Azərbaycançılıq
dünya azərbaycanlılarını birləşdirən
vahid ümummilli ideologiyadır
Müstəqil dövlətin yaranması,
formalaşması üçün zəruri olan amillərdən
biri də həmin dövlətin ərazisində məskunlaşmış
xalqın və ya xalqların vahid ideologiya ətrafında birləşməsi,
bu ideologiyanın əsaslarını özləri
üçün qəbul etmələridir. Vahid, mərkəzləşdirilmiş
dövlətin yaranması üçün bu məqam
xüsusi əhəmiyyət daşıyır. Çünki hər hansı siyasi-ictimai və ya təbiət
hadisəsinin müəyyən zaman kəsiyində insanlar bir
yerə toplanırsa, fərdin enerjisi kütlənin, bəzən
də millətin enerjisinə çevrilə bilirsə, səbəb
kimi ortada olan faktorun aradan qalxması bu birliyin pozulmaması və
ardıcıl inkişaf üçün müəyyən
ideologiyanın mütləqliyini ehtiva edir. Bu ideyanın olmadığı təqdirdə yaranan
birlik müvəqqəti xarakter daşıyacaq,
öz-özünə dağılacaq, bəzi hallarda isə
yeni dağıntılara səbəbolma ehtimalını
gücləndirəcək. Hadisələrin belə
neqativ istiqamət alması isə həm dövlətin
ictimai, iqtisadi, sosial həyatında destruktiv fəsadlar yarada
bilər, həm də xalqların bu və digər formalarda
miqrasiyaya məruz qalmasını şərtləndirər...
Milli birliyi və tarixi köklərinə
bağlılığı xalqımızın ağır
sınaqlardan üzüağ çıxmasını şərtləndirib
Tarixin bütün dönəmlərində çətinliklərlə
üzləşmiş, ən ağır sınaqlara
düçar olmuş Azərbaycan xalqı da zaman-zaman bu
cür dolanbaclı, taleyüklü məqamlarla üz-üzə
dayanıb. Lakin milli birliyi, kökünə, milli-mədəni
xüsusiyyətlərinə bağlılığı Azərbaycan
xalqının tarixin ağır sınaqlarından
üzüağ çıxmasına yardım edən başlıca
amillərdən olub. Zaman-zaman ölkəmizə,
torpaqlarımıza göz dikən yadellilərə,
xalqımıza qənim kəsilən düşmənlərə
qarşı mübarizədə xalqımızı əyilməz
edən, ayaqda saxlayan milli birlik, həmrəylik,
qarşılıqlı yardımlaşma olub. Təbii ki, birliyin formalaşması və davamlı
olması üçün hər bir azərbaycanlı öz
milli mənsubiyyətindən qürur hissi duymalı, milli dəyərlərimizin,
ənənələrimizin yaşadılmasında maraqlı
olmalıdır. Onu da qeyd etmək yerinə
düşər ki, azərbaycanlılar yaşadığı
cəmiyyətin həyat tərzinə uyğunlaşmaqla,
ictimai həyatda aktiv rol oynamaqla yanaşı, xalqımıza
xas olan milli keyfiyyətləri də qoruyub saxlamağa və
yaşatmağa qadir olan bir toplumdur. Bu
gün dünyanın müxtəlif ölkələrində
mövcud olan milli diasporumuzun möhkəmlənməsi, təşkilatlanması
məhz soydaşlarımızın vahid məqsəd, ideya ətrafında
səylərini birləşdirməsi nəticəsində
mümkün olub.
Azərbaycan diasporunun zəngin
tarixi...
Hazırda mütəşəkkil şəkildə fəaliyyət
göstərən Azərbaycan diasporunun yaranma tarixi, əslində,
çox qədimdir. Bu tarixə nəzər saldıqda, milli
diasporumuzun həqiqətən də parlaq inkişaf yolu
keçdiyini, təkcə öz mövcudluğunu və milli
keyfiyyətlərini qoruyub saxlamaqla məhdudlaşmayaraq, eyni
zmanda, dünya xalqlarının mədəniyyətinə
böyük töhfələr bəxş etdiyini, ictimai-siyasi
həyatına təsir göstərdiyini söyləyə bilərik.
