Azərbaycanın
vergi sistemi müasirliyi ilə fərqlənir
Sahir Məmmədxanov: Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət nəticəsində regionların
inkişafı və sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin
yaxşılaşması öz növbəsində bu sahədən
vergi daxilolmalarının həcminin artmasına müsbət
təsir göstərib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsi
haqqında” Qanunun tətbiq edilməsi haqqında Fərmanında,
həmçinin, 2010-cu ilin və 2011-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin
iclaslarındakı çıxışlarında Vergilər
Nazirliyinin də qarşısında bir çox mühüm vəzifələr
qoyulub. Bu vəzifələrin icrası, ilk növbədə,
yerli sahibkarların müraciətlərinin diqqətlə
araşdırılması, onların problemlərinin yerində
həll olunması və qanunvericiliyin təbliği ilə
bağlı geniş məlumatlandırma işlərinin təşkili
kimi mühüm məsələləri əhatə edir.
Vergilər nazirinin müavini Sahir Məmmədxanov KİV-ə
müsahibəsində bu və digər məsələlərlə
bağlı ortaya çıxan suallara aydınlıq gətirib.
-
Sahir müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 24 noyabr 2010-cu il tarixli Fərmanında ilk
dəfə regionlarda işləyən hüquqi və fiziki
şəxslər tərəfindən ödənilən vergilərin
yerli büdcələrə tam və ya qismən daxil edilməsi
məsələsi əks olunur. Bu istiqamətdə
görülən işlərlə bağlı məlumat verməyinizi
xahiş edirik.
-
Hazırkı mərhələdə ölkə
iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində
qarşıda duran vəzifələrin yerinə yetirilməsi
regionların inkişafının sürətləndirilməsini,
Azərbaycanın sosial-iqtisadi problemlərinin həllində
sahibkarlığın rolunun artırılmasını, bu
istiqamətdə dövlət qayğısının
genişləndirilməsini və
ən əsası regionlarda sahibkarlığın
inkişafı sahəsində mövcud potensialın
reallaşdırılmasını tələb edir. Bu
baxımdan qeyd etmək lazımdır ki, regionların maliyyə
vəziyyətinin yaxşılaşdırılması və
sahibkarlığın regional inkişafının sürətləndirilməsi
bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.
Məhz sadalanan vəzifələrin həyata keçirilməsi
istiqamətində mühüm sənəd olan regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı bölgə
iqtisadiyyatının və sahibkarlığın daha intensiv
inkişafına münbit şərait yaradıb. Bu isə
regionlarda vergi ödənişlərinin ümumi
daxilolmalardakı payının artmasına müsbət təsir
göstərib. Regional inkişaf sahəsindəki mühüm
nailiyyətlərə əsaslanaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2011-ci il dövlət büdcəsi haqqında Fərmanında
Vergilər Nazirliyinin qarşısında bir çox
mühüm vəzifələr qoyulub. Belə ki, dövlət
büdcəsinin ümumi gəlirlərində regionlardan vergi
ödənişlərinin xüsusi çəkisinin tədricən
artırılması, bölgələrdə işləyən
hüquqi və fiziki şəxslər tərəfindən
ödənilən vergilərin yerli büdcələrə tam
və ya qismən daxil edilməsi regional inkişafın əsasında
dayanır. Həmin Fərmanın icrası məqsədilə
Vergilər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən
ətraflı müzakirələr və araşdırmalar
aparılıb. Bakı şəhəri istisna olmaqla, ölkənin
digər şəhər və rayonlarının ərazilərində
fəaliyyət göstərən, həmçinin, mərkəzləşdirilmiş
qaydada vergi uçotunda olan vergi ödəyicilərinin
hesablanmış vergilərinin aidiyyəti şəhər və
rayonların yerli gəlirlərinə aid edilməsi ilə əlaqədar
təkliflər hazırlanaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilib. Gələcəkdə dövlət
büdcəsinin gəlir və xərcləri müəyyənləşdirilən
zaman qeyd olunanlar Maliyyə Nazirliyi tərəfindən nəzərə
alınacaq.
- Bu
ilin ötən dövrü ərzində vergi
daxilolmalarında regionların payı hansı səviyyədə
olub?
