Azərbaycan diasporası mütəşəkkil qüvvəyə çevrilib

 

Amerikadakı diaspora təmsilçilərimizin qənaətinə görə, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi qayğı sayəsində formalaşan diaspora təşkilatlarının fəaliyyəti ölkəmizin beynəlxalq miqyasda gücünü artıran faktor kimi çıxış edir

 

- Tomris xanım, Dünya azərbaycanlılarının III qurultayını necə dəyərləndirirsiniz?

- Tomris Azəri: Dünya azərbaycanlılarının III qurultayı təşkil edilmə və keçirilmə səviyyəsinə görə olduqca yüksək qiymətləndirilməlidir. Qurultayda söylənilən fikirlər, verilən ideyalar dünya azərbaycanlılarının, diaspor təşkilatlarının bundan öncəki fəaliyyətini səciyyələndirməklə bərabər, perspektiv fəaliyyət üçün də strateji istiqamətlər müəyyən edir. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxış etdi. Prezident İlham Əliyev çıxışında diaspor təşkilatlarına öz tövsiyələrini verdi. Onun səsləndirdiyi fikirlər, ifadə etdiyi ideyalar diaspor təşkilatlarının fəaliyyətinin əsas tezisləri olmalıdır. Bu baxımdan, Prezident İlham Əliyevin söylədiyi fikirlər, verdiyi tövsiyələr bizim üçün də fəaliyyətimizdə əsas tutacağımız prinsiplər və müddəalar olacaqdır.

- Prezident İlham Əliyevin növbəti tövsiyəsi diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdə ticarət evlərinin yaradılması oldu. Bu tövsiyəyə münasibətiniz necədir?

- T.A.: Əlbəttə ki, diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdə ticarət evlərinin yaradılması ölkələrarası ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etməklə yanaşı, diaspor təşkilatlarının fəaliyyətinin effektivliyini artıran amildir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin sözügedən tövsiyəsi olduqca xüsusi önəm kəsb edir. Onu da qeyd edim ki, Amerika Azərbaycanlıları Cəmiyyətinin Vaşinqtonda Ticarət evi var. Cəmiyyətimizin Nyu-Cersidə Mədəniyyət Mərkəzi mövcuddur. 4 il öncə Amerika Azərbaycanlıları Cəmiyyətinin 50-ci il dönümündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bizə təbrik məktubu göndərdi. Eyni zamanda, o zamankı ABŞ prezidenti Corc Buş da bizə təbrik məktubu ünvanladı. Növbəti il Amerika Azərbaycanlıları Cəmiyyətinin 55-ci il dönümüdür. Bu ərəfədə Cəmiyyətimiz üçün böyük bir binanın-mərkəzin açılmasını istəyirik.

- Tomris xanım, siz Dünya azərbaycanlılarının II qurultayında da iştirak etmisiniz. O zamandan bu günədək dünya azərbaycanlılarının diaspor kimi təşkilatlanmasında və müvafiq fəaliyyətində hansı dəyişiklikləri müşahidə etmisiniz? Başqa sözlə, diaspor təşkilatlarının fəaliyyət mexanizminin səmərəlilik səviyyəsində və inkişaf tempində hansı irəliləyişlərdən bəhs etmək olar?

- T.A.: Məlum olduğu kimi, Dünya azərbaycanlılarının II qurultayı 16 mart 2006-cı il tarixində Bakı şəhərində  keçirilmişdi. O zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultayda proqram xarakterli geniş nitq söyləmiş və Dünya azərbaycanlılarının, diaspor təşkilatlarının qarşısında strateji əhəmiyyətli vəzifələr qoymuşdu. Məhz həmin vəzifələrə müvafiq surətdə diaspor təşkilatları daha məqsədyönlü və əzmkar şəkildə çalışmaqla bir çox nailiyyətlərin əldə edilməsinə nail oldular. Onu da deyim ki, əsasını qoyduğumuz “Pax Turcica” təşkilatının fəaliyyətinin fonunda biz mükəmməl bir operativ sistem yaratmışıq. Bu sistem sayəsində 1 dəqiqə ərzində həm ABŞ administrasiyasına (Prezidentdən tutmuş yüksək çinli məmurlaradək - T.A.), həm də bütün media orqanlarına məktublar göndəririk. Və bu məktubların cavablarını da alırıq. Eyni zamanda, göndərdiyimiz məktublar media orqanlarında, ABŞ-dakı aparıcı nəşrlərdə dərc olunur.

