136 yaşlı
Azərbaycan mətbuatı yeni inkişaf dövrünü
yaşayır
Prezident
İlham Əliyevin KİV-ə göstərdiyi xüsusi diqqət
və qayğı bu sahənin sürətlə inkişaf etməsinə,
mətbu orqanların fəaliyyətinin genişlənməsinə
və peşəkarlıq səviyyəsinin yüksəlməsinə
səbəb olub
Məlum
olduğu kimi, hər il iyulun 22-si, yəni, ilk milli mətbuatımız
olan “Əkinçi” qəzetinin işıq üzü
gördüyü tarix Azərbaycanda Milli Mətbuat
Günü kimi qeyd olunur. Bu il isə, Azərbaycan milli mətbuatının
136 illiyidir. Ölkəmiz ötən əsrdə növbəti
dəfə müstəqillik əldə etdikdən, daha
doğrusu, Ulu öndər Heydər Əliyevin ikinci dəfə
siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda
bütün sahələrdə inkişaf qeydə
alınıb. Təbii ki, bu inkişafdan ölkə mətbuatına
da pay düşüb. Ümummilli liderimiz Heydər Əliyevin
əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində mətbuatımız
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub desək, yanılmarıq. Prezident İlham Əliyevin Fərmanı
ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV
DF) həyata keçirdiyi layihələr və elan etdiyi qrant
müsabiqələri isə KİV-in fəaliyyətinə əsaslı
stimul verir.
1969-cu ilin 14 iyul tarixindən sonra mətbuat
sahəsində də canlanma baş verdi
Bu
bir həqiqətdir ki, keçmiş SSRİ-nin mövcud
olduğu illərdə mətbuat Kommunist Partiyasının əlində
ideoloji silaha, təbliğat və təşviqat vasitəsi
funksiyasını yerinə yetirən təsisata
çevrilmişdi. O dövrdə işıq üzü
görən mətbuat vasitələrinin demək olar ki,
hamısı partiyanın orqanı idi. Təbii ki, həmin
dövrün tələblərinə uyğun olaraq
keçmiş SSRİ-nin tərkibindəki bir respublika kimi Azərbaycanda
da mətbuat vahid Sovet ideologiyasının yayılmasında
başlıca vasitə rolunu oynayırdı. Bununla belə,
ötən əsrin 60-cı illərinin sonlarına kimi, Azərbaycanda
bütün sahələrdə, o cümlədən, mətbuat
sahəsində bir boşluq hökm sürürdü. Bu
boşluq özünü əsasən mətbuata dövlət
qayğısının demək olar ki, olmaması, Azərbaycanda
nəşr edilən qəzet və jurnalların, sadəcə,
Moskvada çapdan çıxan mətbu orqanları
yamsılaması və digər bu kimi hallarla büruzə
verirdi.
1969-cu
ilin 14 iyul tarixindən sonra isə bu kimi mənfi hallar aradan
qalxmağa başladı. Daha doğrusu, Ulu öndər Heydər
Əliyevin həmin tarixdə Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə
respublikanın bütün sahələrində, o cümlədən,
mətbuatda canlanma baş verdi. Həyatı boyu ziyalılara,
elm və sənət adamlarına, həmçinin, qələmi
ilə xalqına, millətinə xidmət edən mətbuat
işçilərinə xüsusi diqqət və
qayğı göstərən Ümummilli lider respublika rəhbərliyinə
gəldikdən sonra Azərbaycan mətbuatı öz milli
kökləri üzərində inkişaf etməyə
başladı.
Eyni
zamanda, hələ sovetlər dövründə Ulu öndərimizin
qayğısı nəticəsində peşəkar jurnalist
kadrları yetişdi. Həmin vaxt ali məktəblərdə
jurnalistika ixtisası üzrə təhsilə ciddi diqqət
yetirilir, milli mətbuatımızın tarixi dərindən
öyrənilirdi. Bir sözlə, sovetlər dönəmində
Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində
mətbuatın maddi-texniki bazası möhkəmləndirildi və
yeni peşəkar jurnalist nəsli formalaşdı. Bu amil isə
müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan
üçün çox vacib rol oynadı.