-
İlk növbədə, qeyd edim ki, regional inkişaf sahəsində
əldə olunmuş nailiyyətlərə, ölkənin
iqtisadi inkişafında yaranmış müsbət meyillərə
əsaslanaraq uzunmüddətli vəzifələrin sistemli
yerinə yetirilməsini təmin edə bilən bir çox
mühüm tədbirlərin həyata keçirilməsi
dövlət başçısı cənab İlham Əliyevin
rəhbərliyi altında uğurla davam etdirilir. Bu tədbirlərə
ölkədə işsizliyin azaldılması və əhalinin,
xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun
artırılması, regionların yerli resursları və digər
amilləri nəzərə alınmaqla, onların
sosial-iqtisadi inkişafı məqsədilə müvafiq
dövlət proqramlarının hazırlanması, qeyri-neft
sektorunun sürətli inkişafı və bu sahəyə sərmayələrin
cəlb olunması və digərləri daxildir. Regionların
inkişafı və sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin
yaxşılaşması öz növbəsində bu sahədən
vergi daxilolmalarının həcminin artmasına müsbət
təsir göstərib. İlkin məlumata görə, 2011-ci
ilin ötən 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən
büdcəyə 2 milyard 564,1 milyon manat vəsaitin daxil
olması təmin edilib. Toplanan vergilərin 696,8 milyon
manatı dövlət sektorunun, 1 milyard 867,3 milyon manatı isə
qeyri-dövlət sektorunun payına düşüb. Bir
faktı qeyd etmək istərdim ki, qeyri-dövlət sektorunda
iqtisadi fəallığın artmasının, real sektorun dəstəklənməsi
siyasətinin nəticəsi kimi qeyri-dövlət sektoru
üzrə daxilolmaların həcmi ötən ilin müvafiq
dövrünə nisbətən 39,0 faiz artıb, nəticədə
bu sahə üzrə vergi daxilolmalarının xüsusi
çəkisi 2010-cu illə müqayisədə 67,1 faizdən
72,8 faizə yüksəlib. Vergilər Nazirliyinin
qarşısında duran vəzifələrdən biri də
ölkənin regionları üzrə müəyyən
olunmuş vergi daxilolmaları proqnozunun tam icra edilməsi, habelə
hesablanmış vergilərin və vergi borclarının
dövlət büdcəsinə ödənilməsi
üçün zəruri tədbirlərin görülməsidir.
Bu sahədə aparılan işlərin, eyni zamanda, Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət proqramlarının uğurla həyata
keçirilməsinin nəticəsi olaraq ümumilikdə
regionlar üzrə-ərazi vergi idarələri tərəfindən
büdcəyə 2011-ci ilin 6 ayı ərzində 197,2 milyon
manat daxil olub və proqnoza 122,0 faiz əməl olunub. Bu, 2010-cu
ilin eyni dövrünə nisbətən 41,5 milyon manat və
ya 26,7 faiz çox vəsaitin dövlət büdcəsinə
ödənilməsi deməkdir.
-
Sahir müəllim, bu yaxınlarda 13 rayonda vergi ödəyiciləri
ilə görüşlər keçirdiniz, onların rəy
və təkliflərini, şikayətlərini dinlədiniz,
qaldırılan məsələlərə ətraflı
cavablar verdiniz. Bu görüşlərdə əsasən
hansı məsələlər sahibkarlarla müzakirə
olunub?
