Dövlət Neft
Fondunun aktivlərinin həcminin artması
Azərbaycan xalqının Ümummilli liderimiz Heydər Əliyevin banisi
olduğu milli neft strategiyasının real
bəhrəsidir
Şahmar
Mövsümov: Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin gələcək nəsillər
üçün toplanaraq artırılması, digəri isə
bu gəlirlərdən ölkəmizin cari sosial
ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini
nəzərə almaqla, bugünkü nəsillər
üçün istifadə edilməsidir
Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov “www.yap.org.az” saytına
müsahibə verib:
- Şahmar müəllim, 2011-ci ilin
birinci yarısında Dövlət Neft Fondunun gəlirləri
haqqında məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə,
dünya neft bazarında qiymətlərin yüksək
artımı Fondun aktivlərinə hansı dərəcədə
təsir göstərməkdədir?
- 2011-ci ilin 6 ayı ərzində
Dövlət Neft Fondunun gəlirləri 7 925,3 mln. manat və
yaxud 10 002,8 mln. ABŞ dolları təşkil etmişdir. Gəlirlərin
96 faizini və yaxud 7 611,2 mln. manatını (9 607,3 mln. ABŞ
dollarını) karbohidrogen ehtiyatlarının
satışından əldə edilən gəlirlər təşkil
etmişdir. Hazırda Fondun aktivlərinin həcmi
artmaqdadır. Dövlət Neft Fondunun aktivlərinin həcminin
artması Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin banisi olduğu milli neft strategiyasının real bəhrəsidir.
Möhtəşəm neft strategiyasının uğurla
reallaşması ilə əlaqədar olaraq ölkənin
karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha
da genişlənmişdir. Dünya neft bazarlarında xam neftin
qiymətlərinin yüksək səviyyədə qalması
ilə əlaqədar Fondun aktivlərinin artmasına şərait
yaranmışdır ki, bunun da nəticəsi olaraq Neft Fondunun
aktivləri ilin əvvəlində 22,8 milyard ABŞ dolları
səviyyəsindən 6 ay ərzində 7,6 milyard ABŞ
dolları məbləğində artaraq ilk dəfə olaraq 1
iyul 2011-ci il tarixinə 30,4 milyard ABŞ dollarına
çatmışdır. Azərbaycanın valyuta
potensialının artması dövlətin iqtisadi qüdrətinin
güclənməsinə, eləcə də, ölkənin
bütün sahələrində inkişafın, sosial-iqtisadi
tərəqqinin sürətlənməsinə təkan verən
mühüm amil kimi dəyərləndirilməlidir.
- Məlum olduğu kimi, may ayında
2011-ci ilin dövlət büdcəsinə əlavə və
dəyişikliklər edildi. Dövlət Neft Fondundan büdcəyə
yönəldilən transfertlər əlavə olaraq hansı
investisiya və infrastruktur layihələrinin maliyyələşdirilməsi
üçün nəzərdə tutulub?
- 2011-ci il ərzində xam neftin qiymətlərinin
yüksək səviyyədə qalması ilə əlaqədar
olaraq dövlət büdcəsinin, eləcə də, Neft
Fondunun gəlirlərinin artmasına şərait
yaranmışdır. Bununla əlaqədar 2011-ci il
üçün dövlət büdcəsində, eləcə
də, Dövlət Neft Fondunun büdcəsində dəyişiklik
edilərək xam neftin bazis qiyməti 60 ABŞ dollarından
80 ABŞ dollarına qədər və müvafiq olaraq Neft
Fondunun gəlirlərinin həcmi 9 132, 9 mln. manatdan 12 796,2 mln.
manata qədər artırılmışdır. Eyni zamanda,
dövlət büdcəsində edilmiş dəyişiklik
çərçivəsində Neft Fondundan dövlət
büdcəsinə transfertin həcmi 6 480, 0 mln. manatdan 9 203, 2
mln. manata qədər artırıldığından, Fondun
büdcə xərclərində müvafiq dəyişikliklər
edilmişdir. 2011-ci il “Dövlət büdcəsi haqqında”
Qanuna əsasən Neft Fondundan dövlət büdcəsinə
transfert dövlət büdcəsinin gəlirlərinə
daxil edilir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin bəyan etdiyi və uğurla
reallaşdırdığı iqtisadi kursa uyğun olaraq, bu gəlirlər
hesabına dövlət büdcəsinin xərcləri, o
cümlədən, dövlət investisiya proqramına daxil
edilən investisiya və infrastruktur layihələri maliyyələşdirilir.
- Fondun investisiya strategiyasına dəyişikliklərin
edilməsi planlaşdırılırmı?