Tarixi ənənələrin öyrənilməsi isə
müasir diasporumuzun formalaşmasında və
gücünün artmasında faydalı ola
bilər. Qeyd etdiyimiz kimi, uzun bir məsafə qət
edən milli diasporun inkişaf tarixi bir neçə mərhələyə
bölünür.
VII əsrin sonu VIII əsrin əvvəllərini əhatə
edən birinci dövr xilafət qoşunlarının ölkəmizə
hücumları, İslam dininin yayılması, ərəbdilli
elm və mədəniyyətin inkişafı nəticəsində
azərbaycanlıların Yaxın və Orta Şərqdə
yerləşən şəhərlərə axını ilə
səciyyələnir. X-XIX əsrləri əhatə edən
ikinci mərhələdə əslən Azərbaycandan olan
yüzlərlə alim və tələbənin Yaxın Şərqin
elm və mədəniyyət mərkəzlərində biliklərə
yiyələnməsi, milli təfəkkürümüzün
region xalqlarının şüuruna əhəmiyyətli dərəcədə
təsiri özünü göstərib.
Milli diasporun formalaşmasının III mərhələsi
Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalından sonrakı dövrə təsadüf edir. Bu dövrdə
Azərbaycanın ziyalı təbəqəsinin Rusiya cəmiyyətinə
inteqrasiyası, bu ölkənin elm və mədəniyyətinin
inkişafına təkan verməsi, habelə Qərb elminin
ölkəmizə nüfuzu baş verib. Diasporun
formalaşmasında növbəti mərhələ
bolşevik işğalı və Azərbaycan Demokratik
Cümhuriyyətinin süqutundan sonra təqib və
repressiyalarla əlaqədar olaraq toplumun ictimai-siyasi fəal
hissəsinin mühacirəti, həmçinin, Avropada Azərbaycan
diasporunun təşəkkülü ilə
bağlıdır. II Dünya müharibəsi
illərində cəbhədə döyüşən azərbaycanlılardan
əsirlikdə olanların bir hissəsinin geriyə qayıda
bilməməsi nəticəsində bir sıra Avropa ölkələrində
soydaşlarımızdan ibarət icmaların yaranması
diasporun formalaşmasının V mərhələsi kimi qiymətləndirilir.
Eyni zamanda, XX əsrdə İranda baş verən
ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən
on minlərlə azərbaycanlının Qərb ölkələrinə
mühacirəti Azərbaycan diasporunun genişlənməsinin
mühüm mərhələlərindən birini təşkil
edib. Keçmiş SSRİ-nin
dağılmasından sonra xarici ölkələrdə azərbaycanlıların
yeni nəsillərinin məskunlaşması isə milli
diasporun təşəkkülünün son mərhələsi
hesab olunur.
Əksər ekspertlərin vurğuladıqları kimi,
sözügedən mərhələlərin hər birində
Azərbaycan diasporu müxtəlif aspektlərdən inkişaf
edərək, zəngin təcrübə qazanıb. Eyni zamanda,
milli diasporumuzun formalaşmasının əsasən birinci və
ikinci mərhələlərində azərbaycanlıların
Yaxın Şərqdə mədəniyyətin
inkişafında çox böyük rolu olub.
İsmayıl ibn Yəsar, Xətib Təbrizi kimi görkəmli
şairlərimiz, Nəsrəddin Tusi, Əbdürrəşid
Bakuvi kimi dövrün tanınmış alimlərinin zəngin
yaradıcılığı region xalqlarının elmi, mədəni
nailiyyətləri içərisində özünəməxsus
yer tutub.
Diasporumuzun inkişafında ən
mühüm mərhələ
Müasir diasporumuzun formalaşması 1970-ci illərdə
azərbaycanlı tələbələrin Rusiya və Şərqi
Avropa ölkələrinə təhsil almağa göndərilməsi
ilə əlaqədardır. Xüsusi olaraq
vurğulamaq yerinə düşər ki, azərbaycanlı tələbələrin
Sovet İttifaqının müxtəlif yerlərinə təhsil
almaq məqsədilə göndərilməsi Ümummilli lider
Heydər Əliyevin Azərbaycan elminin və diasporunun
inkişafına xidmət edən uzaqgörən siyasətinin
nəticəsi idi. Həmin ali təhsil
müəssisələrində oxuyan azərbaycanlı tələbələrin
bir hissəsi geri qayıdaraq öz biliklərini elmimizin
inkişafına yönəldirdisə, digər bir hissəsinin
təhsil aldığı ölkədə qalıb
yaşaması Azərbaycan diasporunda tərkib etibarilə
ziyalıların çəkisinin artmasına kömək
edirdi.