Onu
da qeyd etmək yerinə düşər ki, Ulu öndər həmin
dövrdə təkcə mətbuata diqqət və
qayğı göstərmir, eyni zamanda, qəzet
yazarlarımızı, milli mənliyimizin qorunmasına
çalışan mətbuat orqanlarını Sovet rejiminin təqib
və təzyiqlərindən də qoruyurdu. Məsələn,
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar “Unudulmaz görüşlər”
adlı kitabında bununla bağlı maraqlı bir fakta
toxunub. Onun yazdığından belə məlum olur ki,
sözügedən dövrdə Azərbaycan mətbuatında,
ədəbiyyatında, sənətində,
ensiklopediyasında, “antisovetliyi”, “millətçiliyi”,
“türkçlüyü” “taparaq” lazımi instansiyalara
çuğulluq edənlər “Qobustan” jurnalını da hədəfə
alıblarmış: “Yalnız onu deyə bilərəm ki, məsələ
yerli çuğulçularla məhdudlaşmırdı. “Qeyrətli
danosbazlarımızın” səyləriylə məsələ
yoğunlayıb Moskvaya, Sov. İKP MK-ya
çatdırılmışdı və “Qobustan” MK-nın
katibi Kapitonovun çıxışında da millətçilik
meyillərinə görə tənqid olunmuşdu. Onu da deyim
ki, “Qobustan” bir növ “qanunsuz” çıxırdı, yəni,
Sov. İKP MK tərəfindən təsdiq olunmuş rəsmi
reyestrə düşməmişdi, toplunu o vaxt Azərbaycan KP
MK-nın katibi işləyən Cəfər Cəfərovun təşəbbüsüylə
kitab nəşri kimi buraxırdıq. Belə şəraitdə
“Qobustan”ı bağlamaq, ya ən azı baş redaktorunu
işdən çıxarmaq çətin məsələ
deyildi. Amma Heydər Əliyev bunu etmədi və “Qobustan”ı
dağılmağa qoymadı”.
Xalq
yazıçısı qeyd edir ki, “Qobustan” nəinki
bağlanmadı, əksinə, ona əlavə ştatlar və
Teatr Cəmiyyətində iki iş otağı
ayrıldı, Mədəniyyət Nazirliyinin nəşri kimi
statusu müəyyənləşdirildi, mətbəələrdə
vaxtlı-vaxtında çıxması üçün
göstəriş verildi. Bunu hələ o dövrdə Heydər
Əliyevin hər şeyi milli maraqlar baxımından qiymətləndirməsinin
konkret örnəyi adlandıran Xalq yazıçısı
daha sonra yazır ki, Ulu öndər müstəqillik
dövründə bunu dəfələrlə açıq
ifadə etmişdi: “1996-cı il iyulun 2-də Heydər Əliyev
deyirdi: “O vaxtlar “Qobustan” jurnalı həyatımızda
çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş,
milli oyanış, milli özünütanıma prosesində
“Qobustan”ın rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri,
bəlkə də dərk etmirdilər. Bəlkə indi də
bəziləri o qədər də dərk edə bilmir. Amma mən
bunların hamısını daim izləyirdim və hər bir
belə tədbirin həyata keçirilməsi
üçün lazımi şərait yaradırdım”.