Nəticə etibarilə, bu 5 il ərzində həm təşkilatlanma səviyyəsində, həm də fəaliyyətimizin effektivliyinin artırılması istiqamətində əhəmiyyətli nailiyyətlər və nəticələr əldə olunub.

- Məlum olduğu kimi, Prezident İlham Əliyev bildirib ki, bir millətin iki diasporu ola bilməz. Bu, həqiqətən də, diaspor təşkilatlarının fəaliyyət mexanizmi və oriyentasiyasının ideoloji əsasını təşkil edən fəlsəfi tezis səciyyəsi daşıyır. Bu istiqamətdə hansı nəticələr əldə edilib?

- T.A.: Türk və Azərbaycan diaspor təşkilatları hər zaman bərabər və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ifadəsi, həqiqətən, diaspor təşkilatlarının birliyi və həmrəyliyini təmin edən mükəmməl ideyadır. Biz də bu ideyanı rəhbər tutaraq bəhs edilən istiqamətdə daha məqsədyönlü və sistemli fəaliyyət göstərməliyik. Çünki biz eyni amala xidmət edirik. Türk və Azərbaycan diaspor təşkilatları daim birgə konfranslar keçirir, piketlər təşkil edir və eyni amal, ortaq dəyər və məqsəd uğrunda əzmlə çalışırlar. Xüsusilə də, 24 aprel tarixində qondarma “erməni soyqırımı” məsələsi gündəmə gətirildikdə, ermənilər piket keçirdikdə biz onların əksinə olaraq Türkiyə və Azərbaycan bayraqlarını qaldırır və həqiqətləri ifadə edirik.

Gələn il fevralın 26-da Xocalı faciəsinin iyirminci ildönümündə Nyu-Yorkda kütləvi piket keçirməyi planlaşdırırıq. Eyni zamanda, meydanda monitorlar vasitəsilə Xocalı soyqırımına dair filmlər nümayiş etdiriləcək.

- Erhan bəy, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə, əlaqələndirilmiş  fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Vaxtilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədiyi “bir millət, iki dövlət” ifadəsi Türkiyə və Azərbaycanın birliyini, qardaşlığını təsvir edirsə, Azərbaycan Prezidenti İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” ifadəsi diaspor təşkilatlarının fəaliyyətində rəhbər tutduğu ali məramı və onun fəlsəfi əsaslarını təsvir edir və bir növ diaspor təşkilatlarına istiqamət verir. Bizim ali məqsədimiz, vahid amalımız ortaq tarixi keçmişə malik olan xalqlarımızın, bütövlükdə millətimizin həmrəyliyini təmin etmək və gücünü artırmaqdır. Bunun üçün biz bütün gücümüz və potensialımızla çalışırıq. Müxtəlif konfranslar keçiririk, digər diaspor və lobbi təşkilatları ilə əməkdaşlıq edirik və müvafiq qurumlarla mütəmadi surətdə əlaqələr saxlayırıq.