-
Ölkə Prezidenti cənab İlham Əliyev rüşvətxorluğa
və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin
aparılmasını aidiyyəti dövlət
orqanlarının qarşısında əsas vəzifə
kimi qoyub. Bu gün vətəndaş müraciətlərinin
cavablandırılması məsələsinə xüsusi həssaslıqla
yanaşılır və vergilər naziri Fazil Məmmədovun
vurğuladığı kimi, Vergilər Nazirliyində vətəndaş
müraciətlərinə baxılmasına vergilərin
dövlət büdcəsinə səfərbər olunması
qədər önəm verilir. Bu sahədə vergi xidməti
orqanlarının üzərinə düşən vəzifələrin
yerinə yetirilməsini təmin etmək məqsədilə hələ
2007-ci ildə müvafiq əmrlə “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə 2007-2011-ci illər üçün Tədbirlər
Planı” təsdiq edilib. Bu Tədbirlər Vergilər
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi,
sahibkarlığın inkişafı, şəffaflığın
artırılması, vergi ödəyicilərinin
hüquqlarının qorunması, maarifləndirmə və əməkdaşlıq
sahəsində tədbirlərin görülməsini əhatə
edir. Bu tədbirlər çərçivəsində vergilər
naziri Fazil Məmmədovun əmrinə müvafiq olaraq, may və
iyun aylarında 13 rayonda vergi ödəyiciləri ilə
görüşlər təşkil olunub, bu tədbirlərdə
onların müraciətləri, rəy və təklifləri,
şikayətləri dinlənilib və verilən suallara ətraflı
cavablar verilib. Vergi ödəyiciləri ilə dövlət
arasında münasibətlərin tənzimlənməsi
baxımından bu görüşlərin keçirilməsini
çox faydalı hesab edirəm. Görüşlərin səmərəliliyini
daha da artırmaq məqsədilə tədbirlərə millət
vəkillərini, icra başçılarını və
onların müavinlərini də dəvət etmişdik.
Bununla da vergi məsələləri ilə yanaşı,
ortaya çıxan digər sahələrə aid sualların
da icra başçıları və millət vəkilləri
tərəfindən operativ cavablandırılmasına şərait
yaradılıb. Bu görüşlərdə
çalışdıq ki, vergi ödəyicilərinin
qaldırdıqları məsələlərə maksimum
dolğun və ətraflı cavablar verək. Ancaq dərhal cavablandırılması
mümkün olmayan məsələlər də var idi ki,
onlar da sonradan diqqətlə araşdırıldı, nəticələri
barədə vətəndaşlara yazılı cavablar
göndərildi. Ötən il 11 rayonda keçirdiyimiz
görüşlər zamanı vergi ödəyicilərinin
qaldırdıqları suallar
içərisində həm vergi orqanlarının, həm də
digər icra strukturlarının fəaliyyəti ilə
bağlı şikayətlər üstünlük təşkil
edirdi. Bu il keçirilən görüşlərdə isə
sualların çoxu qanunvericiliklə bağlı olub. Vergi
ödəyicilərini maraqlandıran məsələlər
arasında köhnə borcların silinməsi və borclara
hesablanmış cərimə faizləri, şəhər
(rayon) kommunal təsərrüfatlarının dövlət
büdcəsinə olan borcları və bu borcların dövlət
büdcəsinə alınması ilə bağlı vergi
orqanlarının həyata keçirdiyi tədbirlər və
s. var idi. Bir sıra müraciətlər son illər vergi xidmətinin
spektrinin genişləndirilməsi sahəsində elektron
texnologiyaların tətbiqi ilə bağlı görülən
işlərlə, bir qrup suallar isə fiziki şəxslərin
vergi qeydiyyatı ilə bağlı olub. Vergi ödəyicilərinin
nəzərinə çatdırılıb ki, qeydiyyatın
elektron qaydada, internet vasitəsilə aparılması nəzərdə
tutulur. Məlum olduğu kimi, artıq iyulun 1-dən biz bu
prosesə başlamışıq. Regionlarda keçirilən
görüşlər zamanı bələdiyyə üzvləri
tərəfindən bir sıra məsələlər və
problemlər qaldırılıb. Bələdiyyələrin
problemlərinin məhz yerlərdə
araşdırılması və onları narahat edən məqamlara
aydınlıq gətirilməsi məqsədilə vergilər
nazirinin müvafiq əmri ilə nazirliyin əməkdaşları
yerlərə ezam ediliblər.
-
Regionlarda bələdiyyələrlə keçirilən
görüşlər və bu görüşlərin nəticələri
barədə məlumat verməyinizi xahiş edirik.