Müstəqilliyimizin ilk illərində
mətbuatımızın üzləşdiyi problemlər
Azərbaycan
mətbuatının inkişaf tarixi barədə
danışarkən SSRİ-nin dağılması və
müstəqilliyimizin ilk illərində cərəyan edən
proseslərə də toxunmaq vacibdir. Məsələ
burasındadır ki, Mixail Qorbaçovun hakimiyyətə gəlişindən
sonra SSRİ məkanında baş verən anormal proseslər,
o cümlədən, Azərbaycana, xalqımıza
qarşı həyata keçirilən çirkin planlar millətimizin
öz haqları uğrunda mübarizəyə qalxmasına təkan
verdi. Həmçinin, ümumilikdə inzibati-amirlik sisteminin zəifləməsi
və demokratikləşmə dalğası yeni qəzet və
jurnalların meydana çıxmasına şərait
yaratdı. Bu da təbii idi. Çünki əvvəlki illərdə
yaradılan və ötən əsrin 80-ci illərinin sonlarında
da işini davam etdirən, həmçinin, mərkəzi
hakimiyyətin tapşırıqlarından kənara
çıxmağa özündə cəsarət tapa bilməyən
qəzetlər ölkədə baş verənlərlə
bağlı obyektiv və dəqiq informasiya verməkdən
çəkinir, insanların diqqətini başqa məsələlərə
yönəltməyə çalışırdılar. Bu
cür mətbuat orqanlarının Azərbaycan
üçün taleyüklü, prinsipial sayılan məsələlərə
münasibətdə susması, təbii olaraq kənar qüvvələrin
mövcud durumdan yararlanmasına gətirib
çıxarırdı. Məhz bu səbəbdəndir ki,
Moskvada çap olunan qəzetlər anti-Azərbaycan təbliğatı
aparır, azərbaycanlıları quldur kimi qələmə
verməyə çalışırdılar. Belə olan halda
insanlar hadisələr haqqında vaxtında və
düzgün məlumat ala bilmirdi və elə bu səbəbdən
də mövcud informasiya mənbələri sadə vətəndaşları
qane etmirdi.
Məhz
buna görə də, ötən əsrin 80-ci illərinin
sonu 90-cı illərinin əvvəllərində işıq
üzü görən yeni, müstəqil qəzet və
jurnallar Azərbaycanda dövrün mətbuat mühitinin
formalaşmasında mühüm rol oynadı. Bu cür mətbu
orqanların yaranması, əslində, dövrün,
zamanın tələbi idi. Bu mətbuat orqanları elə bir
vaxtda meydana çıxmışdılar ki, artıq kommunist
ideologiyasına xidmət edən, Kommunist Partiyasının təbliğatçısı
rolunu oynayan mətbuat cəmiyyətə lazım deyildi.
Yaranmış tarixi vəziyyət həm də mətbuatın
xalqın gerçək arzu və istəklərinin ifadəçisinə,
Azərbaycanın müstəqilliyi ideyasının
carçısına çevrilməyi tələb edirdi.
Lakin
müstəqilliyin ilk illərində cəmiyyətin tədricən
ideoloji buxovlardan azad olması ilə yaranan və yeni cəmiyyətin
qurulması arzularından doğan müsbət meyillərin
hakimiyyət dairələri tərəfindən düzgün
qiymətləndirilməməsi mətbuatın yeni şəraitin
üstünlüklərindən tam yararlanmasına, eləcə
də, söz və mətbuat azadlığının
inkişafına mane oldu. Beləliklə, ayrı-ayrı
qüvvələrin təsiri altına düşən mətbuat
obyektivlik, qərəzsizlik, dəqiqlik prinsiplərinə zidd
fəaliyyət göstərməyə başladı. Müstəqilliyin
ilkin dövrlərində respublikada baş qaldıran hərc-mərclik,
siyasi-iqtisadi böhran və çaşqınlıq
bütün sahələrdə olduğu kimi, mətbuatda da
özünü göstərdi. O zamankı iqtidarın siyasi
iradəsizliyi, mövqesizliyi, xalqın taleyinə biganəliyi
və düzgün informasiyanı, həqiqəti xalqdan gizlətmək
cəhdləri insanların bir çox məsələlərdən
gec xəbər tutmasına və proseslərə vaxtında
reaksiya verə bilməməsinə səbəb olurdu. Azərbaycanlılar
erməni millətçiləri tərəfindən təzyiqlərə
məruz qaldığı, qovulduğu,
öldürüldüyü bir vaxtda mətbuat, eləcə də,
radio və televiziya xalqımızın olanlardan xəbər
tutmasını təmin etmək əvəzinə “xalqlar
dostluğu”, “millətlərin qardaşlığı” ideyalarına
“sadiq qalaraq” guya hər şeyin qaydasında olduğu barədə
optimist əhval-ruhiyyədə məlumatlar yayırdılar. Əslində,
bu məsələdə məsuliyyət mətbuatdan daha
çox ölkə rəhbərliyinin üzərinə
düşürdü. İstər, 1992-ci ilin fevralında ermənilərin
Xocalıda törətdiyi və yüzlərlə
günahsız insanın ölümünə səbəb
olan soyqırımı hadisəsi, istərsə də
ümumiyyətlə, 1990-cı illərin əvvəllərində
Ermənistanda azərbaycanlıların yaşadıqları kəndlərdə,
Qarabağda baş verən kütləvi deportasiya və qətllər
Azərbaycan KİV-ində çox zaman ya kiçik insident
kimi təsvir olunur, ya da, ümumiyyətlə, öz əksini
tapmırdı. Bu, mətbuatın müstəqil
olmamasından irəli gəlirdi.
