000 nəfərə yaxın əməkçi və onların ailə üzvlərinin müalicə və istirahəti təmin olunmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması nəticəsində respublikanın şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı da ilbəil artır. Məsələn, 2010-cu ildə 29000 nəfər sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilmişdir ki, bu da 2009-cu illə müqayisədə təqribən 2500 nəfər çoxdur. Bunların sırasında xarici ölkələrin vətəndaşları da kifayət qədərdir.

- Həmkarlar İttifaqlarının nəzdində olan sanatoriya-kurort və istirahət mərkəzlərində vəziyyət necədir? Bu mərkəzlərdə işçilərin istirahəti üçün lazımi şərait yaradılıbmı?

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sistemində olan sanatoriya-kurort və istirahət müəssisələrində daxili imkanlar hesabına təmir işləri aparılmışdır. “Kurort” Səhmdar Cəmiyyətinin “Bilgəh”, “Qaranquş”, “Günəşli” sanatoriyalarının bəzi yataq və müalicə korpusları əsaslı təmir edilmiş, kabinetlər müasir standartlara uyğun olaraq yenidən qurulmuşdur. “Kolxozlararasısağlamlıq” Respublika Birliyinin “Nabran” istirahət zonasında yerləşən “Şahdağ” istirahət evi, “Qax” rayonunda yerləşən “Şəfa” müalicəvi pansionatı təmir olunmuş, “Şəfa” müalicə pansionatının ərazisində üzgüçülük hovuzu inşa edilmişdir. Bir çox sanatoriya və istirahət ocağında lüks və yarımlüks otaqlar yaradılmış, xidmətin səviyyəsi yaxşılaşdırılmışdır.

Turizm və Ekskursiyalar Şurasının tabeliyində olan turist bazalarında hər il orta hesabla 3400-ə yaxın, “Kolxozlararasısağlamlıq” Respublika Birliyinin istirahət ocaqlarında 1200 nəfərdən artıq əməkçi və onların ailə üzvləri dincəlirlər. Azərbaycan Həmkarlar İttifaqları işçilərin istirahətinin təşkili üçün hər il təqribən 11 milyon manat məbləğində vəsait xərcləyir. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahət nəzərə almaqla bu rəqəm 13 milyon manata yaxın olmuşdur.

- İşçilərə verilən yollayışlarda hansı güzəştlər nəzərdə tutulur?

- Sirr deyil ki, bəzi üzvlərimizin maddi durumu yollayışların dəyərinin qismən ödənilməsinə imkan vermir. Rabitə İşçiləri Müstəqil HİRK, Aviasiya İşçiləri HİRK, Neft-Qaz Sənayesi İşçiləri HİRK, Dəmiryolçuların Müstəqil HİRK və bir çox başqa sahələrdə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilən hissəsinin təsərrüfat orqanlarının üzərinə götürməsinə nail olunmuşdur. Belə ki, üzvlərimiz yollayışları pulsuz əldə edə bilirlər. Sözsüz ki, bu, ailə büdcələri üçün hissolunacaq dərəcədədir və həmin sahədə işlərimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycan Həmkarlar İttifaqı üzvlərinin sağlamlığına, istirahətinə önəm verdiyi kimi, onların uşaqlarının da yay istirahətlərinin təşkilini diqqətdə saxlayır. Bu məqsədlə bir çox sahələrdə yay istirahət düşərgələri yaradılmış və hər il onlarda minlərlə uşaq istirahət edir. Bu məqsədlər üçün son üç ildə AHİK tərəfindən 700 min manatdan çox vəsait xərclənir.

- Həmkarlar ittifaqları tərəfindən keçirilən müxtəlif müsabiqələr, idman tədbirləri ilə bağlı fikirlərinizi bölüşmək istərdik...

