Milli mətbuatımızın
inkişafı, Azərbaycanda söz
azadlığının formalaşması Ümummilli
liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır
Dünya mətbuatı içində
özünəməxsus yeri olan Azərbaycan mətbuatı ötən 136
ildə mütərəqqi bir yol keçib. 1875-ci ildə
“Əkinçi” ilə başlanan bu yol illər
ötdükcə daha da
təkmilləşərək və peşəkarlaşaraq müasir inkişaf mərhələsinə
qədəm qoyub.
Qeyd etdiyimiz kimi,
1875-ci il iyulun 22-də
ilk nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti
ilə əsası qoyulan müasir
milli jurnalistikamız xalqımızın inkişafında
mütərəqqi rol oynadı. Atılan
bu möhkəm təməl üzərində
sonradan “Ziya”,
“Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, Məmməd Ağa Şaxtaxtinskinin
Tiflisdə nəşr etdirdiyi “Şərqi
Rus”, “Həyat”, “İrşad”,
“Füyuzat” kimi mübariz mətbu orqanlar
formalaşdı. Hacı Zeynalabdin
Tağıyevin təşəbbüsü və maddi köməyi ilə Bakıda rus dilində “Kaspi” qəzeti,
Cəlil Məmmədquluzadənin redaktorluğu
ilə bütün müsəlman dünyasında məşhur olan
“Molla Nəsrəddin” jurnalı nəşrə
başladı. 1918-ci ilin iyununda
o dövrün
görkəmli ziyalılarından sayılan Şəfi bəy
Rüstəmbəylinin və Ceyhun bəy
Hacıbəylinin redaktorluğu ilə Gəncədə
Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət qəzeti-”Azərbaycan”
işıq üzü gördü.
Sonradan dahi bəstəkar,
istedadlı jurnalist Üzeyir
Hacıbəylinin rəhbərliyi altında Bakıda Azərbaycan
və rus dillərində öz
fəaliyyətini davam etdirən “Azərbaycan”
qəzeti və digər mətbu orqanlarımız müstəqilliyimizin
ilk illərində qaranlıq mühitimizin
maarif ziyası ilə
işıqlandırılmasında, millətin qəflət yuxusundan oyanıb əsl dirçəliş və
özünüdərk yoluna qədəm
qoymasında, onun vətənpərvərlik
və milli həmrəylik ruhunun
artmasında müstəsna rol oynadı.
Sovet dövründə - totalitar rejimin senzura
maşını milli mətbuat ənənəsinin
inkişafını dayandırsa da,
peşəkarlıq baxımından müəyyən bir yol qət edildi. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP
MK-nın I katibi seçilməsi bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük təkan verdi. Ulu öndər Heydər
Əliyev Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində ixtisaslı
kadrların hazırlanması istiqamətində əhəmiyyətli
addımlar atılmasına nail oldu. Məhz Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələr Moskva Dövlət Universitetində oxumağa göndərildilər. Bu isə Azərbaycan jurnalistika
məktəbinin formalaşmasında müstəsna rol oynadı.
1991-ci ildə
müstəqilliyin əldə olunmasının ardından Azərbaycan
Respublikasında milli mətbuatın
formalaşdırılması prosesinə ehtiyac
duyulurdu. Həmin vaxt demokratik quruluşun, vətəndaş
cəmiyyətinin formalaşması prosesinin
ayrılmaz tərkib hissələrindən olan
söz azadlığının təminatı
ölkə vətəndaşına verilə biləcək ən
yüksək hüquqlardan biri
ola bilərdi. Lakin 1991-1993-cü illərdə
ölkədə hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət,
silahlı dəstələrə arxalanan
müxtəlif siyasi qrupların öz iddialarını gerçəkləşdirmək
üçün güc
metodundan istifadə etməsi, Ermənistanın
hərbi təcavüzünün doğurduğu
ağır sosial-iqtisadi və psixoloji durum söz və məlumat
azadlığının təmin edilməsinə, bu sahədə dövlət və vətəndaşların
mənafelərinin qorunmasına maneələr
yaradırdı. Həmin dövrdə Azərbaycana rəhbərlik
edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu
tanıyır, əksinə, imperiya
dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə
şərait yaradırdılar. 1992-ci ildə hərbi
senzuranın yaradılması, 1993-cü ildə senzuranın tətbiqinin
miqyasının genişləndirilərək, bütün
informasiya yayımını əhatə
etməsi haqqında verilən sərəncamlar
yuxarıda qeyd etdiyimiz
fikirləri bir daha təsdiqləyir.
1993-cü
ilin iyununda xalqın təkidi
və tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin ölkə Prezidenti seçilməsi ilə mətbuatımız
yenidən qayğıyla əhatə olundu,
milli mətbuatın inkişafında yeni era başlandı.