Eyni
zamanda, rəsmən mətbuat üzərində hərbi və
ciddi siyasi senzura hökm sürürdü ki, bu da azad mətbuatın
formalaşmasına maneə törədirdi. Söz, fikir və
məlumat azadlığının təmin edilməsinə əngəl
olan amillər sırasında həm də kütləvi
informasiya vasitələrinin maddi-texniki bazasının zəifliyi,
jurnalistlərin peşə hazırlığı səviyyəsinin
və məsuliyyət hissinin dövrün tələblərindən
geri qalması kimi cəhətlər də özünü
göstərirdi.
Qeyd
etmək lazımdır ki, həmin dövr Azərbaycan mətbuatının
milli mənafelərə lazımınca xidmət göstərə
bilməməsinin əsas səbəblərindən biri də
yaranmış ideoloji boşluq idi. Daha doğrusu, Sovet hakimiyyəti
illərindən bütün mətbu orqanlar Kommunist
Partiyasının siyasi nüfuzunun möhkəmləndirilməsi
məqsədinə xidmət etsələr də,
bütövlükdə vahid mövqedən
çıxış edirdilər. Azərbaycan müstəqillik
əldə etdikdən sonra isə ölkədə yaranan xaos,
hakimiyyətdaxili parçalanmalar, tez-tez baş verən
hakimiyyət dəyişiklikləri vəziyyəti daha da
çətinləşdirir, mətbuatın ümummilli mənafelərə
xidmət edən davamlı mövqe tutmasına əngəl
törədirdi. 1990-cı illərin əvvəllərində
mətbuat sahəsində tez-tez müşahidə olunan
hallardan biri də jurnalistlərə, mətbuat işçilərinə
qarşı hörmət hissinin olmaması, jurnalistlərin
hüquqlarının kobudcasına pozulması, onlara
qarşı zorakılıq hallarına yol verilməsi idi.
Bütün bu qarışıqlığın,
qanunsuzluğun qarşısının alınmasının
yeganə yolu möhkəm iradəli, xalqı ümummilli məqsəd
ətrafında birləşdirməyi bacaran və demokratik
mühit şəraitində mətbuatı xalqın mənafelərinin
ifadəçisinə çevirə biləcək bir liderin
dövlətin idarəçiliyini öz üzərinə
götürməsindən ibarət idi.
Bunu
nəzərə alan ölkə ziyalıları və
xalqımız Naxçıvana, Ulu öndər Heydər Əliyevə
üz tutdu. Beləliklə, xalqın təkidli tələbi
ilə Ümummilli liderimizin 1993-cü ilin iyununda ikinci dəfə
siyasi hakimiyyətə gəlişindən sonra ölkənin
bütün sahələrində olduğu kimi, Azərbaycan mətbuatının
inkişafı istiqamətində də mühüm
addımlar atıldı. Ulu öndər mətbuat və
bütövlükdə KİV sahəsinin maneəsiz
inkişafı üçün lazım olan qanunvericilik
bazasının yaradılması və icrası məqsədilə
çox böyük əhəmiyyət daşıyan
islahatlar həyata keçirdi.