Azərbaycan diasporunun formalaşmasında mühüm mərhələ
olan ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin
əvvəllərində Sovet İttifaqının
dağıldığı dövrdə yaşanan mühacirət
dalğasının ardınca diasporumuzun sürətli təşkilatlanması
prosesi başlandı. Bu prosesin gedişatına xüsusi əhəmiyyət
verən Ulu öndər Heydər Əliyev müxtəlif
ölkələrdə yaşayan soydaşlarımızın
təşkilatlanmasına dövlətin hərtərəfli
maddi-mənəvi dəstəyini təmin etdi.
Azərbaycançılıq
ideyası xalqımızı və dünyada yaşayan
bütün azərbaycanlıları vahid amal ətrafında
birləşdirdi
1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini
xilas etməklə yanaşı, xalqımızı vahid
ideologiya ətrafında birləşdirilməsinin əsasını
qoydu. Ulu öndər Heydər Əliyevin irəli
sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını,
dünya azərbaycanlılarını və Azərbaycana
bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında
birləşdirə bildi. Bu vahid bir
dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan
ölkəsinin yaranmasında ən böyük rola malik olan AZƏRBAYCANÇILIQ
ideyası idi. Ümummilli liderimiz Heydər Əliyev
deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər
bir azərbaycanlı öz milli mənsubiyyətindən
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq”.
Ümummilli
liderimiz Heydər Əliyev azərbaycançılığı
milli ideyaya çevirməklə, ölkənin daxilində
yaşayan onlarla xalqı bu ideyanın ətrafında birləşdirməyə,
milli - etnik ayrı-seçkiliyin aradan qaldırılmasına,
ölkədə ictimai-siyasi stabilliyi yaratmağa, dövlətin
inkişaf konsepsiyasını qurmağa nail oldu. Məhz bu ideologiya ətrafında sıx birləşən
Azərbaycan xalqı vahid ideya-dövlətin inkişafı
ideyasını prioritet olaraq qarşısına qoydu və
bütün enerjisini bu istiqamətə yönəltdi. Bu, həm də müasir, qloballaşan dünyada
milli kimliyimizin tanınması istiqamətində mühüm
bir addım idi.
Azərbaycançılıq ideyasının ən
mühüm komponentləri, təməl olaraq “dövlətçilik”
və “vətənpərvərlik” ideyalarıdır. Məhz azərbaycançılıq
ideyası Azərbaycana qarşı bir çox istiqamətlərdən
yönələn təhdidlərin, ölkəmizi etnik
bölücülük əsasında parçalamaq cəhdlərinin
qarşısında güclü ideoloji və siyasi sipər
oldu. Çünki azərbaycançılıq
bizim keçmişimizdən gələn dəyər olaraq
vahid Azərbaycanın ideya əsası, ölkədə
bütün konfessiya və etnosların həmrəylik və
anlaşma içində birgəyaşayışının
tarixi təcrübəsidir. Heydər Əliyev
öz çıxışlarında bir vacib məqamı hər
zaman diqqətə çatdırıb ki, Azərbaycanın
çoxmillətli, tolerant ölkə olması bizim
böyük sərvətimizdir və biz bunu qoruyub
saxlamalı, dünyaya ən yüksək səviyyədə
təbliğ etməliyik.
Azərbaycançılıq ideologiyası, bir tərəfdən,
Azərbaycan türklərinin ölkədəki digər etnik
qruplara tolerant münasibətinin, sülh içində
yaşamaq istəyinin bariz göstəricisidirsə, digər
yandan, Azərbaycanın Türk dünyasının
ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı
realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan
türk dövlətləri arasında da bəlağət və
pafosdan uzaq, səmimi və qarşılıqlı-faydalı
tərəfdaşlıqdan yana olduğunu
daima nümayiş etdirir.