- Dövlət Neft Fondu dünya maliyyə
bazarlarında olan müasir vəziyyəti əks etdirən
konservativ investisiya strategiyasını həyata keçirir. Vəsaitlərinin
böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək
olan qiymətli kağızlara investisiya olunub. Bu strategiya qlobal
maliyyə böhranı zamanı özünü
doğrultmuş və bir çox tanınmış suveren
fondlardan fərqli olaraq ARDNF ən böhranlı 2008-ci ili gəlirlə
bitirməyə nail olmuşdur. Lakin hazırda maliyyə
bazarlarında baş verən dəyişiklikləri nəzərə
alaraq və daha riskli və mənfəətli alətlərə,
o cümlədən, şirkətlərin səhmlərinə,
daşınmaz əmlaka investisiya etmək məqsədilə
ARDNF investisiya portfelinin diversifikasiyası üzrə təkliflərin
hazırlanmasının son mərhələsindədir.
Ümid edirik ki, ARDNF-nin yeni diversifikasiya olunmuş investisiya
strategiyası artıq bu il təsdiq ediləcək. Aktivlərinin
səhmlərə yatırılması isə bu təkliflərin
qəbul edilməsindən sonra mümkün olacaq.
- Sizcə, DNF-nin vəsaitlərinin
böyük bir hissəsinin gələcək nəsillərə
saxlanılması ilə bağlı strategiyası hansı
mühüm perspektivlərə yol açır?
- Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin qərarı ilə 1999-cu ildə təsis
edilmiş Dövlət Neft Fondunun yaradılması fəlsəfəsinin
əsasını Azərbaycan xalqına məxsus neft sərvətlərinin
nəsillər arasında ədalətli
bölüşdürülməsinin təmin edilməsi təşkil
edir. Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən
biri neft gəlirlərinin gələcək nəsillər
üçün toplanaraq artırılması, digəri isə
bu gəlirlərdən ölkəmizin cari sosial
ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini
nəzərə almaqla, bugünkü nəsillər
üçün istifadə edilməsidir.
Yuxarıda qeyd edilən məqsədlərin
icrası çərçivəsində Neft Fondunun vəsaitinin
toplanması və artırılması istiqamətində
mühüm nailiyyətlər əldə edilmişdir. Belə
ki, 2001-2011-ci illər ərzində Neft Fonduna ümumilikdə
56,5 milyard ABŞ dolları daxil olmuşdur ki, bu vəsaitin
30,4 milyard ABŞ dolları və yaxud 53,8 faizi
yığıma yönəldilmişdir və 2001-ci ildə
491,5 milyon ABŞ dolları səviyyəsində olan Neft
Fondunun vəsaiti 10 il ərzində 62 dəfə artaraq 30,4
milyard ABŞ dollarına çatmışdır.
Qarşıdakı perspektivlər onu deməyə
əsas verir ki, Neft Fondunun vəsaiti ildən-ilə daha da
artacaqdır. Bununla da Azərbaycanda yaşayan və gələcəkdə
yaşayacaq bütün nəsillər Azərbaycanın zəngin
neft sərvətlərindən istifadə etmək imkanı əldə
edirlər.
- Mineral Ehtiyatların Hasilatı ilə
Məşğul olan Sənaye Sahələrində Şəffaflıq
Təşəbbüsü (MHŞT) üzrə beynəlxalq tədbirlərdə
Azərbaycanın mövqeyi yüksək dəyərləndirilir.
Respublikamızın tətbiq etdiyi təcrübə
hazırda hansı ölkələr tərəfindən
öyrənilməkdədir?
- Mineral Ehtiyatların Hasilatı ilə
Məşğul olan Sənaye Sahələrində Şəffaflıq
Təşəbbüsünə (MHŞT) birinci qoşulan və
dünyada MHŞT üzrə hesabatı birinci dərc etdirən
Azərbaycan MHŞT prinsip və meyarlarının tətbiq
edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən
keçən və nəticədə MHŞT üzrə
tamhüquqlu üzv statusunu alan ilk ölkə olmuşdur.
2007-ci ildə MHŞT-nin tətbiqinə görə Dövlət
Neft Fondu “Dövlət xidmətində şəffaflığın,
cavabdehliyin və məsuliyyətin artırılması”
üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə
təltif edilmiş, təşəbbüsün tətbiqi sahəsində
əldə etdiyi nailiyyətlərə və MHŞT-nin
prinsip və meyarlarına tam əməl etdiyinə görə
Azərbaycan “2009-cu il MHŞT mükafatı”na layiq
görülmüşdür.