Ölkənin ictimai-siyasi həyatında yaranan sabitlik, vətəndaşların
təhlükəsizliyinin və qanunçuluğun
təmin edilməsi, sosial-iqtisadi problemlərin
həlli istiqamətində ciddi
addımların atılması kütləvi informasiya
vasitələrinin fəaliyyəti istiqamətində, həmçinin,
söz, fikir və məlumat
azadlığının qorunması sahəsində əsaslı
irəliləyişlərə şərait
yaratdı. Vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf
modeli kimi qəbul edən
Azərbaycan Respublikası insan
hüquqları, söz və mətbuat
azadlığının təmin olunması ilə
bağlı mövcud olan
əksər beynəlxalq konvensiya və
sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya
vasitələrinin təsis edilməsi və azad
fəaliyyəti üçün ölkəmizdə
zəruri qanunvericilik bazası
formalaşdırıldı. Bu hüquqi baza informasiya azadlığına təminat verən,
mətbuat da daxil olmaqla bütün kütləvi
informasiya vasitələrində dövlət
senzurasının aradan
götürülməsi prinsipini təsbit
edən Azərbaycan Respublikasının Konstitusiyasına
söykənir. Qeyd etmək yerinə
düşər ki, Ümummilli
liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Respublikasının
Konstitusiyasında fikir, söz
və vicdan azadlığına geniş təminat verildi:
“Demokratiyanın, siyasi plüralizmin
və vətəndaş cəmiyyətinin əsas
atributlarından hesab olunan
söz və məlumat
azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya
vasitələridir”.
1998-ci
ildə Ulu öndər Heydər Əliyev
tərəfindən imzalanan “Azərbaycan
Respublikasında söz, fikir
və məlumat azadlığının təmin edilməsi
sahəsində əlavə tədbirlər haqqında” Fərman
kütləvi informasiya vasitələrinin
sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən
qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata
keçirilməsində mühüm
addım oldu. Həmin Fərmanla
Nazirlər Kabineti yanında Mətbuatda və
digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi,
hərbi senzura yaradılması
haqqında 16 aprel 1992-ci il
tarixli fərman və bütün
informasiya yayımı üzərində
nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
Ulu öndər Heydər Əliyev milli
mətbuatın, azad sözün
inkişafının qarşısını alan
maneələri dəf etməklə yanaşı, hələ
yeni-yeni formalaşan mətbuatın
gələcəyinin təminatı ilə bağlı da addımlar atdı. 1999-cu ilin
sonunda “Kütləvi informasiya
vasitələri haqqında” yeni Qanunun qəbulu müasir
Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və
yayımının bütün məsələlərini
demokratik şəkildə tənzimləyən,
beynəlxalq standartlara cavab
verən hüquqi sənədin meydana gəlməsinə
şərait yaratdı. 2000-ci ilin
martında Ümummilli liderimiz
Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqamı” təsdiq olundu. İdarəçilik
sisteminin islahatı çərçivəsində
Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi,
beynəlxalq təcrübəyə əsaslanaraq,
kütləvi informasiya vasitələrinin
yaranması və fəaliyyətinin hüquqi
təşkilatı əsaslarının möhkəmləndirilməsi
məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet
Şurası yaradıldı. Daim mətbuata,
jurnalistlərə böyük
qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına
olan borclarını dondurdu.
Bu borclar sonradan ləğv edildi. Atılan bu addım milli mətbuatın inkişafına əsl dəstək
idi. 2003-cü ildə Ümummilli
liderimiz Heydər Əliyevin Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq
görülməsi bir daha
təsdiq etdi ki, Ulu öndər milli mənəviyyatın
keşiyində dayanan, ölkənin
ictimai-siyasi həyatının tənzimlənməsində,
ideoloji təbliğatda mühüm
yer tutan KİV-in dünya
standartları çərçivəsində
inkişafında maraqlıdır.
Bu gün əsasını
Ulu öndər Heydər Əliyevin qoyduğu milli mətbuata
dəstək və qayğını özündə ehtiva edən siyasət Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə mətbuatla bağlı bir sıra Fərman və sərəncamların
imzalanması, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, KİV-in
inkişafına dair konsepsiyanın qəbulu
bir daha sübut edir ki, Azərbaycan mətbatı hər zaman dövlətin qayğısını öz üzərində hiss
edir. Daha doğrusu, Prezident
İlham Əliyevin 2005-ci ildə Milli Mətbuatımızın 130 illik yubileyi münasibətilə
jurnalistlərə fəxri adların verilməsi ilə
bağlı Sərəncamı, daha sonra isə ard-arda mətbuatın
inkişafına göstərilən diqqət və
qayğı, Kütləvi İnformasiya
Vasitələrinin İnkişafı
Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması medianın yeni inkişaf mərhələsinə
qədəm qoyması istiqamətində böyük
əhəmiyyətə malik oldu. Ötən il iyulun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan milli
mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam
bu mənada əlamətdarlığı
ilə seçildi. Bundan başqa,
Prezident İlham Əliyevin
jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların
ayrılması, ən əsası isə jurnalistlərin məişət
problemlərinin aradan qaldırılmsı
istiqamətində verdiyi sərəncamlar
ölkəmizdə mətbuatın diqqət mərkəzində
olduğunu bir daha sübut
edir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-
2011.- 13 iyul.- S.3.