Azərbaycanda vətəndaş sülhünü,
ümumxalq vəhdətini, milli və dini
tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın
digər tarixi missiyası dünya azərbaycanlılarının,
müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızın birlik və həmrəyliyinin təmin
olunmasından ibarətdir. Heydər Əliyev hələ
Sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün
mövcud reallıqları çərçivəsində
xaricdəki (təbii ki, ilk növbədə, keçmiş
SSRİ məkanında) azərbaycanlı diasporunun təşəkkül
tapmasına mümkün dəstəyi göstərirdi. Ulu öndər müstəqil Azərbaycanın
Prezidenti olduqdan sonra bu fəaliyyəti dövlətimizin xarici
siyasətinin prioritet istiqamətlərindən birinə
çevirdi.
Hər bir azərbaycanlının
prezidenti
Sevindirici haldır ki, əsası Ulu öndərimiz tərəfindən
qoyulan milli birlik siyasəti bu gün Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Hələ dövlət
başçısı kimi ilk andçimə mərasimində:
“Mən hər bir azərbaycanlının PREZİDENTİYƏM”,
– söyləyən Prezident İlham Əliyev bu fikri əməli
fəaliyyəti ilə sübuta yetirdi. Bu
gün Azərbaycanda bütün sahələr üzrə
müşahidə olunan inkişaf trayektoriyalarının
arxasında milli birlik formulu, sabitlik amili dayanır. Məhz bu milli birlik ölkəmizin dünyaya
inteqrasiyasının tam, kompleks halda həyata keçməsinə
təminat verir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən
biri milli adət-ənənələrimizin təmin
olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”.
Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni
zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub
saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da
azərbaycançılıq fəlsəfəsi təmin edir:
“Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində
idi. Biz müxtəlif dövrlərdə
başqa-başqa dövlətlərin tərkibində
yaşamışıq. Amma öz milli
xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun
hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya
bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz
qorunub saxlanılıbdır. Budur, hər
bir xalqın milli identifikasiyasını şərtləndirən
əsas məsələlər”.
Diaspor təşkilatlarımızın
sayı 416-ya çatıb
Təbii ki, Azərbaycan dövlətinin
gördüyü məqsədyönlü tədbirlər
artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 5 il
əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda
onların sayı 416-ya çatıb. Həmçinin,
keçən qurultay zamanı Azərbaycanın 46 səfirliyi
və konsulluğu var idi. Hazırda isə
onların sayı 65-ə çatıb. Yaxın
zamanlarda 8 ölkədə yeni səfirlik və konsulluğun
açılması nəzərdə tutulur.
Bu gün təqribi sayı 50 milyon nəfər olan
dünya azərbaycanlılarının 10 milyondan çoxu
dünyanın 5 qitəsində yaşayır. ABŞ-da 1 milyon, Kanadada 170
min, Meksikada 27 min, Braziliyada 75 min, Argentinada 12 min, Türkiyə
və Rusiyada milyonlarla, Ukraynada, Belarusda, Almaniyada, Böyük
Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada,
İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə,
Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada,
Portuqaliyada on mindən çox azərbaycanlı
yaşayır və fəaliyyət göstərir. Digər Qərb ölkələrində məskunlaşmış
azərbaycanlıların sayı 2-10 min nəfər
arasındadır.
Azərbaycan diasporunun böyük bir hissəsi Asiya qitəsində
məskunlaşıb. Onların sayı Banqladeş, Hindistan, Əfqanıstan,
Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz
minlərlə, İndoneziyada, Yəmən Ərəb
Respublikasında, Yəmən Demokratik Respublikasında,
Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində,
Omanda, Səudiyyə Ərəbistanında, Suriyada on minlərlə
ifadə olunur, İraqda isə təqribən bir milyona
çatır. Afrika qitəsində məskunlaşmış
azərbaycanlıların sayı Misir və Əlcəzairdə
yüzminlərlə, Sudanda isə 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan
araşdırmalar nəticəsində Cənubi Afrika
Respublikası və Zairdə də
soydaşlarımızın məskunlaşdıqları
müəyyən edilib. Avstraliya qitəsində
isə təxminən 10 minə yaxın azərbaycanlının
yaşadığı barədə məlumatlar var.