Nəticə etibarilə, dünya azərbaycanlılarının həmrəyliyi daha da möhkəmlənir, gücü və təsir imkanları daha da artır, diaspor təşkilatlarının fəaliyyəti real nailiyyətlərlə nəticələnir. Məhz bunun nəticəsidir ki, dünya azərbaycanlıları bir mərkəzdə, bir amal və məfkurə uğrunda daha sıx birləşir. Mən Dünya azərbaycanlılarının II qurultayında da iştirak etmişəm. Dünya azərbaycanlılarının III qurultayının iştirakçısı kimi qeyd edə bilərəm ki, bu gün dünya azərbaycanlıları və diaspor təşkilatları daha sıx birləşiblər.

- Ergün bəy, artıq Azərbaycan və Türk diasporu erməni lobbisinin təsir imkanlarını xeyli azaldıb. Diaspor təşkilatlarımız bu mübarizədə mütəmadi və ardıcıl nailiyyətlər əldə etməkdədirlər. Siz bu məsələni necə dəyərləndirirsiniz və əldə edilən real nəticələrlə bağlı nə deyə bilərsiniz?

E.K.: Əlbəttə, qeyd etdiyiniz kimi, müstəqilliyinin ilk illərində Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətində ciddi problemlər var idi. Amma son 15 il ərzində diaspor təşkilatlanması istiqamətində önəmli tədbirlər görüldü və əhəmiyyətli nəticələr əldə edildi. Son 5 il ərzində isə diaspor təşkilatlarının fəaliyyətinin səmərəlilik səviyyəsi daha da artdı və beynəlxalq miqyasda xüsusi önəm kəsb edən nailiyyətlər qazanıldı. Bunlar isə erməni lobbisi və diaspor təşkilatları ilə mübarizədə güc mənbəyi, əhəmiyyətli resurs kimi dəyərləndirilməlidir. Bu gün biz müxtəlif təşkilatlarla əməkdaşlıq edirik, onların vasitəsi ilə konqresmenlərə, müvafiq qurum və şəxslərə təsir etməyi bacarırıq. Məsələn, Siyasi Hərəkat Komitəsi kimi təşkilatlar vasitəsi ilə Konqres üzvlərinə təsir edir və müvafiq qərarların qəbul olunmasına nail oluruq. Yekun olaraq, Azərbaycan diasporu dünəndən bu günədək əhəmiyyətli irəliləyişə nail olmuşdur.

- Ali bəy, ABŞ-dakı Azərbaycan diasporunun təşkilatlanma səviyyəsi və fəaliyyət mexanizmindəki son durumu necə dəyərləndirmək olar?

- Keçmişə və bu günə nəzər saldıqda aydın şəkildə müşahidə etmək olar ki, diaspor təşkilatlarımızın fəaliyyətində əhəmiyyətli irəliləyişlər qeydə alınıb. İlk növbədə, ABŞ-da azərbaycanlıların say tərkibi sürətlə artmaqdadır. Buna müvafiq surətdə diaspor işinə cəlb olunmalar da xeyli artıb. Bununla yanaşı, Azərbaycan və Türkiyədən ABŞ-a gələn tələbələrin sayında da sürətli artım müşahidə olunur. Bu amil də öz növbəsində diaspor təşkilatlanmasına önəmli töhfələr verir. Biz maarifləndirmə işinə də xüsusi önəm veririk. İstər Xocalı faciəsi ilə bağlı, istərsə də qondarma “erməni soyqırımı” ilə əlaqədar Türkiyədəki türklərin bilgiləri çox azdır. Türkiyədən ABŞ-a gələn tələbələrin bir çoxunun bu məsələlərlə bağlı bilgiləri çox az olur. Bütün bunları aradan qaldırmaq üçün biz müxtəlif vasitələrdən istifadə edirik. Məsələn, Amerika Azərbaycanlıları Cəmiyyəti, “Pax Turcica” kimi təşkilatlar vasitəsilə Kolumbiya, Corc Vaşinqton kimi nüfuzlu universitetlərdə konfranslar təşkil edir, maarifləndirmə işləri aparırıq. Bunun nəticəsində həqiqətlərə əsaslanan ictimai rəy formalaşdırmaq missiyasını yerinə yetirməyə nail oluruq.