- Məlum
olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və
ödənişlər haqqında” Qanunun tətbiq edilməsi
barədə ölkə Prezidentinin 4 aprel 2002-ci il tarixli Fərmanının
2-ci bəndi ilə bələdiyyələrə yerli vergilərin
və ödənişlərin düzgün hesablanmasında,
tam və vaxtında ödənilməsində, habelə vergi
qanunvericiliyinə tam və dəqiq riayət edilməsində
metodiki rəhbərliyin Vergilər Nazirliyi tərəfindən
həyata keçirilməsi müəyyən edilib. Fərmanın
icrası ilə əlaqədar Vergilər Nazirliyi və yerli
vergi orqanları tərəfindən zəruri tədbirlər
müəyyənləşdirilərək həyata
keçirilib. Bununla yanaşı, yerli vergilər və ödənişlər
haqqında qanunvericiliyin tətbiqində müəyyən
çətinliklərin və problemlərin olması barədə
bələdiyyələrdən Vergilər Nazirliyinə
müraciətlər daxil olub. Yerlərdə keçirilən
görüşlərdə yerli özünüidarəetmə
sahəsində mövcud problemlər geniş müzakirə
edilib, onların aradan qaldırılmasında metodiki köməklik
göstərilib. Bütövlükdə həmin işlərin
davamı olaraq bələdiyyələrə yerli vergilərin
və ödənişlərin düzgün hesablanmasında,
tam və vaxtında ödənilməsində, habelə vergi
qanunvericiliyinə tam və dəqiq riayət olunması
işlərində köməklik göstərilməsi məqsədilə
bundan sonra da tədbirlərin həyata keçirilməsi davam
etdiriləcək. Görüşlər zamanı bələdiyyə
üzvləri tərəfindən qaldırılmış
problemlər nazirlikdə ümumiləşdirilib və
hazırda onların aradan qaldırılması istiqamətində
görüləcək işlərlə bağlı təkliflər
hazırlanır.
-
Regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin
vergi borclarının məbləği nə qədərdir?
Vaxtı keçmiş borcların silinməsi ilə
bağlı vəziyyət necədir?
-
Regionlarda keçirdiyimiz görüşlər zamanı vergi
ödəyiciləri öz vergi borcları haqqında müxtəlif
səpkili suallar verirdilər. Qanunvericiliyə uyğun olaraq,
silinməsi mümkün olan vergi borclarının ləğv
edilməsi üçün yerli vergi orqanlarına müvafiq təlimatlar
verilib. Qeyd etmək istərdim ki, vergi ödəyicilərinin
hüquqlarının artırılması və mənafelərinin
qorunması istiqamətində həyata keçirilən tədbirlərin
davamı olaraq onların maliyyə vəziyyətinin
yaxşılaşdırılması, rəqabət qabiliyyətinin
möhkəmləndirilməsi və daxili investisiya fəaliyyətinin
stimullaşdırılması məqsədilə vergilərin
vaxtında ödənilməməsinə görə 1 (bir)
ildən artıq olan müddətə tətbiq edilmiş
faizlərin silinməsi barədə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 261s
nömrəli Sərəncamı imzalanıb. Ümumilikdə,
iyun ayının 1-nə olan məlumata görə, ərazi
vergilər idarələri üzrə əsas vergi borcu 495,8
milyon manat təşkil edib. Bu ilin 5 ayı ərzində
respublika üzrə cəmi 21,2 milyon manat vergi borcu silinib və
bu məbləğin də 90%-dən çoxu ərazilərdən
olan vergi ödəyicilərinin payına düşüb.
-
Vergi bazasının genişləndirilməsi ilə
bağlı görülən işlər haqqında məlumat
verməyinizi xahiş edirik. Vergi ödəyicilərinin
pasportlaşdırılması tədbirlərinin ilkin nəticələri
barədə nə deyə bilərsiniz?
-
İlk növbədə qeyd etmək istərdim ki, ölkənin
sosial-iqtisadi inkişafında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət
proqramları və digər sənədlərin xüsusi rolu
olub. Həmin sənədlər dövlət büdcəsindən
regionlara investisiya vəsaitlərinin ayrılması, regional
biznes layihələrinin maliyyələşdirilməsi,
investorların regionlara yönəldilməsi, regionlarda
infrastrukturların yaxşılaşdırılması,
bölgələrdə yeni iş yerlərinin
açılması və həmçinin, sahibkarlıq
subyektlərinin fəaliyyətinə daha səmərəli
şəraitin yaradılması kimi prioritet istiqamətləri
əhatə edir. Bu istiqamətlər üzrə kompleks tədbirlərin
həyata keçirilməsində Azərbaycan
Respublikasının Prezidentinin müvafiq fərmanları ilə
təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramları xüsusilə əhəmiyyətlidir.