Mətbuat senzura buxovundan azad oldu
Azərbaycanda
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin tərkib hissəsi kimi söz və mətbuat
azadlığı, insan haqlarının qorunması məsələsi
təbii olaraq ölkə Konstitusiyasında öz əksini
tapmalı idi və tapdı. Daha doğrusu, Ulu öndərin rəhbərliyi
ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi
ilə qəbul olunan Konstitusiyanın 47-ci maddəsi vətəndaşların
söz və fikir azadlığını təsbit edir. Hər
bir kəsə məlumat azadlığı verən 50-ci maddə
KİV-də, o cümlədən, mətbuatda dövlət
senzurasını qadağan edir. Beləliklə, ölkənin
Ali Qanununun qəbulu bütün sahələrdə olduğu
kimi, mətbuat sahəsində də əsaslı inkişafa təkan
verdi. Eyni zamanda, Azərbaycan Konstitusiyasını əsas
götürən Ümummilli liderimiz mətbuatın
inkişafına mane olan amillərin aradan qaldırılması
və milli mətbuatımızın cəmiyyətdə gedən
demokratikləşmə prosesinin tələblərinə
uyğun şəkildə inkişaf edə bilməsi
üçün mühüm qərarlar qəbul etdi. Ulu
öndərin “Azərbaycan Respublikasında söz, fikir və
məlumat azadlığının təmin edilməsi sahəsində
əlavə tədbirlər” haqqında 6 avqust 1998-ci il tarixli
Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst
inkişafında çox böyük təsirə malik oldu.
Çünki bu Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda
və digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edildi, hərbi senzuranın yaradılması
haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində nəzarət tətbiq
edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşmüş hesab edildi.
Sözügedən Fərmanla həm də kütləvi
informasiya vasitələrinin maddi-texniki vəziyyətinin
yaxşılaşdırılmasını, onlara dövlət
qayğısının artırılmasını nəzərdə
tutan, söz, fikir və məlumat azadlığının
qorunmasını, siyasi plüralizm prinsiplərinin həyata
keçirilməsini təmin edən tədbirlər
proqramı layihəsinin hazırlanması Nazirlər Kabinetinə
həvalə edildi.
6
avqust Fərmanı, eyni zamanda, Prezidentin İcra Aparatı
(Administrasiyası) və Nazirlər Kabineti
qarşısında söz, fikir və məlumat
azadlığının qorunması, KİV-də dövlət
sirlərinin mühafizəsi, hüquqi və etik normaların
gözlənməsi ilə bağlı beynəlxalq standartlara
və Azərbaycan Respublikasının qanunlarına uyğun
mexanizm yaradılması haqqında ciddi vəzifələr
qoydu. Fərman, həmçinin, söz, fikir və məlumat
azadlığının təmin edilməsini tənzimləyən
normativ hüquqi aktların beynəlxalq standartlara
uyğunluğunun təmin edilməsini, bu sahədə fəaliyyət
göstərən müvafiq beynəlxalq qurumlarla və
qeyri-hökumət, ictimai təşkilatlarla
qarşılıqlı əlaqələrin və əməkdaşlığın
daha da inkişaf etdirilməsini, kütləvi informasiya vasitələri
əməkdaşlarının beynəlxalq mərkəzlərin
tədqiqat və təhsil proqramlarında, beynəlxalq
konfrans, seminar və digər tədbirlərində
iştirakı üçün şəraitin
yaradılmasını təmin edən tədbirlərin
görülməsini nəzərdə tutur. Bu Fərmanla
söz və mətbuat azadlığının təmin
olunması, KİV-in inkişafı və cəmiyyət həyatındakı
rolunun artırılması yönündə çox ciddi
addım atılmış oldu.
Məlum
olduğu kimi, müstəqilliyimizin ilk illərində mətbuatın
üzləşdiyi ən böyük çətinliklərdən
biri də maddi-texniki bazanın zəifliyi, vəsait
çatışmazlığı idi. İdarəçilik
sahəsində hər bir xırda detalı belə nəzərdən
qaçırmayan Ulu öndər bu istiqamətdə də
KİV-ə əsaslı dəstək olan bir addım
atdı. Daha dəqiq desək, KİV-in maddi-texniki vəziyyətini
yaxşılaşdırmaq məqsədilə 1998-ci ilin
sonundan bütün mətbuat və informasiya vasitələri əlavə
dəyər vergisindən (ƏDV) azad olundular. Lakin bu,
KİV-in sosial durumunun yaxşılaşdırılması
istiqamətində atılan heç də yeganə addım
deyildi. Belə ki, sözügedən dövrdə Ulu öndər
Heydər Əliyev tərəfindən qəzetlərin “Azərbaycan”
Nəşriyyatına olan borcu donduruldu.