Bununla yanaşı, ABŞ mediası ilə əlaqələrimiz daha da sıxlaşıb, demək olar ki, bütün media orqanlarına çıxışlarımız mövcuddur. Eyni zamanda, operativ iş və idarəetmə sistemi sayəsində erməni lobbisi və diaspor təşkilatlarının həmlələrinin qarşısını məharətlə alırıq. Hətta son zamanlar biz onları məğlub edirik və onlardan öncə müxtəlif aksiyalar təşkil etməklə mövcud həqiqətlərimizlə ictimai rəyə əsaslı şəkildə təsir göstəririk. Dünya azərbaycanlılarının III qurultayında Azərbaycan Prezidenti İlham Əliyev “hücum diplomatiyası” xüsusilə vurğuladı. Bu, bizim fəaliyyətimiz üçün bir növ fəlsəfi əsas önəmi kəsb etdi. “Müdafiə vəziyyətindən hücum mövqeyinə keçmək” şüarı, tezisi diaspor təşkilatlarının fəaliyyəti üçün xüsusi önəm kəsb edir. Son zamanlar diaspor təşkilatlarımızın fəaliyyətində bu tezisin praktik nəticələri aydın şəkildə müşahidə olunmaqdadır.

- Şahin müəllim, Amerika Azərbaycanlıları Cəmiyyətinin Bakı nümayəndəliyinin fəaliyyəti və müvafiq qurumlarla əməkdaşlığı barədə məlumat verərdiniz...

- Amerika Azərbaycanlıları Cəmiyyətinin Bakı nümayəndəliyi əlahiddə bir qurum deyil. Bu nümayəndəlik ABŞ-da fəaliyyət göstərən qurumun fəaliyyətinin Azərbaycanla əlaqələndirilməsi missiyasına xidmət edir. Biz birlikdə bir çox layihələr reallaşdırırıq və bu projelər Cəmiyyətin fəaliyyətinin səmərəlilik səviyyəsinin artırılmasına xüsusi töhfələr bəxş edir. Bu layihələrdən biri haqqında məlumat vermək istəyirəm. Amerikalı ailələr 150-yə yaxın azərbaycanlı uşağı övladlığa götürüblər. Həmin uşaqlar müəyyən müddətdən sonra ABŞ-da Azərbaycanı təbliğ edir və ictimaiyyətə mövcud həqiqətləti çatdırırlar. Onların Azərbaycanla əlaqələri daha da gücləndirilməlidir ki, Amerika Azərbaycanlıları Cəmiyyətinin Bakı nümayəndəliyi də bu funksiyanı yerinə yetirir. Bütün bunlar isə bizim diaspor təşkilatlanması və fəaliyyətində əhəmiyyətli amil kimi dəyərləndirilməlidir.

- Cəmiyyətinizin maliyyə dəstəyini gücləndirmək məqsədilə Azərbaycandakı və Türkiyədəki iri holdinqləri bu işə cəlb etmək fikriniz varmı?

E.K.: Çox vacib bir məsələyə toxundunuz. Burada bir məqamı nəzərə almaq lazımdır ki, ABŞ qanunlarına görə bu ölkə vətəndaşı olmayan şəxs yalnız xeyriyyə məqsədləri, yaxud tələbələrə təqaüdün verilməsi şəklində qazanc məqsədi güdməyən təşkilatlara vəsait ödəyə bilər. Bu vəsaitlər də yalnız maarifləndirmə işləri üçün sərf oluna bilər. Bu baxımdan, bizim təşkilatımız da gəlir məqsədi güdməyən, üzvlərinin könüllü fəaliyyət göstərdiyi bir qurumdur. Biz də əldə olunan vəsaiti birbaşa olaraq siyasi dairələrə ötürə bilmərik. Bunun üçün PAC-lar (Political Action Community-Siyasi Hərəkat Komitəsi) qururuq və həmin PAC-lar vasitəsilə maliyyənin ötürülməsini təmin edirik. Əsas məsələ isə imkanı olan soydaşlarımızın, qardaşlarımızın yardım əlini uzatmasıdır. Təəssüf ki, yardım göstərənlər ABŞ-da yaşayan soydaşlarımızın heç 1 faizini təşkil etmir. Lakin ermənilərdə bu rəqəm kifayət qədər yüksəkdir. Buna görə də, öz içərimizdə yardımlaşma məsuliyyəti formalaşdırılmalıdır.