Dövlət proqramlarının uğurla icrası nəticəsində
bölgələrdə mühüm infrastruktur obyektləri
istifadəyə verilib, əhalinin məşğulluğu
problemi əhəmiyyətli dərəcədə həll
edilib, regional iqtisadiyyatda artım qeydə alınıb.
Bütün bunlar digər tərəfdən vergitutma
bazasının genişləndirilməsi və vergi ödəyicilərinin
maliyyə imkanlarının artmasını şərtləndirib.
Həmçinin, regionlarda yaranan yeni istehsalat müəssisələri
və digər təsərrüfat subyektləri bölgələrin
sənaye gücünün artması, ümumi məhsul
buraxılışının yüksəlməsi, yerli əhalinin
işlə təmin olunması ilə yanaşı, büdcə
gəlirlərinin formalaşmasında da özünəməxsus
rolu var. Bununla əlaqədar, qarşımızda duran ilk vəzifə
vergitutma bazalarının düzgün uçotunun təşkili
və vergidən yayınma hallarının tam aradan
qaldırılması olunub. Vergilər Nazirliyi vergitutma
bazasının genişləndirilməsi, vergidən
yayınma hallarına qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi məqsədilə cari ilin fevral
ayının 1-dən sahibkarlıq fəaliyyəti həyata
keçirən vergi ödəyicilərinin uçot məlumatlarının
dürüstləşdirilməsi məqsədilə
bütün təsərrüfat subyektlərində
müşahidələr aparmağa başlayıb. Bu prosesin
sonunda əldə olunmuş məlumatlar vergi-uçot məlumatları
ilə təhlil olunacaq və meydana çıxan
uyğunsuzluqlarla əlaqədar qanunamüvafiq tədbirlər
görüləcəkdir. Vergilər nazirinin müvafiq əmri
ilə birinci mərhələ başa çatıb. Artıq
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
obyektlərin təxminən yarısında müşahidələr
aparılıb və ölkə üzrə 80 minədək
vergi ödəyicisinin 84 mindən çox təsərrüfat
subyektinin (obyektinin) pasportlaşdırılması təmin
edilib. Bununla yanaşı, pasport məlumatları mövcud məlumat
bazası ilə üzləşdirilərək müvafiq dəqiqləşdirmələr
aparılıb. Bu sahədə görülən işlərin
səmərəliliyinin artırılması məqsədilə
pasportlaşdırılma tədbirləri üzrə müəyyən
edilmiş müddət 2011-ci il dekabr ayının 31-dək
uzadılıb, görüləcək tədbirlərin qrafiki
təsdiq edilib. Qrafikdə vergi ödəyicilərinin və
onların təsərrüfat subyektlərinin
pasportlaşdırması işlərinin
yekunlaşdırılması, təsərrüfat subyektlərinin
və vergi ödəyicilərinin
pasport məlumatlarının baza məlumatları ilə
qarşılaşdırılması və uçotda
olmadığı aşkar edilən təsərrüfat
subyektlərinin uçota alınması kimi əsas istiqamətləri
müəyyən edən konkret tədbirlər və icra
müddətləri əks olunub.
-
Elektron bəyannamə sisteminin tətbiqindən sonra kameral
vergi yoxlamaları sahəsində vəziyyət necədir?
-
Vergi orqanlarının qarşısında qoyulan ən vacib tələblərdən
biri də vergi potensialının yerlərə getmədən
müəyyən edilməsidir. Məlum olduğu kimi, vergi
sistemində informasiya - kommunikasiya texnologiyalarının
geniş tətbiq edilməsindən sonra kameral vergi
yoxlamalarına nəzarətin həyata keçirilməsi
avtomatlaşdırılıbdır. Bu sahədə
aparılmış məqsədyönlü işlərin nəticəsi
olaraq, cari ilin 5 ayı ərzində vergi orqanları tərəfindən
kameral vergi yoxlamaları ilə 97,6 milyon manat əlavə vəsait
hesablanıb ki, bu da daxilolmaların 3,9 faizini təşkil
edir. Ötən dövrdə “İqtisadi sahələr üzrə
kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin
aparılması barədə” Metodiki Tövsiyələrə
uyğun olaraq kameral vergi yoxlamalarının aparılmasına
başlanılıb və bu sahədə vergi nəzarətinin
səmərəliliyinin yüksəldilməsinə nail olunub.