- Biz gənclərimizin sağlam böyüməsi, layiqli vətəndaş kimi yetişməsi naminə də əlimizdən gələni əsirgəmirik. Hər il yaz-yay mövsümündə həmkarlar təşkilatları tərəfindən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir. Bu tədbirlərə minlərlə gənc ittifaq üzvü cəlb olunur. Son üç ildə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının xətti ilə 21 sahə həmkarlar ittifaqlarını əhatə edən 2 idman spartakiadası keçirilmişdir. Spartakiadalarda 1576 idmançı öz bacarığını göstərmişdir. Təhsil İşçiləri Azad HİRK öz sıralarında birləşən tələbə-gəncləri həvəsləndirmək məqsədilə fənn olimpiadalarının qaliblərini istirahət evlərinə yollayışlarla təltif edir, Həmkarlar İttifaqı fəallarını Azərbaycan Neft Akademiyasının, Dövlət İqtisad Universitetinin sağlamlıq-istirahət ocaqlarına göndərir. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirmək məqsədilə mayın 16-da keçirilən AHİK-in Gənclər Şurasının yığıncağında qarşıdakı vəzifələri müəyyənləşdirmişik. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi istiqamətində üzərimizə düşən məsələləri müzakirə etmişik. Öz sıralarında 300 mindən artıq gənci birləşdirən həmkarlar ittifaqları onların hüquq və mənafelərinin müdafiəsinə, həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinə, sağlam ruhda böyümələrinə diqqət və qayğını daha da artıracaqdır.

- İstirahət yollayışlarının əldə edilməsi prosesi necə tənzimlənir?

- İşçilər iş yerlərində, tələbələr isə təhsil aldığı müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar. Müəssisənin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir, onların uçotunu apardıqdan sonra Rəyasət Heyətinin yığıncağının qərarına əsasən, işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir.

Hazırda həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür. İldən-ilə sanatoriya və istirahət ocaqlarında müalicənin və asudə vaxtın təşkilinin keyfiyyətinin artması ilə əlaqədar olub, sanatoriya və istirahət evlərinə axına da müsbət təsirini göstərmişdir.

Odur ki, AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında ittifaq üzvlərinin istirahətinin səmərəli təşkilinə nail olmaq üçün var qüvvələrini sərf edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran istirahət zonasında tikib istifadəyə verdiyi istirahət ocağında ildə 400 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” istirahət mərkəzində 360 nəfərdən çox, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının istirahət zonasında isə 1000 nəfərə yaxın işçi dincəlir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının cari ildə təhvil verilməsi nəzərdə tutulmuşdur.

- Səttar müəllim, sanatoriya və kurort mərkəzlərində nə qədər məcburi köçkün məskunlaşıb? Həmin müəssisələrin işləməməsi rəhbərlik etdiyiniz qurumun işinə nə dərəcə təsir göstərir?

- Təəssüf ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi baxımından özünün mövcud imkanlarından obyektiv səbəblərdən tam olaraq istifadə edə bilmir. 1989-cu ildən etibarən respublikanın düşdüyü ağır müharibə vəziyyəti, sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməmişdir. “Şuşa”, “İstisu” sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Azərbaycan Həmkarlar İttifaqlarının “Kurort” Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəymişdir.

Cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizində 7000-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Hazırda çarpayı fondunun yalnız 20 faizi sanatoriya-kurort müalicəsi üçün istifadə edilir. Lakin biz inanırıq ki, tezliklə torpaqlarımız erməni təcavüzkarlarından azad olunacaq və Dağlıq Qarabağ problemi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin yaradılmasının 93-cü ildönümü münasibətilə keçirilən möhtəşəm və təntənəli hərbi parad bir daha göstərdi ki, bu missiyanı həyata keçirə bilən nizami ordumuz vardır. Zabit və əsgərlərimiz tükənməz vətənpərvərlik hissi və yüksək döyüş hazırlığı ilə seçilir. Ali Baş Komandan İlham Əliyevin qarşısından inamlı addımlarla keçən igid döyüşçülərimiz ordu quruculuğu sahəsində əldə olunan inkişafı və ölkəmizin hərbi qüdrətini əyani nümayiş etdirdilər. İnanırıq ki, güclü Azərbaycanın güclü ordusu qələbəmizi təmin edəcəkdir.

Bundan ruhlanan 1 milyon 600 min nəfəri özündə birləşdirən, böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən, işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Son illər Azərbaycan Həmkarlar İttifaqlarının işçilərin sağlamlıqlarının qorunması, onların istirahət və müalicələrinin təmin edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilərək Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə 30 nəfər həmkarlar ittifaqı fəalları respublikanın orden, medal və fəxri adları ilə təltif edilmişdir. Biz bu qayğını daim hiss etmişik və onu yüksək qiymətləndiririk.

Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində hökumətlə sıx əməkdaşlıq etməsi Azərbaycan həmkarlar ittifaqlarına göstərilən inam və etimadın bariz nümunəsidir.

 

 

Yeni Azərbaycan.- 2011.- 12 iyul.- S.5.