- Tomris xanım, çoxdandır ki, Azərbaycanda deyildiniz, ölkədəki inkişafla bağlı nə deyərdiniz?

- T.A.: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm. Budəfəki gəlişimdə də ölkənin çox çiçəkləndiyini gördüm. Deyərdim ki, Azərbaycan çox dəyişib, gözəlləşib, hətta, məncə, ABŞ-dan da gözəldir. Azərbaycan mənim ana vətənimdir, onun uğurları məni hədsiz dərəcədə sevindirir. Biz hamımız Azərbaycanın inkişafı ilə qürur duyuruq.

- Cəmiyyətinizin gördüyü işlərin nəticələri nədən ibarətdir? İstər ABŞ siyasi dairələrində, istərsə də cəmiyyətində Azərbaycan həqiqətləri barədə nə dərəcədə məlumatlıdırlar?

- T.A.: Son iki-üç ildə biz Konqres üzvləri ilə həftədə bir-iki dəfə görüşlər keçiririk. Demək olar ki, qurumun bütün üzvləri ilə görüşlərimiz olur. Bu yaxınlarda ABŞ Konqresinin rəhbəri ilə görüşürük. Hər görüşümüzdə onlara Azərbaycan həqiqətlərini çatdırırıq. Deyə bilərəm ki, əvvəlki dövrlərlə müqayisədə ABŞ siyasi dairələrində Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha artıq məlumatlıdırlar. Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin təbliğində Azərbaycanın ABŞ-dakı səfirliyinin də fəaliyyətini xüsusi vurğulamaq istərdim. Bu il fevral ayında Corc Vaşinqton Universitetində Xocalı soyqırımı ilə bağlı birgə tədbirimizdə səfirimiz də çıxış etdi. Birgə səylər nəticəsində artıq ABŞ siyasi dairələrində Azərbaycan həqiqətləri barədə daha geniş məlumat var. Qeyd edim ki, Cəmiyyətin keçirdiyi tədbirlər ABŞ cəmiyyətinin məlumatlanmasına da yönəlib. Xocalı soyqırımı ilə bağlı Türkiyə diaspor təşkilatlarının nümayəndələri ilə birgə keçirdiyimiz kütləvi aksiyalarla ABŞ cəmiyyətinin, eləcə də, KİV-lərinin diqqətini çəkə bilirik. Azərbaycan və Türkiyə diaspor nümayəndələrinin birgə keçirdiyi aksiyalarla biz bu il sayca daha üstün olduq.

- A.Ç: Həftədə bir neçə dəfə Konqres üzvləri ilə görüşürük və görüşlərimizdə Azərbaycanla Türkiyənin problemlərini dilə gətiririk. Xocalı soyqırımı ilə bağlı konqresmenlərin məlumatı az olduğu üçün onlara bildiririk ki, ermənilərin bir əsr əvvəl baş verdiyini iddia etdikləri saxta soyqırımına bu qədər diqqət yetirildiyi halda, 19 il əvvəl Xocalıda törədilənlərə laqeydlik göstərilməsi məntiqə uyğun deyil. Bununla yanaşı, Azərbaycanın xəritədəki yerini bilməyən konqresmenlər də var. Onları da məlumatlandırmağa çalışırıq. ABŞ konqresində dostluq qrupları var. Bu qruplardan biri olan konqresdəki Türkiyə dostluq qrupunun 118 üzvü var. Eyni zamanda, ABŞ-Azərbaycan dostluq qrupu da var, onun da üzvlərinin sayını artırmağa çalışırıq ki, Konqresdə Türkiyə və Azərbaycanla bağlı məsələlərdə, qətnamələrin qəbulunda bizə dəstək olsunlar. Artıq sayın artması müsbət nəticə hesab oluna bilər.