Eyni
zamanda, bir sıra dövlətlərdə - ABŞ, Rusiya,
Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya,
Kanada, İraq, Braziliya, Argentina, Skandinaviya, Benilüks və
Şərqi Avropa ölkələrində məskunlaşmış
azərbaycanlıların sayı imkan verir ki, onlar ictimai-siyasi
proseslərdə yaxından və daha aktiv iştirak etsinlər.
Bundan başqa, onlar azərbaycanlıların
sayının milyonlarla, yüz minlərlə olduğu
dövlətlərin siyasi palitrasında böyük gücə
malik etniklər kimi qəbul edilir.
III Qurultay Azərbaycan diasporunun gələcək
fəaliyyət istiqamətlərini müəyyənləşdirdi
Bir neçə gün öncə isə bütün
dünya azərbaycanlıları növbəti dəfə
paytaxtımızda bir araya gəldi. Dünya azərbaycanlılarının
III qurultayı təbii ki, diaspora siyasətində yeni mərhələnin
başlanğıcı sayılmalıdır. Eyni zamanda, III qurultay indiyə qədər
görülən işlərin hesabatı kimi xarakterizə
olunmaqla yanaşı, gələcəkdə qarşıda
duran vəzifələrin müəyyənləşməsində
də böyük rol oynadı.
Qeyd etmək
yerinə düşər ki, bu gün Azərbaycan diasporunun
daha da gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara
öz milli-mənəvi dəyərlərini qoruyub
saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ
etmələri, yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında fəal rol oynamaları
üçün Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan dövləti qayğı göstərir,
diasporumuzun problemləri diqqət mərkəzində
saxlanılır. III qurultay bir daha göstərdi ki, müasir
qloballaşan dünyada xalqlar arasında gedən sürətli
inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının
beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycan
dövlətinin öz diasporu ilə sıx əməkdaşlığını
labüd edir və bu əməkdaşlıq dövlətin
beynəlxalq dayaqlarının daha da möhkəmləndirilməsində
böyük rol oynayır. Bu mənada Dünya
azərbaycanlılarının III qurultayı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin diaspor
quruculuğu işinə xüsusi diqqət yetirdiyini bir daha
önə çəkdi. Ölkə
başçısı III qurultaydakı
çıxışında da vurğuladı ki, bütün
dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və
öz dövlətlərinin maraqları uğrunda fəaliyyət
apardıqlarını nümayiş etdirdi: “Mən bir daha demək
istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların
üçüncü qurultayı çox əlamətdar
hadisədir. İlk növbədə, ona görə
ki, yenə də biz bir yerə yığışdıq.
Yenə də həm Azərbaycan xalqına, həm
bütün dünyaya göstərdik ki, biz bir yerdəyik.
Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim
qürur mənbəyimizdir”.
Dünya azərbaycanlılarının III qurultayı həm
də bir məqamı ilə xüsusi diqqət çəkdi. Bu, harada yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlının öz
milləti, dövləti üçün lazımi anda səfərbər
ola biləcəyini göstərdi. Xalqımızın övladlarının Vətənə
bağlılığı, ölkəsinə sevgisi məsafə
ilə ölçülmür və hər bir azərbaycanlı
dünyanın istənilən nöqtəsində öz milli
maraqları uğruna birləşməyi bacarır.
Prezident İlham Əliyev çıxışında bildirdi
ki, Azərbaycan dünyanın istənilən nöqtəsində
yaşayan azərbaycanlının Vətənidir: “Bizim xaricdə
yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır.
Onlar öz doğma Vətəninə
bağlı olan adamlardır. Bizi fərqləndirən
əlamət ondan ibarətdir ki, harada
yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə
bağlıyıq. Bura bizim vətənimizdir,
hamımızın vətənidir. Müstəqil
Azərbaycan bütün azərbaycanlıların vətənidir.
Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan
dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq
məfkurəsi! Mən arzu edirəm ki,
dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər
ki, onların arxasında güclü Azərbaycan dövləti
dayanır və onlar hər zaman Azərbaycan dövlətinə
arxalana bilərlər”.
Dünya azərbaycanlılarının III qurultayı həqiqətən
də gələcək üçün bir proqram xarakteri
daşıdı. Məhz bu qurultayda ötən illər ərzində
görülən işlərə qiymət verildi, dəyərləndirildi.