-
Vergilər Nazirliyində yaradılmış Vergi Apelyasiya
Şurasının fəaliyyəti vergi ödəyicilərini
çox maraqlandırır. Regionlarda fəaliyyət göstərən
vergi ödəyiciləri şura haqqında müfəssəl
məlumatlara malikdirlərmi?
-
İlk növbədə qeyd edim ki, vergi ödəyiciləri
üçün daha mükəmməl apelyasiya sisteminin
yaradılması ölkə Prezidenti cənab İlham Əliyevin
12 sentyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasında vergi
inzibatçılığının təkmilləşdirilməsi
Dövlət Proqramı”nda nəzərdə tutulub. Bu sistem
vergi ödəyicilərinin hüquqlarının hərtərəfli
müdafiəsi, onların şikayətlərinə
baxılması işinin təkmilləşdirilməsi və
bu sahədə nəzarətin gücləndirilməsinə
xidmət edir. Dövlət Proqramının icrası ilə əlaqədar,
Vergi Apelyasiya Şurası 2008-ci ildə vergilər nazirinin
müvafiq əmri ilə vergi ödəyicilərinin şikayət
və ərizələrinin daha yüksək səviyyədə
və dəqiq araşdırılması məqsədilə
yaradılıb. Vergi Apelyasiya Şurası ötən ilin əvvəlində
Katibliyin yaradılması ilə daha da aktiv fəaliyyətə
başlayıb. Şura tərəfindən baxılmış
şikayətlərin bir çoxu vergi ödəyicilərinin
xeyrinə həll olunub. Şurada operativ vergi nəzarəti, səyyar
vergi yoxlamaları, kameral vergi yoxlamaları, vergi
borclarının məcburi alınması ilə əlaqədar
tərtib edilmiş aktlardan və qəbul olunmuş qərarlardan
verilmiş təkrar şikayət və ərizələr, nazirliyin funksional idarələri tərəfindən
verilmiş yazılı göstərişlərin mübahisələndirilməsi
ilə əlaqədar yerli vergi orqanlarının müraciətləri,
həmçinin, vergilər nazirinin şurada
baxılmasını məqsədəmüvafiq hesab etdiyi digər
məsələlər
araşdırılır. Artıq Vergi Apelyasiya
Şurasının bu fəaliyyəti haqqında hamıda
müfəssəl məlumat mövcuddur. Bunu regionlarda
keçirilən görüşlər zamanı vergi ödəyicilərinin
şura haqqında müxtəlif suallarla müraciət etməsi
də sübut edir. Onları
daha çox Vergi Apelyasiya Şurasına müraciət etmək
prosedurları maraqlandırırdı. Vergi ödəyiciləri
ilə görüşlərdə böyük mübahisə
doğuran məsələlərlə bağlı şuraya
müraciət etmələrini tövsiyə etdik və bildirdik
ki, bu qurumda baxılan işlərin nəticələri vergi
ödəyicilərini tam qane edəcək. Əgər vergi
ödəyicisi vergi orqanına müraciət etmişdirsə
və oradan verilən cavab onu qane etməmişdirsə, həmin
ödəyicinin hüququ var ki, Vergi Apelyasiya Şurasına
müraciət etsin. Şuranın
çıxardığı qərar vergi orqanlarında yenidən
baxılmır və birbaşa icraya yönəldilir. Əgər
vergi ödəyicisi şuranın qərarından da razı
deyilsə, onun məhkəməyə müraciət etmək
hüququ özündə qalır. Odur ki, vergi ödəyiciləri
tərəfindən Vergi Apelyasiya Şurasına etimad
artır. Artıq Bakı Şəhər Vergilər
Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi
idarəsində də Apelyasiya şöbəsi fəaliyyət
göstərir. Bu orqanın fəaliyyəti uğurlu
olduğu üçün vergilər nazirinin əmri ilə
Vergi Auditi Departamentində də belə qurum yaradılıb.
Bundan əlavə, həmin departamentdə vətəndaşların
müraciətlərinə baxılması ilə bağlı
şöbə də fəaliyyətə başlayıb.
Yeni Azərbaycan.-
2011.- 13 iyul.- S.5.