“İki sahil” – Müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda sadiqlik nümayiş etdirən qəzet

 

Vüqar Rəhimzadə: Tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən “düzü düz, əyrini əyri” deməklə oxucu auditoriyasını genişləndirən “İki sahil” qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu

 

Məlum olduğu kimi, müstəqil, demokratik Azərbaycan mətbuatının inkişafında xüsusi xidmətləri olan “İki sahil” qəzeti 20 yaşını qeyd edir. Bu qəzet Azərbaycanın rəngarəng və zəngin kütləvi informasiya vasitələri platformasında özünəməxsus dəsti-xətti olan, daim mübarizliyi ilə seçilən, həmişə xalqın və millətin maraqlarını müdafiə edən bir qəzet kimi tanınıb. Eyni zamanda, “İki sahil” qəzeti cəmiyyətdə baş verən ictimai-siyasi proseslər zamanı öz obyektivliyini, dürüstlüyünü, səmimiyyətini qoruyub-saxlamağı bacarmış, müstəqilliyimizin ilk illərində baş verən çirkin siyasi oyunlar zamanı, məhz, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının və Ulu öndərimiz Heydər Əliyevin mövqeyini qətiyyətlə və çəkinmədən müdafiə etmiş bir qəzetdir.

Şərəfli fəaliyyət tarixinə sahib “İki sahil” qəzetinin yubileyi ilə bağlı qəzetin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə ilə görüşdük:

- Vüqar müəllim, əvvəla, sizi və kollektivinizi qəzetin 20 illik yubileyi münasibətilə təbrik edirik. Bu qəzet, həqiqətən, müstəqilliyimizin ilk illərində ictimaiyyəti düzgün şəkildə maarifləndirən və istiqamətləndirən mətbuat orqanlarından olub. Bu mənada istərdik “İki sahil” qəzetinin yaranma və fəaliyyət tarixindən danışasınız...

- Mən, ilk növbədə, “Yeni Azərbaycan” qəzetinə təbriklərə görə təşəkkürümü bildirirəm.

Bildiyiniz kimi, “İki sahil” qəzeti 1991-ci ilin 10 iyul tarixində oxuculara təqdim olunub. Qəzet çoxtirajlı “Zavod həyatı” qəzetinin bazasında yaradılıb. Xatırladım ki, 1965-ci ildə mətbuat orqanları sırasına daxil olan “Zavod həyatı” neftçilərin fədakar əməyi, əldə olunan uğurlar barədə ictimaiyyəti ətraflı məlumatlandırırdı. “İki sahil” müstəqil nəşr olduğundan, adı kimi, tutduğu yol və ideya istiqaməti də genişləndi. “Vahid Azərbaycan uğrunda!” devizi altında fəaliyyətə başlayan “İki sahil”in səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı, bu taylı problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olundu. İlk nömrədə “Yurdumuzun ulu daşları” silsiləsindən “Xudafərin körpüləri”, “Təbriz” səndən gileyim var?” kimi yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı. “İki sahil”in respublikamızda və beynəlxalq aləmdə baş verən hadisələr barədə ətraflı və obyektiv məlumatları ictimaiyyətin diqqətini özünə çəkdi.

Qəzetdə siyasətlə bərabər, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olmaqla yanaşı, onların müxtəlif səpkili məktublarının qəzetimizə yol açmasına stimul verirdi. Beləcə, günlər ayları, illəri əvəzlədikcə “İki sahil”in uğurları artdı, oxucu auditoriyası genişləndi, fəaliyyətinin əsasına çevirdiyi müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət prinsipinə sadiqlik özünü hər addımda təsdiqlədi.

- Məlumdur ki, “İki sahil” qəzeti müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi proseslər zamanı Ulu öndər Heydər Əliyevi dəstəkləyib və ictimaiyyətə doğru yol göstərib. Məhz, qəzetin həmin illərdəki fəaliyyətindən bəhs edərdiniz...