Diasporumuzun bir sıra nümayəndələrinə
verilən orden və medallar, fəxri adlar bu dəyərləndirmənin
tərkib hissəsi idi. Bu, həm də dövlət
başçımızın Azərbaycan diasporunun xarici
ölkələrdəki fəaliyyətilə birbaşa, yaxından
maraqlandığından, onlarla tanış
olduğundan xəbər verir. Digər tərəfdən,
Prezident İlham Əliyev diaspora nümayəndələrinin
fəaliyyətini dəyərləndirməklə onlara gələcək
fəaliyyətlərində stimul vermiş oldu.
Prezident gələn qurultayadək
yeni tapşırıq verdi...
Bu artıq qəbul edilmiş bir faktdır ki, hər
hansı bir xalqın nümayəndələri
yaşadıqları, fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi, hətta sosial-mədəni həyatında
nə qədər aktiv olarlarsa, mənsub olduqları xalqın
və dövlətin maraqlarını bir o qədər
güclü müdafiə edə bilərlər. Bu cür
emprik fikirlərin real həyatda öz əksini
tapdığının dəfələrlə şahidi
olmuşuq. Məsələn, ABŞ
Konqresində yer almış yəhudi nümayəndələr
İsrailin maraqlarını ciddi cəhdlə müdafiə
edir və eyni zamanda, rəsmi Vaşinqtonla Təl-Əviv
arasında müxtəlif aspektli münasibətləri
möhkəmləndirirlər. Və ya Qərbi
Avropa dövlətlərinin parlamentlərində də yer
almış müxtəlif xalqların nümayəndələri
mənsub olduqları dövlətin mənafeyini qoruyurlar.
Əlbəttə ki, etnik və dini baxımdan fərqli
xalqın nümayəndəsinin başqa ölkənin
dövlət və ya hökumət işlərində yer
alması üçün həm sosial, həm də iqtisadi
kapitala ehtiyac duyulur. Digər tərəfdən
isə, bu işdə yaşadığı ölkənin
ictimai-siyasi həyatında fəallığını
artırmağa çalışanlara mənsub olduqları xalqın
və dövlətin nüfuzu da köməklik edir. Bir sözlə, sadaladığımız faktorlar
ortada olunca, artıq mənsub olduğun xalqın və
dövlətin maraqlarını yaşadığın, fəaliyyət
göstərdiyin ölkənin birbaşa siyasi və ya iqtisadi
mətbəxində təmin etmiş olursan. Beləliklə də, mənsub olduğun xalqın
nümayəndələri, diasporası həmin ölkənin
daxili siyasətinin amilinə çevrilir. Düşünürük
ki, artıq bu cür praktika Azərbaycan diasporası
üçün əhəmiyyətli olmalıdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının
III qurultayında çıxışı zamanı
diasporamızın qarşısına, məhz, bu vəzifəni
də qoyub: “Xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız o ölkələrin daxili
siyasətinin amilinə çevrilməlidir. Artıq
bunun vaxtı gəlib çatıb. Həm
ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın
güclənməsi qarşımızda indi belə imkanlar
açır. Soydaşlarımız – azərbaycanlılar
yaşadıqları ölkələrdə dövlət,
hökumət qurumlarında təmsil olunmalıdırlar”.
Dövlət
başçısı İlham Əliyev bir daha
vurğulayıb ki, onların sayı da bəzi hallarda buna
imkan verir: “Qanunvericilik orqanlarında təmsil
olunmalıdırlar. Bunu etmək
üçün azərbaycanlılar arasında
qarşılıqlı dəstək və birlik daha da
güclü olmalıdır. Mən hesab
edirəm ki, bu, realdır”.
Geniş istiqamətli araşdırmalar da sübut edir ki,
Prezident İlham Əliyevin diaspora nümayəndələrimizin
qarşısına qoyduğu məlum vəzifəni yerinə
yetirmək üçün hər cür şərait var. Əvvəla,
yuxarıda da qeyd etdiyimiz kimi, diaspor üzvlərimizin sayı
milyonlarla ifadə olunur. İkincisi, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlıların əksəriyyətinin
sahibkar təbəqəsindən olması bu işdə bizim
iqtisadi kapital problemimizi də həll etmiş olur. Yəni, seçkili orqanlarda iştirak
üçün keçiriləcək təbliğat
kampaniyasına lazım olan maliyyə problemi, məhz, bu
cür həll oluna bilər. Digər tərəfdən,
bu gün Azərbaycanın dünyada demokratik, insan
hüquqlarına hörmətlə yanaşan, qlobal təhlükəsizlik
məsələsinə özünəməxsus şəkildə
töhfə verən ölkə kimi tanınması, eyni
zamanda, səfirliklərin, konsulluqların, nümayəndəliklərin
sayının kifayət qədər olması da diaspora
nümayəndələrimizin nüfuzunu artırır.