Azərbaycanın bu sahədə malik
olduğu təcrübə bir çox ölkələr tərəfindən
də öyrənilir. Belə ki, MHŞT-yə qoşulmuş
digər ölkələr, o cümlədən, Qazaxıstan,
Monqolustan, Qana, İraq, Norveç təşəbbüsün
öz ölkələrində tətbiqini inkişaf etdirmək
məqsədi ilə Azərbaycanın bu sahədə malik
olduğu geniş təcrübə ilə tanış olmaq
üçün öz nümayəndə heyətlərini
ölkəmizə göndərməklə yanaşı,
xaricdə keçirilən tədbirlərdə Azərbaycanın
nümayəndə heyəti ilə çoxsaylı
görüşlər və iclaslar keçirmişlər.
- Respublikamız neftdən əldə
edilən vəsaitlərin səmərəli şəkildə
istifadə olunması ilə bağlı mükəmməl
strategiyaya malikdir. Perspektiv inkişaf mərhələsində
Azərbaycan neft gəlirlərini daha hansı sahələrə
yönəltməyi nəzərdə tutur?
- Dövlət Neft Fondunun Əsasnaməsinə
əsasən Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi
naminə ən mühüm ümummilli problemlərin həllinə
və strateji əhəmiyyətli infrastruktur obyektlərinin
inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər.
Dövlət Neft Fondunun vəsaitinin istifadəsi, o cümlədən,
infrastruktur və sosialyönümlü layihələrin və
dövlət proqramlarının maliyyələşdirilməsi
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə
hər il üçün təsdiq edilən istiqamətlərə
(proqramlara), habelə Neft Fondunun büdcəsinə uyğun
olaraq həyata keçirilir.
2001-2011-ci illər ərzində Neft
Fondunun büdcəsi çərçivəsində Fondun vəsaiti
hesabına qaçqın və məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin tikintisi, Azərbaycan investisiya şirkətinin
nizamnamə kapitalının formalaşması, Oğuz-Qəbələ-Bakı
su kəmərinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması, habelə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə dövlət proqramının
maliyyələşdirilməsi təmin edilmişdir. Eyni
zamanda, Fondun vəsaitinin böyük hissəsi dövlət
büdcəsinə transfert edilmişdir ki, bu vəsait
hesabına ölkədə mühüm infrastruktur və
sosialyönümlü layihələrin həyata keçirilməsi
təmin edilmişdir.
- Qarşıdakı illərdə xarici
menecerlərin sayı və onlara idarəetməyə
verilmiş vəsaitlərin həcminin artırılması
gözlənilirmi?
- Hazırda ARDNF-nin vəsaitlərinin
bir hissəsi “Clariden Leu”, “Deutsche Bank” və Dünya Bankı
kimi nüfuzlu xarici menecerlər tərəfindən idarə
olunur. Xarici menecerlər ARDNF tərəfindən müəyyən
olunmuş qaydalar çərçivəsində investisiya
strategiyasını həyata keçirir. Yuxarıda qeyd olunan
yeni investisiya strategiyasının qəbulundan sonra və yeni
növ aktivlərə investisiya planları ilə əlaqədar
gələcəkdə xarici menecerlərin sayının və
onlara verilmiş vəsaitin artırılmasına yenidən
baxıla bilər.
- Dövlət Neft Fondu xarici maliyyə
bazarlarında minoritar, passiv investor kimi iştirak etmək niyyətində
deyil ki?
- İri şirkətlərin səhmlərinə
investisiyaların müxtəlif yolları var. Bu yollardan biri
investor tərəfindən hər hansı bir şirkətin səhmlərinin
böyük payının alınması və şirkətin
idarə edilməsində birbaşa iştirakdır. Digər
yol isə diversifikasiya edilmiş səhmlər indeksinə
investisiyalardır. Bu halda sərmayədar investisiya portfelinə
bir çox şirkətlərin səhmlərini daxil edir və
portfeldə hər bir şirkətin payı cuzi olur.
Yuxarıda qeyd etdiyim kimi, ARDNF-nin tərtib olunan yeni investisiya
strategiyası investisiya portfelinin diversifikasiyasını nəzərdə
tutur.
- Şahmar müəllim,
qarşıdakı 5 il ərzində DNF-nin aktivlərinin
hansı həcmdə olacağı barədə proqnozlar
söyləmək mümkündürmü?
- Proqnozlara əsasən, Fondun xərcləri
hazırkı səviyyədə saxlanıldığı təqdirdə,
yaxın 5 ildə Fondun aktivləri neftin qiymətindən
asılı olaraq 50 milyard ABŞ dollarını keçə
bilər.
Yeni Azərbaycan.- 2011.- 14 iyul.- S.7.