- Cəmiyyətin fəaliyyətində ABŞ mətbuatı ilə əlaqələr hansı səviyyədə qurulub? Görülən işlərin mediada işıqlandırılmasına kifayət qədər imkanlar varmı?

- T.A.: Media ilə son illərdə elektron göndərmə sistemi vasitəsilə əlaqə qururuq. Bu, ən son, ən çox inkişaf etmiş texnologiyadır, sistemdir. Bütün ABŞ ərazisində 10-20 min üzvümüz bu sistemdən yararlanır. Hər hansı bir problemi, görülən işi mediaya çatdırmaq üçün əvvəlcə yazı hazırlanır, sonra üzvlərdən birinə göndərilir və tapşırılır ki, elektron vasitə ilə əlaqə saxladığı konqresmenə, yaxud KİV orqanına göndərsin. Qeyd edim ki, hazırladığımız məlumatlar ABŞ-ın ən nüfuzlu mətbuat orqanlarına göndərilir və əksər hallarda məlumatlar çap edilir.

- E.K: Biz hər hansı anti-Türkiyə, anti-Azərbaycan xarakterli qanun layihələrinə qarşı da bu addımları atırıq. Eyni zamanda, bu işləri məlumatlandırma məqsədilə də görürük. Məlumatlandırma konqres üzvlərinin ədalətsiz qanun layihəsinə imza atmasının qarşısını almaq məqsədi daşıyır. Bunu qabaqlayıcı tədbir də adlandırmaq olar.

- A.Ç: Elgün Kırlıkovanın rəhbərliyi ilə təşkilat daxilində KİV-ə nəzarət sistemi yaradılıb. Bu, o deməkdir ki, ABŞ ərazisindəki əksər nəşrlər mütəmadi olaraq izlənilir. Erməni lobbisinin təsiri ilə Azərbaycan, Türkiyə əleyhinə yayılan yazılara dərhal cavab veririk. Sistem tərkibində 2-3 könüllü müəllif var. Onlar əleyhimizə yazılan yazılara cavab olaraq yazılar hazırlayırlar. Bu sistem əvvəllər yox idi, son dövrlərdə qurmuşuq. Mətbuatdakı böhtanlara operativ reaksiyamız erməniləri təəccübləndirir.

- T.A.: Əlavə edim ki, biz, həmçinin, milli bayramlarımızı da qeyd edirik. Novruz bayramı ilə bağlı da yazılar dərc etdiririk. Ümumiyyətlə, Azərbaycanın və Türkiyənin adı keçən hər bir məsələ ilə bağlı həqiqətlərin mediada əksini tapmasına çalışırıq.

- A.Ç.: Tomris xanımın qürurla xatırladığım bir işini də vurğulamaq istəyirəm. 28 May - Respublika Günü münasibətilə Nyu-Yorkun məşhur Wall Street küçəsində Azərbaycan və ABŞ bayraqları bir həftə boyunca dalğalanıb. Wall Street turistlərin Nyu-Yorkda ən çox ziyarət etdiyi yerlərdən biridir.

- T.A.: Bu il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin 20 illiyi tamam olur. Biz Nyu-York City Hall bələdiyyə binasında ABŞ bayrağının yanında Azərbaycan bayrağını bir gün də olsa, asmaq istəyirik.

 

 

Hülya MƏMMƏDLİ,

 

Nurlan QƏLƏNDƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 12 iyul.- S. 6.