Dünyanın bir sıra böyük və geosiyasi
baxımdan əhəmiyyətli dövlətlərində
yaşayan azərbaycanlıların böyük əksəriyyətinin
ziyalılardan ibarət olması isə bizim
qarşımıza qoyulmuş vəzifənin həyata
keçirilməsi üzrə şansımızı daha da
artırır.
Göründüyü kimi, Prezident İlham Əliyevin
diasporamız qarşısında qoyduğu vəzifəni
yerinə yetirmək üçün sadəcə təşəbbüskarlıq
göstərmək lazımdır. “Ümid edirəm ki, biz növbəti
qurultaya qədər artıq bu barədə də
yaxşı xəbərlər eşidəcəyik” deyən
Prezident İlham Əliyev bir daha diqqətə
çatdırıb ki, bu həm orada yaşayan azərbaycanlılar
üçün bir dəstək, dayaq olacaq, həm də
ölkəmiz üçün: “Çünki xaricdə azərbaycanlılar
nə qədər güclü olsa, dövlətimizin
maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa,
soydaşlarımız özlərini o qədər də əmin,
rahat hiss edəcəklər. Ona görə
də, hesab edirəm ki, diaspor təşkilatlarının
bütövlükdə və onların üzvlərinin fərdi
qaydada real siyasətə, real işlərə daha da fəal cəlb
edilməsi çox arzuolunan bir məsələdir. Əlbəttə, siz daim Azərbaycan dövlətinin
dəstəyinə arxalana bilərsiniz”.
Azərbaycan dövləti diasporumuzun
inkişafında xidmətləri olan
soydaşlarımızı mükafatlandırdı
Əlbəttə ki, bütün bunlar-Dünya azərbaycanlılarının
III qurultayında səsləndirilən dəyərli fikirlər,
o cümlədən, qarşıya qoyulan proqram və məqsədlər,
diaspor nümayəndələrimizin fəaliyyətinin qiymətləndirilməsi
bu insanların fəaliyyətindəki məsuliyyəti də
artırmış olur. İkinci bir tərəfdən, Azərbaycan
diasporu artıq öz uğurlu fəaliyyəti ilə,
keçirdiyi tədbirlərlə, xaricdə ölkəmizin
tanınmasında gördüyü işlərlə
formalaşdığını, böyük təcrübə
qazandığını sübuta yetirib.
Dünya azərbaycanlılarının III qurultayı həm
də dövlətimizlə diasporumuzun əlaqəli, planlı
şəkildə fəaliyyət nümayiş etdirdiyini və
hər bir məqamda yalnız dövlətimizin və
xalqımızın milli maraqlarını, mənafeyini
düşündüyünü ortaya çıxardı. Azərbaycan diasporunun
inkişafındakı xidmətlərinə görə təltif
olunmuş bir qrup şəxsə mükafatların təqdim
edilməsi mərasimində çıxış edən Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev bildirib ki, Prezident Administrasiyasında diaspor
təşkilatların fəaliyyəti haqqında geniş məlumatlar
alınır: “Bu da bizi sevindirir. Ona görə
ki, Azərbaycan diasporunun fəaliyyəti artıq istər-istəməz
öz təsirini yaşadıqları ölkələrdə
də göstərir. Dövlət və
hökumət qurumları onların fəaliyyətinə,
qaldırdıqları məsələlərə öz
reaksiyalarını verirlər. Bu da
çox yaxşı haldır. Bu mənada
ki, Azərbaycanın artıq qüdrətini,
gücünü təkcə diaspor təşkilatlarında
yox, həmin ölkələrdə də hiss edirlər”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Yeni Azərbaycan.-
2011.- 12 iyul.- S.4.