Ulu öndər hər zaman mətbuat
işçilərinə diqqət və qayğı göstərirdi
Ulu
öndərin hakimiyyəti dövründə KİV-lə
bağlı həyata keçirilən islahatlardan
danışarkən 1999-cu il dekabrın 7-də “Kütləvi
informasiya vasitələri haqqında” yeni Qanunun qəbulunu
xüsusi olaraq qeyd etmək lazımdır. KİV-in, o cümlədən,
mətbuatın sərbəst fəaliyyətinə hər
cür şəraitin yaradılması və qanunvericiliyin təkmilləşdirilməsi
üçün qəbul edilən bu qanunda jurnalistlərin
daşıdığı hüquq və vəzifələr,
eləcə də, dövlətlə KİV-in
qarşılıqlı münasibətləri, KİV-in fəaliyyətinin
iqtisadi əsasları, vergi, gömrük güzəştləri
müəyyənləşdirildi. Qanunda da göstərildiyi
kimi, kütləvi informasiya vasitələrinin təsis olunması,
onlara sahiblik, onlardan istifadə, məlumatın əldə
edilməsi və yayımı qanunda nəzərdə tutulan bəzi
hallardan başqa, heç bir halda məhdudlaşdırıla
bilməz. Yəni, bu qanunun qəbulundan sonra artıq mətbu
nəşr təsis etmək üçün dövlət
orqanlarından icazə tələb olunmur. Bunun
üçün yalnız mətbu nəşr təsis etmək
istəyən hüquqi və ya fiziki şəxsin nəşrin
çapından 7 gün əvvəl müvafiq İcra Hakimiyyəti
orqanına (Ədliyyə Nazirliyinə) rəsmi müraciət
etməsi kifayətdir. Beləliklə, bu qanun beynəlxalq
hüququn prinsipləri ilə tam uyğunluq təşkil edən
mükəmməl hüquqi sənəd kimi dəyərləndirildi.
KİV-in maddi-texniki bazasının
yaxşılaşdırılması üçün yeni
proqram 2000-ci il martın 6-da Ümummilli lider Heydər Əliyevin
Sərəncamı ilə təsdiqlənən “2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqramı” mövcud problemlərin aradan qaldırılması
və mətbuatın inkişafının
stimullaşdırılması istiqamətində atılacaq
vacib addımları müəyyənləşdirdi.
Proqramda,
həmçinin, jurnalist kadrları hazırlayan təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
kütləvi informasiya vasitələrinin istehsalı və
yayımı ilə bağlı problemlərin həlli məqsədilə
Əlaqələndirmə Şurasının
yaradılması və digər praktik məsələlər
öz əksini tapdı. Proqramın uğurla həyata
keçirilməsi mətbuatın inkişafında
mühüm təkan rolunu oynadı. Ölkə mətbuatının
maddi durumuna müsbət təsir göstərən qərarlardan
biri isə Milli Məclis tərəfindən 2001-ci il
martın 13-də “Gömrük tarifi haqqında” Qanuna edilən
dəyişiklik oldu. Dəyişikliyə əsasən media
orqanları KİV məhsullarının ixracına, habelə,
fəaliyyətinin təşkili üçün idxal etdikləri
avadanlıq, zəruri xammal və digər vasitələrə
görə gömrük rüsumundan azad edildi.
Yuxarıda
da qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin
KİV-lərə dövlət qayğısının
artırılması məqsədilə, 2001-ci ildə
imzaladığı daha bir mühüm sənəd qəzetlərin
“Azərbaycan” nəşriyyatına olan borclarının
dondurulması idi. Bu addım maddi çətinliklərlə
üzləşən mətbuat orqanlarının fəaliyyətlərini
sərbəst şəkildə davam etdirməsinə imkan
verdi.
(ardı növbəti
sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 20
iyul.- S.4.