- Doğrudur, müstəqilliyimizin ağır günlərində “İki sahil” bu həqiqəti yazdı ki, tarixən hər bir xalq, millət dövlətə rəhbərlik edənlərin səhvlərinin acısını çəkməli olub. Azərbaycan da müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyətə hərislikləri ucbatından böyük faciələrlə üz-üzə qaldı.

Daim azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzusu ilə yaşayan xalqımız 1991-ci ildə yenidən bu istəyinə qovuşsa da, həmin dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət uğrunda mübarizənin dərinləşməsi Azərbaycan adlı bir dövlətin varlığını sual altında qoyurdu. Belə bir çətin dövrdə “İki sahil” qəzeti öz səhifələrində reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaqdan, Azərbaycanın xilaskarının Ulu öndər Heydər Əliyev olduğunu bəyan etməkdən çəkinmədi. Əksinə, bütün bunlardan qürur duydu.

“İki sahil” qəzeti də 1991-1993-cü illərdə müstəqil fəaliyyət göstərsə də, reallıqları təhrif etmədən, olduğu kimi ictimaiyyətə çatdırdığı üçün cəmiyyət tərəfindən yüksək rəğbətlə qəbul olundu.

Mətbuat cəmiyyətin güzgüsüdür. Bu sahədə çalışan qələm sahibləri həqiqəti, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul etməlidirlər. Azərbaycan mətbuatı zamanın tələbinə uyğun təkmilləşib, cəmiyyətin formalaşmasında, demokratiyanın bərqərar olmasında və inkişafında mühüm rol oynayıb. Bu gün də mətbuat daşıdığı missiyanı uğurla yerinə yetirir. Bütün cəmiyyətlərdə baş verən hadisələri əks etdirən informasiyalara böyük ehtiyac olub və olacaq. İctimai fikrin formalaşmasını informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Ən əhəmiyyətli kapitala çevrilən informasiyaların yayılmasında, ehtiyacların ödənilməsində mühüm əhəmiyyətə malik mətbuatın rolu bu baxımdan böyükdür. Təbii ki, zaman keçdikcə informasiyanın cəmiyyətə çatdırılması formaları da dəyişir, təkmilləşir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi. Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-nin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə mənfi təsir göstərən halların yolverilməz olduğunu bildirirdi.

“İki sahil” qəzeti heç vaxt mətbuat azadlığından sui-istifadə hallarına yol verməmiş, bu yolu tutanlara qarşı daim sərt mövqeyini nümayiş etdirmişdir. Qəzet demokratiya yolu tutan Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri, imzalanan fərman və sərəncamları daim səhifələrində ictimaiyyətə çatdırır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Yeni Konstitusiyamızın qəbulu, eyni zamanda, Milli Məclisə seçkilərlə bağlı qəzetimizdə aparılan müzakirələri xatırlatmaq istərdim. “Son sözü xalq deyəcək” sərlövhəli yazıda bir daha qeyd etmişdik: “12 noyabr Azərbaycanın taleyində dönüş günü olacaq. Bu gün ümumxalq referendumu vasitəsilə dövlətin, cəmiyyətin bel sütunu olan Konstitusiya qəbul ediləcək. İllərlə davam edən qanun boşluğuna son qoyulacaq”.

Bir məqamı xüsusi qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının II ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində “İki sahil” qəzetinin də rolunu yüksək dəyərləndirib. Ümummilli liderimiz deyib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.

- Qəzetin yubileyi respublikamızın müstəqilliyinin elan edilməsinin 20 illik yubileyi ilə üst-üstə düşür. Bu baxımdan ötən 20 il ərzində əldə olunan nailiyyətlərdən söz açmağınızı istərdik...

- 20 illik tarixi dövründə “İki sahil” qəzeti qazandığı uğurlarla kifayətlənməyərək daha səylə çalışıb, dövrün mətbuatın qarşısına qoyduğu tələblərə yüksək səviyyədə cavab verməyə səy göstərib. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı dünənki sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artsın.

Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində öndə saxlayan mətbuat orqanı olaraq əldə edilən uğurlarımız dövlətimizin 20 illik müstəqillik tarixi ilə bağlıdır. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 ili qeyd olunacaq. Qəzetimizin 20 illik inkişaf yolunu təhlil edərkən Azərbaycanın ötən müstəqillik tarixində qazandığı uğurları da təhlil etməyə böyük ehtiyac duyulur.

Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında müxtəlif istiqamətli yollar dayanır. Hansı yolun müəyyənləşdirilməsi isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik prinsipinin göstəricisidir. Müstəqilliyimizin ilk illərində yaşanan problemlər həmin dövrün iqtidarının seçdiyi yolun öz maraqlarına xidmət etdiyini açıqladı. Ölkədə ictimai-siyasi durumun gərginliyi, xaos, anarxiya və özbaşınalığın baş alıb getməsi bütün sahələrdə tənəzzülün dərinləşməsinə səbəb oldu. Lakin dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müxtəlif yönümlü yollar arasında ən uğurlusu seçildi. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf, tərəqqi yoluna çıxdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil oldu.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərkən Onun özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi möhtərəm İlham Əliyevə tapşırmasını da mütləq qeyd etməliyik. 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. Beş ildə hər bir vədin konkret əməli işdə təsdiqi cənab İlham Əliyevin 2008-ci ildə keçirilən növbəti prezident seçkilərində qələbəsini təmin etdi. 15 oktyabr 2008-ci il prezident seçkilərində xalqın 88,73 faiz səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. 2003-cü ildən ötən 7 ildən artıq dövr ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Son yeddi ilin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili, Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi çətin, lakin şərəfli vəzifələri yerinə yetirəndə daim ölkəmizin gələcəyini düşünmüş, hər bir məsələyə milli maraqlar baxımından yanaşmışdır. Cənab İlham Əliyev dövlət başçısı vəzifəsinə gələnə qədər çalışdığı sahələrdə daim belə bir fikri qabarıq şəkildə diqqətə çatdırırdı ki, biz gələcəyə baxmalıyıq.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən ölkənin uzunmüddətli inkişaf proqramlarını müəyyənləşdirdi: Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi üçün ciddi tədbirlər görülməli, sahibkarlara dövlət tərəfindən kömək artırılmalı, regionların hərtərəfli inkişafı üçün dövlət proqramları qəbul edilib icrasına başlanılmalı, ölkənin elektrik enerjisi və təbii qazla təmin olunmasına dair proqramlar hazırlanmalı, bütün istiqamətlərdə infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün digər zəruri tədbirlər görülməlidir.

Bu günə qədər əldə etdiyimiz uğurlar “İki sahil” qəzetinin daim diqqətində olub, geniş işıqlandırılıb. Azərbaycanın bu günü, sabahı üçün atılan hər bir addım, əldə olunan uğur qəzetimizin səhifələrində mühüm yer tutur.

Bu gün böyük fəxrlə deyə bilərik ki, Azərbaycanın güclü siyasi lideri, xalqın həyat səviyyəsini yüksəltməyə xidmət edən təbii sərvətləri var. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır.

Qeyd etdiklərimiz Azərbaycanın 20 illik müstəqillik tarixində keçdiyi inkişaf yoluna qısa bir baxışdır. Bununla paralel olaraq bu gün 20 illik yubileyini qeyd etməyə hazırlaşan “İki sahil” qəzetinin keçdiyi yola nəzər saldıq. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 20 ilinin qəzetimizin 20 illiyi ilə üst-üstə düşməsi təsadüfi xarakter daşımır. Bu, bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən “düzü düz, əyrini əyri” deməklə oxucu auditoriyasını genişləndirən “İki sahil” qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu.

 

 

Yeni Azərbaycan.- 2011.- 12 iyul.- S.5.